Əlil Elmar Vəliyevdən birinci xanıma şikayət etdi

Gəncə şəhəri, 3-cü mikrorayon, bina 12B, mənzil 26-da kirayədə yaşayan 2-ci qrup əlil Fariz Hafiz oğlu Qocayev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib.

F.Qocayev yazır ki, müraciətinə səbəb Gəncə şəhər icra hakimiyyətinin başçısı Yelmar Vəliyevin yalanları və digər müvafiq qurumların biganəliyidir.

İkinci qrup əlil müraciətində qeyd edir ki, icra başçısı Y.Vəliyev onlara problemlərinin həllinə köməklik edəcəyinə söz versə də, vədinə əməl etmir.

F.Qocayev millət vəkili M.Əliyevaya yazır:

“Hörmətli Mehriban xanım!

Məni Sizə müraciət etməyə məcbur edən Gəncə Şəhər İcra Hakimiyyəti oldu. Belə ki, mən gənclərimizin parlaq ulduzu Heydər İlham oğlu Əliyevə müraciət etmişdim. Bundan sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Yelmar Vəliyev mənimlə və atamla görüşərək bildirdi ki, probleminizin həllində sizə köməklik edəcəyəm. Bunun müqabilində isə bizə problemimizin həll olunması ilə bağlı məktub imzalatdı. O, həmin təşəkkür məktubunu dövlət başçımıza göndərdərək, guya problemimizin həll edildiyini bizim imzamızla onun diqqətinə çatdırdı. Reallıqda isə problemimiz həllini tapmadı. Gözləməzdim ki, prezidentimizə yalan məlumat verilsin”.

Müraciət müəllifi probleminin həlli üçün Prezident Administrasiyasının əməkdaşına da müraciət etdiyini yazıb:

“Mən problemimin həlli üçün Prezident Administrasiyasında işləyən və Gəncə şəhəri üzrə kurator olan Vəfadar müəllimə də müraciət etdim. O isə dedi ki, get, işinlə məğul ol, hərə başını birtəhər saxlayır, biz səni müalicə etdirə bilmərik.

Hörmətli Mehriban xanım!

Bütün bunlardan sonra ümidim Sizə qalıb. Mənə yardım edib-etməməyinizdən asılı olmayaraq Sizə minnətdarlığımı bildirir və xahiş edirəm ki, vaxt ayırıb məni və ailəmi qəbul edəsiniz”.

Səhhətində ciddi problemi olan F.Qocayev sonda millət vəkilinin diqqətinə çatdırıb ki, müvafiq qurumların rəhbərlərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, səsinə səs verən, problemi ilə maraqlanan yoxdur. Bu səbəbdən də böyük ümid bəslədiyi M.Əliyevadan səbirsizliklə cavab gözləyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button