Əvəz Zeynallı E.Fətullayevlə görüşdən imtina etdi

“Xural” qəzetinin Bakı Istintaq Təcridxanasında saxlanılan baş redaktoru Əvəz Zeynallı həbsindən dərhal sonra hüquq müdafiəçisi, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşmək istədiyini bildirmişdi.
Mətbuata açıqlamasında Eynulla Fətullayev Əvəz Zeynallı ilə görüşəcəyini və bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini söyləmişdi. Lakin görüşün noyabrın 25-dən sonra baş tuta biləcəyini deyən E.Fətullayev noyabrın 15-də Parisə yola düşəcəyini, Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və hüquq məsələləri komitəsinin iclasında, Azərbaycanda siyasi məhbuslar problemilə baglı ekspert qismində iştirak edəcəyini bildirmişdi. Daha sonra Nyu Yorkda Jurnalistləri Müdafiə Komitəsinin beynəlxalq mətbuat azadlığı mükafatını alacağını və Azərbaycana noyabrın 25-də qayıdacağağını demişdi. Lakin E.Fətullayevin vəd etdiyi vaxtdan bir aydan çox müddət keçməsinə baxmayaraq bu görüş baş tutmayıb. Digər tərəfdən, E.Fətullayevin mətbuatda Ədliyyə orqanlarını rəsmi müdafiə edən çıxışlar etməsi müəyyən qənaətlər əldə etməyə imkan verir. Görünür Ə.Zeynallının həbsi və onun şərlənməsində Ədliyyə Nazirliyinin də iştirakı E.Fətullayevi belə ləng tərpənməyə vadar edib. E.Fətullayevin son günlərdəki mövqeyinə gəlincə, Ə.Zeynallı hesab edir ki, onun bu mövqeyi ilk növbədə həbsdə olan söz düstaqlarının müdafiəsini baltalayır: “Artıq bundan sonra cəmiyyət elə hesab edə bilər ki, bütün jurnalistlər E.Fətullayev kimidir. Müdafiə olunduqları müddətdə xalqın, azadlıqda olduqları müddətdə hakimiyyətin mövqeyini ifadə edirlər. Ona görə də jurnalistlərin müdafiəyə ehtiyacı yoxdur. Bir vaxtlar “Xural” qəzeti olaraq, həmçinin Şahvələd Çobanoğlu kimi yazarların mütəmadi E.Fətullayevin müdafiəsində iştirak etməsinə baxmayaraq, bu gün onun verdiyi bəyanatlarla və tutduğu mövqe ilə razılaşmırıq. Mən də həmkarlarımın mətbuatdakı tənqidi fikirlərilə razılaşıram və E.Fətullayevlə görüşməkdən imtina edirəm.” Bu yaxınlarda digər hüquq müdafiəçilərini görüşə dəvət edəcəyini vurğulayan Ə.Zeynallı bildirib ki, azad söz uğrunda mübarizəni hər şərt və müstəvidə davam edəcək.
Xatırladaq ki, bir müddət əvvəl mətbuata verdiyi açıqlamada E.Fətullayev səfərdən qayıdan kimi Penitensiar Xidmətin rəisinə məktubla müraciət edəcəyini demişdi. O hətta hesab etmişdi ki, görüşə icazə verilməməsi mümkün deyil: “Düşünürəm ki, icazə verərlər. Yəqin onlar da bilir ki, AŞ PA-nın iclaslarında ekspert kimi çıxış edirəm. Siyasi məhbuslarla bağlı iş görürük. Onlara qarşı ədalətsizliklər, prosessual pozuntular, saxta ittihamlar, saxlanma şəraiti ilə tanışlıq üçün bu görüşlər lazımdır. Hər halda, görüş üçün təkid edəcəyəm”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button