“ŞAHİN AĞABƏYLİ MÜKAFATI” OLACAQ!

Dostları Şahin Ağabəylini 35 yaşının tamam olması münasibətilə təbrik etdilər…

Hamı üçün əziz dost və qardaş – Şahin Ağabəyli…

Şahin Ağabəylinin ad günündə – yanvar ayının 27-də dostları və medianın başbilənləri bir araya gəldilər. Giriş sözü ilə tədbiri açıq elan edən Əvəz Zeynallı Şahin Ağabəylinin keçdiyi şərəfli ömür yolundan danışdı:

– Şahin bizim hamımız üçün əziz dost və qardaş idi. Amma o, həm də peşəsini bilən, jurnalistikaya hörmət edən və etdirən qələm adamı idi. Təbii ki, mən qarışıq heç kim Şahinin dünyasını dəyişməsinə inana bilmir. Biz Şahinin adının yaşaması üçün əlimizdən gələni asirgəməməliyik. Bunu üçün bir araya gəlib Şahin Ağabəyli mükafatı təsis edə bilərik. Onun ailəsinin KİVDF-nin inşa edəcəyi binadan ev almaq üçün müraciət edə bilərik. Hesab edirəm ki, Şahinin adını əbədiləşdirmək bizim borcumuzdur. Mən onun ölümündən sonra onu nə qədər çox istədiyimin fərqinə vardım…

İnanmıram ki, Şahin bu gün aramızda yoxdur…

Daha sonra çıxış üçün söz “Yeni Müsavat” qəzetinin baş yazarı Rauf Arifoğluna verildi:
– Şahinlə çox yaxın olmağıma baxmayaraq, cəmi bir dəfə onun ad günündə iştirak etmişəm. 2003-cü ildə biz aclıq edəndə, yanvarın 27-i ad günündə Şahin bəy bizə qatılmışdı. İnanmıram ki, Şahin bu gün bizim aramızda yoxdur. Hərdən gmail adresimdə PİA-a gözüm sataşır, elə bilirəm ki, indi nəsə yazacaq. Şahin üçün edə biləcəyimiz əsas məsələ onun ailəsinin evlə təmin olunmasına nail olmaqdı. Bundan sonra “Sahin Ağabəyli mükafatı” da təsis edə bilərik. Hesab edirəm ki, hər il 27 Yanvar tarixində bu mükafat sahiblərinə verilə bilər. Nə qədər ki, qələm və əli qələm tutan müstəqil yazarlar var Şahin əbədi yaşayacaq. Biz də onu gələcək nəsillərə tanıtmaq üçün çalışacağıq.

Şahinin ruhu qarşısında borcum var…

Qənimət Zahid
“Azadlıq” qəzetinin baş redaktoru:
– Şahinin qara xəbərini eşidəndə inanmadım, yenə zarafat edirlər sandım. Amma xəbər dəqiqləşəndə düşündüm ki, həyatda neçə adam var ki, “öldü” xəbərinə inana bilmirsən, inanmaq istəmirsən. Biz Şahinə bu zaman ərzində o qədər isinişmişdik ki, şəxsən mən onun yoxluğuna özümü inandırmadım. Mənim Şahinin ruhu qarşısında borcum var. Bu borcu necə ödəyəcəyimi bilmirəm. Lakin çalışacağam ki, borcumu ödəyəm.
Şahin çox maraqlı və enerjili adam idi, hətta onun yorğunluğunda da enerji vardı. Bu çox az adamda ola bilər. Mən də o fikrə qatılıram ki, biz Şahinin adını əbədiləşdirməliyik. Şahin o kəslərdəndir ki, onun barəsində danışarkən adamın yadına daha çox xoş xatirələr düşür. Onun haqqında bədbin fikirlər adamın ağlına gəlmir.

Burada Şahinin sevdiyi adamlar var…

Eldəniz Elgün
“Unikal” qəzetinin şef redaktoru:
– Şahinin həyatda jurnalist kimi ən çox istədiyi adamlardan biri Rauf Arifoğlu idi. O, bu gün buradadır. Şahinin ən çox istədiyi insan Əvəz Zeynallı idi – bu gün bu işlərlə məşğulsan. Şahinin hər zaman umu-küsü etdiyi və ən çox sevdiyi adam Qənimət Zahid idi – Qənimət bəy də burada iştirak edir. Bu gün siz üçünüz də yanaşı oturubsunuz. Elə düşünürəm ki, Şahin Ağabəyli üçün birinci qiymət budur. Şahinin ən çox istədiyi yazarlardan Qan Turalı və Seymur Baycan buradadırlar. Elnur Astanbəyli də burada olmalı idi, Aqşin də. Şahin kövrələndə bu insanları yada salırdı.

Şahin barışdıran, toplayan, mehribanlıq yaradan idi…

Nürəddin Xoca
Şahinin dostu:

– Şahin bu dəfə yanlış etdi – o, özündən böyükləri dəfn etməli idi, bu əzabı bizə yaşatdı. Şahin barışdıran, toplayan, mehribanlıq yaradan idi. Düşməni olan adamlarla belə çay içə, onu bağışlaya bilirdi. Şahinin ən böyük özəlliyi və gözəlliyi barışdıra bilməyi idi. İndi onun barəsində deyiləcək çox söz var. Qorxaq deyildi, cəsur idi, gözəl dost, gözəl qardaş idi. Allah Rəhmət eləsin!

İndi özü yoxdur, amma yenə bizi darta-darta bir yerə yığıb…

Razi Abasbəyli
Şahinin dostu:

– Deyilən fikirlərin hamısını bölüşürəm. Şahinin barəsində keçmiş zamanda danışmaq ağırdı. Ona görə də mən indiki zamanda danışmağa çalışıram. Əslində, mən bir müddətdir ki, mediadan uzaq düşmüşəm. Amma Şahinin uzun müddətli dostu kimi əlində media olan və Şahini unudulmağa qoymayan hər kəsə, xüsusilə Rauf bəyə, Əvəz bəyə, Qənimət bəyə təşəkkür edirəm.
Bizim görüləcək işlərimiz çoxdur. Əgər bu gün bu tədbirə bu qədər yazar yığışıbsa, deməli, biz nəsə etməyə çalışırıq. Deməli, Şahinin adının əbədiləşməsi zərurətdir. Onun doğum günü bizim həmrəylik günümüz kimi qeyd oluna bilər. O, peşəsini yerinə yetirərkən dünyasını dəyişib. Bu məqamın üzərində dayanmaq lazımdır. Şahin seçkilərlə bağlı Media-Monitorinq üçün səfərlərinə gedirdi.
Bəzən elə tədbirlər olurdu ki, getmək istəmirdik, Şahin bizi o tədbirlərə darta-darta aparırdı. İndi özü yoxdu, amma yenə bizi bir yerə yığıb. Şahinə olan sevgimiz əbədi olacaq. İstərdim ki, hamı bir nəfər kimi Şahinin ailəsinə ev verilməsi məsələsində birləşək. Əlimizdə ciddi maddi resurslar olmasa da, ciddi təsir imkanlarımız var. Heç olmasa Şahinin ailəsini 1 otaqlı evlə təmin edək.

Şahinin övladına əlimizdən gələni etməliyik…

Sərdar Əlibəyli
“p.s.Nota” qəzetinin baş redaktoru:

– Məncə insanlara sağlığında qiymət verilməlidir. Bilmirəm, Şahin sağ olsaydı, onun ad günündə bu qədər adam olardımı? Mən də o fikirdəyəm ki, Şahinin övladına əlimizdən gələni etməliyik. Çalışmalıyıq ki, onun oğlu atasının qurban getdiyi amalların fonunda bir insan kimi yetişsin. Çalışaq ki, bu yol dayanmasın. Əslində çox ciddi məsələdir bu – Şahinin balasına bir ev təmin edə bilməyimiz həm də gələcək üçün bir örnək olacaq. Heç birimizin ölümdən sığortası yoxdu. Biz bütün həyatımızı mübarizəyə həsr edirik və “Balıqçı və balıq” nağılındakı kimi, bir də baxırıq ki, həyat bitib, amma ortada heç nə yoxdur.
Mən Şahinə “Allah Rəhmət etsin”dən çox, “sağ olsun” deyirəm. Çünki bu müzakirələri onun sayəsində edirik.

Şahin tanıdığım ən demokratik redaktorlardan biri idi…

Seymur Baycan
Şahinin dostu:

– Şahin dünyasını dəyişib deyə, nəsə xoş söz deməliyəm deyə yox, səmimi olaraq bildirirəm ki, o, tanıdığım ən demokratik redaktorlardan biri idi. Şahinlə bizim münasibətimiz birxətli olmayıb. Ara-sıra gedib-gəlmələr olurdu. Amma iş elə gətirirdi ki, çətinlik olanda bir-birimizi tapmağı bacarırdıq. Bizim dəstənin, yəni AYO-nun tanınmasında və formalaşmasında Şahinin böyük rolu olub. Baxmayaraq ki, o, bizim yazdıqlarımızın əksəriyyəti ilə razılaşmırdı. Biz onun inandığı dəyərlərlə məzələnirdik. Amma o bizə “Milli Yol” qəzetinin 9 səhifəsini ayırmışdı. Hətta bizə görə çox adamla üz-göz olurdu, hətta bir dəfə söhbət davaya qədər uzanmışdı. O zaman biz aradan çıxmışdıq, həmin adamlarla Şahin tək qalmışdı. Biz Şahinlə həmyaşıd idik və bir-birimizi çoxdan tanıyırdıq. Bura yığışmağımızın məqsədi də Şahin Ağabəyli idi. Mən təşəkkür edirəm ki, bu gün bura çox fərqli insanlar toplaşıb Şahini yad edir. Tədbiri təşkil edənlərə də təşəkkürümü bildirirəm. Baxmayaraq ki, gözləmədiyimiz çətinliklər ortaya çıxdı, başqa məkanda keçirilməli idi, burada oldu. Yenə də hamıya təşəkkür edirəm.

Gözləyirəm ki, “facebook”da yaşıl işıq yanacaq…

Qan Tural
Şahinin dostu:

– O gün mən orada idim. Hər şey saniyə-saniyə yadımdadır. Amma hələ də onun yoxluğuna inana bilmirəm. Mən qəzet oxumağa “Milli Yol”la başlamışam. Sonralar o qəzetdə işləmişəm və hər zaman Şahinin səmimiliyini, mehribanlığını hiss etmişəm. Onunla görüşmək, danışmaq çox xoş idi. Amma indi əfsuslanıram ki, gərək Şahinlə lap çox görüşüb, lap çox söhbət edəydim.
Onu da bildirim ki, Şahinin yoxluğuna hələ də inana bilmirəm. O, dünyasını dəyişən gün bir yazı yazıb “Abzas”a qoydum. 2-3 həftə sonra həmin yazını “Xural”da gördüm, mənə elə gəldi ki, bu yazını mən yazmamışam. O qədər emosiyalarla yazmışam ki…
Hələ də gözləyirəm ki, “facebook”-da yaşıl işıq yanacaq.
Onu da qeyd edim ki, “facebook”da bir insan dünyasını dəyişən zaman şəklinə qara lent qoyulur. Lakin bunu şəbəkə rəhbərliyinə bildirmək lazımdır. Düşünürəm ki, bunu etməliyik. Çünki sistem hərdən bildiriş verir ki, siz Şahin Ağabəyli ilə çoxdandır yazışmırsınız. Texnikanın bu sualı qarşısında nə edəcəyimizi bilmirik. Onun səhifəsinə nə yazmalı olduğumuzu da bilmirik. Axı yazdıqlarımızı Şahin oxuya bilməyəcək…

Mən yenə də onun yoxluğuna alışa bilmirəm…

Anar Niftəliyev

Səhv etmirəmsə Seymur Baycanın yazısında oxumuşdum ki, mən sevdiyim insanların adını telefonumdan silə bilmirəm. Baxdım ki, mən də həmişə belə olmuşam və Şahin Ağabəylinin nömrələri hələ də telefonumdadır. Sosial şəbəkədə hələ də Anarla Şahindən yazışırıq. Virtual olaraq o ya.ayır, sadəcə olaraq görüşə bilmirik. Bu həftə “facebook”da Şahinin doğum günü bildirişini görəndə bir anlıq telefona əl atıb ona zəng etmək istədim…

Fikrət Fərəməzoğlu

Şahinlə dostluq əlaqələrimiz çox qarma-qarışıq dövrü əhatə etdi. Son günə kimi əlaqəmiz vardı, hətta o səhər yola çıxacaqdı amma biz gecə yazışırdıq. Nəyi necə edək, seçki ərəfəsində hansı proyektləri həyata keçirə bilərik deyə müzakirələr olurdu. Səhər Anar mənə o xəbəri deyən də, onu acıladım ki, bəsdir belə zarafat etmə! Səhər yuxudan oyanan kimi zəng edirsən ki, Şahin artıq yoxdur. “Morq”un qabağında Qənimət bəyi damağında siqaretlə görəndə də yenə inanmadım, dedim bəlkə yanlışlıq var. Cənazəni görəndə isə inandım amma qəbul edə bilmədim. Şahin gün ərzində 1-2 dəfə məni arayıb görüşməyimizi istəyirdi. Mən səbəbi bildiyim üçün görüşdən qaçırdım. Hər dəfə məni saatlarla danışdırıb sonra da “bunları yaz” deyirdi, söhbət bununla da bitirdi. Görüşməyəndə ürəyindən keçən ən xoş sözləri sms-şəklində telefonuma və elektron ünvanıma yazırdı…

Şahinin bura yığdığı adamları heç bir siyasətçi yığa bilməzdi…

Anar Gəraylı
Şahinin dostu:

– Bizə elə gəlir ki, Şahin 35 yaşında dünyasını dəyişdiyinə görə, onu bu qədər çox sevirik. Amma bu hadisə 65 yaşında olsaydı, yenə bu qədər üzüləcəkdik. Şahinin bu gün bura yığdığı adamları heç bir siyasətçi bir araya yığa bilməzdi. Bu baxımdan, Şahin çox önəmli idi.
Mən hər zaman onun yoxluğu barədə düşünəndə deyirəm ki, ölüm başqa bir həyatın başlanğıcıdır. Bəzən Şahinə ehtiyacım olanda onu yanımda görmürəm, amma artıq onun bu vəziyyətdə necə qərar verəcəyini təxmin edib addım atıram.
Bu tədbirə gələndə düşünmürdüm ki, biz Şahinin yoxluğundan danışacağıq. Ötən il kasıb şəraitdə 34 yaşını qeyd edəmdə demişdi ki, 35 yaşı yaxçı təşkil edərik. Mən bu gün ötənilki yerdə Şahinin 35 yaşını qeyd edəcəyəm…

Tədbiri mərhum yazarın qardaşı, PİA.az saytının sahibi Azər Qaramanlı qapadı. O, öz adından və ailələri adından Şahin Ağabəylinin dostlarına təşəkkürünü bildirdi.
Daha sonra isə tədbir iştirakçıları iş başında dünyasını dəyişdiyi üçün KİVDF-nın tikəcəyi evlərdən birinin Şahin Ağabəylinin ailəsinə verilməsi üçün müraciət etmək qərarına gəldilər. Bu məsələ “Yeni Müsavat” qəzetinin baş yazarı Rauf Arifoğluna həvalə olundu.
Şahin Ağabəyli mükafatının təsis edilməsi ilə bağlı da işçi qrupunun yaradılması qərara alındı.

Vüqar İftixaroğlu

İ.S.Onu bu yubiley yaşında təbrik etmək üçün bir masa ətrafında yığışan dostları, günün axşamı da Şahinin ötən il ad gününü qeyd etdiyi restoranda onun şərəfinə qonaqlıq təşkil etdilər. Qonaqlıqda Şahinin dostları, mətbuata gəlməsində rol oynadığı tələbələri və təbii ki, ruhu vardı. Şahin Ağabəylinin yubiley tədbiri gecənin gec saatlarına qədər davam etdi.

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

qənimət əvəz raufanar gəraylıqənimət əvəz rauf

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button