Əfqan Sadıqovun işi üzrə yeni məhkəmə prosesi qapalı rejimdə keçirilir (YENİLƏNİB)

Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri Əziz Əzizovun Azel TV saytının redaktoru Əfqan Sadıqova qarşı iddiası üzrə məhkəmə prosesi mayın 11-nə təyin edilib.

Təhqiqat aprelin 30-dan həbsxanada aclıq aksiyası keçirən Sadıqovun özünü pis hiss etməsi ilə əlaqədar təxirə salınıb.

Bu barədə Turan-a onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Bu zaman iclasın əvvəlində hakim iddiaçının nümayəndəsinin xahişi ilə prosesin qapalı rejimdə keçirilməsinə qərar verib. Bu xahiş şəxsi həyata aid məsələlərə toxunula biləcəyi ilə əsaslandırılıb.

Cəlilabad rayonunun keçmiş icra başçısı Azel TV saytında 2016-cı ildə yerləşdirilmiş nəşrlə bağlı iddianı nədənsə 2017-ci ilin sonlarında, Ali Məhkəmə Sadıqovun cəzasını 2,5 ildən 1,5 ilə qədər azaltmasından sonra verib.

Sadıqov ittihamı təkib edir. Mayın 4-də məhkəmə iclası başlamazdan əvvəl o, hüquq müdafiəçisi Samir Kazımlı vasitəsilə KİV-ə müraciət edib.

Sadıqov yazır ki, penitensiar müəssisələrdə “anarxiyaya, məhbusların hüquqlarının pozulmasına, işgəncələrə”, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində məhbusların sağlamlığına “biganəliyə”, dərmanların olmamasına və məhbusların müalicə olunmamasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Sadıqov yazır ki, aprelin 30-da o, aclıq elan edib və ağzını tikib.

Növbəti gün, jurnalistin sözlərinə görə, onun ağzını “söküblər” və ondan “qurtulmaq” üçün Cəlilabadda mayın 4-nə məhkəmə iclası təyin edilməsi bəhanəsilə qonşu Masallı rayonunun polis şöbəsinin təcridxanasına göndəriblər.–0–

* * *

2018 May 04 (Cümə) 22:57:58

Jurnalist aclıq keçirir

Bakı/04.05.18/Turan: “Jurnalist Əfqan Sadıqov artıq 4-cü gündür aclıq keçirir. Onun səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirəm. Həyat yoldaşımın səhhətindən çox narahatam”, – jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Turan-a bildirib.

“Həyat yoldaşım, şərlənərək həbs olunan jurnalist Əfqan Sadıqov ona qarşı olunan haqsızlıqlara və qanunsuzluqlara etiraz olaraq artıq 4 gündür ölüm aclığı keçirir. Hamınızı ona dəstək olmağa çağırıram”, – S.Sadıqova Facebook səhifəsində ictimaiyyətə müraciət edib.

O, Əfqan Sadıqovun aclıq aksiyasına başlaması ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Elnur İsmayılova yazdığı müraciətin surətini də Facebook səhifəsində yayıb.

“Penitensiar Xidmət və Baş Tibb İdarəsində olan anarxiyaya etiraz olaraq mayın 1-dən yemək, dərman qəbulu, söz və danışmaq hüququndan imtina aksiyasına başlayıram”, -jurnalist müraciətində yazıb.

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub.

Hüquq-müdafiə təşkilatları jurnalisti “siyasi məhbus” kimi tanıyıb.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Mayın 23-də onun cəza müddəti bitir. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiası bərpa edilib. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı Əziz Əzizov (o hazırda Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başısıdır-red.) qaldırıb.

Mayın 4-də Cəlilabad Rayon Məhkəməsində jurnalistə verilmiş yeni ittiham üzrə məhkəmə prosesi davam etdiriləcək.

Sevinc Sadıqova Turan-a bildirib ki, Əfqan Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir, xəstəliyi getdikcə ağırlaşır, ayaqları şişib.

“Aprelin 26-da onun səhhəti çox ağır olub. Təzyiqi o qədər yüksək olub ki, qıcolma keçirib və bütün bu hadisələr Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə verməyib” .

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə Sevinc Sadıqovanın dediklərini əsassız adlandırıb.

“Həbsxanada da, təcridxanada da Əfqan Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə alıb”.

İftixar Qurbanov bildirib ki, Əfqan Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə də dərmanları mütəmadi qəbul etməlidir. Deyilənə riayət etsə təzyiq normada qala bilər.

Penitensiar Xidmətin ictimiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, Əfqan Sadıqov aclıq aksiyası keçirmir.

“Əfqan Sadıqov hazırda Cəlilabad Rayon Məhkəməsindədir. Kimliyindən, hansı səbəbdən istintaq olunmasından asılı olmayaraq, hər bir şəxs istintaq təcridxanasının qaydalarına riayət etməyə borcludur”, – o qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button