Əvəz Zeynallı-41

Yaşadığımız ömür, bu ömürdə qarşılaşdığımız insanlar, hətta müasiri olduğumuz yaşıdlarımız belə bizi həyatda çox şeyi anlamağa, dərk etməyə məhkum edir. «Xoş günlər»in ardınca qaçaraq, məsləkini, düşüncələrini, ən pis halda Vətənini, ailəsini satan adamları görəndə özümüz-özümüzə sual veririk – necə yaşamalı? Bir daha artıq yaşanan ömrümüzə qiymət verəndə yanılmadığımızın fərqinə varırıq – daha bir ömür yaşamalı olsaydıq, yenə də bu cür yaşayacaqdıq, nöqtəsini, vergülünü dəyişmədən… Tanrı insanı yaradarkən onu hansısa məqsəd üçün istiqamətləndirir. Məqsəd həyata keçdiyi an, insan vəzifəsini başa çatdırmış olur. Xoş o insanların halına ki Tanrı onları vaxtında, zamanında yaradıb. Hərdən düşünürük ki, Əvəz bəy də məhz vaxtında, zamanında Tanrı tərəfindən yaradılan insanlardandır. Vətənini, millətini, torpağını sevən, dədə-baba qaynaqlarına misilsiz sadiq olan, ürəkağrısı ilə Ramil Səfərov, Mübariz İbrahimov, daha yüzlərlə qəhrəman igid övladlarımızın xiffətini çəkən, xatirəsini öz doğmaları kimi əziz tutan, yeri düşəndə və heç düşməyəndə də Azərbaycan dövlətçiliyi naminə ağlasığmaz fədakarlıqlara hazır olan ikinci Əvəz Zeynallı tanımaq müşkül məsələdir.

İnsanların qəlbi haqq, ədalət susuzluğundan yananda bir udum sərin su olub, onların yanğısını söndürmək, Xızır peyğəmbər kimi imdadlarına çatmaq indiki dövrdə hər oğulun işi deyil. O – Əvəz Zeynallı çatır, o – Əvəz Zeynallı əlindən gələni əsirgəmir, o – Əvəz Zeynallı ən yaxın dostunu belə haqsızlıq edəndə, başqasının haqqını yeyəndə, ədalətsiz olanda bağışlamır. Çoxları onun adından istifadə edib, belə demək mümkünsə şinelindən çıxıb iqtidarın qoluna sığındı, şinelinin altına girdi. Dara düşəndə ona üz tutdu, «Xural»ın səhifələrindən imdad dilədi, xısın-xısın məktublar düzənləyib işində-yerində qaim-qədim oldu, quyruğu dar qapı arasından çıxan kimi, «sən özünə baxma, mənim bu hakimiyyətdə perspektivim var» deyə öz aləmində təşəkkürünü belə bildirdi. Çoxlarına əlinə qələm alıb yazmağı öyrətdi, sonradan bu «professionallar»ın səsi yüksəklərdən gəldi, onlar Əvəz Zeynallıya qısqandılar, öz aləmlərində onun yolunu bağladılar, Əvəz Zeynallı onların uğurlarına sevindi.

Üzü Ankara Universitetindən bu yana gecə-gündüz «bəsdir» demədən çalışır, bu məmləkətin haqqını yeyib, ona haram qatanlara qarşı vuruşur. Qarşısına qoyulan «Hitler işi»nə tək ifadə ilə cavab verir – «Azərbaycan müstəqil dövlətdir və bu torpağın hər bir vətəndaşı istədiyi kitabı oxumaqda azaddır». Peşini boş buraxmırlar. İzləmələr, dinləmələr davam edir. Otağından «səsdinləmə qurğusu» çıxır, üzünün ifadəsi dəyişmir. Ətrafın hay-küyünə təəccüblənir… «Nəyimi dinləmək istəyirlərmiş ki? Soruşsaydılar, mən onlara kömək edərdim» deyir. Narahatlıqdan özünə yer tapmayan kollektivinə, «dövlətçiliyi və milləti uğrunda çalışan insanlara zaval yoxdur» deyə təsəlli verir. Hamını iş başına çağırır. Axı qarşıdan «30 İyun – Sevgililər Günü» gəlir. Gəncləri mənəviyyata səsləyən, köklərimizə bağlayan bu müqəddəs bayramın ideya müəllifi kimi, fani dünyamızda var olduğu müddətcə onun məsuliyyətini başqalarından daha artıq dərk edir və bu bayramın millətin həqiqi bayramına çevrilməsi üçün əlindən gələni əsirgəmir. Hər il şənlik keçirir, kitab dərc etdirir, ölkənin tarixə düşəcək korifeylərini səfərbər edib İlham-Fərizə məhəbbətinə mahnı yazdırır, telekanallarla danışıqlar aparır, sazişlər bağlayır, savaşlar elan edir. Bütün savaşları millətin uğrundadır Əvəz Zeynallının…

Çoxları onu siyasətçi kimi tanıyır, amma real mühitin buna imkan vermədiyi müddətcə siyasətdən uzaq olacağını, bu yolda sərf etdiyi enerjisini millətinin yolunda sərf edəcəyini deyir. Bəziləri onu hüquqşünas, bəziləri isə bir qəzetin baş redaktoru olaraq görür. O isə heç nəyə əhəmiyyət vermədən çalışır. «Hər məhsuldar əməyin sonunda millətin mükafatı var» – deyir. Onun zəhmətinin ən böyük mükafatı isə insanların ona qarşı olan sevgisi, inamı, etibarı və hörmətidir. Çoxlarının sevimlisdir Əvəz Zeynallı. Millətini, dövlətini sevən hər kəs onun da əzizi, doğmasıdır. Əməlləri ilə səlahiyyətlərini aşaraq millətinin qəsdinə duranlar isə, kimliyindən asılı olmayaraq düşmənidir. O isə düşmənlə mübarizə aparmağın yollarını yaxşı bilir…

Tanrının ayırdığı ömür payının artıq 41-ci ilini başa vurdu. Dəfələrlə olub ki kollektiv üzvlərinin yanında ona «ağsaqqal» deyə müraciət ediblər. Deyib-gülmüşük. Çünki biz yaxşı bilirdik ki, 35 yaşlı bir gəncin vaxtından əvvəl «ağsaqqal» kimi qələmə verilməsi Əvəz Zeynallının üzərinə nə qədər böyük məsuliyyət qoyur. Artıq ötən illər də səhv etmədiyimizi sübut etdi. Qarşıda isə illər və mübarizə dolu bir ömür gözləyir. O ömrü sonadək şərəflə yaşayacağına inanırıq. Çünki Əvəz Zeynallı məsləkini, prinsiplərini, Vətənə, millətinə olan sevgisini tükətməyən insanlardandır. Ad günü mübarək! Bundan sonra da uzun illər millətinin və sevdiklərinin əhatəsində olmasını arzulayırıq.

«Xural»ın Qızıl Kollektivi

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button