“Hop” deməmiş baş bulama

Babalıq

Çox əcəbdir ki, düşübdür Bakımız baş plana,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Dividentlər gətirir neft ilə qaz səltənətə,

Sumqayıtdan tutacaq, düz vuracaqlar Ələtə,

Qrimas vermə bu cür eyham ilə sir-sifətə,

Baş plan bir təzə iş, köhnə işi qurdalama,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Köhnələrdən bilirik, kim götürüb xeyri-karı,

Bu səfər ciddi qoyar söz sahibi dərkənarı,

“Levi” getməz, əmin ol, Baş planın bir dinarı,

Hələ mənzil də çatar həştadı atmış xalama,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Bu plan özgə məsəl, şirni gərəkdir cibinə,

Vəsait başdan aşır, büdcəni vursun dibinə,

Girəcəkdir smeta tən yarı məmur cibinə,

Çünki o, bir sürüdür, millət ona duz – yalama,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Nə düşübsən məmur üstə, cəfəng oğlu cəfəng?

Yeməsin, bəs necə etsin axı məmur pəzəvəng?

Mən özüm eyləmişəm onları yüz yol dəlibəng,

Nə ki yüz, min də desən, baxmayacaqlar kəlama,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Daha sus, qət olunub, məqsədə mütləq çatarıq,

Aqsıraq atmaq ilə eybimizi basdırarıq,

İldə bir gül-gül edib, küllüyə milyon atarıq,

Kəsədən tutma sözü, yum gözü, fırlan dolama,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

Yaylağı mülk eləyib, qışlağı verrik şorana,

“Əhsən” olsun belə bir tədbiri başdan qurana,

Son-axır ölkə tamam dolmalıdır Abşerona,

Babalıq, sən də çəkil, Baş planı parpılama,

Çox əcəbdir ki, düşübdür Bakımız Baş plana,

Mən ölüm, “hop” deməmiş Baş plana baş bulama.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button