Əflatun Amaşov Mətbuat Şurasına əlavə səlahiyyətlər istəyir

‘Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır

“Şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklər var. Belə qərara gəlmişik ki, yeni qanun layihəsi hazırlanarsa, qəbul edilən qərarlar daha çevik şəkildə həyata keçirilər”.

Bunu Məbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deyib. Mətbuat Şurasının fəaliyyətinin qeyri-hökumət təşkilatlarının ilə bağlı qanuna uyğun olaraq tənzimləndiyini deyən Ə.Amaşov qurumun fəaliyyəti ilə bağlı qanun layihəsinə ehtiyac var.

Belə bir qanun layihəsinin hazırlanmasına etiraz etmədiyini deyən Komitə sədri Rəfail Hüseynov isə bildirib ki, layihə hazırlandıqdan sonra nəzərdən keçirilə bilər.

Milli Məclisin yaz sessiyasının fevralın 1-sə keçirilən ilk iclasında Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif etmişdi.

O bildirmişdi ki, Mətbuat Şurası ictimai təşkilat olduğundan bəzən “lazımi tədbirlər” görə bilmir. Buna görə də “mətbuatın daha yaxşı balanslaşdırılması” məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəmişdi. Əflatun Amaşov Şuraya saytların qapadılması səlahiyyətinin verilməsini də təklif etmişdi:

“Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”

Mətbuat Şurası 2003-cü ilin martında, ölkə jurnalistlərinin birinci qurultayında 100-dən artıq informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin ilin aprelində Şura Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədinin jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi olduğu bildirilir.

Dövlət orqanları, ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması da qurumun məqsədlərindəndir.

Şura həmçinin, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasına da məsul olduğunu bəyan edir.

Mətbuat Şurasının fəaliyyətinə yanaşma birmənalı deyil. Bir çox media eksperti, bəzi jurnalistlər qurumun fəaliyyətindən narazılıq edir. Onlar hesab edir ki, qurum fəaliyyətində öz nizamnaməsindən, missiyasından kənara çıxır.

Mətbuat Şurası 2003-cü ildə martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib.

Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir.

Şuraya rəhbərlik sədr tərəfindən aparılır.

Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.

MŞ İdarə Heyəti 15 əsas və 4 ehtiyat üzvdən ibarətdir. Əsas üzvlərdən 9-u jurnalistləri, 6-ı ictimaiyyəti təmsil edir. 4 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdəndir.

Əflatun Amaşov yaranan gündən Mətbuat Şurasının sədridir.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button