Əhliman Əmiraslanovun seçicilərlə görüşü davam edir

11“Bir kəndə görə 7 dəfə nazirlə görüşmüşəm”

Deputat 56 nəfəri pulsuz əməliyyat etdirib

Kürdəmirin Sor-sor kəndində əsl izdiham yaşanırdi. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki məntəqəsindən deputatlığa namizəd Əhliman Əmiraslanovla görüşə xeyli insan toplaşmışdı.

ATU-nun mətbuat xidmətindən xural.com-a daxil olan məlumata görə, deputat olduğu müddətdə Əhliman Əmiraslanovun bu rayonda 25 dəfə seçicilərlə geniş tərkibli görüşləri olub. Deputat bu görüşlərdə iştirak edən 3000-ə yaxın  seçicisindən 1157 nəfərini fərdi qaydada dinləyib.

Lakin bu dəfəki toplantını Əhliman Əmiraslanov üçün təbliğat-təşviqat kampaniyasına daxil olan sıradan görüş hesab etmək olmazdı. Çünki millət vəkili həm də bu 5 ildə gördüyü işlərlə bağlı seçiciləri qarşısında hesabat verirdi.

Görüşdə qeyd olundu ki, bu illər ərzində Kürdəmir rayonundan millət vəkilinin ünvanına 416 yazılı müraciət daxil olub. Bunlardan 287-si sosial, 25-i iqtisadi, 104-ü digər problemlərə aid olub. Müraciətlərdən əksəriyyəti müsbət həll olunub.

Həmçinin, məlum olduğu kimi 5 il ərzində millət vəkili  Əhliman Əmiraslanovun təşəbbüsü ilə 16 dəfə müxtəlif ixtisaslı həkimlərdən ibarət briqada Kürdəmirə ezam olunub. Bu aksiyalar zamanı  rayon və ətraf kənd sakinləri pulsuz müayinə olunublar. Həkimlər tərəfindən ümumilikdə 12315 nəfər kürdəmirli seçici  tibbi müayinələrdən keçirilərək  tövsiyyə və ixtisaslaşmış tibbi yardım almışlar. Müayinələr nəticəsində 56 nəfər Bakıya göndərilərək müxtəlif  xəstəliklərlə bağlı pulsuz cərrahiyyə əməliyyatı olunublar.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli son illər rayonda görülən işlər, inkişafın göstəricisi olan tədbirlərdən söz açdı. Bildirdi ki, son 5  il ərzində rayonda bir çox kəndlərdə yeni orta məktəb binaları, tibb məntəqələri tikilərək istifadəyə verilib. İki ay əvvəl isə dövlət başçısının iştirakı ilə Mollakənd-Axtacı-Öyqulu yolunun açılışı olub. “Rayon səviyyəsində görülən işlərdə hörmətli millət vəkilmiz Əhliman Əmiraslanovun da xüsusi töhfəsi olub. O, hər zaman seçicilərinə dəstək olub, bir çox məsələlərdə onlara yardım edib. Həm yüksək ixtisaslı həkim kimi, həm də digər sosial məsələlərin həllində köməyini əsirgəməyib”. YAP rayon təşkilatının sədri hər kəsi 1 Noyabrda Əhliman Əmiraslanova səs verməyə çağırdı.

Daha sonra görüşə toplaşmış kənd sakinləri Ə.Əmiraslanovun gördüyü işlər haqqında fikirlərini açıqladılar. Qeyd olundu ki, millət vəkili bu vaxta qədər heç kimin probleminə biganə yanaşmayıb, hər kəsi dinləyərək kömək etməyə çalışıb.

Görüşün sonunda söz alan Əhliman Əmiraslanov özü haqda səslənən fikirlərə və göstərilən etimada görə təşəkkürünü bildirdi. Millət vəkili hər bir kənddən daxil olan müraciətləri diqqətlə araşdırdığını, bəzən bir kəndin xırda probleminin həlli üçün dəfələrlə müvafiq orqanların rəhbərləri ilə görüşdüyünü söylədi: “Sırf  bu kəndlə  bağlı 7dəfə nazirlə görüşmüşəm. Mənim iş günüm seçicilərlə görüşdən başlayır. Bacardığım qədər hər kəsə yardım etməyə çalışmışam və bundan sonra da belə olacaq”.

Ə.Əmiraslanov problemlərin hələ də qaldığını, amma onların həlli üçün dövlət səviyyəsində planlı işlər görüldüyünü söylədi. Regionlarda işsizliyin aradan qaldırılması, əlillərin sosial müdafiəsinin gücləndirilməsi üçün xeyli işlər görüldüyünü vurğuladı: “Son 10 ildə ölkədə 2500-dən çox məktəb tikilib. Səhiyyə Nazirliyinin də köməyilə bir neçə kənddə tibb məntəqələri yaradılıb. Biz bütün bu məsələləri yenə diqqətdə saxlayacağıq”.

Sonda Əhliman Əmiraslanov hərkəsi 1 Noyabr seçkilərində iştirak edərək vətəndaşlıq borcunu yerinə yetirməyə çağırdı. O, seçiciləri düzgün seçim etməyə,regionun inkişafına yardım edəcək namizədə səs verməyə dəvət etdi: “Kimə səs vermək hər kəsin öz seçimidir. Mənimsə həm həkim, həm də alim kimi qapım həmişə üzünüzə açlıq olacaq”.

Qeyd edək ki, görüşdə Sor-sor ilə yanaşı ətraf Carlı, Qocalı,  Köhünlü və digər kəndlərdən insanlar iştiak edirdilər.

xural.com

11 13 12

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button