“Vüqar Səfərli arzu edirsə…”

elbrus ərud“Mən istənilən şəxsə qarşı sözümü və etirazımı hər zaman açıq bildirmişəm. Açıq mübarizədən istifadə etdiyimə görə indiyə kimi itirdiklərimi də əslində, özümə qazanc sayıram. O cümlədən hörmətli Vüqar Səfərli və onun rəhbərlik etdiyi Fonda qarşı münasibətimi də hər zaman açıq bildirmişəm. Və sözümü şəxsən bu fondun rəhbərlərinə demək imkanı olanda da çəkinməmişəm. Demişəm də, yazmışam da, ancaq iki sifət insanlar kimi üzlərinə hırıldayıb, dallarınca danışmamışam… Mənə İnandığım kömək olsa, hələ bundan belə də öz inandıqlarımı eləyəcəm” . Bu açıqlama ilə “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud çıxış edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərilinin mətbuata açıqlama verərək əleyhinə yaradılan saytla bağlı “Qafqazinfo”dan şübhələnməsinə münasibət bildirən E.Ərud bildirib ki, belə absurd ittihamlar məlumatsızlıqdan, informasiyasızlıqdan, qərəzdən və başqa səbəblərdən doğur: “Bu ittihama mən bir çox formalarda cavab verə bilərəm. Ancaq bəzi məsələləri qısaca aydınlatmaq istəyirəm. Bütün ölkə ictimaiyyətinə məlumdur ki, rəhbərlik etdiyim saytda Vüqar Səfərilinin icraçı direktor olduğu fondun müsabiqəsində öz oğluna birinci yer verməsi ilə bağlı material dərc etmişdim. Bu məsələyə aid deyim ki, mən həmin vaxt V.Səfərlinin öz oğluna rəhbər olduğu fondda birinci yer verməsini ədalətsizlik kimi qiymətləndirmişdim. Və bu gün də həmin fikrimdə qalıram. Ola bilər ki, onun oğlu ən yüksək mükafatlara belə layiqdir.

Mən əvvəllər də, üzbəüz rastlaşdığımız vaxtlar Vüqar Səfərliyə keçirdikləri müsabiqədəki çatışmazlıqlarla bağlı fikirlərimi bildirmişəm, onlar da dinləyib, təkliflərə çıxış etməyimi məsləhət görüblər. Yəni bildirmək istəyirəm ki, mən hər zaman sözümü insanların üzünə demişəm. Kiminsə dalınca gizli adlarla mübarizə aparmamışam. Bunu da vurğulamaq zəruridir ki, nə sözügedən fondun, nə də başqa təşkilatların keçirdikləri müsabiqələrdə iştirak etməmişəm, yazı verib, qalib olacağım günü gözləməmişəm.

İki gün əvvəl isə saytda Vüqar Səfərlinin əleyhinə bloq yaradılması ilə bağlı xəbər daxil olub. Həmin xəbəri də portalda yerləşdirmişəm. Özü də Vüqar Səfərlinin əleyhinə kimlərin nələr danışması məni az maraqlandırdığına görə heç həmin sayta bir dəfə də olsun baxmamışam, heç bundan sonra da baxmaq fikrim yoxdur. Mən sadəcə xəbər vermişəm. Və eyni zamanda düşünürəm ki, gizli ad altında istənilən şəxsə qarşı aparılan mübarizə qorxaqlıqdan, zəiflikdən xəbər verir. Belə bir şəraitdə, təkcə bu xəbərin mənim saytımda getməsinə görə, adımı hədəfə götürərək, məsuliyyətsiz açıqlamalar verilməsini düzgün saymıram. Düşünürəm ki, KİVDF kimi bir fonda rəhbərlik edən şəxs əlində fakt olmadan danışmamalıdır, irəli sürdüyü ittihamın arxasında dayanmağı bacarmalıdır, sübutu olmalıdır. Məsələn, bir nümunə də göstərə bilərəm. Necə ki, biz fondun keçirdiyi müsabiqəsi ilə bağlı faktlara söykənən materiallar vermişdik. Əks halda bu çox arzuolunmaz nəticələr yarada bilər. Yeri gəlmişkən, son bir ayda Vüqar Səfərlinin və onun yaxınlarının fəaliyyəti haqqında redaksiyaya daxil olan onlarla materialın dərcindən imtina etmişəm. Düşünmüşəm ki, məlum mövqeyimizdən sonra bu yazıları da çap etmək qərəzli ola bilər və imtina etmişəm. Nümunə üçün arzulayan olsa onlardan birini çap edə və ya Vüqar müəllimin şəxsi poçtuna da göndərə bilərəm.

Sonda mən bir daha bəyan edirəm ki, bundan sonra da mövqeyimdən, yəni öz adımla danışmaq bacarığımdan, hətta bu hansısa məhrumiyyətlər hesabına olsa belə çəkinmək fikrim yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button