“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib – FOTOLAR

Bu gün mayın 15-də “Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun növbəti toplantısı keçirilib. Toplantıda Elçibəyin yubileyi ilə əlaqədar yazı müsabiqəsi elan olunub.

Bu barədə komitə üzvü Əvəz Zeynallı musavat.com-a açıqlamasında bildirib: “Yazı müsabiqəsi bu gündən başlayaraq iyunun 15-dək davam edəcək. Bununla bərabər bügünkü toplantıda bir çox məsələləri müzakirə etdik, qərarlar verdik. Belə ki, Elçibəyin 80 illik yubileyi ilə əlaqədar təxminən 10-15 min ədəd cib təqvimlərinin sifarişi veriləcək. Həmçinin Elçibəyin müxtəlif illərdə verdiyi müsahibə yazılarından ibarət 1000 səhifəlik kitab artıq mətbəəyə verilib və bununla bağlı işlərə start verilib. Bundan əvvəl də qeyd etdiyimiz kimi, 80 illik yubileyin yüksək səviyyədə keçirilməsi üçün müəyyən yer ayrılması ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Ümid edirik ki, yubiley ilə bağlı gözəl və böyük zallardan biri ayrılacaq. Həmçinin “Elçibəy-80” xüsusi buraxılışının olacağı haqqında müzakirələr apardıq. Çox güman ki, xüsusi buraxılış “Yeni Müsavat” qəzetinin əlavəsi kimi olacaq. Bu buraxılışda Elçibəyin yaxın silahdaşlarının və dostlarının müsahibələri, xatirələri, onun haqqında indiki baxışları yer alacaq. Yəni, fərqli bir buraxılış etməyi düşünürük”.

Əvəz Zeynallı müzakirə edilən digər məsələlərdən də söz açıb: “Üzərində Elçibəyin şəkli olan döş nişanlarının, şəkillərin və s. hazırlanması haqqında müzakirələr etdik. Digər müzakirələrimizdən biri “Məhsul” stadionunda, açıq hava şəraitində kütləvi yubiley tədbir-mitinqinin keçirilməsi haqda oldu. Bu barədə hələlik dəqiq qərar verilmədi. Lakin sonrakı toplantımızda tədbir-mitinq ilə bağlı müzakirələri davam etdirəcəyik”.

Xatırladaq ki, “Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupu yubiley ilə əlaqədar yüksək səviyyədə təmtəraqlı mərasimin keçirilməsi üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edib.

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button