Əjdər Tağızadədən Sabir Rüstəmxanlıya şok ittihamlar

sabir-əjdərƏjdər Tağızadə: “Bu, qurultay yox, əsl şou idi”; “Sabir bəy DAK-ı Azərbaycan Respublikasına köçürdü və burda dəfn elədilər”

Ötən həftə Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçirilən qurultayında yaşananlar Güney Azərbaycan təmsilçilərinin etirazına səbəb olub. DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə “Yeni Müsavat”a müsahibəsində bildirib ki, DAK faktiki olaraq Güneyin problemlərindən uzaq, ölü bir quruma çevrilib: “Hər kəsə bəllidir ki, Sabir Rüstəmxanlı əslində DAK-ın həmsədri olsa da, qurumun siyasətini tək müəyyən edir. Onun ətrafında cəmi 3 güneyli var. Qalan hamısı Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan Quzeydən olan təsadüfi şəxslərdir. Onların vasitəsilə Sabir Rüstəmxanlı özünü dördüncü dəfədir həmsədr seçdirir”.

– Siz də İstanbulda keçirilən qurultayda idiniz, nəyə görə həmin toplantıda bu iradlarınızı səsləndirmədiniz?
– Əgər mən həmin məclisdə bütün iradlarımı bildirsəydim, Sabir bəyin, Tənzilə xanımın salona doldurduqları kimliyi bilinməyən insanlar mənə hücum edəcək, münaqişə başlayacaqdı. Ad da olacaqdı ki, Əjdər Tağızadə qurultayı pozdu.
– Ancaq bütün hallarda bu məsələlər toplantılarda müzakirə edilməli, çoxluğun qərarı üstün olmalı  deyilmi?
– Məsələ burasındadır ki, İstanbul toplantısında 3-4 güneyli vardı. Onlar da təşkilati məsələlərə təsir göstərmək iqtidarında olmayan, arxalarında real güc dayanmayan insanlardır. İsa Qəmbər də orda idi, Pənah Hüseyn də. Onlardan da soruşa bilərsiniz. Bu, qurultay yox, əsl şou idi. 1-2 pafoslu çıxış elədilər, sonra da Sabir bəyin təqdim etdiyi siyahı üzrə “seçki” oldu, bununla da məsələ bitdi. Kommunist Partiyasındakı  seçki kimi… Mən dəfələrlə demişəm, bir də deyirəm, Sabir bəyə böyük hörmətim olmasına baxmayaraq, o, bu təşkilatı Bakıya köçürdü və burda dəfn elədi.
– Aydındır ki, Quzeydə yaşayanlar Güneyin problemlərini tam dərinlikləri ilə bilə bilməz. Neçə illərdir bu mübahisələr davam edir, ancaq bir şəkildə güneylilər təşəbbüsü ələ almır. Almaq istəmir, yoxsa ala bilmir?
– Kənarda belə təbliğat aparılır ki, guya Sabir Rüstəmxanlı öz millət vəkilliyi səlahiyyətlərindən, üstəlik, hökumətə yaxınlığından istifadə edib Güneylə bağlı böyük işlər görür. Ona görə də güneylilərin bəziləri bu işlərin hara aparacağını gözləyir. Əslində isə heç bir iş görülmür. Hələ Sabir Rüstəmxanlı bu quruma həmsədr gətiriləndən bir daşı qaldırıb o biri daşın üstünə qoymayıb. Biz onu həmsədr gətirəndə düşündük ki, o, millət vəkilidir, milli adamdır, bu işi qabağa aparar, güneylilərin ən azı Azərbaycanda status alması üçün Milli Məclisdə məsələ qaldırar.
Beynəlxalq institutlarla təmaslarda da DAK-a bir millət vəkilinin sədrlik etməsi yaxşı qarşılanırdı. Çünki bu iş İran rejimindən qurtulub  Avropada, ya ABŞ-da sığınacaq alan güneylilərin üzərinə düşəndə beynəlxalq institutlar uzun müddət təmaslardan yayınır, həmin insanların kimliyini, hansı qüvvələrə bağlı olduğunu araşdırırdı. Biz də hesab etdik ki, bu işi rəsmi statusu olan quzeyliyə tapşıraq.
Ancaq Sabir bəy nə təşkilatın genişlənməsi, nə parçalanan qurumların birləşməsi, nə də məsələnin beynəlxalq gündəmə gətirilməsi üçün bir dəfə də ciddi addım atmayıb. DAK adından görülən işlərin də müəllifi biz özümüzük. Gedirik, Azərbaycan Diaspor Komitəsi ilə danışıqlar aparırıq, toplantılar üçün yüklü miqdarda maliyyə ayrılmasını təmin edirik, həmin məbləğ rəsmi qaydada Sabir bəyin hesabına köçür, axırda da ortaya belə bir mənasız, Güney məsələsinə heç bir xidmət etməyən məsələ çıxır.  Bir yerdə bu proses dayanmalıdır.
– Kim dayandırmalıdır?
– Güneylilər.
 
– Sizə nə mane olur? 
– Yenə deyirəm, təşkilatın guya hansısa böyük işlər görməsi ilə bağlı arxasında heç bir iş dayanmayan təbliğat. Xaricdə bu təşəbbüsü üzərinə götürüb, ciddi şəkildə təşkilatlanmağa hazır olan gənclik var. Ancaq onlar ortaya bir təşəbbüs qoyan kimi o dəqiqə kimsə çıxıb deyir ki, DAK var, siz yenə parçalanma yaradırsız. DAK harda var, DAK yoxdur, DAK-ın skeleti var. Sabir bəy tanınmış söz adamıdır.
Bir yerə gedib şeir oxusa bəlkə 3 min adam toplayar, ancaq Güney məsələsi onun görə biləcəyi bir iş deyil. Onun rəhbərliyi ilə keçirilən toplantıların heç birində Güney Azərbaycanın bugünkü problemləri ilə bağlı konkret məsələ qoyulmur. Elə hər dəfə ümumi sözlər, eyni adamların çıxışı, ortada da heç bir nəticə yox. Mən soruşuram, sonuncu dəfə DAK Güneydəki proseslər – insan haqlarının kobud şəkildə pozulması, kütləvi həbslər, milli-mədəni azadlıqlarını tələb edən insanların və onların ailələrinin təqib edilməsi ilə bağlı hansı beynəlxalq quruma müraciət edib, nə zaman bu haqda bəyanat verib?
– Bəs bu DAK nə işlə məşğuldur?
– İnandırıram sizi, heç nə ilə. Yalnız bir neçə ildən bir toplanıb sönük bir qurultay keçirməklə. Sözlərimdən qətiyyən elə çıxmasın ki, mən Sabir bəyin şəxsiyyətinə qarşıyam. Onun bütün ailəsini, qardaşlarını tanıyıram, ata ocağına böyük sayğım var. Ancaq dostluq ayrı, iş ayrı. Mənim istəyim odu ki, Güney Azərbaycanla bağlı proses dayanmasın, bizim milli hüquq və azadlıqlarımızın təmin edilməsi üçün mübarizə davam eləsin. Sabir Rüstəmxanlı bu yaxınlardakı çıxışlarından birində deyib ki, DAK-ın fəaliyyəti İrana qarşı deyil. Necə İrana qarşı deyil?
Bəs kimə qarşıdır? DAK-ın bir nömrəli fəaliyyəti indiki İran rejiminin dağılması, ölkədə demokratik düzən qurulması, insan haqlarının bərqərar olması, insanlara milli kimliklərinə görə ayrı-seçkilik qoyulmaması deyilmi? Bizim ABŞ-da, Avropa ölkələrində, Azərbaycanda, bu məsələyə dəstək vermək iqtidarında, imkanında olan insanlarımız var.
Bu iş də başlı-başına qalıb. Güney məsələsinin ən böyük lobbisi də Azərbaycan Cümhuriyyətində olmalıdır. Millət vəkillərinin, siyasətçilərin, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin, jurnalistlərin bu məsələyə dəstəyini təşkil etmək gərəkdir. Hökumətin Güney məsələsi ilə açıq məşğul ola bilmədiyini biz də anlayırıq – bu, İranla Azərbaycanın ikitərəfli münasibətlərini gərginlikdə saxlayar. Ancaq vətəndaş cəmiyyəti institutlarının vəzifəsi də elə hökumətin görə bilmədiyi işləri üstlənməkdi. Heç bir iş görmürlər…
– Güneylilər olaraq çıxış yolunu nədə görürsüz? Öz aranızda bu məsələni müzakirə etmirsizmi?
– Edirik. Elə bir ölü nöqtəyə gəlmişik ki, mütləq yaxın zamanlarda təşkilatı bu ölü nöqtədən çıxarıb dirçəltmək gərəkdir. Yoxsa uzun illər apardığımız mübarizə, gördüyümüz işlər yarımçıq qalacaq. Güneylilər olaraq biz çox yaxşı dərk edirik ki, zəif təşkilatçılığın kökündə quzeylilərin Güneydəki prosesləri yaxından tanımaması dayanır. Bəzən təşkilat adından elə qüvvələrlə təmaslar qurulur ki, biz şok keçiririk. İnanın İstanbul qurultayında mən çətinliklə söz alaraq bu haqda danışmışam. Orada heç kimə söz vermirdilər. Mən orda dedim ki, güneylilər, siz gözləməyin ki, Quzeydən sizə peyğəmbər gələcək. Peyğəmbərlər dövrü bitib. Sabir bəy elə bilir peyğəmbərdi. Mənim çıxışımdan sonra Sabir Rüstəmxanlı mənə deyir ki, niyə əleyhimə danışırsan?
– Cavabınız nə oldu?
– Dedim, mən sizin əleyhinizə yox, təşkilatın xeyrinə danışıram. Dedim, ey güneylilər, özünüz təşəbbüs göstərin, özünüz öz ayağınızın üzərində dayanın, kənardan heç kim sizin problemlərinizi həll etmək gücündə deyil, düşünməyin ki, Azərbaycan Respublikasında sizin problemlərinizi çözməyə hazır olan, sizin həyatınızla maraqlanan insanlar var. Mənim bu çıxışımı məmləkəti parçalamaq kimi qələmə verirlər. Ancaq mən faktlarla danışıram. Bu adamlar nə bir iş görür, nə də Güneydəki proseslərdən xəbərdardır. Getdikcə Quzeydəki alov da sönməkdədir. DAK-dakılar özlərini xalq mücahidləri adlanan kəsimlə, şahçı ilə milli fəalın arasında fərqi bilmirsə, bu mübarizə necə nəticə verə bilər? DAK təmsilçisi Maliki hökumətinin yaxınları ilə niyə münasibət qurmaldır?
Gedirlər, gəlib deyirlər ki, bizi orda yüksək səviyyədə qarşıladılar. Ora bütünlüklə Tehran rejiminin əlindədir. DAK mübarizə aparmalı olduğu qüvvələrlə niyə yaxınlaşma siyasəti aparır? DAK təmsilçisini Kərkükə buraxmırlar, şiə qanadı ilə işləyən rəsmilərin müşayiəti ilə Kərbəla ziyarətinə gedir. Mən bu yanaşmanı anlamıram. Biz deyirik ki, Güney Azərbaycanda türklər yaşayır və onlar məmləkətlərində dünyəvi dövlət qurulmasını arzulayır. Bizim ərəb dünyasının sünni-şiə savaşına qarışmağımıza nə ehtiyac var? DAK təmsilçisi Parisdə özünü Xalq Mücahidləri adlandıran qüvvələrin qurultayına qatılır. Məgər bilmirlərmi ki, bu qüvvələr milli qüvvələrə qarşı zamanında ən böyük savaş açan qanaddır?
– Sizcə, bilirlər?
– Bilmirlər. Bizim də davamız budur. Bu insanlar İranda baş verənlərdən, İranda hansı qüvvənin kimi dəstəklədiyindən  xəbərsizdirlər. Biz güneylilər olaraq Azərbaycandan, Türkiyədən hər zaman ciddi dəstək gözləyirik. Bir zamanlar Türkiyədə bizə deyirdilər, amandı, səsinizi çıxarmayın kürdlər oyanar. Bizim başımızdan vurdular, kürdlər oyandı. İndi bu kürdün Azərbaycanın güneyinə də, qüzeyinə də torpaq iddiaları var. Biz birdəfəlik anlamalıyıq ki, problemlərimizi həll eləmədikcə, onlar zamanla köhnəlib sıradan çıxmayacaq, əksinə, bizə daha böyük bəlalar yaradacaq. DAK-ın işi də olanları xalqa çatdırmaq, bəyanatlar qəbul etmək, milləti öz problemləri ətrafında səfərbər eləməkdir. Bütün bunlar da ömürlük kürsü arzuları ilə bir araya sığmaz.
İ.S. Yazıda adı çəkilənlərin mövqelərini də dərc etməyə hazırıq

Əlaqəli məqalələr

1 şərh

  1. Suyun böhran həddi (para çevrilməsi) yer kürəsinin müxtəlif nöqtələrində fərqli tempratur tələb edir. Bəzən sosyoloqlar təbiət və cəmiyyət hadisələri arasında paralellər aparıb maraqlı nəticələr görürlər . Elə nəticələr ki, onu təkzin etməyə hörmətli Sabir müəllimin və rəhbəri olduğu DAK -ın gücü yerərli olmaz! Əziz dostum Əjdər bizim küçə qarşıdakı döngənin sağındakıdır gərək qalxaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button