«Ən yeni ədəbiyyat» öldü?!

Şahbaz Xuduoğlu gənc şairlərin ləyaqətinə toxunub?

«Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun «Ən yeni ədəbiyyat» layihəsi ölüm təhlükəsi ilə üzbəüz qalıb. Bu haqda «Xural» qəzetinə müsahibəsində tanınmış yazıçı Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşin Yenisey danışıblar. Onlar «Xural»a verdikləri geniş müsahibədə ədəbiyyatın və mətbuatın problemlərindən bəhs edərək maraqlı fikirlər işlədiblər. Məlum olub ki, Şahbaz Xuduoğlu «Ən yeni ədəbiyyat» seriyasından kitablar çap etsə də, Seymur Baycanın kitabını nəşr etməkdən imtina edib. Buna səbəb Şahbaz bəyin bu ilki Milli Kitab Mükafatının Münsiflər Heyətində təmsil olunması olub. Bu təmsilçilik azad yazarlarla nəşriyyat sahibinin aralarının açılmasına səbəb olub və bu da Seymur Baycanın artıq çapa hazır olan kitabının başında çatlayıb.

«Nə dəyişdi ki, ötən il Şahbaz Xuduoğlu kitabını çap etdiyi bütün yazarlara şəxsən telefon edib Milli Kitab Mükafatına qatılmamaları haqqında xahiş-minnət edərkən, bu il özü Münsiflər Heyətində təmsil olundu və yazarları da ora dəvət etdi? Əslində heç nə dəyişməyib axı» deyə sual edən yazarlar, nəşriyyat sahibinin kitabını dərc etdiyi yazarların inamlarından sui-istifadə etdiyi qənaətindədirlər. Azad Yazarlar Ocağının sədri Aqşin Yenisey fikirlərini daha sərt ifadə edib: «Görünür, Şahbaz bəy bizim ləyaqətimizlə oynamaq niyyətinə düşdü. Amma bizim buna imkan vermək fikrimiz yoxdur.»

««Ən yeni ədəbiyyat» layihəsi öldümü» sualının da yazarlar tərəfindən maraqlı cavablandırılması olub: «O qədər yazarları var ki… Onların Qaraqan kimi «Cip»lərdə gəzən yazarları var ki, bütün azad yazarlardan daha imkanlıdırlar. Onları dərc edəcəklər – bu da olacaq «Ən yeni ədəbiyyat»!»

«Xural»ın qonağı olan Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşin Yenisey azad yazar kimi tanınan yazarların siyasiləşməsindən, qəzetlərdə onlara tətbiq olunan senzuranın baş qaldırmasından, Azərbaycanın başını üzərini alan «Çadra kabusu»nun varlığından və digər maraqlı mövzulardan danışıblar.

Seymur Baycan və Aqşin Yeniseylə müsahibəni «Xural»ın gələn sayından oxuyacaqsınız.

Bu müsahibə çox maraqlıdır və «Xural»dan başqa onu heç yerdə oxumağınız mümkün deyil!

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button