«Fövqəlnazir» Şerlok Holms rolunda!

Kəmaləddin Heydərov işçiləri ilə bacara bilmir
Ötən həftə bir otaqda oturan və «iqra» oynayan əməkdaşların hamısı işdən uzaqlaşdırılıb…

Fövqəladə Hallar Nazirliyində təzə vərdiş peyda olub. İş-gücü buraxan nazirlik əməkdaşları bilgisayar oyunlarına qurşanıblar. Məmləkətin dərdi ilə çox məşğul olub hamısını yoluna qoyduqlarından olmalıdır ki, artıq bu nazirliyin otaqlarında səhərdən-axşama bilgisayar oyunları oynanır. XuralTAC əməkdaşlarının özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, Fövqəladə Hallar Nazirliyində bu məsələ pik nöqtəsinə çıxıb və birbaşa nazir Kəmaləddin Heydərovun diqqətini özünə cəlb edib. Müavinlərini və digər səlahiyyətliləri kabinetinə çağıran və bu haqda ciddi xəbərdarlıqlar edən «fövqəlnazir» heç bir nəticə əldə edilmədiyini görüb özü işə başlamaq məcburiyyətində qalır. Bir neçə dəfə ümumi iclaslarda da nazirliyi bir oyun kabusunun basdığını, heç kimin işlə məşğul olmadığını, məsələ mətbuata çıxarsa biabır olacaqlarını diqqətə gətirsə, əməkdaşlarına dəfələrlə xəbərdarlıq etsə də, onu eşidən olmur. Nazir məcburiyyət qalaraq bir neçə gün işə gəlməyəcəyi haqqında nazirlik daxilində məlumat yayır. Və… həqiqətən də bir neçə gün işə çıxmır.

XuralTAC əməkdaşlarına nazirlik daxilindən verilən məlumatlara görə, işçilərini rahat salan Kəmaləddin Heydərov heç öz müavinlərinə belə xəbər vermədən işə gəlir və qarşısına çıxan ilk iş otağına daxil olur. Qəfildən naziri başının üzərində görən əməkdaş çaşıb qalır və cəhd edir ki, bilgisayarında oynadığı oyunlardan çıxsın. Amma təbii ki, «suçüstündə yaxalanan» əməkdaş buna nail ola bilmir və nazir qarşısında guya ki, «oyunları bilgisayarın yaddaşından silmək istədiyini» deyərək, sudan quru çıxmaq istəyir. Amma buna da ölkənin ən fövqəladə naziri deyərlər. Eynilə Şerlok Xolms kimi əməkdaşlarını oyun başında yaxalayan nazir əsəbindən digər əməkdaşların nə etdiyi ilə maraqlanmır belə. Nə az, nə də çox, bütün otaqda əyləşən işçilərin hamısını bir əmrlə işdən azad edir – bir adam oyun oynayırsa, deməli, hamı oynayır. Ya da hamının o adamın oyun oynamasından xəbəri var. Xəbər varsa, deməli, nazirə yalan danışırlar. Yalan danışırlarsa, deməli, burada əyləşənlərin hamısı bir daha burada işləməməlidir. Nazir Kəmaləddin Heydərov bu məntiqlə də bütöv bir otağı işdən azad edir.

Aldığımız məlumatı dəqiqləşdirmək istədik. Təəssüf ki, Kəmaləddin Heydərovun mətbuatla əlaqələri yaxşı olsa da, rəhbərlik etdiyi nazirliyin mətbuat xidməti işləmir. Biz olduq, FHN-nin mətbuat xidmətinin telefonları oldu, cavab vermədi ki, vermədi. Tural Müseyibovu da görən cənnətlik olur. Adamın facebookdan başqa uğrayacaq yeri də yoxdur ki, tapa bilək. Kim bilir, əməkdaşlarına bilgisayarda oynamağı qadağan edən Kəmaləddin Heydərov bəlkə bir gün işçilərinə facebookda gəzişmələri də qadağan edəcək?!
Hələliksə, FHN-dən gələcək münasibətləri də yayınlamaq arzusu ilə…

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button