“Troya atı” və ya…

Nurəddin Xoca

…İslamçıların həbsi provokasiyadırmı?

Ərəb yarımadası aşıb-daşır. Diktatorların, hökmdarların taxt-taclaı titrəyir, küçələrə insan qanı tökülür. Hamısı nədən? Haqsızlıqdan, korrupsiyadan, bir nəfərin hamının haqqını yeməyindən, zülmə qarşı olmalı olanlar zülmün yanında olduqları üçün. İmam Hüseynin faciəsini (faciəsinimi?) mədh edənlər zülmə baş əyirlər. Həccə gedib günahlarını tövbə edənlər həcdən qayıdan kimi öz kabinetlərində, tacir də ticarətxanasında bu millətin qanını sorur – bax budur inqlabı yaradan hadisələr. Bunları mən demirəm…

…O gün pensionerlərin çayxanasında idim. Mən hərdən ora gedirəm. Çox maraqlı yerdir. Oturub qəzet oxuyurdum ki, qonşu masadakı 3-4 ağsaqqalın danışıqlarını eşitdim. Biri mənim yuxarıda yazdıqlarımı deyirdi. Biri deyirdi: “Yox, bizdə inqilab ola bilməz, görmürsənmi bizimkilər heç bayıra çıxmır, hər kəs çörək pulu dalınca qacır. Hökumətin də heç vecinə deyil.”

“Yox, yox, elə demə. Necə yəni hökümətin heç vecinə deyil”, – bunu bayaq danışan ağsaqqal dedi. Mən bu ağsaqqalın danışdıqlarını eşitdiyim üçün diqqətlə qulaq kəsildim. Bir siqaret yandırdı. “Bəs neçə-neçə iclaslar, bəs o gün prezident hamını yığıb verdiyi qulaq burması nədir? Bəs prezident aparatında olan iclaslar. Düzdür, heç bir xeyri yoxdur. Yenə hamı öz işindədir. Heç kim bir manatından da keçmir. Rüşvət artdı ki, azalmadı. Amma bunlrın hamısı boş şeydir. Əsas bilirsinizmi nədir? Eşitmisinizmi, islamçıları həbs ediblər? Bax əsas hökümətin mən biləni gördüyü tədbir bu idi. Görün, mən nə fikirləşmişəm, bu hicab məsələsi bizdə sizcə eləmi böyük problem idi? Bax görün bunlar nə edir? Niyə susursunuz?”

Onlar müsəlman aləmini bürüyən bu təlatümlərin bizə sirayət edəcəyindən qorxaraq “Troya atı” əməliyyatı həyata keçirirlər. Hicab məsələsini ortaya atırlar, buna etirazı kimlər edəcək? Təbii olaraq islam təmayüllü qüvvələr. Bax görürsünüz… Hökumətə başını qaldıranları tutub basır dama. Sonra da evlərindən silah-sursatdan tapır və adını qoyur “dövlət çevrilişi”. Gör çevriliş eləyənin evindən nə tapırlar? 2 avtomat və 2 daraq güllə. 2 daraq! Çevrilişi 2 daraq güllə ilə edəcəkdilər? Sonra da bütün dünyaya göstər ki, islamçı qüvvələr silahlanıb dövlət çevrilişi etmək istəyirdilər.
Ağsaqqalın o birisi dedi:

– Axı dövlətin nəyinə gərək 20-30 nəfərə görə biabır olsun?
– A kişi, buna önləyici tədbir deyərlər. Guya başqa yerlərdə necə başlamışdı? Neçə nəfərlə? Birində göyərti satanı öldürdülər. O birisində daha kimisə. Əslində bunlar hamısı bir bəhanədir. Bütün diktaturalar barıt çəlləyində otururlar. Bax, həmin o 5-10 nəfər fitil rolunu oynayır. Bizdə də elə. O fitillər barıt çəlləyinə yaxınlaşmamış onları zərərsizləşdirirlər. Əslində, provokasiya hökümətdən gəldi ki, islamçılar onların əlinə bir bəhanə versinlər, onlar da islamçıları tuta bilsinlər. İslamçılar da hicaba protesto edərək, bu bəhanəni onlara verdilər.

Bu ağsaqqallar danışa-danışa durub getdilər. Mən durub onların arxasınca da gedə bilərdim. Amma fikirləşdim ki, niyə? Bu gün danışmağa haqqı olan versiyalardan biri idi əslində bu. Dünya tarixində bundan bivec planların həyata keçdiyini görməmişikmi? Çox görmüşük. Lakin bütün bu planların həyata keçməsi üçün məkanla zamanın üst-üstə düşməsi şərtdir. Bir də bu planları qurub həyata keçirən adam çox önəmlidir. Bütün bunlar üst-üstə düşməsə, çox böyük faciələr gözləyir bizi. Düzdür, bütün bunların hamısı xəyal ürünüdür. Lakin bu fani dünyada hər şey ola bilər. Axı həmişə küçədə camaat danışan axırda düz çıxır…

İ.S. Mən fikirləşmirəm ki, hökumət belə bir provokasiyaya əl atsın. Ən azından, Tunis, Misir və başqa hayqıran dövlətlərdən örnək götürməlidirlər. Axı sel gəlirsə, onun qabağını almaq mümkün deyil, onun qabağından ancaq çəkilmək olar. Dindar qardaşlarımızı da heç nədən tutmaq Allaha xoş getməz. Demokratik dövlətlərdə heç kim hec nəyə məcbur edilə bilməz.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button