Ə.Zeynallının məhkəməsində dövlət ittihamçısı Gülər Əhmədovanı müdafiə etməməsilə bağlı təkzib verdi -VİDEO

18.10.2012

 Ə.Zeynallı: “Görün bizim ittiham tərəfi – Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nə gündədir ki, Ə.Zeynallının hər sözü, hər cümləsi, hər informasiyası Agır Cinayətlər Məhkəməsinin obyekti olur. Bu biabırçılıqdır…

 Toğrul Əhmədovun qızdırması qalxıb…

 Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçirildi. Hakim Ramella Allahverdiyeva bildirdi ki, ötən məhkəmə iclaslarında ifadə verməli olan şahidlər yenə də məhkəməyə gəlməyiblər: “Tənilə Rüstəmxanlı hazırda  Azərbaycandan kənarda malicə alır və ölkəyə oktyabrın 23-də qayıdacaq. Mən şəxsən onun özü ilə telefonla əlaqə saxladım və o dedi ki, heç bir etirazı yoxdur və prosesə gələcək. Hal-hazırda isə sağlamlığı ilə bağlı mülicə alır. Digər şahidlərin dindirilməsilə əlaqədar da onu deyə bilərəm ki, onlar bu gün məhkəməyə gələcəklərinə söz vermişdilər. Məhkəmənin başlandığı saatda, saat 10-da bizə məlumat daxil oldu ki, Toğrul Əhmədovun qızdırması qalxıb, xəstədir və o prosesə bu gün gələ bilməyəcək. Amma növbəti prosesdə iştirak edəcək. Belə bir vəziyyət yaranıb”.

Ə.Zeynallı sabiq deputat Gülər Əhmədovanın məhkəməyə gəlməməsinin səbəblərilə maraqlandı. Hakim bu haqda məlumatlarının olmadığını və onun məhkəmədə artıq ifadə verdiyini xatırlatdı. Ə.Zeynallı məhkəmə prosesləri zamanı bütün qanuni prosedurların həyata keçirilməsini tələb etdi: “G.Əhmədova haqda korrupsiya faktı ortaya çıxarılandan sonra cinayət işi qaldırıldı və ondan ölkəni tərk etməməsi üçün iltizam alındı. Hətta son dəfə Azərbaycanı tərk etmək planı da baş tutmadı. Məndə olan məlumatlara görə, beynəlxalq hava limanında saxlanıldı, xarici pasportu əlindən alındı və evinə göndərildi. Yəni bu adam evindədir. İstənilən vaxt da qanunun tələblərinə müvafiq olaraq məhkəməyə gətizdirilməlidir. Toğrul Əhmədova gəlincə isə, o bu ölkədə yoxdur və məhkəməyə də bu səbəbdən gətizdirilə bilmir. Onlar sizə yalan məlumat verirlər. Mənə bildirmişdilər ki, T.Rüstəmxanlı da ölkədə yoxdur və siz də bu məlumatı təsdiqlədiniz. Görünür ki, mənə çatdırılan informasiyalar daha dəqiqdir. İstər Toğrul Əhmədov, istərsə Tənilə Rüstəmxnlı məhkəmədə şahid qismində iştirak etsələr belə yenə də məhkəmə prosesində problemlər yaşanacaq. Çünki əsas şahid olan Gülər Əhmədovaya suallarımı verib qurtarmasam, nə onun şahid oğlunu, nə də rəfiqəsini dinləyə bilməyəcəyik. Gəlin əvvəlcə bu məsələni müəyyənləşdirək. Gülər Əhmədova bir ayağı üstə burada min söz danışdı, amma mənim ondan bu ifadələrin açılması üçün verəcəyim suallar yarımçıq qaldı. Siz – möhtərəm və ədalətli məhkəmə heyəti mənim suallarım verilmədən və G.Əhmədovadan bu suallara cavab almadan necə ədalətli hökm çıxara bilərsiniz? Biz rəsmi versiyanı bilirik, məsələnin əsl mahiyyəti isə hələ açıqlanmayıb. Ona görə də Gülər Əhmədovanın məhkəməyə gəlişi təmin olunmalıdır.  Mən sizi başa düşürəm. Onu da başa düşürəm ki, çox çətindir. Çünki G.Əhmədovanın məhkəməyə gətizdirilməsi artıq məhkəmənin səlahiyyətindən kənardadır. Bu adam haqda gündə bir məlumat yayılır. YAP yetkililərin özləri bilmirlər ki, indi Gülər Əhmədova haradadır. Bilinmir bu nədir, niyə belədir, axırı necə olacaq?”.

Dövlət ittihamçısı Ramazan Hadıyev növbəti dəfə G.Əhmədovanın məhkəməyə gətizdirilməməsi üçün heç bir qanuni əsası olmayan bəhanələr göstərməyə çalışdı: “Gülər Əhmədovanın ifadələri artıq məhkəmə zalında səslənib. Təqsirləndirilən şəxsin ona verəcəyi suallar qalıb, o da ötən dəfə onun özünün bu sualları verməməsi səbəbindən baş tutmadı. Yəni mən hesab edirəm ki…” Ə.Zeynallı prokurorun əsassız replikalarına: “Nə yaxşı onu deyirsiniz, amma bu adamın məhkəmə gətizdirələci haqda mənə əvvəlcədən bir məlumat belə verməmişdiniz. Mən özümü müdafiə edəcək heç bir sənədlə həmin gün məhkəmə iclasına gəlməmişdim. Nə yaxşı! Görünür, indi bunu bəhanə gətirməyə çalışacaqsınız, amma heç bir dəxli yoxdur. Qanunun tələblərinə hamı tabe olmalıdır. O cümlədən də Gülər Əhmədova. Onun bu günkü durumu əsas vermir ki, o məhkəməyə gəlməsin. Əsas şahiddir və məni onun şikayəti əsasında həbs ediblər. Biz onu dinlədik, buyurub gəlsin indi də o bizi dinləsin.

“R.Hadıyevin “bizim nə məqsədimiz var ki, onu müdafiə edək?” sualına Ə.Zeynallı “sizin məqsədiniz o qədər aydındır ki…” cavabını verdi.

 Dövlər ittihamçısı Gülər Əhmədova ilə bağlı təkzib verdi

Mətbuat nümayəndələrinin məhkəmə zalında olmasından istifadə edən prokuror Ramazan Hadıyev əhəmiyyətli məqama toxunmaq istədiyini bildirdi:

–   Ötən məhkəmə iclasından hazırlanan reportajlarda, xüsusilə də “Yeni Müsavat” qəzetində göstərilib ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətlər müzakirə olunarkən, dövlət ittihamçısı Gülər Əhmədovanı müdafiə edib və G.Əhmədovaya qarşı edilən hərəkəti dövlətə qarşı edilən hərəkət kimi qiymətləndirdi.

Ə.Zeynallı:

–    Elə də oldu… Həmin an mən söz istədim, hakim vermədi. Yoxsa bu məsələyə mən də toxunacaqdım…

Ramazan Hadıyev:

–          Mən mətbuata müraciət etmək istəyirəm ki, çalışsınlar deyilən fikirləri mətbuat səhifələrində düzgün işıqlandırsınlar. Çünki mətbuat bütün ictimaiyyət tərəfindən alınır, oxunur. Əgər yanlış informasiya gedirsə, hesab edirəm bu nə jurnalistin özünə hörmət gətirmir, nə də təmsil etdiyi mətbuat orqanına, qəzetə hörmət gətirmir.

Əvəz Zeynallı:

–    Ramazan Hadıyev demək istəyir ki, o Gülər Əhmədovanı müdafiə etmir. Ötən iclasda dediklərinə də indi təkzib verir…

Ramazan Hadıyev:

–   Biz Azərbaycan qanunlarını müdafiə edirik və heç kəsi də müdafiə etmirik. Obyektiv, tam və hərtərəfli məhkəmə iclasının aparılmasına çalışırıq…

Əvəz Zeynallı:

–  Eşq olsun!

Ramazan Hadıyev:

– … və bütün imkanlardan istifadə edirik ki, bu baş tutsun… Ə.Zeynalov təqsirləndirilən şəxs olaraq məsələ qaldırmışdı ki, G.Əhmədovanın barəsində cinayət işi qaldırıldığına görə, özünün barəsində olan CM-nin 311-ci maddəsi öz əhəmiyyətini itirib və həmin maddə ilə onun barəsində olan inayət təqibinə xitam verilməlidir. Mən bununla bağlı izahatımda – münasibətimdə bildirdim ki, AR CM-nin 311-ci maddəsi üzrə nəzərdə tutulan cinayət törədilərkən qəsd obyekti dövlətin nüfuzudur. Burada dövlətin nüfuzu ilə bağlı ictimai münasibətlər ziyan çəkir…

–  Siz dəqiq jurnalist olacaqsınız, amma indi yox, təqaüdə çıxandan sonra…

–   … Konkret olaraq, mən məsələni incələyə-incələyə ona görə deyirəm ki, məsələyə aydınlıq gətirilsin.

–   Sizin dediklərinizlə mətbuatda yazılanların hamısı eynidir. Hörmətli katib Xəyalə xanım da bütün bunları yazır. Lazım gələrsə, yenidən sizin dediklərinizi səsləndirə bilərik… Mən ötən iclasda söz alıb məhz onu demək istəyirdim ki, Gülər dövlət deyil. Amma hakim icazə vermədi…

– Bir daha qeyd edirəm ki, bu hərəkət Gülər Əhmədovaya qarşı yönəlsə də, əslində zərərçəkmiş qism kimi Gülər Əhmədova sizin işinizdə tanınmayıb. Amma bu o demək deyil ki, bir iş üzrə zərərçəkmiş şəxs digər iş üzrə təqsirləndirilən şəxs olarsa, onda birini iş üzrə icraata xitam verilməlidir.

Hakim Novruz Kərimov:

–   Mən də onu əlavə etmək istəyirəm ki, Ramazan müəllim o fikri deyəndə o məsələyə toxundu ki, rüşvət cinayətində zərərçəkmiş şəxs deyil, dövlətin nüfuzudur.

Ə.Zeynallı:

–  Mən sizi də, hörmətli Ramella xanımı da başa düşürəm. Mən nə dediyimi bilirəm. Həmin gün də hansı fikrin səsləndiyini hamı eyni cür başa düşüb. Mən həmin vəsatət ətrafında danışarkən, yadınızdadırsa, dedim ki, G.Əhmədova haqqında açılan cinayət işi və ya Gülər Əhmədovanın rüşvət alması o demək deyil ki, mənə açılan cinayət işi ləğv olunmalıdır. Mənim də az-çox hüuqdan anlayışım var və bu ixtisas üzrə məzunam. Sadəcə olaraq, həmin gün prokuror mənim öz çıxışımı mənim özümə qarşı verməyə çalışdı, ikinci bir tərəfdən ictimai ittiham məsələsində dövlətə qarşı məsələni bir azca qarışdırdı. Var ictimai qınaq, var xüsusi ittiham, bir də var ictimai-xüsusi ittiham. O ictimai ittihamdır. Bu o deməkdir ki, itər Gülər Əhməovanın məhkəməyə gəlməi, məni bağışlaması və ya başqa addım atmasının artıq bu işə aidiyyatı yoxdur. Çünki bu ittiham bağışlanmaqla qurtaran ittiham deyil. G.Əhmədova 20 qurban kəssə belə, 311 gedəcək.  Ona görə ki, bu ictimai ittihamdır. Yəni bu dövlətin deyil, ictimaiyyətin maraqlarının ittihamıdır. Əgə ortada xüsusi ittiham olardısa, o zaman G.Əhmədova bu məsləni öz əməllərilə bağlaya bilərdi. Jurnalist Ramazan Hadıyevin ötən məhkəmədə dediklərini çox dəqiq yazıb..

–    CPM-nin 37-ci maddəsi…

–   CPM-nin 37-ci maddəsilə siz hərəkət etməli idiniz və Gülər Əhmədovaya qarşı inayət işi qaldırmalı idiniz. Mən o vaxt yazanda, sonradan burada deyəndə ki, bu qadın mənə qarşı şantaj edir, şər böhtanla məni həbs etdirməyə çalışır…

– AR CPM ədalət əleyhinə olan cinayətin qarşısını almaqla dövlət ittihamçısını söylənilən cinayət barədə cinayət işinin qaldırılmasını ədalətli hesab etmir.

 Ə.Zeynallı: “Görün bizim ittiham tərəfi – baş prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nə gündədir ki, Ə.Zeynallının hər sözü, hər cümləsi, hər informasiyası Agır Cinayətlər Məhkəməsinin obyekti olur. Bu biabırçılıqdır…

 Əvəz Zeynallı:

–    Görün bizim ittiham tərəfi – baş prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nə gündədir ki….

Ramazan Hadıyev:

 –   Protokoldan çıxarılsın…

–   Ə.Zeynallının hər sözü, hər cümləsi, hər informasiyası Agır Cinayətlər Məhkəməsinin obyekti olur. Bu biabırçılıqdır…

Hakim Ramella Allahverdiyeva digər məsələlərə növbəti məhkəmə proseslərində baxılacağını dedi. Ə.Zeynallı məhkəmədə şahid qismində ifadə verən A.Heydərovun sürücüsü Əlirza Allahverdiyevin yenidən məhkəməyə çağırılmaını və şəxsiyyətinin müəyyənləşdirilməsini təklif etdi: “Gəlsin görək, şəxsiyyət vəsiqəsində rəsmi olan adama bu adam niyə bənzəmir…”

Hakim Novruz Kərimov şəxsiyyət vəsiqəsi verilərkən vətəndaşların evlərində olan daha gənc yaşdakı şəkillərinin DİN orqanlarına təqdim olunduğunu əsas gətirməyə çalışarkən zalda etirazlar səsləndi. Aydın oldu ki, şəxsiyyət vəsiqəsi verilərkən, vətəndaşların şəkilləri idarənin qarşısında dərhal çəkdirilir və sənədə daxil edilir. Digər tərəfdən şəxsiyyət vəsiqəsinin vətəndaşlara verilmə son yaş həddinin 50 yaş olduğunu və məhkəmədə şahid qismində ifadə vürən Ə.Allahverdiyevin 58 yaşının olduğunu nəzərə alsaq, şahid o qədər kəskin şəkildə vəsiqədəki şəklindən fərqlənməməli idi.

Ə.Zeynallı:

– Mən belə ehtimal edirəm ki, KQMİ də ifadə verən şahid məhkəmə prosesinə qatılmadığından, Aydın Heydərov növbəti qanunsuzluq edərək sürücülərindən birini məhkəmədə ifadə verməyə göndərib. Bu məsələ yalnız o zaman aydın olar ki, Ə.Allahverdiyev yenidən məhkəməyə dəvət olunsun.

Hakim R.Allahverdiyeva:

–  Biz onu bura dəfələrlə dəvət edib, dindirməmişdik, ona görə də o çığır-bağır salıb, etirazını bildirmişdi.

Ə.Zeynallı:

– O çığır-bağır salmaz. Bu məhkəmədə Gülər Əhmədova çığır-bağır salıb, BACM-nin sədri Mahmud Nəbiyevin qəbuluna düşmək istəyib, o da sağ olsun, Güləri qəbul etməyib, qəbul otağından geri göndərib.

–  Hə… Biz növbəti məhkəmənin vaxtını müəyyənləşdirək və real vaxta salaq, çünki T.Rüstəmxanlı ayın 23-də Bakıya gələcək,  yəqin T.Əhmədovun da qızdırması dayanar.

 Növbəti məhkəmə prosesi oktyabrın 24-də saat 14:00-da davam etdiriləcək.

 Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

 QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button