«Vicdan məhbuslarının arxasında onların 24 körpə uşağı durur»

Dekabrın 17-də AXCP Qadınlar Şurası dünən maraqlı bir təşəbbüslə çıxış edərək həbsdə olan vicdan məhbuslarının övladlarına yeni il şənliyi keçirdi. Tədbirin keçirilməsində məqsəd məhbus ailələrini bir araya yığmaq və cəmiyyətin diqqətini bir daha onlara yönəltmək olub. Tədbir iştirakçıları arasinda vicdan və siyasi məhbusların  – 2 aprel mitinqinə görə həbsdə olan AXCP fəalları Şahin Həsənlinin, şərti cəza alan Fuad Qəhrəmanlının, Arif Alışlının, Zülfüqar Eyvazlının, Babək Həsənovun, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin, baş redaktor Əvəz Zeynallının övladları, həmçinin gənc fəal Elnur Məcidlinin və Ülvi Quliyevin bacısı uşaqları da olub. AXCP sərinin müavini Gözəl Bayramovanın sözlərinə görə, ““Vicdan məhbusları bütün bu proseslərin görünən hissəsidir. Amma əslində bunun arxasında onların 24 körpə uşağı durur. Bu, elə belə deyil. Bu qədər uşağın taleyi sual altındadır. Mən istəmirəm ki, bu gün bu körpə balaların ürəyində hər hansı iz qalsın. Heç bir hakimiyyətin haqqı yoxdur ki, bu uşaqların taleyi ilə oynasın, onların atalarını günahsız yerə məhbəsdə saxlasın. Biz hakimiyyətə bir daha demək istəyirik ki, onların həbs etdiyi insanlar heç bir qanunu pozmayıblar. Sadəcə, konstitusiyanın verdiyi hüquqlardan istifadə etməklə azad fikirlərini deyiblər. Buna görə isə insanları məhbəsə atmaq olmaz. İlk dəfə bir araya gələn vicdan məhbuslarının övladları, ataları haqqında danışdılar, onlarla qürur duyduqlarını qeyd etdilər. Tarixin bir günü də belə yazıldı… Bu uşaqlar qəhrəman atalarının yolunu gözləməkdə… İlham Əliyev və onun komandasının bu barədə nə düşündüklərini bilmirəm, hansı addım atacaqlarını da bilmirəm… Ancaq bildiyim bir şey var- Uca Tanrı hər övlada atasıyla qürur duymaq şansı vermir. Millət, vətən öz qəhrəman ovladları ilə tanınır, tarixin şərəfli səhifələrinə onların adları yazılır… Biz də öz qəhrəmanlarımızla qürur duyuruq!..”

Tədbirdə uşaqlar müxtəlif oyunlarla şənləndirildilər, rəqs etdilər.  Onların öz atalarının şəkli yanında dövlət himnini oxuması, tədbir iştirakçılarını qürurlandırdı. Bir neçə saat davam edən mərasimdə olduqca duyğulu anlar yaşandı.  Əvəz Zeynallının qızı balaca Selcanın “Mən atamla qürur duyuram” deməsi, Şahin Həsənlinin oğlu Fəridin və qızı Nərminin qürurla söylədikləri qəhrəmanlıq şeirləri, Fuad Qəhrəmanlının qızı Selcanın ağıllı fikirləri, Vidadi Isgəndərlinin böyük qızı Həbibənin “Ürəyimiz həbsdə olan atamın və əmilərimizin yanındadır” ifadəsi, Vidadi bəyin kiçik qızı Aylanın skripkada qəmli bir musiqi ifa etməsi, Babək Həsənovun oğlanlarının atalarına həsr etdikləri şeir parçası və nəhayət, Zülfüqar bəyin nitq qüsuru olan qızı Cəmilənin əlləri ilə atası üçün necə darıxdığını izah etməsi yəqin hələ uzun müddət mərasimə qatılanların yaddaşından silinməyəcək.

AXCP Ali Məclisinin sədr müavini Iradə Əliyeva bildirib ki, hakimiyyət bu günahsız adamları həbsə atmaqla heç nəyə nail ola bilməyib: “Bir şeyə nail oldular ki, illərdir bir cəbhədə mübarizə aparan, lakin bir-birini yaxından tanımayanlar bu həbslərdən sonra yaxınlaşdılar, bir-birlərinin ailələrini tanıdılar”.
Mərasimin sonunda bütün uşaqlara bayram hədiyyələri paylanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button