Əli İnsanovun qarajı özündən xəbərsiz satılıb – məhkəmə işi

Əli İnsanov

İcra məmurunun apellyasiya şikayəti qismən təmin edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qarajının qanunsuz satılması ilə bağlı məhkəmə işi üzrə proses keçirilib.

Xurl.com xəbər verir ki, apellyasiya şikayəti Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov tərəfindən verilib.

Belə ki, hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qarajı özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Məsələnin üstü açıldıqdan sonra Əli İnsanov qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edərək, Vəfa Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Qətnamə uzun müddət icra olunmayıb. Əli İnsanovun müdafiəçiləri Vəfa Əlizadənin adına bankların birində səhmlər olduğunu müəyyənləşdirib və səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət edib. Məhkəmə səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma qərardad icra olunmadığı üçün Əli İnsanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və sözügedən qərarın icrasına məsul olan Ramin Muradova qarşı iddia qaldırıb. İddiada bu vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu qanunsuzluq nəticəsində dəyən mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Belə ki, yalnız icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilib.

Ramin Muradov isə bu qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini istəyib.

Bu gün keçirilən prosesdə Ramin Muradov bildirib ki, bu qərarın icra olunmamasında heç bir günahı yoxdur: “Hər hansı qərarın icrası, hansısa əmlakın üzərinə həbs qoyulması və s. məsələlərlə bağlı məktub və müraciətləri şöbənin rəisi imzalayır”. “Əli İnsanovun bütün əmlakını bu adam satıb. Nə yaxşı, həmin qərarları icra eləyirdi, bunu niyə icra eləmir?”, – deyə Əli İnsanovun vəkili Ağaveyis Şahverdi icra məmurunun dediklərinə etiraz edib. Prosesdə apellyasiya şikayətinin qismən təmin edilərək, işin baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button