“Demokratiya naminə oxu” kampaniyası “Eurovision” ərəfəsində insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

23.01.2012

“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə insan hüquqları sahəsində vəziyyət nəinki yaxşılaşmır, əksinə, daha da pisləşir. Bir qrup QHT-lər tərəfindən təşkil olunmuş “Demokratiya naminə oxu” ictimai kampaniyasının iştirakçıları belə hesab edir.

Son bir ayda Azərbaycanda əmlak hüquqlarının pozulması faktları çoxalıb, taksi sürücülərinin təqibinə başlanıb, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov (hərbiçilərin hüquqlarını müdafiə edən) həbs olunub. Bu barədə Siyasi Azadlıqları Müdafiə Alyansının (SAMA) koordinatoru Anar Məmmədli yanvarın 23-də keçirilən mətbuat konfransında bildirib.

“Hakimiyyət insan hüquqları müdafiəçilərini “vətənpərvər olmayan insanlar” kimi təqdim etməyə çalışır. Əslində isə biz, “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əleyhinə deyilik. Sadəcə olaraq biz müsabiqə başlayana qədər bütün siyasi məhbusların azad edilməsini istəyirik”, deyə Məmmədli bildirib.

Kampaniyanın digər üzvü, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus ölkədə 63 siyasi məhbus olduğunu xatırladıb və vətəndaş cəmiyyətini onların azad edilməsi tələbi ilə birgə ərizə imzalamağa çağırıb. O, təəssüflə qeyd edib ki, indi Azərbaycanda siyasi məhbusların taleyi beynəlxalq qurumları vətəndaş cəmiyyəti institutlarından daha çox narahat edir.

Yunus dünya KİV-lərinə və beynəlxalq təşkilatlara “Eurovision-2012: bakılıların qanı və göz yaşları” adlı informasiya xarakterli məlumat göndərmək niyyətindədir. Bu materialda Azərbaycanda insan hüquqlarının pozulması faktlarını təqdim edəcək.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov böyük bir jurnalistlər qrupunun Bakıya səfər edəcəyini bildirib və XİN-i onlara viza verməyə çağırıb. Bu zaman o, Skandinaviya ölkələrindən birinin çəkiliş qrupuna viza verilməsindən imtina olunduğunu qeyd edib.

* “Demokratiya naminə oxu” kampaniyasının təşəbbüsü 4 QHT-yə – RATİ, SDİ, SAMA və İnsan Hüquqları Klubudur. Hazırda kampaniyada 22 QHT iştirak edir. Onun məqsədi “Eurovision” ərəfəsində insan hüquqları problemlərinin həllinə yardım etməkdir.

Kampaniya 6 istiqamət üzrə fəaliyyət göstərir: siyasi məhbusların azad edilməsi, mülkiyyət hüquqlarının müdafiəsi, ifadə və toplaşmaq azadlığının reallaşması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi və viza verilməsi prosedurunun sadələşdirilməsi.

Kampaniya iştirakçıları hesab edirlər ki, “Eurovision-2012” demokratik azadlıqlar şəraitində keçirilməlidir. Məmmədli Avropa Yayım Birliyinin müsabiqənin siyasi tədbir olmadığı barədə bəyanatına təəccüb etdiyini deyib. O qeyd edib ki, bu qurum Qırğızıstanda ifadə azadlığının pozulması ilə bağlı fikrini bildirmişdi.

Məmmədli bildirib ki, kampaniyanın məqsədlərinə nail olmaq üçün onun üzvləri yaxın günlərdə müraciətlərdən və çağırışlardan etiraz aksiyalarına keçmək niyyətindədirlər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button