«Xural»ın bütün vəsiqələri etibarsız sayılır

«Xural»ın və baş redaktorunun adından pul toplamaq əməliyyatını Ə.Zeynallı növbəti təxribat adlandırdı.

Xəbər verdiyimiz kimi, 2011-ci il oktyabrın 19-da «Xural» qəzetinin əmlakı Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında məhkəmə qərarının icrası nəticəsində müsadirə olundu və Prezident Aparatının səlahiyyətliləri tərəfindən qəzetin nəşrinə xüsusi qadağa qoyuldu.

Bir həftə sonra oktyabrın 28-də isə «Xural»ın təsisçisi və baş redaktoru Əvəz Zeynallı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxta ittihamla həbs olundu. Qəzetin kollektivi «Xural» qəzetinin yenidən nəşr olunmasına cəhd etsə də, ölkədə fəaliyyət göstərən bütün nəşriyyatlar onu dərc etməkdən imtina etdilər. Bu səbəbdən «Xural» yeni «ASİ» adı ilə cəmi bir dəfə nəşr olundu. Lakin bundan da narahat olmağa başlayan Prezident Aparatının səlahiyyətləri, onun da dərcinə qadağa qoydular. Hazırda qəzetin fəaliyyəti tam olaraq dayandırılıb. Əməkdaşlar müvəqqəti olaraq www.xural.com saytında fəaliyyətlərini davam etdirirlər. Lakin «Xural» qəzetinin baş redaktoru Ə.Zeynallı Bakı İstintaq Təcridxanasında saxlanılmasına baxmayaraq, ona məlumatlar çatıb ki, «Xural»ın əməkdaşlarından biri və qəzetlə heç bir əlaqəsi olmayan bəzi şəxslər yenidən qəzetin dərc olunacağı haqda yalan məlumatlar yayaraq, bir sıra xoşməramlı insanlardan maddi dəstək gözlədiklərini bildiriblər. Ə.Zeynallı bəzi xoşməramlı insanların «Xural»a məxsus bütün texniki avadanlıqların müsadirə olunaraq, redaksiya ofisindən çıxarılmasından və nəticədə qəzetin fəaliyyətinin tam olaraq dayandırılmasından narahat olmalarını müsbət hal kimi qarşılayıb və bu məsələyə münasibət bildirib:
« «Xural» qəzeti 9 il müddətində Azərbaycan mətbuatında özünəməxsusluğu ilə seçildi və onun fəaliyyətinin bu gün süni olaraq dayandırılması həm də Azərbaycanda azad və müstəqil söz məkanının fəaliyyətinin dayandırılması kimi dəyərləndirilməlidir. Bunu dərk edən bir çox «Xural» oxucusu və xoşniyyətli insanlar var ki, «Xural»ın maddi imkansızlıq baxımından dərc olunmadığını düşünür və öz maddi dəstəklərini vermək istəyirlər. Bəzi məqsədli adamlar isə onların bu xoş niyyətlərindən istifadə edərək, «Xural»ın və mənim adımdan bəhrələnməyə çalışırlar. Mən bütün xuralsevərlərə öz minnətdarlığımı bildirir və yalanlara inanmamağa çağırıram və hesab edirəm ki, bu cür hərəkətlər mənə və qəzetə qarşı yönəlmiş növbəti təxribatlardan biri ola bilər. Bu baxımdan haqqımda aparılan istintaq başa çatmayana qədər «Xural» tərəfindən başqa adda heç bir qəzetin dərc olunmayacağını bildirir və «Xural» qəzeti fəaliyyətə başlayacağı müddətə qədər qəzetin bütün vəsiqələrini etibarsız hesab edirəm. www.xural.com saytında çalışacaq əməkdaşların kimliyini müəyyənləşdirərək onların jurnalist kimi məlumat toplamaq səlahiyyətlərinin olması baxımından sonradan adlarını açıqlayacağımı bəyan edirəm.» Ə.Zeynallı sonda, əgər belə hallar olarsa, «Xural» qəzetinin kommersiya direktoru Nizami Həsənliyə (055) 785 31 13 saylı mobil telefonuna zəng vuraraq, dərhal məlumat vermələrini xahiş edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button