“ALJİR”-in əsir qadınları…

Mehriban Ələkbərzadə

Atılmış bumeranqlar heç də həmişə hədəfə getmir
Onların da bəziləri hərdən azadlığı seçirlər…


LƏYAQƏT haqqında rəvayət!
Şərəfsizlik hərdən LƏYAQƏTƏ qalib gəlməyə də bilər…

II yazı

Ceyran səsi ilə diqqəti cəlb etdiyi digər nəzarətçinin düz ona tərəf gəlməsindən şoka düşdü və donub qaldı. Ağacdan, ya da cod nədənsə düzəlmiş HEYKƏLƏ bənzəyirdi. Hərəkətsiz halda quruyub qalmışdı. Sinəsi aldığı nəfəsdən qalxıb-enirdi. Şükriyyə onun donmuş simasına, heç də uygun gəlməyən çevik gözlərinə (daha dogrusu, baxışlarına) ağrıyla baxırdı.
Nəzarətçinin “qəfil” peyda olmağından çaşıb-qalan Şükriyyə, onun Ceyranın sifətinə üst-üstə iki sillə vuraraq söyməsindən təəccüblənmədi. Ya bəlkə də artıq bu cür “ujas” səhnəciklər bu vaqon səyahətində adi bir hal idi. Üz-gözü bir az da şişib-partlamış Ceyran da onu ana dilində təxminən tərcümə edirdi. Nəzarətçi rus olsa da, onun deyə biləcəyini müəyyən etmiş kimi, onu təpikləməyə başladı. Sonra ona tərəf tüpürərək:

– Fu, suka! Kakaya aferistka, a? – dedi. Ceyran dodaqaltı deyindi:

– Səni Allah öldürsün, qancıq!

Nəzarətçi getmək istədiyi halda, yenə ona tərəf dönüb boş böyrünə zərblə daha bir təpik vurdu:

– Smotri! Ona eşyo kafkaet! Ladno. Ya tebe pokaju, qde raki zimuet.

Şükriyyə baxışlarını iti xəncər kimi növbətçinin gözlərinə taxdı. Nəzarətçi onun baxışları altında uzaqlaşdı:

– Tvari! Otbriski-vraqov naroda!

Şükriyyə başınıa aşağı salıb susdu. Ceyran hönkürüb ağladı. O, əsən əllərini Şükriyyənin əllərinə toxundurmaq istədi. Əlləri çatmadığından ayaqlarına yıxıldı. Dizin-dizin sürünüb onun çirkli ayaqlarına sığınıb daha çox hönkürməyə başladı.

Şükriyyənin “knyagina” ədası əriyirdi. Buz kimi, emosiyasız halda kənara baxırdı. Vaxtilə Ceyran Bayramovanın Əhməd Cavadın qolundakı bəmbəyaz dərili şux qadına baxaraq: ““Knyagina” budur? Fermaya basarıq işləməyə, görək ondan nə qalır” sözləri qulağında cingildəyirdi.
Bir an gözləri onun qoluna bağlanmış xüsusi parçanın özünə də aid edilən eyniyyətinə sataşdı. Elə bil indi dərk etdi. Sifətində bir əzələ də tərpənmədi. Amma gözlərindən sakitcə axan göz yaşı birdən-birə bir kasa su kimi töküldü. “Dur otur”- dedi. Bir an sonra özü də ayağa durdu. Hələ də onun ayaqlarını buraxmaq istəməyən Ceyran, başını qaldırıb ondan mərhəmət diləyən gözləri ilə: “Mənə kömək elə” dedi. Şükriyyə öz timsah müşahidəsi ilə ətrafı süzərək dedi:

– Sən ki daha ağıllı qadınsan? Bir fikirləş! Nə etməkdə israrlısan?

Ceyran isterika içində özünü ələ ala bilmirdi. Qışqıra-qışqıra deyirdi: “Mən ora getmək istəmirəm!!! Sən, təkcə sən nə etdinsə, oradan canını qutardın. Mənə də de! Yol göstər!” Şükriyyə asta-asta vaqona tərəf gedən qadınlara qoşuldu. Ceyran ondan əl çəkməyərək dabanbasma halda onu təqib edirdi:

– Mənə bax, mənim bu görkəmimdən sən də iyrənirsən, düzdür?


– Sən mənə nə edəcəyimi de!


– Gecə tualetə nə vaxt aparacaqlar?


– Haradan bilə bilərəm?


– Bu gün məni cəzalandırmaq istəsə, heç yalvarsam da, qoymayacaq.


Ceyranın gözünün yaşı dayanmırdı.


– Çalış gedəsən!!!


– Tualetin buna nə dəxli var axı?


– Sus, sonra anladaram… – deyib ondan uzaqlaşdı. Gedə-gedə astadan: “Növbən çatanda səni çağırsalar, mənə deyərsən” dedi. Şükriyyə ondan uzaqlaşıb daha irəliyə keçdi. Hamı geri qayıdan dəstənin ardınca vaqona qalxmağa başladı. Ceyran illərlə itirdiyi doğmasını görürmüş kimi gözlərindən yaş süzülə-süzülə, dodağındakı təbəssümdən xəbərsiz idi. Fərqində deyildi ki, qatar uzun-uzadı fit verir…

Fərqində deyildi ki, bayaq ona hirslənmiş bələdçi, indi gəlib onun başının üstündə dayanıb nəsə deyir. Ceyranın nəzərləri yuxarıda kiminsə vurub-dağıtdığı vedrədən axan suyun izinə zillənmişdi… Gözü yol çəkirmiş kimi heç nəyin fərqində deyildi…

Qəfildən ağlayan körpənin səsinə diksinib çığırdı. Gecə sürətlə gedən qatarın fit səsi onun səsini batırırdı. Yerindən dik duran Ceyran ətrafına baxdı. Bütün “sərnişinlər” mışıl-mışıl yatırdı. Elə quru taxtanın üzərində… Biri şalını, biri pencəyini sərərək yatmışdı…

Qatar təkərlərinin mütəmadi eşidilən fiti yatanların yuxusunu qaçıra bilmirdi. Ceyran döyükə-döyükə ətrafa baxdı. Güclə nəfəs alırmış kimi sinəsi tez-tez qalxıb enirdi. Səmtini bir-birinin kürəyinə çevirən qadınlar… Taxta qapının dəmir qıfılını traqqa-taqla açan növbətçi, əlindəki fanarı divara dirəyib əsnəyə-əsləyə:

– Sleduyushaya! 3 minuta. Vremya paşlo – deyib ağzını dairəvari açıb var gücü ilə bağırdı.


– Ne xoçetsya? Do 8-i terpesh budeş.

Ceyran yatanların üstündən zülümlə adlayaraq: “Net-net, ya ne moqu do zaftra” deyərək qapıya tərəf tələsdi.
Arxadan ətəyinin harasa ilışdiyindən dartıldığını güman edən Ceyran əli ilə ətəyini çəkmək istədi. Ayağını sonuncu yatan qadının üstündən atıb keçmək istəyəndə, tarım olaraq paltarının bədəninə yapışdığını hiss etdi və addım ata bilmədi. Ətəyinin hara ilişdiyini görmək üçün başını çiyninin üstündən geri döndərdi. Şükriyyənin də ayaq üstə olduğunu görüb biixtiyar, hərəkətsiz halda: “Məni bağışla, Şükriyyə xanım, səni qıymadım oyatmaga. Dedim, mən sənin yerinə, sən də mənim əvəzimə…” dedi. Şükriyyənin gözləri üzündə gəzdi: “Səni çağırmadılar?”


– Allah, ölüm ver mənə! – deyə Ceyran ağlayaraq çığırdı. Heç kimə və heç nəyə baxmadan qapıya qaçdı. Şükriyyə donub qaldı. Növbətçi duymasın deyə qapını açana kimi durdugu yerdəcə oturdu. Ceyran açılan qapıdan yel kimi çıxdı. Növbətçi:


– Çto tı çeknut? Ne terpiş? Vas vsex nado bılo rasstrelətğ, vrajskie elementı.

Şükriyyə sakitcə oturmuşdu. Yırğalana-yırğalana gedən qatarın az qala tavana bitişik yeganə nəfəsliyindən, şəbəkə dəmirindən düşən ay işığı gah gözünə, gah üzünə, gah da əsən əllərinə düşürdü.

Əsəbdən əsən əlləri sakitləşirdi.

Ceyran əlini onun əlinin üstünə qoyaraq dedi: “Bağışla. İt qızı böyrümdən elə təpik vurub ki, qançır olub. Yandıra-yandıra… Öldüm ölümdən qayıtdım.”

Şükriyyə ona baxıb, güclə dodaqlarını araladı: “Sənin vaxtın axı məndən əvvəl olmalıydı, yox?” Ceyran başını aşağı saldı. Şükriyyə əlini uzadıb onu çənəsindən yuxarı qaldırdı. İki iri damla yaş gözündən süzüldü. “Getdim, yenə gəldim. Getdim, elə bil içimdə nəsə dağılıb.”
Şükriyyə əlini onun ayaqlarına toxundurdu. Ayaqlarındakı corab da, ətəyi də yamyaş idi. Qaranlıqda heç nə görmədiyindən, əmin olmaq üçün barmaqları ilə sıxdı. Əməlli-başlı yaş idi. “Bayramova, bu nədir, niyə yaşsan?” Ceyran ağrıdan qıvrıla-qıvrıla dedi: “Məni tutanda bilmirdim. Demə, 2 aylıq hamiləyəm.”

Sonra üzünü çevirib zülüm-zülüm ağladı. Şükriyyə donub qaldı: “Demək…” Ceyran qəhərdən boğuldu. İki qadın baş-başa verib sakitcə ağlayırdılar.

…Qatar çölü-biyabanla, meşəliklə – gecə-gündüz yol gedirdi. Heç cürə mənzil başına çata bilmirdi…

Səhər hərənin öz PARÇında əvvəlcə üzlərinə vurmağa bir ovuca yerləşə biləcək qədər su verirdilər. Ceyran suyu üzünə vurmaq üçün yaxınlaşdıranda burnuna kəsif bir qoxu dəydi. Əlindəki sudan iyrənərək onu yerə atdı. Boynundan dəyənək alan Ceyran böyüyə-böyüyə güclə nəsə demək istəyirdi. Deyə bilmirdi. Bir də hıçqıranda növbətçi ona yaxınlaşıb dedi:

– Akmolinskiy laqerğ jon izmennikov Rodinı (A. L. J. İ. R.)

“Döz, döz! Gələn stansiyada səni “qonaq” apararam. Bir fal çörək verərəm əvəzində sənə. Sən onlarla qılığlı ol a… dəli kimi şeydilər yoxsa…”
Ceyran üzünü ona tərəf çevirib nəsə demək istədi, amma ağzına qara su gəlirmiş kimi mədəsindən az qala bir vedrə acı, bulanlıq su töküldü. Növbətçi qadın dedi: “Fu! Zoxotdan gələn sudur elə bil. Tez elə ubornaya!”

Ceyran ayaq üstə dura bilmirdi. Dizini yerə dayayaraq, yıxılmaqdan özünü güclə saxlayırdı. Amma yenə də böyüyürdü. Qadınlar burunlarını əlləri ilə tutub hərə bir tərəfə çəkilirdi.

Get-gedə yayılan kəskin qoxudan üz-gözünü qırışdıran növbətçi, Ceyranın əlindəki dəyənəyi onun başına vura-vura qapıya tərəf yönəldirdi. Ceyran tab gətirmir, ayaqları dolaşıb yıxılırdı. Növbətçi yanıb-yaxılırdı: “Nu i… qavno je tı. Kto vozmyet to tebya? Poltara çasa tebe mıt nado.”

Şükriyyə tez əyilib onun qolundan tutdu və növbətçiyə baxdı.

“A nu bıstro! Priqlaşenie nado bılo posılat? Poşla v peryod!!!”

Şükriyyə onu qapıyla üzbəüz, qapının kandarında buraxdı. Ceyran birtəhər içəri keçmək istədi. Qatar stansiyaya çatdığından uzun-uzadı fit verdi. Amma sürüşərək dayanan qatarın içərisindəkilər, sanki kartof-soğan kimi, hərə bir tərəfə diyirləndi. Uzun-uzadı sıxılan əyləcin təkanından Şükriyyə Ceyranın sərbəst gedə bilməyəcəyini gördü və onu yıxıldığı an tutdu. Növbətçinin onlara baxmadığını yəqin edən Şükriyyə, tez onunla içəri keçib, qapını arxadan bağladı. Növbətçi özünü saxlamaq üçün tutduğu qapının rizəsindən möhkəm yapışdı və rizə qoparaq əlində qaldı. Özü isə qadınların üstünə sürüşdü.

İçəridə Ceyran isterika içində çırpınırdı: “Bu stansiyada məni aparsalar batdım. Mən neyləyərəm?” Şükriyyə inamsız halda: “İnanmıram səni çağıralar. 2 gün əvvəl o deyəndə, adama oxşayırdın. Darıxma. Sən də mənim tayım oldun.”

Ceyran ondan tutaraq dikəldi. Şükriyyə ilə üz-üzə dayandı. Ona diqqətlə baxdı. “Sən niyə bu qədər çirkinləşmisən? Neylədin ki?!”
Şükriyyə gülümsədi. Onun acı təbəssümü buz kimi soyuq idi: “Bir ayağının altına bax, gör necə təmizdir?”

Ceyran anlamadı. Amma döşəmə adlı zibilxana daşına bənzər qart və kif bağlamış yerə baxan kimi təəccübləndi. “Sən təmizlədin? Niyə? Məcbur etdilər?” Yaş Şükriyyənin ala gözlərindən yanağına süzülürdü. Yanağına iz salaraq çirki sifətinin sanki nazik zolağı ilə yuyub təmizlədi.

Növbətçi qadın yenə də qabağına 4 qadını qoyun kimi qatıb vura-vura özünə bəlli bir istiqamətə aparırdı. Onların ardınca baxan Ceyran içini çəkə-çəkə ağlayırdı. Şükriyyə suallı gözlərlə ona baxırdı: “Sənin üstündə bu “oxrana” bir-birini söyürdü. İndi səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!”

Sonu gələn sayımızda

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button