Əliyev biznes mühitinin yaxşılaşdırılması ilə bağlı komissiya yaratdı

Zöhrab İsmayıl: Komissiyaya daxil edilən məmurların çoxunun azad sahibkarlıq haqqında təsəvvürü belə yoxdur

Prezident İlham Əliyev biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə məlumatı APA yayıb.

Sərəncama əsasən, biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya və Komissiyanın Katibliyi yaradılıb.

Komissiyaya tapşırılıb ki, sərəncamda qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın Katibliyinin formalaşdırılmasını təmin etsin, sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay, sərəncamda müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay müddətində prezidentə təqdim etsin.

Müəyyən edilib ki, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə, onların təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla, Komissiyanın sədri tərəfindən təsdiq olunur, sərəncamda nəzərdə tutulmuş təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qrupları yaradıla bilər.

Komissiya və Komissiyanın Katibliyinin tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtidaiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digərləri daxildir.

Zöhrab İsmayıl

Zöhrab İsmayıl.

Sərəncamı Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl təəccüblənir ki, belə komissiyalarla biznes mühitinin dəyişəcəyinə ümid edənlər var: “Komissiyada üç nəfər istisna olmaqla qalan insanlar hökumətin yüksək təbəqəsində təmsil olunurlar, onlarla komissiyanın üzvləridirlər. Bu məmurların çoxunun islahatlar, biznesinin inkişafı üçün təməl şərt olan azad sahibkarlıq haqqında təsəvvürləri belə yoxdur. Bu qeyd olunan işlə İqtisadiyyat Nazirliyi birbaşa məşğul olmalıdır. Bu islahatlarda bu komissiya nə rol oynaya bilər ki? Onun nə səlahiyyəti var? Ümumiyyətlə, bu iş komissiyalıqdırmi? Mümkün cavablar, təəssüf ki, neqativdir. Ona görə də bu komissiya da növbəti artıq qurumdan başqa bir şey deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button