“Xural” etiraz aksiyasi keçirəcək!

“Xural” “Azadlıq” meydanına mitinq təyin etdi!

İyunun 19-da, bazar günü, saat 19.00-20.00 arasında azad sözü müdafiə mitinqi keçiriləcək!..

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı may ayının 23-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova azad sözə qarşı başlanan səlib yürüşünə etiraz olaraq mitinq keçirmək üçün müraciət edib. Müraciətdə deyilir:

“2002-ci ildən Azərbaycan mətbuatında “Xural” qəzeti olaraq fəaliyyət göstəririk. 9 illik zaman zərfində ölkə mətbuatında özünəməxsus mətbu siyasət izləmiş, azad sözün və müstəqil mətbuatın keşiyində dayanmışıq. Heç bir siyasi qrup, ya da qruplaşmanın təsirində olmamışıq. Heç bir oliqarxa, məmura, merə, siyasi partiyaya, hakimiyyətyönümlü və ya müxalifət şəbəkəsinə tabe olmamış, yalnız millətimizin və dövlətimizin yanında olmuşuq. Müstəqil mətbu vasitə kimi fəaliyyət göstərdiyimiz bu 9 ildə Azərbaycan çapında böyük layihələr həyata keçirmiş, millətimizə önəmli tarixi günlər hədiyyə etmişik.

“Xural” təkcə azad sözün və müstəqil mətbuatın cəbhəsində döyüşməyib, qəzetimiz həm də milli-mənəvi dəyərlərin keşiyində dayanıb, onları gözünün bəbəyi kimi qoruyub. Bu illər ərzində prinsipiallığından və mətbu qanunlarından bir qətrə də geri durmayan “Xural” qəzeti nə az, nə çox – düz 29 dəfə məhkəmə çəkişmələrinə düşüb və onların əksəriyyətindən uğurla çıxıb. Ədalətsiz məhkəmə cərimələri, kəsilən maliyyə sanksiyaları, qoyulan digər məhdudiyyətlər bizi yolumuzdan döndərə bilməyib. Bu gün də başımız qaldadır və bu gün də ədalətsiz məhkəmə orqanlarının kəsdiyi haqsız maliyyə sanksiyaları bizi taqətdən salmaqdadır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səlahiyyətlərindən istifadə edərək bizi və bizim timsalımızda azad sözü boğur. O, bizə ədalətsiz məhkəmələrdə 10.000 manat cərimə kəsdirib və sizin canınızdan çox sevdiyiniz Heydər Əliyevin doğum günündə – 88 illiyində onu icraata yönəldib. Ramiz Mehdiyev bununla da kifayətlənməyib, barəmizdə illər bundan əvvəl kəsilən cərimələri icraata yönəltdirib, inzibati amirlik üsullarından istifadə edərək, Ədliyyə icraçıları vasitəsilə qəzetimizin bütün əmlakını müsadirə olunmaq üçün siyahıya aldırıb. Biz bütün dünya ictimaiyyətinə müraciət etmiş, problemi bir çox beynəlxalq təşkilatların diqqətinə çatdırmışıq. Onun bu hərəkətlərini ABŞ dövlət departamenti də illik hesabatına salıb.

İndi də demokratik üsullardan istifadə edərək Azərbaycan xalqına şikayət etmək istəyirik. Azərbaycan xalqını yardıma çağırmaq və onu azad sözə basqıda yanımızda görmək üçün Konstitusion hüququmuzdan istifadə edərək, iyun ayının 19-da, həftənin bazar günündə, saat 19.00-20.00 saatlarında “Azadlıq” meydanında mitinq keçirəcəyik. Sizdən mitinqin və azad sözə dəstək vermək üçün mitinqə gələn insanlarımızın təhlükəsizliyinin təmin olunmasını xahiş edirəm. Mitinqdə yalnız azad söz haqqında şüarlar səsləndiriləcək. Mitinqimiz xalqa açıq olacaq.”

Əvəz Zeynallı məktubunun sonunda Bakı Şəhər İcra Hakimiyyətinin diqqətinə alternativ mitinq meydanlarını da çatdırıb. Bunlar “Azadlıq” meydanının uyğun görülməyəcəyi təqdirdə, Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı və Sahil bağıdır.

Bakı Şəhər İcra Hakimiyyətindən absurd cavab!

Meriya “Azadlıq” meydanını verməyib, təklif etdiyimiz alternativlər haqqında isə ümumiyyətlə, fikir bildirməyib…

Ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından redaksiyamıza verilən məktubda mitinq tələbimizə cavab verilib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ünvanlanan və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov tərəfindən imzalanan məktubda deyilir:

Sizin 23 may 2011-ci il tarixli məktubunuza Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır.

Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 933 saylı 17 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhərinin mərkəzində yerləşən “Azadlıq” meydanında yalnız Azərbaycan xalqının birliyini əks etdirən ümumdövlət tədbirləri, ümumxalq təntənələri, Azərbaycan Respublikasının və Bakı şəhərinin əlamətdar tarixi günlərinə həsr olunmuş paradlar, nümayişlər və xalq gəzintiləri kimi kütləvi tədbirlərin keçirilməsi mümkün hesab olunur.

Həmçinin bildiririk ki, müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında”Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin II hissəsinin 4-cü və 6-cı bəndlərinin tələblərinə cavab vermir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin III hissəsinin 3 bəndini və yuxarıdakıları nəzərə alaraq müraciətinizdə göstərilən “Azadlıq” meydanında 19 iyun 2011-ci il tarixdə saat 19.00-dan 20.00-dək planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab olunmur.”

 

Xatırladaq ki, biz Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktubda “Azallıq” meydanının uyğun görülmədiyi təqdirdə alternativ meydanları da göstərmişdik. Bunlar Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı və Sahil bağı idi. Bakı Şəhər İcra Hakimiyyəti başdansovdu cavabında bu məqamı ya unudub, ya da bunlar işlərinə həmişə belə səhlənkar yanaşırlar.

Olsun. Biz tələblərimizdə qalırıq və meriyaya yenidən müraciət etməkdə qərarlıyıq.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button