Ədəbiyyat lotuları

Ədəbiyyat lotuları - Əli Əkbərin yazısı

 YAP-çıların işlətdikləri ən böyük yalanı sizə deyim – “Biz istəyirik ölkədə sağlam müxalifət olsun, amma nə edək ki, bizim müxalifət pis gündədir”. Rusların sözü olmasın, bu sözə şəpşəplərim gülər. Bunun adı bilirsiniz nədir? Artistlik. Deyən də, gözünün içinə kimi yalan danışır. Sağlam müxalifət cücərməyə başlasın, onu rüşeymdəcə boğar bu iqtidar. Kimin şübhəsi var?

Ruslardan söz düşmüşkən, “elitar” kitab mağazalarının sahibəsi, Azərbaycan dilini iyirmi il qapalı mühitdə tər-təmiz öyrənib, Füzulini orijinaldan oxumağa başlasa belə illah ki, rus aksenti ilə danışmağa and içmiş madam da deyir: “Biz istəyirik kitab bazarında rəqabət olsun”.
Burda adamın ağlına kiçik, yığcam və çox mənalı bir söz gəlir – “cırt”. Yalansa səni rəqibsiz ilan vursun.
Rəqabət arzulayan, rəqabətə hazır olan adam, illərdir kitab bazarında terror əsdirməz. Rəqabətə dözümlü iş adamı, öz mağazalar şəbəkəsini Azərbaycanda yalnız bir nəşriyyatın, mətbəənin biznes maraqları ilə uzlaşdırıb, başqalarının məhsullarını “anbar”ında çürütməz.
Onun danışığı, mimikaları, fizionomiyası, diksiyası – hər şeyi o qədər saxtadır ki, xatırlayanda belə ətim ürpəşir. Ad çəkməməyimin səbəbi də, klassik və gülünc “reklam etmək istəmirəm” bəhanəsi deyil. Ad çəksəm ətim daha çox ürpəşəcək, səmimi sözümdür. Bu madam nə qədər saxtadırsa, mən də bir o qədər, həmin şiddətdə səmimiyəm.
Son günlər yaşanan hadisələrin oxşarı, daha doğrusu eynisi, mənim də başıma gəlmişdi. İlk dəfə kitabları rəflərdən yığışdırılan, gizlədilən mən olmuşdum. Gündə iyirmi, otuz adam kitabımı mağazalardan soruşduğu halda, hamısına yox cavabı verib, mənə isə “kitabınla maraqlanmırlar” deyən də həmin bu madam olmuşdu.
Azərbaycanda hər şey girdirmə olsun da, kitab satışı şəbəkəsi girdirmə olmasın, mümkündürmü? Siz mənə qonşu ölkələrdə, Asiyada, Afrikada, Uzaq Şərqdə bir kitab mağazası göstərin ki, yalnız bir nəşriyyatla, mətbəə ilə işləsin. Elə şey yoxdur. Olsa da mətbəənin, nəşriyyatın nəzdində, bir küncdə öz məhsullarını satar, daha mağazalar şəbəkəsinə iddia etməz.
Amma bunlar edirlər. Özü də əllərinin içindən gəlir.
Bu gün, kitabları satılmır deyə haray-həşir salanların heç birini o zaman yanımda görmədim. …Bir kənara çəkilmişdilər. İndi isə qəhrəman olublar, monopolistlə qırğına çıxıblar.
Hələ o vaxt, dörd il əvvəl demişdim ki, bu günlərdən sizin üçün də var. Həmrəylik göstərin, səsinizi qaldırın. Hamısının kitabları səliqə ilə rəflərə düzülmüşdü deyə, özlərini karlığa, korluğa vurdular, biri də səsini çıxarmadı. Bu gün isə, ölkə miqyaslı faciə yaşanıbmış kimi və sanki bu mağazaların və sahibəsinin illərdir lotuluqla məşğul olduğunu indi biliblərmiş kimi, ölkə gündəmini ələ keçirib, Avropa oyunlarını belə, öz satılmayan kitabları ilə kölgədə qoyublar.
Nə oldu, indi başınıza “danq” elədi?
Artıq daşlar yerinə oturur, kimin kim olduğunu, nəyin nə olduğunu görməyə başlayırsınız. Bundan sonra yalnız bir yol var – Azərbaycanda kitab işi ilə ciddi məşğul olan, kənardan heç bir kapital əldə etmədən, heç bir oliqarxa bağlı olmadan, maliyyə yardımı və qrant almadan kitab satışı və təqdimatları ilə məşğul olan adamlara, mağazalara, klublara ciddi dəstək vermək və rus qəlbli madamın mağazalarını, kütləvi boykot nəticəsində çökdürmək.
Kitaba könül vermiş səmimi insanlara kömək etmək lazımdır. Onların yanında olmaq, onlara pul qazandırmaq lazımdır. Əldəyayım üsulu ilə işləyənlərə, zənglə sifariş çatdıranlara, öz məhdud imkanları ilə kitab üçün nəsə etməyə çalışanlara dəstək olmaq, əllərindən tutmaq lazımdır.
Nə yaxşı oldu. Axır ki, ağlınız başınıza gəldi.
musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button