«Xural» Ədliyyə Nazirliyini məhkəməyə verir

fikrət məmmədovƏvəz Zeynallı: «Ədliyyə Nazirliyinin Ramiz Mehdiyevi aradan çıxarmaq təşəbbüslərini anlamaqda çətinlik çəkirəm»

19 oktyabr 2011-ci ildə «Xural» qəzetinin əmlakının məhkəmə icraçıları tərəfindən müsadirə olunmasına və müsadirə prosesi zamanı baş verən qanunsuzluqlara Ədliyyə Nazirliyi münasibət bildirib. Nazirliyin rəsmi bəyanatında «Xural» qəzetinə qarşı ciddi ittihamlar irəli sürülür, Nərimanov rayon məhkəmə icraçılarının keçirdikləri müsadirə əməliyyatına haqq qazandırılır və qəzetin «heç bir reallığı əks etdirməyən böhtan xarakterli hərəkətlərlə məhkəmə qərarlarının icrasından yayınma istəyi» qeyd olunur.

Bəyanatla bağlı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı açıqlama verib. Baş redaktor bildirib ki, Ədliyyə Nazirliyi çox böyük qanunsuzluğa imza atıb: «Nazirlik bu bəyanatı ilə «Xural» qəzetinin ictimai nüfuzuna zərbə vurmağa çalışıb. Bizi «qanunsuz əməllərdə» ittiham edən Ədliyyə Nazirliyi faktiki olaraq qəzetimizə qarşı «qara piar» əməliyyatına başlayıb, böhtan, yalan və şər dolu bir bəyanat verib. Belə ki, məhkəmə qərarlarının icrası haqqında qərardadda Ramiz Mehdiyevin iddiası birinci qeyd olunmasına baxmayaraq, Nazirlik böhtanına haqq qazandırmaq üçün onun adını çəkmir. Məhkəmə icraçıları prosesi yerinə yetirərkən çoxsaylı hüquq pozuntularına yol veriblər ki, bu barədə də cəmiyyətə açıqlama verilib və veriləcək. Ədliyyə Nazirliyi bu qanun pozuntularına aydınlıq gətirmək əvəzinə, bu ittihamla qəzetimizə qarşı kampaniyaya qoşulduğunu bəyan edib. Əslində, bu fakt bir daha təsdiqləyir ki, «Xural» qəzetinə qarşı hakimiyyətin ən yuxarı pilləsində oturanlar sifariş veriblər».

Baş redaktor açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi Mətbuat Şurasının qanunsuz və əsassız «qara siyahı»larına müdaxilə edib, bu biabırçılığa son verməkdənsə, Mətbuat Şurasının bu bədnam siyahısına istinad edib: «Təsəvvür edin, biz Ədliyyə Nazirliyinin bu biabırçı siyahıya aydınlıq gətirməsi üçün ora müraciət etməyi düşünürük. Nazirlikdən ədalət gözləyirik. Nazirlik isə ədalət paylamaq əvəzinə, siyasətə qarışır, Ramiz Mehdiyevi aradan çıxarmaq əməliyyatına başçılıq edir və bir qəzetin haqqında ağzına gələn bəyanatları verir. Belə bir nazirlik bizə ədalət paylaya bilərmi?»

Ədliyyə nazirliyinin «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun da adının borc tələb edənlər siyahısına yazılmasına da münasibət bildirən Əvəz Zeynallı onların Ağabəy Əsgərova borclarının qalmadığını bildirdi: «Bizim Fikrət Məmmədovun ədalətsiz məhkəmələri tərəfindən verilən qərarlar nəticəsində Ramiz Mehdiyevə 10.000 manat, mətbuat qəssabı Vüqar Səfərliyə 5.000 manat, 2007-ci ildə müğənnicik Nüşabə Ələsgərliyə kəsilən 100 manatlıq cəriməni ödəyə bilmədiyimiz üçün verilən 3.000 manatlıq cəriməmiz var. Bu da edir 18.000 manat. Vəssalam. Ədliyyə Nazirliyi Ağabəy Əsgərovu haradan tapıb çıxarıb, onu billə bilmərəm.»

Ədliyyə Nazirliyindən atdığı böhtana görə təkzib və maddi-mənəvi təzminat tələb ediləcəyini bildirən Əvəz Zeynallı qeyd etdi ki, ictimaiyyəti yanlış məlumatlarla çaşdırmağa cəhd edən və «Xural»ın ictimai nüfuzuna zərbə vurmağa çalışan bu qurum mütləq məhkəmə qarşısında cavab verəcək: «Ədliyyə Nazirliyi ilə Avropa məhkəməsinə qədər savaşımız davam edəcək. Hər halda, orada artıq Fikrət Məmmədov məhkəmələrə təsir etmək imkanında olmayacaq və ədalət təmin ediləcək».

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button