Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış PCQ-nun Aralıq hesabatı açıqlanıb

 03 10 2012

Bu gün Əvəz Zeynallının həbsi ilə bağlı yaradılmış Preventiv Cavab Qrupunun                                    Aralıq hesabatı  açıqlanıb:

Əvəz Zeynallının işində xüsusi halın yaranması

28 oktyabr 2011-ci il tarixində Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Gülər Əhmədovanın şikayəti əsasında həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı işində xüsusi hal yaranıb. Bu xüsusi halı nəzərə alan Preventiv Cavab Qrupu 30 may 2012-ci il tarixli “Aralıq” hesabatına 2 saylı əlavənin edilməsi barədə qərar qəbul edib.

26 sentyabr 2012-ci il tarixində ölkə mətbuatında və elektron KİV-lərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sahibi və rektoru, hal hazırda Fransanın Strasburq şəhərində mühacir həyatı yaşayan  Elşad Abdullayev tərəfindən təqdim edilən 16 dəqiqəlik videogörüntü yayımlanıb. Həmin videogörüntüdə E. Abdullayev, Seva (Babayeva Sevinc Telman qızı )kimi təqdim edilən xanım və Milli Məclisin deputatı Gülər Əhmədova arasında gedən danışıqlar öz əksini tapıb. Videogörüntüdə G. Əhmədova acıq şəkildə E. Abdullayevdən deputat seçilməsi və itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması üçün 2 milyon ABŞ dolları  məbləğində  pul tələb edir. Videogörüntüdə nümayiş etdirilən danışıq zamanı məlum olur ki, E. Abdullayev əvvəlcədən G. Əhmədovaya 500 min dollar  məbləğində rüşvət verib. Lakin G. Əhmədova əlavə olaraq 1 milyon və komissiyan haqq tələb edir. Danışıqlar zamanı dəfələrlə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. E. Abdullayev pulun R. Mehdiyevə çatıb çatmamasını  soruşur. Gülər Əhmədova isə acıq şəkildə bildirir ki, “Prezidentdən keçən siyahını sənə görə sildirmişəm”. Eyni zamanda deputat aydın şəkildə rüşvət aldığını bildirir. G. Əhmədova həmin danışıqlarda kriminal dairələr tərəfindən işlədilən jarqondan istifadə edərək “razborka”larda təcrübəsinin olduğunu bildirərək E. Abdullayevə deyir ki, “Sən iki ildir qardaşını tapa bilmirsən. Amma mən bu məsələni iki günə həll edərəm”.  Həmin videogörüntü Azərbaycanda böyük siyasi qalmaqala səbəb olub. Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov mətbuata verdiyi rəsmi açıqlamasında  hadisəni pisləməklə yanaşı G. Əhmədovanı YAP-a qara ləkə vurmaqda ittiham edib və onun Milli Məclisdən istefa verməsini tələb edib. Eyni zamanda yüksək ranqlı dövlət məmurları G. Əhmədovanı dələduzluqda, rüşvət almaqda, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və prezident İlham Əliyevin adından istifadə etməkdə günahlandırıb. Baş Prokurorluq fakt üzrə 28 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinə başlayıb. G. Əhmədova 28 sentyabr 2012-ci il tarixində deputat mandatından imtina etməsi ilə bağlı Milli Məclisə rəsmi şəkildə müraciət edib. Məlum videoğörüntüdən sonra E. Abdullayev mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək ondan deputat seçilməsi üçün rüşvət alınması və digər cinayətlərlə bağlı ətraflı məlumat verib. E. Abdullayev ölkə prezident İlham Əliyevə yazdığı acıq müraciətdə qardaşı Mahir Abdullayevin  oğurlanmasından G. Əhmədovanın iştirakı olduğunu bəyan edib.  E. Abdullayev müraciətdə qeyd edib ki, qardaşının oğurlanmasında G. Əhmədovanın rolu olması barədə 11 iyul 2011-ci il tarixində Baş Prokurorluğa məlumat verib.

Preventiv Cavab Qrupu xatırladır ki, G. Əhmədova istintaq zamanı Ə. Zeynallı ilə üzləşməkdən imtina edib və bu zaman deputat toxunulmazlığından yaralanıb. G. Əhmədova məhkəmə prosesinə 1 dəfə qatılıb. Məhkəmə zamanı Ə. Zeynallını kobud şəkildə təhqir edib, Ə. Zeynallıya fiziki güc tətbiq etmək məqsədi ilə hücum edib və onu ciddi şəklidə təhdid edib. Eyni zamanda G. Əhmədovanın köməkçisi Əhməd Şahidov məhkəmə zalında Ə. Zeynallının qardaş Rauf Zeynallıya hucum edərək zor tətbiq edib. G. Əhmədovanın qardaşı Ilqar Mikayıloğlu isə Ə. Zeynallını acıq şəkildə hədələyib. G. Əhmədova məhkəmə prosesində sərbəst ifadə verdikdən və prokurorun suallarını cavablandırdıqdan sonra proses təxirə salınıb. Ə. Zeynallının və vəkillərinin G. Əhmədovaya suallar verməsinə şərait yaradılmayıb. Faktiki olaraq G. Əhmədovanı məhkəməyə gətirmək mümkün olmayıb.

Preventiv Təhqiqat Qrupu eyni zamanda 2 milyon ABŞ dolları  məbləğində rüşvət almaqda ittiham olunan G. Əhmədovaya qarşı Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 178.3.2-ci hissəsi ilə cinayət işinin qaldırılmasının ayrı seçkilik faktı kimi dəyərləndirir. Preventiv Cavab Qrupu hesab edir ki, 10 min manat məbləğində rüşvət tələb etməkdə ittiham edilən Ə. Zeynallı daha ağır maddələrlə ittiham edildiyi halda,  2 milyon ABŞ dolları məbləğində rüşvət almaqda ittiham edilən G. Əhmədovaya qarşı Baş Prokurorluq daha yumşaq davranıb. Eyni zamanda Baş Prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında videogörüntü ilə bağlı tam araşdırılma aparılmadan G. Əhmədovanın təqsirləndirilməsinin hüquq pozuntusu olduğunu bildirib. Baş Prokuror eyni zamanda E. Abdullayevin Bakıya dönərək G. Əhmədova ilə üzləşdirilməsinin vacib olduğunu vurğulayıb. Lakin G. Əhmədova Ə. Zeynallıdan şikayət etdiyi zaman istintaqa verdiyi səs yazısı ekspertizadan keçirilmədən baş redaktor həbs edilmişdi. G. Əhmədova Ə. Zeynallı ilə üzləşdirilməmişdi.

 Preventiv Cavab Qrupu yuxarıda göstərilən faktlara söykənərək hesab edir ki, Ə. Zeynallının həbsi siyasi sifariş əsasında həyata keçirilib. Eyni zamanda G. Əhmədovanın şəxsiyyəti onun Ə. Zeynallıya qarşı irəli sürdüyü ittihamı şübhə altına salır. G. Əhmədova deputat mandatından və hakim partiyada tutduğu yüksək mövqedən yaralanaraq istintaqa və məhkəməyə təzyiq etmiş, qanunun tələblərinə məhəl qoymamışdır. Bütün bu halları nəzərə alaraq Ə. Zeynallı barəsində qaldırılan cinayət işindən  G. Əhmədovanın şikayəti üzrə epizod və Ə. Zeynallıya qarşı irəli sürülən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin   311.3.3 və 311.3.4 maddələri üzrə işə xitam verilməli yaxud ibtidai istintaqa qaytarılmalıdır.

 Preventiv Cavab Qrupunun rəhbəri Əfqan Muxtarlı”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button