Ə.Zeynallının məhkəməsinə şahidlər məcburən gətirdiləcəklər

26.09.2012

 Əvəz Zeynallı: “Gülər Əhmədova artıq 3 aydır ki, Azərbaycan məhkəməsinin qanunlarına hörmətsizlik edərək, bura gəlməkdən imtina edir. Mən bütün ömrümü, həyatını “pul yığmaqla” keçirən korrupsioner- rüşvətxorların yolunu burada gözləməklə keçirə bilmərəm ki!”

 Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində saxta ittihamlarla həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işinə baxılıb. Prosesdə şahisd qismində bir müddət əvvəl Nərimanov rayon Məhkəməsinin icra şöbəsində müvəqqəti rəis vəzifəsini icra edən Nəbiyev Fuad Fikrət oğlu ifadə verib. Bu dəfə də ədliyyə nazirliyinin əməkdaşı ilkin istintaqa verdiyi ifadələrə zidd ifadə verib. Ə.Zeynallının suallarına əsasən, “bilmirəm”, “yadımda deyil”, “xatırlamıram”, “unutmuşam” kimi cavablar verən F.Nəbiyevin dediklərindən məlum olub ki, o Ə.Zeynallının məhkəmə işlərilə bağlı icraatı müvəqqəti daşıdığı vəzifədə olduğu cəmi 10-12 gün ərzində həyata keçirib: “Mən dəfələrlə Ə.Zeynallını ora dəvət etdim. Bir neçə cəhddən sonra onula söhbət edəndən sonra başa düşdüm ki, Ə.Zeynallı məhkəmənin qanuni qərarlarını yerinə yetirməkdən bilərəkdən, qərəzli şəkildə boyun qaçırır. Bundan sonra qərarların icra olunmaı üçün tərəfimizdən lazımıi ölçü götürüldü.” Ə.Zeynallı F.Nəbiyevə, “sən bunların arasında ən abırlı adam idin, sənə nə etdilər ki, bu günə düşdün? Heç olmasa vicdanından utan və yalan danışma. Mən nə vaxt sizin dəvətinizə əhəmiyyət verməmişəm? Nə vaxt qərəzli olaraq məhkəmənin qərarlarını icra etməmişəm. Cəmi 12 gün bir vəzifədə oturmusan, kənardan baxan da elə başa düşə bilər ki, bütün işləri sən görmüsən”. Bundan sonra baş redaktor şahidi ilkin istintaq zamanı verdiyi ifadəyə yönləndirməyə çaışan prokuror Ramazan Hadıyevə də öz etirazını bildirdi: “Siz artıq ağıq şəkildə şahidlərin vəkili və konsultantı rolunda çıxış edirsiniz. Qanunları bu qədər çeynəməyin. Dünən bir deputatın saxta ittihamı ilə məni həbs etdiniz, bu gün bütün dünya həmin deputatın korrupsiya, rüşvət əməlindən danışır. Ortada kifayət qədər fakt var. Əgər bu dövlətdə qanunlar işləsəydi, məni saxta və gülməli ittihamlarla mühakimə etmək əvəzinə Gülər Əhmədovanı həbs edib,  məhkəməyə çıxarmalı idiniz. Bunu etmirsiniz, heç olmasa, səlahiyyətlərinizdən sui istifadə edib, burda camaatın əsəblərilə oynamayın…” Prokuror hərəkətlərinə qanuni don geyindirməyə çalışsa da, buna nail ola bilmədi.

Daha sonra Ə.Zeynallının 2009-cu ildən 2011-ci ilədək olan müddətdə “Xural”a qarşı qaldırılmış məhkəmə iddialarının nəyə görə bir gündə birləşdirilməsinin səbəbilə maraqlandı. F.Nəbiyev suala həqiqətəbənzər heç bir cavab verə bilmədi. O vəzifə tutduğu müddətdə media ilə bağlı məhkəmə işlərinin vəziyyətilə mraqlandığını və o zaman “Xural”ın qərarların heç birinə riayət etmədiyini gördüyünü dedi. Baş redaktorla dialoqdan sonra məlum oldu ki, Ə.Zeynallı məhkəmə qərarlarının böyük bir qisminin təmin olunması üçün addımlar atıb. N.Ələsgərlinin pul cəriməsi ödənilib, təkzib verilməyib, A.Əsgərovun “təkzibi” verilib, pulunun kiçik bir qismi ödənməyib, V.Səfərlinin məhkəmə qərarı isə F.Nəbiyevin vəzifə tutduğu dövrə təsadüf etmir. Baş redaktor Ədliyyə Nazirliyi tərəfindən haqqında AR CM-nin 306.2.3 maddəsilə cinayət işinin açılmasına əsas verən məşhur “saxta sənədlə” bağlı suallarını davam etdirdi. Məlum oldu ki, sənədin hazırlanmasında F.Nəbiyevin imzası olsa da, sənədlə bağlı heç bir məlumata malik deyil. Şahidin ziddiyyətli ifadələrindən sonra Ə.Zeynallı iyulun 2-də məhkəmə qarşısında qaldırdığı vəsatətlərə bir daha baxılmasını istədi. Hakim qeyd etdi ki, vəsatətlərlə bağlı göndərilən bir neçə sorğuya cavab gəlib. Baş redaktor həbs olunarkən əlindən alınan mobil telefonların KQMİ-də olmaması haqda göndərilən rəsmi məlumat baş redaktoru yenidən əsəbləşdirdi: “Məni necə quldur kimi küçənin ortasında tutub aparıbsınız, eləcə də telefonlarımı oğru kimi gözümün qabağında mənimsəmisiniz. Mən tələb edirəm ki, mənim telefonlarımı əlimdən alan həmin quldur şahid qismində məhkəməyə çağırılsın.” Hakim bildirdi ki, A.Məmmədovla bağlı Nərimanov rayon məhkəməsində baxılan işlə bağlı da BACM-nə rəsmi məktub göndərilib. Digər şahid Aydın Heydərovla bağlı şikayətin icrasına xitam verilməsi məsələsi isə Nərimanov rayon Polis İdarəsi tərəfindən üzərindən 6 il keçdiyi üçün arxivdən çıxarılması haqda qərar qəbul olunub. Baş redaktor 3 aydır ki, qalan şahidlərin məhkəməyə gəlməməsinə etiraz etdi: “Onlar da daxil olmaqla, qaynana Gülər Əhmədova artıq 3 aydır ki, Azərbaycan məhkəməsinin qanunlarına hörmətsizlik edərək, bura gəlməkdən imtina edir. Mən bütün ömrümü, həyatını “pul yığmaqla” keçirən korrupsioner- rüşvətxorların yolunu burda gözləməklə keçirə bilmərəm ki!” Hakim dəfələrlə şahidlərin məhkəməyə dəvət olunduğunu xatırlatdı. Onların qanunlara biganə yanaşmasının nəticəsi olaraq şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi haqqında qərar çıxardı.

Növbəti məhkəmə prosesi sentyabrın 27 saat 14.00-a təyin olundu.

Qısa məlumat: Əvvəlki məhkəmə iclaslarında  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, müğənni N.Ələsgərli, ədliyyə işçiləri, “Kurort” MMC sabiq prezidenti Akif Məmmədov, “Xəmsə” restoranının icraçı direktoru Mürvət Həsənov, restoranın administratoru Xanoğlan Muxtarov şahid qismində ifadə veriblər.

Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button