«…dur, Məclisi tərk elə!»

Əhməd Oruc
Azadlıq partiyasının sədri

«Kitayski müxalifət» və Milli Məclisin fonoqram oxuyan deputatları…

Dördüncü çağırış Milli Məclisin iclası əvvəlki çağırışların ilk iclaslarından fərqlənirdi. Müstəqillik qazanılandan bəri ilk dəfə idi ki, nə Milli Məclisin rəhbərliyində, nə komissiya sədrlərində heç bir dəyişiklik olmadı. İlk dəfə idi ki, parlamentdə müxalifət təmsil olunmurdu. Bu yığıncaqda prezidentin çıxışından sonra alqışlar əvvəlkilərə nisbətən xeyli gurultulu oldu. Bu baxımdan, Milli Məclisin yığıncağı Kommunist Partiyasının qurultaylarını xatırlatdı. Kommunistlərin qurultayında əsas çıxış o vaxtkı «Kommunist» qəzetində çap olunanda mətn boyu çıxışın effektini göstərmək üçün gurultulu alqışlar, sürəkli alqışlar, gurultulu-sürəkli alqışlar, ayaq üstə uzun sürən gurultulu alqışlar və s. kimi əlavələr edilirdi. Sovet dönəmində ayaqları yerə döymək, qışqırmaq və s. doğru sayılmırdı. O qurultaylarda gurultu nə cür alınırdı, guruldayan nə idi, heç indi də bilmirəm… Amma bu qurultayda – Milli Məclisdə tam sakit divarlar arasında guruldayan-uğuldayan bir səs vardı. O səs bu «demokratik » mənzərəyə, seçki əvəzinə oynanılan ədəbsiz bir tamaşaya etiraz edən 9 milyonun içindən keçən bir uğultu idi. O səs seçkilərin saxtalaşdırılmasına cəlb olunmuş 100 minlərlə Azərbaycan vətəndaşının, müəllimlərin, «jek» işçilərinin, icra strukturlarında işləyənlərin, komissiya üzvlərinin, vicdanın səsi idi…

Bir gün ərzində Konstitusiya Məhkəməsinin qərarının elan olunması, YAP-dan olan millət vəkilləri ilə prezidentin görüşü və həmin yığıncaqda prezident-YAP sədri tərəfindən Məclis rəhbərliyinin dəyişdirilməsinə ehtiyac olmadığının bildirilməsi və bu qərarın heç bir müzakirə belə açılmadan YAP-dan, MM-dən keçməsi bu Milli Məclisin müstəqil şəkildə, «hakimiyyətin üç qolundan biri» olması roluna qətiyyən yaramadığını bir daha ortaya qoydu. Milli Məclisin YAP-dan olan rəhbərlərinin dəyişməməsi bir yana, məclisdə bitərəfləri təmsil edən Valeh müəllimin də dəyişməməsi Məclisdəki «bitərəflərin nümayəndəsi» oyununun da başa çatdığını göstərdi. Açığı, rəhbərlikdə dəyişiklik olmasından olmaması yaxşıdır. Bu adamlar həmin yerlərə yeni-yeni öyrəşirlər, onların yeri dəyişsə nə dəyişəsi idi ki. Milli Məclisdə indiki olanlardan hansı biri Oqtay müəllimdən yaxşı və ya pis sədrlik edəcək ki?

Bəllidir ki, Milli Məclisin yığıncağı ən azı bir gün öncədən deputatlara xəbər verilmişdi. Konstitusiya Məhkəməsinin qərarı olmamışdan öncə, yıgıncağın çağırılması Konstitusiya Məhkəməsinin yığıncağının da formal xarakter daşıdığını, faktiki olaraq Azərbaycanda hakimiyyətin bir qolu olduğunu, avtoritarizmin «tam və qəti» qələbə çaldığını göstərmiş oldu.

Bu Milli Məclisdə ən çətin vəziyyətdə guya müxalifət adından parlamentə düşənlərdir. Onların müxalifətçiliyinin «kitayski» olduğu hamıya bəllidir və vəziyyətləri fonoqram oxuyan müğənnilərin vəziyyətindən də çətindir. İstənilən vaxt istənilən birinin diskini fırladan pleyer söndürülə bilər və məşhur tamaşada olduğu kimi «…dur, məclisi tərk elə!» komandasını eşidə bilərlər. Onlar bu 5 ildə bu səhnəni neçə dəfə yuxuda görüb hövlnak ayılacaqlar, bunu bir Allah bilir.
Normal, sivil ölkələrdə ölkə başçısı hər il başında parlamentə ötən ilin yekunları və yeni ilin proqramları ilə müraciət edir. Azərbaycan prezidenti isə parlamentə ilk iş günü müraciət etdi. Müraciətdə ölkə başçısının iştirak etdiyi hər yığıncaqda təkrar etdiyi həqiqətə uyğun olmayan, gerçəkliklərlə heç bir əlaqəsi olmayan, Azərbaycana ziyan gətirən tezislər səsləndirildi. «Biz Azərbaycanın hərbi büdcəsini artırırıq» tipli bəyanatlarla nəyə nail olmaq olar? Bu cür bəyanatlardan istifadə edən ermənilər özlərini sülh, danışıqlar, əməkdaşlıq tərəfdarı, Azərbaycanı sülh istəməyən, müharibəyə hazırlaşan tərəf kimi təqdim edirlər. Ermənilər ərazimizi işğal ediblər və bizim düşünülməmiş addımlarımızdan istifadə edib bizim haqqımızda aqressiv, militarist obrazı yaradırlar. Ümumiyyətlə, dünyada hərbi qüdrətli ölkələrin hamısı hərbi xərclərini gizlədir, gücə, hərbiyə söykənən aqressiv siyasətlərini «insan haqlarının pozulmasının qarşısının alınması», «terror təhlükəsinin ortadan götürülməsi» və s. kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Hərbi gücü orta göstəricilərdən aşağı olan Azərbaycan hakimiyyətinin bu cür bəyanatları normal məntiqlə heç cürə başa düşülən deyil. Ölkə başçısı Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə predmeti olmadığını da söyləyir, həmçinin «Madrid prinsipləri»ni də qəbul etdiyini bildirir. «Madrid prinsipləri»ndə Azərbaycanın ərazi bütövlüyü və ya ümumiyyətlə, dövlətlərin ərazi bütövlüyü ilə bağlı heç nə deyilməsə də, Dağlıq Qarabağda yaşayan ermənilərin referendum keçirməsi əsas prinsiplərdən biridir. Konstitusiyaya görə, unitar dövlət olan Azərbaycanın bir hissəsində yaşayanların öz müqəddəratını təyin etməklə bağlı referendum keçirilməsinin Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilməsi mövcud hakimiyyətin özünün də Azərbaycanın ərazi bütövlüyünü, Konstitusiyasını tanımamasıdır. Azərbaycan hakimiyyəti referendum məsələsini Azərbaycan Konstitusiyasına zidd olduğuna görə, heç müzakirəyə də qəbul etməməli idi. Mövcud hakimiyyətin illərlə Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ətrafında danışıqlar aparması, Azərbaycanın ərazi bütövlüyünün üstündən xətt çəkmək deyilsə, bəs nədir?

Son Astana sammiti bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti problemin həlli ilə bağlı aydın təsəvvürə malik deyil və ölkə başçısının «lazım gələrsə, başqa yollarla problemi həll edəcəyik» kimi bəyanatları qeyri-ciddi hesab olunur. Rusiya prezidentinin Qarabağ problemi ilə Cənubi Osetiya problemi arasında paralel aparması da bu məsələdə Rusiyanın hansı mövqedə olduğunu bir daha ortaya qoydu. Azərbaycan tərəfin israrlarına baxmayaraq, yekun bəyanatına ərazi bütövlüyü müddəasının salınmaması indiyə qədər danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün qəbul edilmədiyini bir daha ortaya qoydu.

Ölkə başçısı parlamentin xalqın iradəsi ilə formalaşdığını söyləməsi də həqiqətlə qətiyyən uzlaşmır. Ən azından, bu dəfəki seçki prosesində bir dəfə də iştirak etməmiş, ötən çağırış Milli Məclisin üzvü olmuş və cəmi bir dəfə yığıncağa qatılmış, prezidentin əmisi Cəlal Əliyevin parlament siyahısına salınması nə özünün, nə də Saatlı camaatının iradəsi ilə olmadığı bu gün hamıya bəllidir. Bu seçkiləri saxtalaşdırmaq üçün hakimiyyət 100 mindən çox azərbaycanlını seçki prosesinə cəlb etmişdi. 5000-dən çox seçki məntəqəsinin hər birində 20-dən çox komissiya üzvləri, müşahidəçilər, təhkimçilər, onbaşı, yüzbaşı və minbaşıların prosesə cəlb olunduğu nəzərə alınarsa, hakimiyyətin bu seçkidə 100 mindən çox Azərbaycan vətəndaşını öz cinayətlərinə ortaq etdiyi aydın görünər. Hakimiyyət seçkiləri saxtalaşdırmaq üçün istifadə etdiyi «onbaşı, yüzbaşı, minbaşı ordusu»nu Qarabağa və ya Ermənistana yönəltsə, erməniləri bir millət kimi yer üzündən silmək olar. Bu saxtakar ordunun nəyə qadir olduğunu ermənilərə də göstərmək lazımdır. Azərbaycan xalqını da, elə erməniləri də, müşahidəçiləri də neçə illərdir «lazım gələrsə…!» hədəsi ilə o qədər aldatmışıq ki, daha «Lazım» müəllimdən heç kim qorxmur. Ona görə də bundan sonra erməniləri Məzahir Pənahovun rəhbərliyi altında döyüşə hazır olan «onbaşı», «yüzbaşı», «minbaşı» ordusu ilə qorxutmaq daha doğru olar. Ermənilər elə biləcək ki, Azərbaycan professional, muzdlu ordu yaradıb. Doğrudur, bu ordu professional, muzdlu ordudur, amma hələlik Azərbaycan xalqına qarşı, onun iradəsini saxtalaşdırmaq üçün istifadə olunur. Bu 100 minlik ordu parlamentin Azərbaycan xalqının iradəsi ilə formalaşmadığını əzbər bilir. Bu «ordunun» nizamnaməsinin birinci bəndində «bütün mümkün, hətta mümkün olmayan vasitələrlə xalqın iradəsi saxtalaşdırılmalıdır» yazılıb. Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevin bu nizamnamənin müddəalarının «təfsir və şərhinə» həsr olunmuş «Yalan, saxtakarlıq və korrupsiyanın fəlsəfi vəhdəti» traktatının birinci bəndinin şərhində deyilir. «Toplumun içində daim müxalifət nümayəndələri olduğuna və «müxalifətçiliyin» keçici xəstəliklər sinfinə aid edildiyinə görə, toplumun iradəsinin əksi daha sağlam məntiqə söykənir.» İmkan olsa «parlament müxalifətindən» Ramiz müəllimin «traktat»ını alın, oxuyun və Sülhəddin Əkbər, İbrahim İbrahimli kimi yararlanın…
Ziyanı olmaz!..

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button