Əlövsət Əliyev generalın xanımına işgəncə verməsindən yazdı

Almaniyada yaşayan siyasi mühacir, Azərbaycan Miqrasiya Mərkəzi ictimai birliyinin kecmiş rəhbəri Əlövsət Əliyev Rusiya Federasiyasının Baş Prokuroruna və Ali Məhkəmə sədrinə, BMT QAK-ın Rusiyadakı nümayəndəliyinin rəhbərinə və Rusiya hüquq müdafiə təşkilatlarına  müraciət edib.

Müraciət Azərbaycan Respublikasının vətəndaşı, 24 noyabr 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasının təşəbbüsü ilə İnterpolun Mərkəzi Bürosu tərəfindən axtarılan şəxs kimi  13 may 2015-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində həbs edilən, hazırda Azərbaycan Respublikasına ekstradisiya məsələsi mübahisələndirilən Usub Fərid Rəhim oğlu haqqındadır.

xural.com-a daxil olan müraciətdə Ə.Əliyev “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri işlədiyi zaman F.Usubu tanıdığını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi tərəfindən onun ölkədən çıxışına qanunsuz qadağa qoyulduğunu, pasportunun və şəxsiyyət vəsiqəsinin həmin idarəsinin rəisinin göstərişi ilə alınaraq verilmədiyi göstərib.

Həmin vaxt ölkədən getmək istəyən Fərid Usubun  DİN əməkdaşları tərəfindən döyülməsi və müxtəlif bədən xəsarətləri alması  qeyd olunmuşdur.

Buna səbəbi Fərid Usubun Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın (Usubovanın) qardaşı olması olmuşdur. Aralarında ailə münaqişəsi olduğuna görə vəzifəsindən sui-istifadə edən Emin Şəkinski heç bir hüquqi əsas olmadan Gülnarənin bütün ailə üzvlərinin – qardaşı Fərid Usubun, anası Hacıyeva Məryam Balaqardaş qızının, bacısı Yusubova Elnarə Rəhim qızının ölkədən çıxışına qadağa qoymuşdu.

Orduya yararsız olmasına baxmayaraq, E.Şəkinski Yasamal Hərbi Komissarlığına təzyiq göstərməklə, F.Usubu məcburi surətdə orduya göndərmək və  orada “cəzalandırılmasına” nail olmaq, bu alınmazsa, narkotik cinayətlərin alqı-satqısı ilə həbs etdirməklə onu davamlı hədələmişdı.

Ə.Əliyev daha sonra yazır: “2008-ci ildə Fəridin sənədlərinin alınıb ona qaytarılması üçün mən Fəridin adından bütün instansiyalara müraciət etsəm də müsbət cavab ala bilmədim. Bütün bunlardan sonra  həmin vaxt  Şəkinskinin müavini işləyən polkovnik (o vaxt polkovnik idi) Arzu Daşdəmirovla görüşdüm (Arzu Daşdəmirov indi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarənin rəisidir). Xahiş etdim ki, Fəridin sənədlərini qaytarılmasına kömək etsin. O mənə bildirdi ki, bu, ailə məsələsidir, sən bu işə baş qoşma, sənin üçün bu iş ağır nəticələnə bilər. Onu da bildirdi ki,  Emin Şəkinski prezidentin dostu və sinif yoldaşıdır, onunla mübahisə yaratmaq  və münasibətləri korlamaq  sənin üçün də pis olacaq. Sonda razılaşmadığımı gördükdə, o, mənə F.Usubun sənədlərinin olduğu polkovnik-leytenant Əhlimanov Bəhram adlı əməliyyat müvəkilinin telefonunu verdi və bir necə günə onunla əlaqə saxlamağı məsləhət gördü. Mən dəfələrlə B.Əhlimanova  zəng edib onunla danışsam da, nəticəsi olmadı.

emin

Sənədləri qaytarmaq mümkün olmadığına görə Fərid soyadının sonluğunu dəyişdirməklə yeni şəxsiyyət vəsiqəsi və pasport aldı. 2009-ci ilin fevral ayında Azərbaycan Respublikasını tərk edə bildi. Həmin vaxtdan sonra F.Usub heç vaxt Azərbaycan Respublikasına qayıtmayıb. 1951-ci il Konvensiyasının tələblərinə uyğun olaraq qaçqın statusu alıb. Onun Azərbaycana qayıtması mümkün deyil. Buna baxmayaraq, Fərid 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Bakı şəhərində bacısı Gülnarə Şəkinskayanın evindən Emin Şəkinskiyə məxsus 60.000 dollar məbləğində pul ogurlamaqda ittiham olunur.

Bildirirəm ki, mən miqrasiya sahəsində ixtisaslaşmış təşkilatın rəhbəri olmuşam və bu sahədə huquqları pozulan hər kəsə hüquqi yardım göstərmişəm. 2012-ci ildə isə Gülnarənin bacısı Yusubova Elnarə Rahim qızının ölkədən çıxışına  qanunsuz qoyulan qadağanın ləğv olunmasına nail olduq.

Təsdiq edirəm ki, onların hər birinin ölkədən çıxmasına qoyulmuş qadağanın hüquqi əsası olmamış və bu qadağalar Emin Şəkinskinin şifahi göstərişi əsasında baş tutmuşdur.

Fərid Uusbun hazırda Azərbaycanda yaşayan digər ailə üzvləri də davamlı olaraq təqiblərə məruz qalır və E.Şəkinskidən qorxduqları üçün baş verənləri ictimailəşdirməkdən çəkinirlər.
E.Şəkinskinin G.Şəkinskiyə işgəncə verdiyini sübut edən dəlillər mövcuddur. Belə ki, onların boşanmalarına baxmayaraq, Şəkinski səlahiyyətindən sui-istifadə etməklə Gülnarəyə nəzarət üçün polis əməkdaşları ayırmışdı. Gülnarə ruhi-əsəb xəstəlikləri dispanserinə aparılmış, ruhi xəstə olması haqqında həkim rəyi alınmış, özünün iştirakı olmadan kecirilən məhkəmə prosesi uşaqların Gülnarədən alınaraq Şəkinskiyə verilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunanlara görə, Bakıdan qaçandan sonra Gülnarə Şəkinski BMT QAK tərəfindən qaçqın statusu ilə təmin olunmuş və Şəkinskinin cəhdlərinə baxmayaraq, onun ölkəyə qaytarılması mümkün olmamışdır.

Bu müraciətlə təsdiq edirəm ki, Fərid Usubun Azərbaycana ekstradisiya ediləcəyi halda işgəncələrə məruz qalacaq, ondan girov kimi istifadə etməklə G.Şəkinskinin uşaqları ilə birlikdə Azərbaycana qaytarılmasına nail olmağa çalışacaqlar.

Usubun həyatına ciddi təhlükə olmasını nəzərə almanızı və Azərbaycan Respublikası Prokurorluğunun onun ekstradisiya ilə bağlı müraciətinin icra edilməməsi üçün yardım etməyinizi xahiş edirəm.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button