Əlvida
Vahid Əziz
Qanad yoxsa – zirvələrə,
Ucalığa – əlvida!
Nə qədər ki, daş-kəsək var
Dinc qalmağa – əlvida!
Nə qədər ki, dərdimizi
İçimizdə boğuruq,
Nə qədər ki, gələcəyi
Çadırlarda doğuruq,
Nə qədər ki, namərd olub
Mərdimizi qovuruq, –
Bir o qədər, nəğmə deyib,
Saz çalmağa – əlvida!
Nə qədər ki, alışmadan
Tüstülənib – sönürük,
Nə qədər ki, döyüşlərdən
Qələbəsiz dönürük,
Nə qədər ki, düşmən salan
Bayraq kimi enirik, –
Bizlər çətin baba olaq
Qocalığa – əlvida!
Kölə olan – kol kimidir –
Çinar kimi boy atmaz,
Kar olanı, qul olanı
Top-tüfəng də oyatmaz,
Hönkürməklə, yalvarmaqla
Üzüdönük qayıtmaz, –
Dəsmallara, yaylıqlara,
Yas tutmağa – əlvida!
Ürəyimi əridərəm
Bu kədərli imlada,
Suallar – çox, cavablar – az,
Bu təzadlı dünyada,
Hər sualın qarşısında
Dəyənəktək bir nida –
Nə qədər ki dəyənək var –
Azadlığa – əlvida!..
“Xural” qəzeti,
İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il