Əfv edilən siyasilər gecə ikən evlərinə buraxılıblar

Əfv edilən siyasilər gecə ikən evlərinə buraxılıblar

Tofiq Yaqublu: “Digər dostlarımızın azadlığa buraxılmamasına çox üzülürəm”;

Rəşadət Axundov: “Əqidəmizdə, hadisələrə baxışımızda, fikirlərimizdə dəyişiklik yoxdur”

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmış keçmiş siyasi məhbuslar artıq ailələrinə qovuşublar. Onların əksəri elə əfv sərəncamı imzalanan gün gecə ikən evlərinə yola salınıblar.
Müsavat başqanının müavini Tofiq Yaqublu azadlığa çıxması ilə bağlı musavat.com-a danışıb. T.Yaqublu deyib ki, hər əfv sərəncamında adının siyahıya düşməsini gözləyirmiş:
“Bu dəfə də ümidliydim, amma illüziyaya da qapılmamışdım. ANS-in xəbərlərini izləyib qayıdanda dustaqlardan biri mənə yaxınlaşıb dedi ki, adın əfvə düşüb. Sonra da təəccüblə niyə sevinmədiyimi soruşdu. Mən digər dostlarımızın – Xədicə İsmayılın, İntiqam Əliyevin, İlqar Məmmədovun azadlığa buraxılmamasına çox üzülürəm. Təsəvvür edin, İlqar Məmmədovla eyni ittihamla həbs olunmuşuq, məni buraxırlar, onu yox. Bu, absurddur”.
 
T.Yaqublu bildirib ki, siyasi mübarizəsini əvvəl olduğu kimi davam etdirəcək:
“Kimsəyə təşəkkür etmək fikrim yoxdur. Əksinə, bizə yaşadılan bu sitəmin, qanunsuz həbsimizin hesabını sormaq lazımdı. Axı bizi niyə qanunsuz yerə, günahımız olmadan həbs etmişdi bu iqtidar?! Əgər indi əfv verirdisə, bütün siyasi məhbuslara şamil edilməliydi”.
Tofiq Yaqublu martın 18-də Fəxri Xiyabana gedərək, milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
Xatırladaq ki, T.Yaqublu prezident Elçibəyin hakimiyyəti dövründə onun iqtidar komandasının üzvü olub, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
“Nida” vətəndaş hərəkatının İH üzvlərindən olan Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədov 3 ildən sonra görüşə biliblər.
İlk olaraq suallarımızı cavablandıran Rəşadət Axundov bunları dedi:
“Biz həbsdə olan zaman bizə dəstək verən bütün insanlara, yerli və beynəlxalq təşkilatlara, bizi fədakarcasına müdafiə edən vəkillərimizə, bütün media orqanlarına, xüsusi ilə də “Yeni Müsavat” qəzetinə bizə informasiya dəstəyi verdiyinə görə, təşəkkür edirəm. 3 il böyük bir zaman kəsiyidir. Nəinki il, hər dəqiqə həyat dəyişir. Amma dəyişməyən bir şey varsa o da bizim əqidəmizdir. Əvvəl necə idiksə, indi də o şəkildə qalırıq. Sadəcə təcrübəmiz daha çox oldu. Həbs həyatı siyasi mübarizə aparan insanlar üçün böyük bir təcrübədir. Mən hesab edirəm ki, biz bunu müsbət şəkildə istifadə edə bildik”.
 
– Son 3 il sənin həyatından nələr apardı?
– Bu illər ərzində ilk atalıq hissimi məhbəsdə yaşadım. Qohumlarımı itirdim, xüsusi ilə də babamın intihar etməsi, dostumuz Şahin Novruzlunun atası, vəkilimiz Elton Quliyev rəhmətə getdi. Bütün bunların acısını yaşadıq.
– Əfv siyahısında adının olacağını gözləyirdinmi?
– Mənim real əfv gözləntim 2014-cü ilin oktyabrındakı əfvdə olub. Şahinlə Bəxtiyar azad olunanda biz də çıxacağımızı gözləyirdik. Səmimi demək lazımdır, hər bir məhkumda əfv öncəsi ümid işığı olur. Amma o vaxtdan sonra mənim real gözləntim olmayıb. Yəni, 1-2 faiz ümidim olsa da, 99 faiz demişəm ki, içəridəyəm. Psixologiyamı da buna görə hazırlamışam. Ailə üzvlərimə də bu şəkildə demişəm ki, içəridəyik…  Əfv Sərəncamı ilə 4 NİDA-çı azadlığa çıxdı. İki dostumuz – İlkin Rüstəmzadə və Əbdül Əbilov, həmçinin digər siyasi məhbuslar hələ də həbsdədir. Onların da bizimlə birgə olması çox yaxşı olardı. Mənim bundan sonrakı addımım həmin bu iki insanın azadlığa qovuşması üçün çalışmaqdır. Biz sevinci yaşadıq, istəyirəm ki dostlarımız da bu sevinci yaşasınlar. Bəli, onlar bu yolu seçərkən hər şeyi nəzərə alıblar. Amma həbs hər bir halda əziyyətdir. Ailələr üçün çətindir. Bir-iki gün içində dostlarımızın ailələrinə baş çəkəcəyəm. Artıq onların yanına necə gedəcəyimi düşünürəm. Mən gəlmişəm, İlkinlə Əbdülü gətirə bilməmişəm. Qapıdan içəri onlarsız girirəm. Bu, çox çətindir. Lakin biz çalışacağıq ki, onların yoxluğunu ailələrinə hiss etdirməyək. Bütün bacarığım, fəaliyyətim əsasən bu iki insanla bağlı olacaq”.
 
– Rəşadət Axundovun bundan sonrakı fəaliyyəti necə olacaq?
– Həbsdən əvvəl biz bir mətbuat konfransı keçirib son sözümüzü demişdik. Düşünürəm ki, həbsdən sonra da bir mətbuat konfransı keçirib, əsas suallarınıza cavab verəcəyik, gələcək planlarımızı deyəcəyik. Hələlik azadlıq hissini yaşamağa çalışırıq. Ümumiyyətlə isə əqidəmizdə, hadisələrə baxışımızda, fikirlərimizdə heç bir dəyişiklik yoxdur. Bunu hamı bilməlidir. Həbsdən əvvəl Rəşadət dövlətimiz, millətimizlə bağlı nə düşünürdüsə, həmin düşüncələr olduğu kimi qalır. Mən elə bir Azərbaycanda yaşamaq istəyirəm ki, insanlar fərqli fikirlərinə görə, fərqli münasibətinə layiq görülməsinlər, həbs edilməsinlər, döyülməsinlər. Mən həbsdən əvvəl də bunun üçün çalışmışam. Rəşadət dəyişməyib, həmin Rəşadət əvvəlki kimi var və olacaq”.
Rəşadət Axundovun həyat yoldaşı deyir ki, əfv sərəncamı zamanı Rəşadətin adının siyahıda olacağını düşünmürmüş:
“Sevincliyik. Açığı gözləmirdim. Əfv siyahısı açıqlananda heç siyahıya baxmadım. Çünki siyasi məhbusların azad ediləcəyini düşünmürdüm. Zəng edib, xəbər etdilər. Əvvəllər əfv olanda sayta girib, tez-tez səhifəni yeniləyirdim ki, bəlkə Rəşadətin adı orada ola. Amma bu dəfə gözləntim yox idi”.
Rəşad Həsənov isə bunları dedi:
“Həbs olunduğumuz müddətdən 3 il keçib, insanlarda, cəmiyyətdə dəyişikliyi görürük. Amma elə qeyri-adi nəsə yoxdur. Həbsdə olan insanların nə hislər keçirdiyini, onların çətinliklərini azadlıqda olan insanların çoxu anlamaya bilər. Bu, təbiidir. Amma bir az həbsdəki insanları anlamağa çalışsınlar. Nəzərə alsınlar ki, onlar azadlıqda deyillər.
Ömər Məmmədov: “Əsas məsələ atam və anamın müalicəsi üçün pul tapmağımdır. Onların sağlamlığını düşünürəm. Özüm isə təhsilimi davam etdirəcəyəm. Ömər üçün bir şey dəyişməyib. Əvvəl də ”Nida”nın üzvü idim. İndi də “Nida”dayam. Düşüncəmdə bir şey dəyişməyib. Bundan sonra da Azərbaycan üçün, ölkəmizin daha da yaxşı günlərə çıxması üçün çalışacağam”.
Prezident İlham Əliyevin əfv  sərəncamı ilə həbsdən  azad edilmiş  jurnalist  Pərviz Həşimli bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
Avropa.info-ya açıqlamasında Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.
“Azadlıq mənim haqqım idi. Həm yerli, həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan başqa  mənə dəstək olan beynəlxalq  təşkilatlara, mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”, – deyə Pərviz Həşimli qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button