“ÜMİD”İN ƏVƏZİ

Anar Mahmudoğlu

“Ümid” adlı Körpələr Evi gözünü “Xural” qəzetinə, Əvəz Zeynallının verəcəyi 10 min manata dikibmiş…

Doğrusu, vəziyyətin bu duruma düşməsindən çox rəncidə olmuşam: günümüzə bax, hamı gözünü Ümidə dikir, “Ümid”sə Əvəzin əlinə boylanır! Bu ölkənin yiyəsimi yoxdu, sahibsizdimi ki, yetim-yüsür Əvəz Zeynallının umuduna qalsın? Əvəz bu yazıq və zavallı mətbuatın yetim redaktorlarından biridir: heç yetimi də yetimin umuduna qoyarlar?

Söhbətin nədən getdiyini anladınız yəqin. Azərbaycan Prezident Administrasiyasının rəhbəri, görkəmli filosof-alim, tanınmış akademik, ölkəmizin de-yure beşinci, de-fakto ikinci şəxsi, dövlətimizin ən önəmli siyasi simalarından biri olan çox hörmətli Ramiz Mehdiyev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını məhkəmədə 10 min manat – Əvəz bəyin sözü olmasın – cəri-Mələdib! Və cəri-Mələtdiyi vəsaitin “Ümid” körpələr evinə köçürülməsini məhkəmədən xahiş edib. Nəymiş səbəb? Demə, Əvəz Zeynallı dərc elədiyi “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!!” adlı yazıda hörmətli akademikin şərəf və layaqətinə toxunubmuş. Diqqət edin: Əvəz Zeynallı Ramiz Mehdiyevin şərəfinə toxunub!

Özümü bir kənara qoyuram – heç nədən xəbərim yoxdu, heç nə də bilmirəm. Sizdən soruşuram: Əvəz Zeynallı o boyda Ramiz Mehdiyevin şərəf və ləyaqətinə toxuna bilərmi? Əvəz kimdi ki, hörmətli akademikimizin yanından yel olub ötsün? Onun boyumu buna imkan verir, siyasi çəkisimi, sosial statusumu? Hansı dəyərə və hansı meyara görə Əvəz hörmətli Ramiz müəllimin ləyaqətinə toxunmağa cəhd edə bilər?

Mümkün deyil! O ayrı məsələ ki, Əvəz Zeynallının yatıb yuxusunda belə cəsarət etməyəcəyi bir halın baş verməsini Ramiz müəllim özü ehtimal edib də onu məhkəməyə çəkib. Və mən Ramiz müəllimin nə qədər humanist, nə qədər insani bir davranış nümayiş etdirdiyinə məəttəl qalmışam, əlim-ayağım yerə yapışıb. Doğrusu, məhz elə hörmətli akademikdən bu cür humanizm gözləyirdim: Ramiz müəllim cəmi 10 min manat cərimə və kəsilən cərimənin “Ümid” körpələr evinə verilməsini istəyir.

Heç bir halda bu iddianı qəbul edə bilmirəm: necə yəni Ramiz müəllimin ləyaqət iddiasına məhkəmə cəmi 10 min manat cəza kəssin. Belə şeymi olar? Tutaq ki, Ramiz müəllim təvazökarlıq eləyib, bu rəqəmi göstərib, bəs, məhkəmənin özünün insafına nə gəlmişdi? Ramiz müəllimin şərəf və ləyaqətinin qiyməti trilyonlarla ölçülməlidir, daha doğrusu, ümumiyyətlə, ölçülməməlidir, onun qiyməti yoxdur! Kim və hansı səlahiyyətlə bu qiymətləndirməni aparıb? Ramiz müəllimin verdiyi çörək gözünüzdən gəlməsin, yazıqsınız, adam da o boyda kişiyə belə hörmət qoyar? 10 min manat nədir? Siz Əvəz Zeynallının canını almalı olduğunuz halda, bu nə oyundur qurmusunuz? Kimin əmisi oğlusunuz?

Təki adama təsir edən məqamlar bununla bitəydi; amma bitmədi – məhkəmə icraçıları mayın 10-da, ümummilli liderimizin doğum günündə “Xural” qəzetinə ödənilmə ilə bağlı tələb göndərdi, cəmi 3 gün sonra, Avropanın söz azadlığı ilə bağlı müzakirələr apardığı bir gündə redaksiyanın əmlakını hərraca çıxarmaq üçün siyahıya aldı…

Görün, “Xural”ı necə xoşbəxt edirlər:

1) Bütün dünyaya göstərirlər ki, ölkənin ən iri məmurunun azad söz basqısı var;

2) Əvəz Zeynallı kimi yetim oğlanın əlinə sənəd verirlər ki, işlətdiyin kompüterlər sənin deyil ha, Ramiz müəllimindir!

Bir tərəfdən dünyanı bizə güldürürlər, digər tərəfdən Əvəzin hörmətini artırırlar: Zeynallı daha adama salam da vermir – zarafat deyil, artıq Əvəz Zeynallı hörmətli Ramiz Mehdiyevə məxsus kompüterdə işləyir, daha bizi sayarmı?

Hələ şadlığına şitlik də eləyir, mətbuat konfransı keçirir və bunu azad sözə təzyiq adlandırır. Adam hələ dərk etmir ki, o boyda haqqısabdan sonra başı üstündədirsə, bir yeyib – təbii ki, əgər tapsa – min sadağa verməlidir.

Bu həngamədə Vüqar Qurdqanlının mesajı adamı lap dəli edir: Rəsul Quliyev telefonla müşavirə keçirən kimi, bu da mətbuat konfransına zəng eləyir və deyir ki, böyrəyimi satıb Ramiz Mehdiyevin cəriməsini verəcəyəm! Vüqar, böyrəyini satmaq “orqan transplantasiyasıdır” ki, bu da insan alveri deməkdir. Bizim ölkədə belə biabırçılıqmı var? Azərbaycanı harayla qarışıq salmısan?

Ikinci tərəfdən, sən illərlə istirahət görməyən, düz-əməlli işləməyən, çay əvəzinə bütün günü rəngli suyla bəslədiyin özündən əvvəl qocalmış böyrəyini hara və kimə sırıyırsan?

“Azadlıq” qəzeti, 18 may 2011-ci il

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button