Əvəz Zeynallı daha 5.000 manat cərimə olundu!

Vüqar Səfərli hörmətsizlik etdiyi məhkəmə heyəti tərəfindən mükafatlandırıldı…

«Xural»a səlib yürüşü davam edir!!!

Fevralın 7-də, saat 11.00-da Apellyasiya Məhkəməsinin binasında «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Prezident yanında KİV-in İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli arasında məhkəmə çəkişməsi oldu. Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında yan hakimlər Raqif Qurbanov və Mədinə Bağırova idilər. Məhkəmə iclasında Əvəz Zeynallı və onun Media Hüquqları İnstitutundan vəkili Elçin Sadıqov təmsil olunsalar da, qarşı tərəf, yəni Vüqar Səfərli və ya vəkili artıq 3-cü iclas idi ki, prosesə qatılmırdılar. Məhkəmə heyəti bir neçə iclas təxirə salsa da, bu dəfə işə baxmağa qərar verdilər. Elçin Sadıqovun və Əvəz Zeynallının çıxışlarını dinləyən məhkəmə heyətinin nəzərinə Vüqar Səfərli haqqında yazılan məqalədə heç bir təhqir elementinin olmadığı çatdırıldı. Vurğulandı ki, Vüqar Səfərlinin yol verdiyi qanunsuzluqlar və ədalətsizliklər araşdırılıb və qəzet səhifələrinə də o haqda məlumatlar çıxarılıb. Vüqar Səfərli prezidentin müstəqil mətbuata ayırdığı pulları öz istədiyi kimi bölüşdürdüyü üçün ona «mətbuat qəssabı» deyilib və bu, cənab Səfərlinin xoşuna gəlməyib. «Mətbu qəssab» ifadəsindən həddindən artıq xoşlanan və kefləri açılan hakimlər heyəti cəmi 20 dəqiqə çəkən məhkəmə posesindən sonra müşavirəyə getdilər və təxminən 1 saatlıq müşavirədən sonra məhkəmə zalına qayıtdılar. Məmməd Məmmədovun açıqladığı qərar və hakimlərin üz cizgilərində görünən təlaş və narahatçılıq onu deməyə əsas verirdi ki, hakimlər sifarişlə müşavirə otağında tanış olublar. Çünki məhkəmə iclası zamanı həddindən artıq mülayim və üzügülər idilər. Görünür, müşavirə otağından əlaqə saxladıqları «möhtərəm» cərimənin Vüqar Səfərlinin istədiyi formada olmasını tələb edəndən sonra hakimlər heyəti yasa bürünüb. Barı əvvəlcədən xəbərdar edilsəydilər, Nərimanov rayon məhkəməsinin çiçəyi burnunda hakimi Sevinc Quliyeva kimi hərəkət edərdilər. Olmadı.

Məmməd Məmmədov qərarı elan etdi və Vüqar Səfərlinin iddiası qismən təmin edildi. Nərimanov rayon məhkəməsinin 500 manatlıq qərarı 5.000 manata çıxarıldı. Hakimlər qərarı başıaşağı oxudular və Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun üzünə dik baxa bilmədilər. Hətta Əvəz Zeynallının «başınızı qaldırın, utanmayın» xəbərdarlığı da bu ayıba kor ola bilmədi.

Bir daha və bir daha dəqiqləşdi ki, Azərbaycan mətbuatının pulpaylayanı bir mətbuat adamı deyil.

Bir daha və bir daha sübut olundu ki, bu qurum KİV-ə Dəstək yox, KİV-ə Köstək Fondudur.

Bir daha və bir daha sübut olundu ki, KİV-ə Dəstək Fondunun başında dayanan zat «mətbu qəssablıq» təfəkkürünə sahibdir və onu mətbuatın başına qondurmaq mətbuata göstərilən ən pis münasibətdir.

Bir daha və bir daha əyan oldu ki, hörmətli Vüqar Səfərli mətbuatın dostu yox, düşmənidir…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button