Əyri güzgülər ölkəsi

Nurəddin Xoca

Kim nə deyər bizdə olan qeyrətə,

Qeyrətimiz məlumdur hər millətə.

M.Ə.Sabir

Görəsən, bizdən başqa hansı dövlətdə məmur aparatının vətəndaşlara ciddi-cəhdlə problemlər yaratdığını göstərmək olar? Harada qanuni işini min bir fırıldaqla sənə sübut edirlər ki, bu qanunsuzdur. Amma bilən adamlarla məsləhətləşəndən və lazımi adamları “görəndən” sonra bu iş qanuniləşir. Hansısa sehrli qüvvə elə bil bu məmurların mənəvi dəngəsini pozub. Məmurlar demişkən, görəsən, məktəb direktorları məmurdur, ya yox? Onları məmur ordusuna aid etmək olar? Hər halda ranqlarına görə edilməsələr də, əməllərinə görə etmək olar. Bu gün valideynlərin qarşısında birinci sinif problemi durub. Artıq sən demə, uşaqlara məktəbə qədər də repetitor tuturlarmış. Niyə? Sən demə, birinci sinfə də imtahan vermək lazımdır. Mən bunu eşidəndə dəhşətə gəldim. 6 yaşında uşağa nə imtahan ola bilər? İyul ayının ortasında uşağı aparırsan yaxındakı məktəbə. İndi onların çoxunun adını dəyişib lisey qoyublar. Deyirlər ki, gecikmisən. – Nə gecikməyi – sualına -, artıq imtahanlar qurtarıb – cavabı alırsan. Əvvəl başa düşməyib deyirsən: – Qadan alım, mən instituta deyil, birinci sinfə uşaq gətirmişəm. Yaxında oluram. Nə imtahan? Görəndə başa düşmürsən, ağıllı adamlar sənə məsləhət verirlər ki, “pulunu ver, qəbul eləsinlər.” Qalırsan mat-məəttəl. A kişilər, birinci sinfə getmək üçün 1000-2000 manat pul istəyərlər? Bəli, istəyərlər. İstəyirsənsə əgər uşağın oxusun, verməlisən. Təbii olaraq, kim istəməz uşağını yaxınındakı məktəbə qoysun? Hamı. Amma hər şey verəcəyin pula bağlıdır. Verməyəcəksən, deyəcək gecikmisən, imtahanlar bitib. Qalırsan fikir içində, pul alandan sonra əcəba, bu imtahan məsələsi necə olur? Axı bitmişdi. Bu medalın bir üzüdür. Yəni məktəb biznesinin bir hissəsidir. Bilən adamlardan soruşdum ki, a kişilər, hamı birdən vaxtında gətirdi uşağını, onda necə olur? Vallah, hamı elə gülümsədi ki qanmazlığıma özüm utandım. A kişi, 6 yaşlı uşaq ola, tanımadığı əmilər və xalalar ona sual verə, sən biləni onların neçəsi cavab verər? Elə suallar verirlər ki, ona heç sən cavab verə bilməzsən. Doğrudan da yadıma 132 nömrəli məktəbdə qaynım qızına verilən sual düşdü. Altı yaşda uşaqdan metroya girəndə açılıb-bağlanan aparatın adını soruşmuşdular. Görəsən, bu sualın cavabını neçə nəfər bilər? Bax bu da onların biznesinin o birisi üzü. Görəsən, birinci sinfə imtahanla uşaq qəbul etmək kimin icadıdır? Ona indi təhsil biznesmenləri gör nə qədər dua edirlər. Əlbəttə, etməlidirlər. Bu sizin üçün fond pulu, süpürgə pulu deyil. Hər il nə qədər uşaq birinci sinifə gedir və bunların nə qədərindən pul alınır. Mən biləni, bu məqalədən sonra araşdırıp hesablayarlar bu məbləğı. Hətta bu məbləğdən kimə nə qədər çatdığını da mən biləni oyrənərik. Hər halda” gözəl” biznesdir. Qaldı onun qanuni və ya qeyri qanuniliyinə, bunu deyə bilmərəm. Amma hər halda bu məmləkətdə pulunu verəndən sonra çox şey qanuniləşir. Bu da onlardan biri. Nurəddin Xoca İ.S, Guya məmurlardan yazmaq istəyirdim. Amma zatən elə bu hadisələrə və yaxud buna oxşarlarına bütün idarələrdə rast gəlmək olar. Bu gün əgər adi arayış üçün də pul verməli olursansa, başqa nə demək, yazmaq olar? Hər halda bu əyrigüzgülər ölkəsi də bir gün düzələr. Bizim qədərimiz bu lənətə gəlmiş səfalət ola bilməz. Çünki qədər bizdən üz döndərsə də biz qədərdən üz döndərməmişik. Bəzi din alverçiləri kimi qədərsizliklə barışıb o birisi dünyamızı qazanmaq üçün dualar etmirik.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Daha he serh yazasan elim-ayagim yerden uzuldu.Gelen il ogllum 1-ci sinife gedesidir,deyesen gedesi olmayacaq.Aldigim mevacib yaziqlarin gundelik telabatini 45-50 faiz ancaq odeyir,Bicareleri aldada- aldada bir qarin ac,bir qarin tox gucle boyudurem.Bir ile o qeder pulu men basi dasli haradan alacam.Hiye dagilmirsan ay dunya niye? Dovlet,hokumet bizim aileleri himayeye goturmese, dunya dagilmasada bizim aileler dagilacaq.Sonra da tebil calacaqlar “Goresen bizim olkede aileler niye dagilir”? Demeyecekler ki,axi biz bu aileleri nie dagidiriq.?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button