Əjdər Tağızadə: “Sabir Rüstəmxanlı DAK-ın axırına çıxdı, hamını DAK-a düşmən elədi”

əjdər tağızadə1

Dünya Azərbaycanlıları Konqresinin – DAK-ın qurucularından olan Əjdər Tağızadənin xural.com-a müsahibəsi həqiqətən ciddi rezonans doğurdu. O qədər ki, DAK həmsədrinin müşaviri, Azər-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı müsahibə verərək, Əjdər Tağızadəyə “şərəfsiz, namussuz” belə dedi və “Sən Sabir Rüstəmxanlının ayağının tozu belə ola bilməzsən” başlıqlı yazı yazdı, Əjdər Tağızadəni məhkəməyə verəcəyi ilə hədələdi. Biz xural.com olaraq sətiraltı bizə yönələn eyham və təhdidlərə baxmayaraq, müsahibədə adı çəkilən adamların münasibətlərini ala bilməsək də, hörmətli Tənzilə xanımın digər saytlara verdiyi müsahibəsini “cavab haqqı” mahiyyətində yayınladıq. Bundan sonra Əjdər Tağızadə yenidən xural.com-a müraciət etdi və Tənzilə Rüstəmxanlıya cavab vermək istədiyini bildirdi. Biz keçmiş dostların arasındakı bu qovğaya müdaxilə etmədən və qarşı tərəfin də cavab haqqını məmnuniyyətlə dərc edəcəyimizi bəyan edərək, Əjdər Tağızadənin cavaba cavabını dərc edirik. Bir daha xatırladırıq ki, istər Əjdər Tağızadənin “cinayətkar” adlandırdığı İsmayıl Ağayevin, istər bütün ittihamlarını istiqamətləndirdiyi Sabir Rüstəmxanlının, istərsə də Tənzilə xanımın hər cür cavab hüquqlarını tanıyır və onları dərc edəcəyimizi bildiririk.

…Siz – Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlı pulsuz bu millətə hansı işi görmüsünüz? 

…həmin məhkəmədə baş verən hadisələr cəmiyyətdə də maraqla qarşılanacaq

II-Sonuncu hissə

(I hissəni bu linkdən oxuya bilərsiniz: https://www.xural.com/?p=24429)

– Ramiz Mehdiyevi kim təhqir edir ki?

– Sabir Rüstəmxanlı. Həmişə yanımızda Ramiz Mehdiyevin əleyhinə danışır. Sonra da deyir ki, kitabına “ön söz” yazdım, qulağıma çatıb ki, xanımın da xoşu gəlib (Birinci xanım Mehriban Əliyeva nəzərdə tutulur – Red.), ona görə kefim sazdır-filan… Mənim Ramiz Mehdiyevlə heç bir alış-verişim yoxdur və onu o qədər də tanımıram. Bu mənə onu tanıdır. Guya öz aləmində siyasət aparır. Bunun adı siyasət deyil, başqa bir şeydir. Elə bu siyasətilə də DAK-ın axırına çıxdı. Hamını DAK-a düşmən elədi. İndi DAK-ın tədbirlərində öz tayfasından, VHP-çilərdən, Tənzilənin adamlarından başqa adam qalmayıb. Güney məsələsi hər zaman Azərbaycanın ağrılı yeri olub. 1988-ci ildə “Təbriz” deyəndə meydanlarda bir milyon adam ayağa qalxırdı. İndi Təbrizin də, güneylilərin də nüfuzu bu adam üzündən aşağı düşüb. Prezidentlər öz çıxışlarında dəfələrlə deyiblər ki, Güneydə qalan 50 milyon azərbaycanlı da bizim qardaşlarımızdır. Onların dediklərinin əleyhinə işləyir Sabir Rüstəmxanlı. Biz son illərdə bu mövzuda bir nəfər də olsun Azərbaycanın rəsmi şəxslərilə görüşüb, danışa bilmirik. Sabir Rüstəmxanlı onları da aldadır. Deyir ki, guya güneyliləri o təmsil edir. Xeyr. Ona bu səlahiyyəti bir güneyli də verməyib. Qoy hamı eşidib bilsin. Sabir Rüstəmxanlı özü-özünü öndər elan edib. Onun arxasında heç bir qüvvə-filan da dayanmır. Hər yanda deyir ki, guya yüzlərlə güneyli oxudub. Sabir, yüzü lazım deyil, beşinin adını yaz… Oxuyanların da heç birini bu oxutmayıb. Yalvarıb-yaxarmışıq, ora-bura xahiş-minnətə getmişik. Başqaları pul verib oxudublar. O minnət mənim də üstümdədir, o uşaqların da, bütün milləti də… Hər sözümün arxasındayam. Bütün millətin qabağında gəlsin göz-gözə danışaq. Bütün dedikləri yalanları düz gözünün içinə deyərəm. Ətrafdakıların ağzına söz atır ki, Əjdər inqilabçıdır. Bəli, sən də şairsən! Şairlərin yeri haradır, mənim də yerim haradır, qoy millətin özü qərar versin. Sovet dövründən qalma bir yaradıcılığı var, 30 ildir onun hesabını yeyir. Sənin kim olduğunu, hansı əmələ sahib olduğunu gördüm. Sən yol yoldaşı deyilsən. 27 ildir deyirəm, Azərbaycanın istiqlalı, türk millətinin tərəqqisi… İndi demirəm ki, bunları. Mənim amalım budur. Bəs sənin amalın nədir, Sabir Rüstəmxanlı? Xanımın (Birinci xanım Mehriban Əliyeva – Red.) adından istifadə edib, guya siyasət qurur ki, Azərbaycanın İranla qədim əlaqələri var və güney məsələsi iki dövlət arasında müzakirə oluna bilməz. O zaman sənin DAK-da nə işin var,  Sabir Rüstəmxanlı? Bir şey ki, DAK-ın hansı missiyanı daşıdığını bilmirsən və ya bilmək istəmirsən və ya öz maraqların naminə qurban verirsən. O zaman sənin DAK-da nə işin var? Güneyli sənə o səlahiyyəti verməyib, quzeyliyə də sözün keçmir. Məni dörd prezidentin dördü də İran rejiminə təslim etmədi. Dəfələrlə müraciətlər olundu, müzakirələr aparıldı, amma məni quzey ayağa vermədi. Qənirə Paşayeva millət vəkilidir. Bu prosesləri bilir, ondan da soruşa bilərsiniz. 4 dəfə də prezident İlham Əliyevdən istəyiblər, imtina edib. İndi bunlar rəhbərlik etdikləri saytlar vasitəsilə guya təbliğat aparırlar, İlham Əliyevə ağıl verirlər ki, gərək Əjdər Tağızadəni tutub İran rejiminə təslim edəydi. Niyə? Mən terrorist deyiləm. Sizdən fərqli olaraq, dövlətin hansı qüdrətə sahib olduğunu bilirəm, qanunlara hörmət edirəm. Tək təvəqqem bu millətin firavanlığıdır. DAK-a özü dəstək olan bir dövlət bu təşkilatın məqsəd və məramını da bilməmiş deyil. Əjdər Tağızadə hazırda bu proseslərdə əsas fiqur deyil, əsas fiqur Sabir Rüstəmxanlı və onun xanımıdır. O zaman sizi tutsunlar və DAK-dakı fəaliyyətinizi araşdırsınlar. Azərbaycanın Güneyindəki hərəkat demokratik bir hərəkatdır. Əgər həqiqətən də biz güneylilərə dəstək olsaydı, Azərbaycan diasporası xaricdə kifayət qədər çiçəklənər, nüfuz qazanardı. Yoxsa Sabirə DAK tədbirlərinə pul aylırmaqla, Azərbaycan diasporasını inkişaf etdirmək olmaz. Sabirin İran rejimi haqda ümumiyyətlə anlayışı yoxdur. Bu elə bilir, ABŞ İran rejiminə qarşı siyasət aparacaq və bunun üçün maliyyə vəsaiti ayıracaq. Əgər bu da bu adla bu təşkilatın rəhbəri qalsa, buna da pay düşəcək. Ta başa düşmür ki, xaricə bu məqsədlə səfər etdiyi, arxasınca düşdüyü  İranın “xalq mücahidləri” elə bir irticaçı qrupdur ki, əgər onlar İranda hakimiyyətə gəlsələr, indiki rejimin üzünü ağ edəcəklər. Parisdə oturmaqlarına baxmayaraq, onların içində nəfəs də almaq olmaz. Tehran rejimi heç olmasa açıq olaraq, hansı siyasəti apardığını deyir. Bunlar gizli siyasət aparırlar. Arvadlarının, özlərinin başı qapalı, mollalardan ağır işlərlə məşğuldurlar. Sabah da Təbrizdə 4-5 şəhid verib, azərbaycanlılara minnət qoyacaqlar ki, sizdən ötrü şəhidimiz oldu, yanımızda durmağa borclusunuz.  İranı Xomeyni rejimindən ağır duruma salacaqlar. Bu adam ümumiyyətlə, güney azərbaycanlılarının mübarizəsinin mahiyyətini dərk etmir. Harada pul söhbəti var, o tərəfə əyilir. Söhbət təkcə molla rejimindən xilas olmaq demək deyil. Güney azərbaycanlıların milli azadlıq hərəkatı, quzey azərbaycanlıların rus rejiminə qarşı apardıqları milli azadlıq hərəkatının alternatividir. 27 ildir Güney Azərbaycanın dünyəvi, demokrat məmləkət olması üçün mücadilə aparırıq, bağırırıq. Tehran rejimi də ondan qorxur. O vaxt Milli Məclisin sədri Murtuz Ələsgərov Rəfsəncani ilə görüşəndə demişdi ki, Azərbaycanın cənubunda bir təşkilat yaradırlar. Hamısı da yazıb-oxuma adamıdır, bir nəfər də olsun içlərində terrorist yoxdur. Bununla hakimiyyəti dəyişmək istəyirlər. Murtuz Ələsgərov da bunu Əbülfəz Elçibəyə demişdi. Sabir Rüstəmxanlı Tehran səfiri ilə 4 saat görüşüb, DAK həmsədri olaraq. Amma ona bu səlahiyyəti heç kim verməyib. Orada nə danışıb, bir əməlli onu da bilən yoxdur.

– Niyə görüşmüşdü?

– Özü desin. Özü desin. Yanında bir adamla gedib, şahid də var. O adam da çöldə bunu gözləyib. Görüşə gedir – DAK-da heç kimlə məşvərət eləməyib. DAK-ı VHP-dən pis günə salıb. DAK-ın tərkibinə daxil olan heç bir qurumun Sabir Rüstəmxanlının hansı işi gördüyündən xəbərləri belə yoxdur.

– Sizi məhkəmə yolu ilə ölkədən çıxara bilərlərmi?

– Çıxarsınlar. O zaman bunların İran rejiminə qulluq etdikləri ortada olacaq. Mənə nə var ki, həyatımı mühacirlikdə yaşamışam, bundan sonra da yaşayacam. Mən hansı amal sahibi olduğumu bilirəm. Mən bu millətə xəyanət etməmişəm, etmərəm də… Kim edirsə, özü tarıx qarşısında cavab verəcək. Özü də olmasa, tayfası cavab verəcək. Sabir hər yerdə deyir ki, Əjdər məndən artıq bu millətə xidmət edib. İki məsələni vurğulamalıyam: 1. Sabir bilməlidir ki, 80-ci illərdə mən Azərbaycanda Səttarxan zavodunda gündə 16 saat fəhləlik eləmişəm. Metal qarışdırmışam, qara fəhləlik eləmişəm. “Qlavbakstroy”da fəhləlik eləmişəm. Beton qarışdırmışam. Mənə nə düşmüşdü? Əgər o fəhləliyi Avropada eləsəydim, indi mənim bütün gələcəyim maddi olaraq təmin olunmuşdu. Mən 27 ildir bu torpağa çalışmışam. DAK-a mənim gətirdiyim və xərclənən bütün pulların fakturaları var. İstənilən vaxt ortaya qoyacam. Bəs siz – Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlı pulsuz bu millətə hansı işi görmüsünüz? Hər zaman təmənnalarınız olub və 50 milyon güneylinin taleyini əlinizə aldığınız pullara satmısınız. Hesab soruşanda da onun yerinə Tənzilə səs-küy salır ki, ay qoymayın, Sabir əldən getdi. Getsin də, Sabir Rüstəmxanlı bu millət üçün kimdir axı. İndiyədək nə iş görüb, pula görə görüb. Bu adam heç bir zaman şəxsi maraqlarını millətin maraqlarından üstün tutmayıb. 2. Sağa sola deyir, təbliğ edir ki, Heydər Əliyev diktaturası. Guya müxalifətçidir, amma bütün işləri də hakimiyyətə xoş gəlmək üçün edir. İlham Əliyevi ümumiyyətlə bəyənmir. Azərbaycanda heç kimi bəyənmir. Bu adama elə gəlir ki, dünyanın xilaskarıdır budur. Ər-arvad Azərbaycanda da elə bir fikir formalaşdırıblar ki, guya bu hansısa yüksək çinli məmurun adamıdır. Bu heç kimin adamı deyil. İllərlə onu-bunu qorxudaraq, hədə-qorxu gələrək işlərini yürüdüblər. Bəlkə də DAK-ın adından istifadə edib, neçənci dəfə deputat seçilib. Onun-bunun hesabına özlərinə varidat qurublar. Yoxsa bu adam kimdir ki? Vallah özünəvurğunluq xəstəliyi var bu adamda. Yaxşı müalicəyə ehtiyacı var. Adı ilə deyirəm, Zəlimxan Məmmədlini DAK-a gətirib. Bu adam DAK üçün nə edib ki? Sonra eşidirəm ki, Tənzilə Rüstəmxanlı onu deputat edəcək.

– Belə də deyirlər?

– Bəli. Xanımının tapşırığı ilə DAK-da bir saat da fəaliyyəti olmayan adamları gətirib İdarə Heyətində oturdurlar. Sonra da onlara söz verirlər ki, səni millət vəkili edəcəyik.

– Dediniz ki, İlham Əliyev hakimiyyətindən də xoşları gəlmir…

– Bəli, gəlmir. Bunlar Türkiyə müxalifətilə üz-üzə oturanda Heydər Əliyev diktaturası, İlham Əliyev rejiminə qarşı nə qədər istəsəz danışırlar. Belə danışıqları edən adamın İlham Əliyevdən xoşu gələ bilər? Dəfələrlə dedim ki, gəl hakimiyyət davana bizləri qatma. Elçibəy də vəsiyyət etmişdi ki, Bütöv Azərbaycan məsələsini hakimiyyət davasına qatmayın. Biz milli barışıqdan yanayıq. Əlbəttə biz istəyirik ki, Azərbaycan da demokratik, hüquqi dövlət olsun. Azad seçimlər olsun. Bunu hər birimiz istəyirik. Mən istəyirəm ki, millətim rifahda yaşasın. Amma bunlar ikibaşlı hərəkət edirlər. Oktay Əsədov onun layiq olduğu cavabı verdi. Dedi Sabir Rüstəmxanlı, sənin nə cür müxalifətçi olduğunu bu millət bilir…

– Bu açıqlamalardan sonra nə etmək niyyətindəsiniz?

– Açıq deyirəm. Mən zindandan-filan qorxan adam deyiləm. Mən İran rejiminin də, sovet rejiminin də zindanlarında olmuşam. Zindanın nə olduğunu yaxşı bilirəm və bu adamlardan fərqli olaraq, zindanlarla məni qorxutmaq, hədələmək olmaz.  Hüquq var, qanun var. Mən də hüquqa, qanuna dayanaraq, boş durmayacam. O cür məhkəmə yəqin zəruri olacaq. Tələb edəcəm ki, İsveç qanunları ilə qeydiyyatdan keçən DAK-ın adından bu adam nə qədər istifadə edib, nə qədər pullar alıb, xərcləyib, hesabını versin. Şahidlər nə qədər istəsəniz var. Əjdər Tağızadə tək deyil. Burda alınmayacaq, Avropa Məhkəməsində alınacaq. Bunlar məni məhkəmə ilə qorxuda bilməzlər. Qanun qanundur. Mən inanıram ki, həmin məhkəmədə baş verən hadisələr cəmiyyətdə də maraqla qarşılanacaq. Çünki məsələ dövlət məsələsidir, şəxsi məsələ deyil. Tənzilə Rüstəmxanlının hədə-qorxuları da o zaman mətbuata keçərli olmayacaq. Hamı öz başını qoruyacaq, heç bir mətbuat adamı bunların yerinə hüquqi məsuliyyətə şərik olmayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button