Əvəz Zeynallı: “Mən hər zaman İlham Əliyevi müdafiə etmişəm…”

evezEtatist.com qəzetimizin baş redaktoru Əvəz Zeynallıdan geniş müsahibə götürüb. Müsahibənin 2-ci hissəsi bu gün etatist.com-da dərc olunub. Müsahibəni “Xural” Oxucularına təqdim edirik:

Əvəz Zeynallı 2011-ci ildə həbs olunanda bəlkə də hamı fikirləşirdi ki, bununla o, tükənəcək. Amma elə olmadı. Özünün də dediyi kimi, 1158 gün həbs həyatından sonra o yenə də öz işinin başına qayıtdı. Ziqzaqlı həyat keçirsə də, həyatın hər üzünü – yaxşı və pis tərəflərini görsə də o, yorulmur, hələ də əvvəlki kimi enerjili Əvəz Zeynallı olaraq qalır.

“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı redaksiyamızda qonaq oldu və Etatist.com-a müsahibə verdi. Müsahibəsində həbsə necə düşməyindən, həbs həyatından və sonrakı dövrdən danışdı.

Əvəz Zeynallının Etatist.com-a verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik:

Əvvəli https://www.xural.com/?p=23527

“Bütün yazılarımın arxasındayam”

– Yəni qaydaları siz pozdunuz?
– Mən qaydaları pozmadım, qətiyyən pozmadım. Sadəcə mən, məni həbs etdirən adamların əlinə dəstəvuz verdim. Onlar çox istəyirdilər ki, prezidentdən mənim həbsimin razılığını alsınlar. Bu razılığı almaq da mümkün deyildi. Mən də Mətbuat Şurasının etdiklərini və Mətbuat Şurasının arxasında duran qüvvələrin etdiklərini prezidentdən soruşdum. Vəssalam. Yazıları da götürdülər qoydular möhtərəm prezidentin qarşısına. Möhtərəm prezident də oxudu və əsəbiləşdi. O da gəncdir, o da dəliqanlıdır. Üslublar var. Təbii ki, bəzən o üslubları gözləməlisən. Demirəm, yanlış bir yazı yazdım. Bu gündə o yazıların arxasındayam. Bütün yazılarımın arxasındayam. Mən nə yazdım ki? Həmin yazıları hörmətli prezident çox diqqətlə araşdırsa, o çıxışın mətnini yazan, o yazını prezidentin masasının üzərinə qoyan adamların hamısının başı getməli idi.

– Amma Əvəz bəy, üslubunuzda biraz sərt idi elə bil…
– Bəli, sərt idi. Mən deyirdim ki, necə demək olar ki, 13-15 min şəhid olub? Bunu demək olar? Hər şəhidin ömrü, taleyi qiymətlidir. Bir şəhidin taleyində bir rayonun taleyi həll olunur. Necə demək olar ki, “Biz 5-10 min şəhid verdik”? Bunu yazıb o masanın üzərinə gətirən adamdan soruşmaq lazımdır: “Sən bunu niyə yazmısan?” Bu gün də soruşuram, hələ o adam cəzalanmayıbmı? Hələ möhtərəm prezident onun masasının üstünə gələn o yazını kimin yazdığını bilmirmi? Onun barmaqları qırılmalıdır. Bu birincisi.

İkincisi isə müstəqillik məsələsi idi. Nə yazmışdım? – Mən sadəcə suallar qoymuşdum ki, müstəqillik necə qazanılıb? SSRİ-nin dağılması nəticəsində, yoxsa təbii proses nəticəsində? Demişdim ki, xeyr! Bəs milyonlarla insan, havalara qalxan yumruqlar nə idi? Şəhidlər vermişik, onlar nə idi? Heydər Əliyevin haqqında danışırlar. Deyirlər ki, H.Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıb, H.Əliyev o işi görüb… bu işi görüb… 60-cı illərdən başlayıb. Deyirlər ki, H.Əliyev milli azadlığı görürdü və o istiqamətdə işləyirdi. H.Əliyev özü milli azadlıq hərəkatı haqqında danışıb. Mən onları “Xural”da dərc etdim və soruşdum ki, hansına inanaq? Necə demək olar ki, bu müstəqillik təbii proses idi?! Ayaz Mütəllibov deyir bunu. Biz də bilirik ki, Ayaz Mütəllibov mahiyətcə anti-millidir. Əbədiyyən də anti-milli olaraq qalacaq. O, bu millətin onurğa sütununu dibindən qıran adamlardan biridir. Mənim ona olan münasibətim dəyişməyib və dəyişməyəcək. Mən bunu soruşmuşam. İndi möhtərəm prezident və onun aparatı düşünməlidir ki, A.Mütəllibovun tezislərini prezidentin masasının üzərinə qoyan kimdir? Niyə qoyurdular? Niyə “Əl-Cəzirə”də prezident bunu deməli idi? Niyə bütün ərəb dünyasına bu yayılmalı idi? Kim idi o tezisləri qoyan? O mətni yazan kim idi? Üslubum həmişə sərtdir, ərkyanadır. Mən İ.Əliyevin haqqında elə yazılar yazmışam ki, onun indiki bütün məddahları, indi İlham Əliyevi sürüylə müdafiə edənlər o zaman “şınqıroy” bağlayırdılar. Onu mən yazırdım ki, İlham Əliyev Heydər Əliyevin oğludur, gözləyin. Mən yazmışam ki, İlham Əliyev Heydər Əliyev kimi bir adamın kölgəsindən çıxır, gözləyin. Onu mən yazmışam ki, 100 gün yox, İlham Əliyevə 300 gün vermək lazımdır, gözləyin. Gördünüz? Mən deyən oldu, ya olmadı? Yəni əslində mən İlham Əliyevi çox yaxşı tanıyıram. Çünki, mən onun atasının idarəetmə fəlsəfəsini bilirəm. Əslində, xəbərdarlıqlarım həmişə var idi. Cəmiyyətə, müəyyən təbəqələrə, müəyyən insanlara ki, “bu xına, o xınadan deyil”. Haqlıyam. Amma həmin o qəbri qazanlar, həmin o sözü monopoliyaya götürənlər bir az da mənim yardımımla, məni həbs etdirdilər. Mənim yardımım olmasaydı, məni həbs edə bilməzdilər.

– Siz artıq bir neçə aydır azadlıqdasınız və gördüyüm qədəri ilə bütün məsələləri təhlil etmisiniz. Mənə şəxsən elə gəldi ki, çatışmayan bütün cəhətləri müəyyən etmisiniz. Uzun zamandır bu hadisələri təhlil edirsiniz?

– Çox uzun müddət tək qalmışam. Tək, dəmir qapılar, dəmir barmaqlıqlar. “Kürdəxanı”nın dəmir qapıları çox maraqlıdır. Buradan insan necə çıxa bilər? Bir dəmir qapı, onun arxasında bir dəmir barmaqlıq, onun arxasında biri də – 3 yerdən bağlayırlar. Psixoloji faciədir. İnsanı psixoloji cəhətdən parçalamağın yoludur. O qapıların şaqqıltısında insan elə hiss edir ki, “ölən mənəmmiş…” Öləndə insanın başı əhlət daşına dəyəndə ayılır. Mən o şəraitdə bunların hamısını öz-özümlə danışıb, müzakirə etmişəm, araşdırmışam ki, bəlkə hardasa bir yanlışım olub… Yox. Mənim bir yanlışım olub, o tam müstəqil 4-cü hakimiyyəti ölkədə oturtmaqdır. Yanlış varsa, budur. Mən sırf onun güdazına getmişəm. Çünki mən Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan, Azərbaycan Respublikasının prezidenti tərəfindən Kütləvi İnformasiya Vasitələrinə verilən, verilməli olan pulun hesabını soruşmuşam. Həmin insanların yaxasından iki əlli yapışmışam ki, bu pul kimə verilməlidir? Niyə verilmir?

– Mənim yadıma gəlir ki, 2002–2003-cü ildə, ölkədə seçkinin o ağır ab-havası olanda, Əvəz Zeynallı İlham Əliyevi müdafiə edirdi…
– Mən hər zaman İlham Əliyevi müdafiə etmişəm…

– Hətta o zamanlar mətbuatda müəyyən imzalar var idi ki, onlar çox sərt yazılar yazırdılar.  Siz o zaman buna qarşı mübarizə aparırdınız. Mətbuat onda sizin üstünüzə gəlirdi.
– Üstümə gələ bilməzdilər, amma etiraz edirdilər.

– Əgər sizin xəbəriniz heç yerdə yayımlanmırsa, demək ki, artıq üstünüzə gəlirlər. Düşünürəm ki, mətbuat yaxşı blokada tətbiq edir. “Xural”ın 2011-ci ildəki nömrələrində niyəsə Əvəz Zeynallının zamanında tənqid etdiyi xətlərə gəldiyi sezilirdi…
– Yox, heç vaxt demək olmaz.

“Azərbaycan mətbuatında özü-özünün hökmünü verən ilk və tək redaktor Əvəz Zeynallıdır”

Əvəz Zeynallı: "Mən hər zaman İlham Əliyevi müdafiə etmişəm..."

– Məsələn, “Əl-cəzirə”yə verilən müsahibə, manşetə çıxartdınız ki, ““Əl-cəzirə” İlham Əliyevi divara dirədi”. Qeyd edim ki, mən sadəcə sual verirəm. Sizcə bu, doğru bir yanaşma idi?

– Bayaq dedim axı, özüm-özümü tutdurdum. Azərbaycan mətbuatında özü-özünün hökmünü verən ilk və tək redaktor Əvəz Zeynallıdır. Mən o yazıları yazıb, demişəm ki, biz həbsə gedirik.

– Yəni fərqində idiniz həbsə gedəcəyinizin?
– Mən hər gün yazmışam bunu. Yazmışam ki, başımı “mətbu gilyotininə” qoydum. Mən sosial şəbəkədə həbsimi saat-saat yazmışam. Və son statusum da  bu olub: “Həbsə hazırlaşıram”.

– Siz belə çox həbs olunmaq istəyirdiniz, Əvəz bəy?
– Yox. Prosesi görürdüm. Görürdüm ki, ora gedirəm. Mənə çox dedilər, gəldilər, çox xahiş də etdilər, istəyən oldu, istəməyən oldu. ABŞ səfiri ilə son görüşdə səfirlikdən mənə təklif etdilər ki, bir il ailəmlə birlikdə Amerikaya gedim, qalım və s. Bir hədd var və mən o həddə gəlmişdim ki, o həddən çəkilmək olmazdı. Bütün müqayisələr uğursuzdur, amma böyük Mustafa Kamalın yaxşı bir sözu var. Əsgərlərinə “Meydan savaşı”nda geri çəkilməməyi əmr edəndə tarixi bir söz deyir: “Geridə Vətən səddidir, çəkilmək olmaz!” Yəni bir addım da yer yoxdur, bir addım da Vətən səddidir. Mən elə bir səddə idim ki, oradan geri çəkilmək olmazdı. Bütün o qüvvələr – ölkənin sistemi onsuz da o idi – sən demə, Azərbaycan mətbuatında hər şeyi monopoliyaya götürüblər. Sözü də monopoliyaya götürüblərmiş. Sözü monopoliyaya götürmək üçün Əvəz Zeynallı getməli imiş. Hamı bilir bunu. O günün birinci qəzetləri də, ikinci qəzetləri də, bütün redaktorları da – hər kəs. Hər “Xural” çıxanda, anam və qardaşım mənə zəng edirdi ki: “Əvəz… Ay bala… Ay bala…”

Mən həbs olunan günü anamgil artıq Gəncədən Bakıya yola çıxmışdılar. Yəni onlar artıq dəqiq bilirdilər ki, ya həbsdir, ya ölüm. O zaman mən “Redaktorlar Birliyi”nin dar iclasında demişdim bunu: “Birimizi tutub, birimizi öldürəcəklər”. Məndən bir ay sonra da, Rafiq Tağını öldürdülər. Ondan sonra çox istədilər öyrənsinlər ki, Əvəz Zeynallı o zaman belə bir söz demişdi, onu niyə demişdi? Amma zamanında bu məsələyə gəlmək lazım idi.

“Söz uğrunda mübarizə davam edəcək”

– İndi bir dövr gəlib ki, artıq siz öz nəticələrinizi də çox təhlil etmisiniz. Yəni Əvəz Zeynallı həbsdə yatıb və çıxıb… Evdə oturmayacağınız bəllidir, başqa işlə məşğul olmayacağınız da bəllidir. Hansı addımı atacaqsınız?
– Heç bir şey. Çıxmışam, nə addım atmışam ki? Hər zamankı vəziyyət deyil. Durum ağırdır. Mən çox istəyirəm ki, “Xural” qəzetini çıxarım. Çox istəyirəm. Söz uğrunda mübarizə davam edəcək. Kəsintisiz, məhdudiyyətsiz… Söz böyük ölçüdə monopoliyadadır. Mən çalışacam ki, Azərbaycanda sözün monopoliyasını yaram. Yenə ağır işdir, yenə ağır vəzifədir. Amma bu ölkə üçün bunu etmək lazımdır axı. Bu ölkə, ölkə olacaqsa, ölkənin rəhbərliyi dünyada tanınıb, sayılmaq istəyirsə bu olmalıdır. Avropa Oyunlarını gətirirlər, sonra “İslam oyunları” gələcək, “Tolerantlıq mərkəzi” elan ediblər Azərbaycanı, Gül bayramı edirlər. Bunun hamısı müsbət hadisələrdir. Amma bu ölkənin mediası azad olmadığı müddətcə, bu ölkə hər yerdə “qara siyahı”lardadır. “Xural”ın qara siyahıda olmağına nə var ki, əsas odur ki, ölkən qara siyahıda olmasın. Azərbaycan qara siyahıda olmasın. Biz çalışıb Azərbaycanı qara siyahıdan çıxarmalıyıq. Bunun da yolu sözdür. Axı bu sözün zərəri yoxdur. Həqiqət olan yerdə, həqiqi söz söylənən yerdə ölkənin idarəetməsi də yüngülləşər. Bizim yazdığımız adamların hamısı cəzalandı, nə oldu? Biz Lənkərandan yazılar yazmışdıq, ona görə bizi topa tutmuşdular. Bizim yazdığımız adamlar Korrupsiya idarəsinin əməkdaşlarının gözləri qarşısında pul yedilər. O pulları yedilər, sonra da qusdular. Mənim üzümə duran adam dedi ki, “Əvəz məndən 10 min manat pul istəyir”, özü 2 milyon dollar aldığı yerdə yaxalandı. Heç bir şey olmadan mənə 9 il iş verildi, amma 2 milyon dolları bağırda-bağırda alan adam azadlıqda gəzdi. Yəni sözün azad edilməsi üçün mübarizəm davam edəcək.

– “Xural” qayıdır?
– Mən çalışacam ki, qayıtsın.

– Kağız, yoxsa online media?
– Mən kağız deyirəm. Kağız variantı ölməz. Kimsə deyir elektron variant, virtual dünya… Yox, kağız nəşri əbədiyyətə qədər, insanlığın sonuna qədər yaşayacaq. Mənim həyatım kağız mətbuatı ilə davam edəcək yəqin ki.

– Bəs “qara siyahı” ilə bağlı hansı addım atmaq fikrindəsiniz?
– Bu, çox önəmsiz bir məsələdir. O məsələ təxminən həll olunmalıdır. Hüquqi müstəvidə artıq həll olunub. Ehtiyac olarsa, Mətbuat Şurasına da müraciət edəcəm.

“Qərarlara görə hərəkət etmək niyyətim yoxdur”

Əvəz Zeynallı: "Mən hər zaman İlham Əliyevi müdafiə etmişəm..."

– Təmaslarınız olub Mətbuat Şurası ilə?

– Yox, olmayıb. Yəni bunun məsələyə aidiyyatı da yoxdur. Zamanında mən o məsələlərə çox sərt reaksiya vermişəm. Bəlkə də o reaksiyanı verməmək olardı. Çünki bunlar o qədər subyektiv bir məsələdir ki, biz çox ciddi problemlərin həlli ilə məşğul olmalıyıq. Əgər bir qurum nəyisə tapşırıqla edirsə, o qurumdan heç nə gözləmək olmaz. Ədalət də gözləmək olmaz. Ağır Cinayətlər Məhkəməsindən ədalət gözləmək olarmı? Ağır Cinayətlər Məhkəməsinin sədri hakimə neçə il dedisə, o qədər verəcəklər. Burada da nə desələr o olacaq. Amma o qərarlara görə hərəkət etmək niyyətim yoxdur.

– Əvəz bəy, məndə belə bir təəssürat yaranıb ki, əslinə qalsa siz “Xural”ın çıxacağı vaxtı da bilirsiniz.
– Yox, bilmirəm (gülür-red). Amma çalışacam ki, “Xural” çıxsın, çalışıram, sayt getsin. Çox yaxşı qələmlər var. Çalışıram ki, o qələmləri ictimaiyyətə çatdıram.

– Əvvəlki komandanız dururmu?
– Yox, bizim gündəlik dövrümüzdə komanda kimi bir şey formalaşmışdı. O komandanın hamısının taleyi bəllidir. Mən gənclərlə işləyəcəm. Əgər “Xural” yenidən çıxsa, ümumiyyətlə irəlidəki fəaliyyətimdə də, sayt məsələsində də mən Azərbaycanda heç kimin tanımadığı gənclərlə işləyəcəm və mən onların tanıdılması ilə məşğul olacam. Çünki tanınmış qələm sahiblərimizin artıq demək olar ki, əksəriyyəti mətbuat çək-çevirlərində yoruldu, yıprandı.

– Bütün dostlar indi inciyəcək sizdən.
– Yox, mənim dostum yoxdur, mənim daha inciyəcək dostum yoxdur. Azərbaycan mətbuatında məndən inciyəcək, məndən incimək haqqı olan adam qalmadı, yoxdur.

“”Redaktorlar Birliyi”nin aparıcı üzvləri zəng ediblər ki, bizə 80-90 min pul verirlər, biz Əvəz Zeynallının müdafiəsindən çəkilirik”

– Təkcə bu söz sizə qarşı cəbhə almağa kifayət etmir? Yenə cəbhə yaratmırsınız ki?
– Cəbhə yaranıb onsuzda. Mən bu cəbhələrlə döyüşüb gəlmişəm. Azərbaycanda ən ağır, ən təlatümlü, ən dəhşətli məhkəmə prosesi mənim üstümdə qurulub, mətbuat kənarda qalıb. Getdiyim “Redaktorlar Birliyi” elə o gün də sonuncu toplantısını etdi. “Redaktorlar Birliyi”nin aparıcı üzvləri zəng ediblər ki, bizə 80-90 min pul verirlər, biz Əvəz Zeynallının müdafiəsindən çəkilirik. Mən istintaqda olduğum dövrdə Azərbaycan mətbuatı məni aktiv müdafiə etməyib. Azərbaycan mətbuatı mənim məhkəmələrimi planlaşdırmasına salmayıb. Bu dəhşətli bir şeydir. “Həbsxana gündəlikləri”ndə hər şey günbəgün var.

– Adlarını da yazmısınız?
– Hər şey. Mənim şifrələrlə yazacaq halım yox idi ki, hamısını adı ilə yazmışam. Mən hər günün gündəlik qəzetlərini açmışam ki, balla, mürəbbəylə, keflə planlaşdırma ediblər. Amma Əvəz Zeynallının səsini eşitməyiblər. Halbuki mənim bağırtıma yolda gedən maşın belə saxlayırdı ki, burada adammı kəsirlər, işgəncəmi verirlər? Onsuzda biz daim savaşdayıq. O, ayrı bir məsələdir ki, savaş necə aparılır? Əslində psixoloji savaşlar durmaz. Psixoloji savaşlar heç bir zaman durmayıb. Hər sözlərini deyiblər, hər şeyi ediblər. Mənim əlim-qolum bağlı ola-ola atmacalarını atıblar, yazılarını yazıblar, müsahibələrini veriblər. Hamısı da qeydə keçirilib.

Mən son müsahibədə demişdim – redaktorlar prezidentlə görüşəndə: “Həbsdə olan jurnalistləri xatırlamadılar və mən bunları qeydimə keçirtdim”. Hər şey mənim qeydlərimdə var. Mən heç nəyi unudan insan deyiləm. Amma o mübarizənin variantı – belə deyim – “Xural”sayağı, əvvəlki illərin variantı olmayacaq. Mən boş-boşuna mətbu didişmələrdə, diskussiyalarda olmayacağam. Çünki hədəf çox böyükdür. Həm də mən artıq çox yaxşı bilirəm, bu ölkənin problemi nədir, bu ölkənin mətbuatının problemi nədir, bu ölkənin siyasətinin problemi nədir. O problemlərin həllinə girişmək lazımdır. Mənim KİVDF-dan “Xural”ın haqqına düşən 10-15 min manatı tələb eləmə vaxtım keçdi, onlar qaldı gəncliyə və Allaha. Bizim haqqımızı yedi KİVDF. Allah bilsin və bilir…

Yadındadırsa, tarixdə deyirdik ki, “bizim eradan əvvəl”, “bizim eradan sonra”. Mənim ömrüm bir neçə insanın ömrüdür. Yəni ayrı-ayrı zamanlarda qırılıb, yenidən bir həyat başlayıb. Bütün həyatım belə davam edib. Məktəb həyatım belə olub, əsgərlik həyatım belə olub. Gəlmişəm, Gəncə həyatım belə olub, sonra getmişəm, Türkiyə həyatım belə olub. Qayıtmışam, buradakı həyatım belə olub. Mən müəyyən zaman içərisində ayrı bir dünyada yaşamışam, ayrı bir çevrəm olub. Sonra o çevrəylə bitib, tamam başqa bir çevrəyə keçmişəm. Amma mənim bütün ömrümdə ən əsas qırıq 2011-ci ilin oktyabr ayının 28-də olub. Yəni mənim ömrüm indi, “həbsdən əvvəlki” və “həbsdən sonrakı” dövrə ayrılır.

– Həbsinizi milad kimi görürsünüz?

Ardı var…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button