Əliyevlərə növbəti “Eurovision” zərbəsi İngiltərədən gəldi

 05.01.2012

“The Economist” Azərbaycanda insan haqlarının bərbad durumunu qabartdı

“Eurovision” musiqi yarışmasının Bakı finalı yaxınlaşdıqca Avropa mediasında ölkəmizlə bağlı məqalələrin yayımı da intensiv xarakter alır. Son zamanlar Avropanın bir sıra nüfuzlu qəzet və jurnallarında yer alan məqalələrdə ölkəmizdə yarışmaya hazırlıqla yanaşı, insan haqları və söz azadlığı sahəsində durumun bərbadlığı, vətəndaş cəmiyyətinin inkişafına hakimiyyətin imkan vermədiyi xüsusi qabardılır.
Belə məqalələrdən növbətisi Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalında dərc olunub. “Enhelbert Humerd Azərbaycanı azad edə biləcəkmi?” başlıqlı məqalədə qeyd olunur ki, builki “Eurovision”da Britaniyanı 75 yaşlı məşhur müğənni Enhelbert Humerdink təmsil edəcək. Lakin ictimai fəallar bu musiqi yarışmasının Humerdinkin oxuyacağı lirik mahnıdan daha çox, başqa səbəblərə görə yaddaqalan olacağına inanır. Vətəndaş cəmiyyətinin üzvləri Azərbaycanda insan haqlarının durumunun bərbad olmasını ön plana çıxarmaq istəyir.
“Azərbaycan hökuməti yarışmanın təşkilinə külli miqdarda pul xərcləyir. ”Eurovision” Bakıda yeni inşa olunan 23 min nəfərlik “Kristal Zal”da keçiriləcək. “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı yeni kompleksin tikintisi zamanı yerli hakimiyyət orqanlarının vəzifədən sui-istifadə və zorakılıq hallarına yol verdiyini önə çəkir. Təşkilat qeyd edir ki, bir ailə gecəyarısı buldozerin səsinə yuxudan oyanıb, həmin buldozer insanların yaşadığı binanın bir hissəsini sökürdü. Sakinlərin çoxu şəxsi mülklərini itiriblər. Polislər bir ailənin üzvlərini yaşadıqları evdən çıxarmaq üçün evin qapısını sındırıblar”, -deyə məqalədə bildirilir.
“The Economist” yazır ki, ölkə başçısı Ilham Əliyev yarışmanın Azərbaycanda böyük çoşqu ilə keçiriləcəyinə əmindir. Onun hakimiyyəti ölkə haqda müsbət imicin formalaşdırılması üçün PR kampaniyalara milyonlarla dollar xərcləyir. Xarici qonaqların ölkəyə rahat daxil ola bilməsi üçün viza rejiminin sadələşdirilməsi də nəzərdə tutulub.
Məqalədə həmçinin, ölkəmizdə insan haqları və söz azadlığının kobud şəkildə pozulduğu, alternativ fikrin və müstəqil mətbuatın hücumlara məruz qaldığı qeyd olunur: “Insan haqları və siyasi azadlıqların durumuna gəlincə, ”Amnesty International” təşkilatı iki həftə əvvəl qeyd edib ki, Ilham Əliyev ölkəni avtoritar rejimdə idarə edir. Müxalifətin fəaliyyətinə imkan verilmir. Jurnalistlər özünüsenzura tətbiq etməyə məcbur olurlar. Qeyri-hökumət təşkilatları təzyiqlərlə üzləşirlər. Məhkəmə hakimiyyəti məmurların tapşırığı ilə qərarlar verir. Polislər ötən ilin mart və aprel aylarında Bakının mərkəzində keçirilən dinc anti-hökumət aksiyalarını zorakılıqla dağıdıb. Ötənilki “Eurovision”da Azərbaycana qələbə qazandırmış “Runing scared” mahnısı da dəqiq seçilmişdi.
Təşkilatçılar yarışmanın ölkədə vəziyyəti dəyişəcəyinə ümid edir. Hakimiyyət özünün modernizasiya siyasətini reklam etsə də, “Amnesty International” təşkilatı bildirir ki, ötən il müxalifətin keçirdiyi dinc etiraz aksiyalarına görə 16 vicdan məhbusu həbsdə saxlanılır. Ötən həftə Avropa Birliyi Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi nümayəndəsinin ölkəyə dəvət olunması üçün Azərbaycan hökumətinə çağırış edib. Məruzəçi 2009-cu ildən bu yana Azərbaycana səfər edə bilmir”.
Məqalədə Azərbaycan hakimiyyətinin neftdən gələn pulları düzgün istiqamətə yönəltmədiyi də vurğulanır: “Azərbaycana neftdən külli miqdarda pul daxil olub. Bəzi dairələr bu pulların bir qisminin vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini iddia edir. Beynəlxalq Böhran Qrupunun yeni hesabatında isə deyilir ki, ölkə vətəndaşlarının böyük əksəriyyətinin sosial yardıma ehtiyacı var”.

Azadlıq qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button