Əvəz Zeynallı: “Mən özüm-özümü həbs etdirmişəm”- Müsahibə

əvəz etatist-dəEtatist.com qəzetimizin baş redaktoru Əvəz Zeynallıdan geniş müsahibə götürüb. Müsahibənin 1-ci hissəsi bu gün etatist.com-da dərc olunub. Müsahibəni “Xural” Oxucularına təqdim edirik:

Əvəz Zeynallı 2011-ci ildə həbs olunanda bəlkə də hamı fikirləşirdi ki, bununla o, tükənəcək. Amma elə olmadı. Özünün də dediyi kimi, 1158 gün həbs həyatından sonra o yenə də öz işinin başına qayıtdı. Ziqzaqlı həyat keçirsə də, həyatın hər üzünü – yaxşı və pis tərəflərini görsə də o, yorulmur, hələ də əvvəlki kimi enerjili Əvəz Zeynallı olaraq qalır.

“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı redaksiyamızda qonaq oldu və Etatist.com-a müsahibə verdi. Müsahibəsində həbsə necə düşməyindən, həbs həyatından və sonrakı dövrdən danışdı.

I hissə

Əvəz Zeynallının Etatist.com-a verdiyi müsahibəni təqdim edirik:

– Həbsdən çıxdınız, mətbuata açıqlamalar verdiniz… Hamısını izlədik. Ümumiyyətlə, necə dəyərləndirirsiniz həbsdən əvvəlki və sonrakı dövrü?
– İki ayrı dünya qədər fərqli… Azərbaycanda indi elə bir şərait var ki, içəridə olmaqla çöldə olmağın elə bir ciddi fərqi yoxdur. Ora da bu cəmiyyətin davamıdır. Hər “zon” balaca bir Azərbaycandır. Tutaq ki, bizim zonda 952 məhkum vardı. O 952 adamın hərəsi Azərbaycanın bir yerindən idi. Bir kənddən 2 adam yox idi. Amma mən 3 ildə çox böyük dəyişikliklər müşahidə etdim. İlk çıxanda bunu hiss etməmişdim. Amma zaman keçdikcə hiss edirəm. Ölkə dəyişib, şəhər dəyişib, insanlar dəyişib. Üç il ərzində bu qədər dəyişiklik? Mən hərdən təəccüblə baxıram. Birdən adama elə gəlir ki, elə bil başqa bir dünyada yaşayırsan və ya bunların hamısı xəyaldır. İnsanların bu qədər dəyişməsi, mənəvi deqradasiyasının bu həddə olması… İnsan başqalarından elə şey gözləyir ki, elə şey görür ki… Ona görə də bu proses məndə hələ davam edəcək deyəsən.

– Daha konkret necə deyərsiniz? Həbsə girdiyiniz zaman sentyabr ayı idi səhv etmirəmsə. Siz ağlınızda bir Azərbaycanla girdiniz həbsə. Həbs olunmağınız ümumiyyətlə hadisə idi. Bir də ondan sonrakı dövr. Çıxanda konkret desək, sizə ən təsir edən dəyişiklik nə idi?
– Oktyabr idi mən həbs olunanda. Nə dəyişdi? Hər şey. Şəhər yerində deyil, yol yerində deyil. Mən bu şəhəri yaxşı tanıyıram, özüm bu şəhərdə 15 il maşın sürmüşəm. Mən çıxdım, çıxan zamanlarda elə gün oldu ki, 34-35 kilometrdən çox yol qət etməli oldum. Çünki yolda azdım. Öz-özümə də çox əsəbləşdim.

Mən indi “Xural”dakı yazıları oxuyuram, bəzən gündəliklərimə baxıram. Əvvəlki – son yazılarımı oxuyuram. Kitaba bu yazıları da yerləşdirəcəm. “Həbsxana gündəlikləri”nə həm də məni həbsxanaya aparan yazıları daxil edəcəyəm ki, oxucu tam anlasın hər şeyi. O zamankı ovqatla indiki ovqat tamam ayrıdır. Onda mənə elə gəlirdi ki, arxamda nəhəng bir ordu var.

“Məni müdafiə etməli olan adamlar, məni həbsə atdıran adamların tərəfində qarşıma çıxdılar”

– Qəsdən siyasi mövzuya gəlmirsiniz – mətbuat mövzusuna?
-Yox, elə ora gəlirəm. O zaman elə bilirdim ki, mənim arxamda ordu var. Amma indi addım atanda da qorxuram. Çünki o ordu yoxdur artıq. Sənin ordu kimi bildiyin adamlar artıq yoxdur. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, “Tankın qarşısında dayanan adamlar, pulun qarşısında dayana bilmədilər”. Siz özünüz də hadisələrin içindəsiniz, bilirsiniz, Azərbaycan mətbuatı da bilir. Məni müdafiə etməli olan adamlar, məni həbsə atdıran adamların tərəfində qarşıma çıxdılar. Nə qədər böyük bir paradoksdur. Bir deyil, iki deyil, üç deyil, dörd deyil… Bütünlüklə olarmı belə bir şey? Mənim o videolardan xəbərim yox idi. 28 oktyabr 2011-ci ildə axşam saat 17.07-də həbs olunmuşam. Həmin gün saat 15.00-da mətbuat konfransı keçirmişdim və “Redaktorlar Birliyi”nin iclası olmuşdu. Bu günlərdə o video görüntüləri göndərmişdilər. Baxanda heyrətə düşdüm. Həmin görüntüləri sosial şəbəkədə paylaşdım və yazdım ki, bu adamların əksəriyyəti indi yoxdur. O mənada təbii ki, ölkə və insanlar dəyişib…

– Əvəz bəy, bayaq dediniz ki, sizinlə bərabər eyni cəbhədə olan adamlar qarşı cəbhəyə keçiblər?
– Biz hakim zümrə ilə döyüşürdük. Azərbaycanın bütün mövcud və mövcud olmayan sistemi ilə döyüşürdük. Təbii ki, mən elə bilirdim, bu bir ordudur və arxamdadır.

– Oyuna gəldiniz?
– Bəlkə də oyundur. Amma bu qədər oyun olur ki? Təsəvvür edin, böyük bir dünyadır sizin üçün. Böyük bir hərəkata başlamısınız, gənclik təşkilatı qurmusunuz. İnsanlara etibar edirsiniz, inanırsınız. Və birdən getdiniz həbsə… Yəni Azərbaycanda hər kişinin başına gəlməli hadisədir həbs…

– Həqiqətən belə düşünürsünüz?
– Hətta, hər qadının… Bu proseslerin içində olacaq, ola biləcək hər qadının da görməli olduğu yer oradır.

“Oyun qaydalarını heç bir halda pozmamışam”

Əvəz Zeynallı: "Mən özüm-özümü həbs etdirmişəm"- Müsahibə

– Heç bu oyun məsələsində bir az daha irəli getdiyiniz, sərt yazılarınız üçün olsun, ümumiyyətlə heç özünüzü qınadığınız vaxtlar oldumu həbsxanada?

– Heç olmadı. Mən 1158 gün həbsdə qaldım, 3603 səhifə gündəlik, 1000 səhifədən çox məktub yazdım, 60 min səhifədən çox kitab oxudum. Bir gun belə hansısa hədləri aşdığımı, ya da hansısa səhvləri etdiyimi müşahidə etmədim. Mən elə biriyəm ki, etdiyim yanlışı həmişə qəbul edərəm. Ən sadə dillə, jarqon ifadələrlə etdiyim yanlışı deyən adamam. Amma bu məqamda etmədiyim işlərə, yazmadığım yazılara görə təəssüflənirəm. Mən nə etmişdim ki?! Hansı səbəblər var idi?! Hakimiyyətin əlində olan bütün resurslar, bütün imkanlar mənə qarşı səfərbər olundu. Mən 10 nazirlik və dövlət komitəsinin əməliyyatı ilə tutuldum. Məni Azərbaycanda bu dövləti quran adamlardan biri tutdurdu. 15 ilin deputatının iddiası ilə içəri atıldım. Bunlar elə-belə işlər deyil. Mənim işimdə iştirak edənlərin ən balacası restoran müdiri idi. Ən xırdasının, ən balacasının – “liliputunun” restoranı var və 20 ildir bu dövlətdə pul qazanır. Yəni böyük bir şəbəkənin oyunu və qərarı ilə həbs olunmuşam. Bütün yaşanan hislər o kitabda olacaq. Amma mən bir dəfə də olsun düşünmədim ki, haradasa səhv etdim.

Mən yaxşı maşın sürürəm. Yol hərəkəti qaydalarını da yaxşı bilirəm. Bu ölkədə mübarizə aparmaq, qəzet çıxarmaq, maşın sürmək kimi bir şeydir. Yolla gedirsiniz, qırmızı işıq yananda saxlamaq lazımdır, sarı yananda hərəkətə keçmək, daha ehtiyatlı olmaq lazımdır. İndi müsbət bir şey var ki, bizim işıqforlarda rəqəmlər səni tənzimləyir. Yəni, rəqəm 3-ə gəldisə, yanıb-sönməyə başladısa, dayanmaq, mütləq dayanmaq lazımdır. Mən bunu bilən insanam. Amma əgər səni işıqforun sönməyinə 20 saniyə qalmış yolun ortasında saxlayır, protokol yazır və sənin sürücülük vəsiqəni əlindən alırlarsa, burada artıq edə biləcəyin bir şey qalmaz. Yəni mən maşınımı normal sürdüyüm zaman, birdən-birə saxlayırlar. Nə qırmızı işıqda, nə də sarıda keçməmişəm. Başqa bir şey də etməmişəm. Oyun qaydalarını heç bir halda pozmamışam. Bəzi məqamlarda deyiblər ki, Əvəz Zeynallı hansısa oyunu pozub. Hələ Gülər Əhmədova tutulmamışdan əvvəl də bəzi söhbətlər vardı. Tutulandan sonra müəyyən şeylər aydınlaşdı. Əvəz Zeynallı heç kimin oyununa girməyib ki, oyunu da poza. Mən öz oyunumu oynamışam. Olsa-olsa, oyunu çox yaxşı oynamışam və bu oyunun sonunda kimlərsə uduzacağını təxmin edib məni tutdurublar. Elə bir yanlışım, həddi aşmağım olmayıb. Mübarizə aparırsınız, 10 adamla yola çıxmısınız, sabah həbsə getdiniz, çıxanda 10 adamdan heç olmasa biri sizi qarşılamalıdır axı. Heç olmasa ikisi sizin qarşınıza çıxmalıdır axı. Qarşına çıxırlar, düzdür, amma başqa səngərlərdə.

– Həbsinizdən əvvəl Mətbuat Şurası “Xural”ı qara siyahıya salmışdı. İndi vəziyyət nə yerdədir?
– Nə dəyişib ki? Əslində Mətbuat Şurası o qərarı siyasi olaraq vermişdi. Biz gündəlik çıxmağa qərar verdiyimiz gün, Mətbuat Şurasının qara siyahısına salındıq. Bir gündə 6 şikayət oldu və həmin şikayətlərin heç biri mənə çatdırılmadı. Məni ora dəvət etdilər. Tarixi məktub yazdım ki, “mən başımı “mətbuatın gilyotininə” qoyuram. Onlarda vurdular, sağ olsunlar” (gülür- red.). Bizim Mətbuat Şurası “gilyotininə” girdinsə dərhal vururlar. Sonra Mətbuat Şurasını məhkəməyə verdim. Mən həbsdə olan müddətdə məhkəmə işi davam etdi, böyük proseslər oldu. Məlum oldu ki, Mətbuat Şurasının haqqımızda verdiyi qərar bütünlüklə öz nizamnaməsini pozmaq bahasına başa gəlib. Birincisi, biz şuranın üzvü deyilik, haqqımızda qərar verə bilməzlər. İkincisi, versələr belə, heç olmasa öz nizamnamələrinə riayət etməli idilər. Nizamnamədə olan heç bir şeyi etməyiblər və bu qərarı hansısa bir xəbərdarlığa əsasən veriblər. O xəbərdarlığın üstündən 1 il keçib. Bir il keçdikdən sonra xəbərdarlıq avtomatik qüvvədən düşür.

İnzibati Xətalar Məcəlləsinə görə, hansısa bir xəbərdarlıq tənbeh növüdür. Normalda bir ildən sonra o siyahı məsələsi həllini tapmalıydı. Amma tapmayıb, mən ona heç xüsusi cəhd də etməmişəm. Çalışacam ki, o məsələni həll edək. Azərbaycan mətbuatında o qədər uğursuz, o qədər bərbad və sayğısız bir şey ola bilməz. Hər insanın bir siyahısı var. Mən də çox rahatlıqla bir siyahı elan edərəm və bu siyahıya 10 nəfər adam da taparam. Bəzi qəzetlər və ya qurumların adını da siyahıya salaram. Bu çıxış yolu deyil. Çalışacam o məsələ həll olunsun. Artıq elə bir həddə gəlmişik ki, Mətbuat Şurasının hansısa “qara siyahı”sının heç bir əhəməyyəti yoxdur. Söz əldən gedib artıq. Bəlkə 2011-ci ildə bu məsələlərə dair bir şey demək olardı. Çünki 2011-ci ildə hələ hər şey itirilməmişdi, nəyinsə əlamətləri var idi. Biz “Redaktorlar Birlyi”nin iclaslarını keçirirdik, 25 redaktor oturmuşdu. Halbuki onların bəziləri də hakimiyyətə və ya hakimiyyətin müəyyən qollarına yaxın olan redaktorlar idi. İndi o da yoxdur…

“Mən, məni həbs edənlərə milyonluq, bəlkə də milyardlıq hədiyyə vermişəm”

Əvəz Zeynallı: "Mən özüm-özümü həbs etdirmişəm"- Müsahibə

– Diqqət edirəm, bütün sözlərinizi əvvəlki Əvəz Zeynallının üslubunda deyirsiniz. Mən inanıram ki, müsahibə oxunanda hamı əllərini bir-birinə vurub deyəcək ki, “Əvəz Zeynallı bu atmacanı bizə atır”.

– Mən atmaca atmıram. Heç kimə də atmaca atmamışam. Mümkün qədər normal, korrekt danışmaq istəyirəm. Mən özüm-özümü həbs etdirmişəm. Bu ölkədə məni kimsə həbs edə bilməzdi. Heç kimsə həbs edə bilməzdi…

– Bu, necə anlaşılan bir sözdür, nəyi nəzərdə tutursunuz?
– Mən yazılar yazmışam, aparıb qoyublar cənab prezidentin qabağına. Cənab prezident də deyib ki, “Əvəz Zeynallı getsin məcburi istirahətə…” Vəssalam. Nə dəyişib ki? Heç kim məni həbs etdirə bilməzdi. Mən, məni həbs etdirmək istəyənlərə milyonluq, bəlkə də milyardlıq hədiyyə vermişəm. Çünki məni həbs etmək praktiki cəhətdən mümkün deyildi, heç bir halda mümkün deyildi. Bu gün də israrla üstündə dururam. O, ayrı bir məsələdir ki, bizim ölkəmizdə, dövlətimizdə istənilən insanı, istənilən zaman həbs edə bilərlər. Amma mən heç nə etməmişdim. Elə balaca adam da deyildim. Gündəlik, ölkədə 7 gün çıxan və ölkənin azad sözünün, ürəyinin döyündüyü bir qəzetin redaktoru idim. Mən yeriyən bomba idim. Məni necə həbs etmək olardı? Sadəcə olaraq, bəzi şeylər var ki, bəlkə də demək olmaz. Bəzi şeylər də var ki, bəlkə də o həddə demək olmaz. Artıq o, insanın özünün həmin dövrdə göstərdiyi performansdan asılıdır.

– Qaydaları siz pozdunuz yəni?

Ardı var…
Etatist.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button