«XURAL»A İNKVİZASİYA MƏHKƏMƏSİ!!!

Əvəz Zeynallı

Qəzetimizin və kollektivimizin üzərinə səlib yürüşü başladı!..

Nüşabə Ələsgərli və Ağabəy Əsgərov «dirildildi»!..

Ömrümüz məhkəmələrdə keçir, artıq hər günümüzdə məhkəmə var. Bunlar o qədər də təsir etmir mənə. Öyrəşmişik. Bir az sakitləşmək, «doza»nı aşağı salmaq istəyəndə sözləşiblərmiş kimi, kəsdirirlər başımızın üstünü. Doğrusu, hakimiyyətin vəbalına girmək istəmirəm. Ona görə də hələlik «Xural»ın ətrafıında cərəyan edən son hadisələri birbaşa iqtidarın ssenarisi kimi də qiymətləndirmək istəyim yoxdur. Amma baş verənlər – nə qədər nikbin olsam da -, başımıza gətirilənlərdə iqtidar barmağının olduğunu göstərir.

İş o yerdədir ki, 2007 və 2008-ci illərdə keçirilən məhkəmələr və kəsilən ədalətsiz cəzalar üçün indi hərəkətə keçiblər. Prezident İlham Əliyevin «mətbuatın dostu» təyinatından sonra dərhal mətbuatın azadlıqda qalan kəsiminin üzərinə – konkret olaraq «Xural»a səlib yürüşü başladı. Bu yürüşün kökündə «hamımızın sevimlisi» Ramiz Mehdiyev dayanırdı təbii ki. Onun ötən ilin iyun ayında «Xural»ı məhkəməyə verməsi yeni bir ənənənin başlanğıcını qoydu. Mən bu məhkəməni xüsusi ittiham qaydasında olmadığı üçün mətbuatla dövlət arasında yaxşı presedentin başlanğıcı kimi dəyərləndirdim. Sən demə, sadəlövhlük etmişəm. Bu məhkəmə yeni bir presedenti gətirib, amma cərimə sanksiyaları ilə azad mətbuatı çökdürmək baxımından. Baş verənlər budur. Başqa adı yoxdur… Yazdıqlarımı səbrinizi basıb axıra qədər oxusanız, özünüz də mənzərənin şahidi olacaqsınız…

2007 və 2008-ci illərdə keçirilən ədalətsiz məhkəmə qərarlarını icraata yönəldiblər. Mən ilk əvvəl bunları qabartmaq istəmədim. Dedim, nə məsələ var ki, Ağabəy Əsgərovla və Nüşabə Ələsgərli ilə yoluna qoyarıq hər şeyi. Çünki onların yadından bu pul çıxıb getmişdi. Axı bu ölkədə mətbuatın gününü hamı bilir, qəzetdə pul var verməyə? İndi hökumətyanlı qəzetlərin pulunu Vüqar Səfərli kəsib-paylayır, onları da heç kim məhkəməyə vermir. Hökumətimizin, dövlətimizin pulundan bir bizə verilmir, üstəlik də minlərlə manat məhkəmə cərimələrini yükləyiblər boynumuza.

Mesajlarımdan xəbər çıxmadı. Hələ əksini müşahidə etdim. Dedim, nə qəm, olsun, məhkəmənin kəsdiyi cəzaları yavaş-yavaş ödəyərik. Getdik məhkəməyə…Sevinc Quliyeva – inkvizasiya hakimi!

Ötən həftə Ağabəy Əsgərovun ödənilməli olan 1.000 manatının məhkəməsi keçirildi. Məni inzibati xəta törətməkdə təqsirli bilib inzibati tənbeh etdilər. Hakim Məzahir Sadıqovun qərarını yenə ötən həftə Apellyasiya Məhkəməsinə şikayət etdim. Məhkəmə axışını normal məcrasına salmaq istəyirdim ki, Nərimanov məhkəməsindən 3 fevral, saat 15.00-a çağırış gəldi. Saat 16.30-da da KİVD(K)F-nin icraçı direktoru, «hamımızın əzizimiz» Vüqar Səfərli ilə Apellyasiya məhkəməsində proses var idi. Media Hüquqları İnstitutundan olan vəkilim Elçin Sadıqov gələ bilmirdi, amma düşündüm ki, sürətlə bitirib gedərik Apellyasiya Məhkəməsinə. Həqiqətən də sürətlə keçdi məhkəmə… İldırım sürəti ilə…

Məhkəmə başlamamış işlərin tərs getdiyini anladım. RATİ-nin əməkdaşlarının fotoaparat və çəkiliş vasitələrini əllərindən almaq istəyən polisdən səbəbini soruşdum. Polis məhkəmənin sədri Nazim Tağıyevin qərarı ilə jurnalistlərin diktofondan kameraya, hətta telefona kimi hər şeylərinin əllərindən alınacağını bildirdi. İllərdir bu məhkəmədəyik, belə şeyə birinci dəfədir ki, rast gəlirik. Dərhal barmağımı dişlədim ki, proses qəliz olacaq. Çox keçmədi ki, hakim gəldi. Düzgün, normal, xanıməfəndi birisi – Sevinc Quliyeva. Bu xanımın oturduğu otaqda bir zamanlar Sevinc Alıyeva otururdu. Sevinc Alıyeva hər zaman bizim haqqımızda ağır və ədalətsiz qərarlar verdi, elə Ağabəy Əsgərovun cəriməsini də o kəsmişdi, amma o qədər səmimi və mehriban hakim idi ki, nədənsə hamımızın ona hörmətimiz vardı. Amma bu dəfə ad bizi aldatmışdı. Elə bilmişdik ki, bu da elə olacaq.

Sevinc Quliyeva məhkəməyə tapança kimi başladı. Üz-gözünü turşudaraq işi bir-bir vərəqləyir, sözlərinin arasında nəfəs almadan, «ödəməmisiniz», «məhkəməyə hörmət etməmisiniz», «heç bir izahat verməmisiniz» deyir, sifətindən qəzəb qarışıq zəhrimar yağırdı. Aman Tanrım, bir qadın özünü nə günə sala bilər. Sevinc Quliyeva o günə salmışdı özünü. Birtəhər bitirdi və vəzifələrimi oxumağa başladı. Sonra hansısa qanunun dəyişdirildiyini və sərtləşdirildiyini sadaladı. İmkan tapıb vəsatət qaldırdım:

– Jurnalistlərin kameralarını, diktofonlarını içəri buraxmayıblar, niyə?
– Mən vermişəm qərarı. Əcəb eləmişəm.
– Bəs polis deyir ki, məhkəmə sədri Nazim Tağıyev verib qərarı?
– Yox, mən vermişəm qərarı. Məhkəmənin ixtiyarı var ki, içəri heç nə buraxmasın.
– Məhkəmənin o səlahiyyəti var. Ancaq mən bilmək istəyirəm ki, qadağa qərarını kim verib?
– Mən vermişəm!!!
– Siz nə bilirdiniz ki, jurnalistlər kamera, fotoaparatla gələcək, əvvəlcədən qadağa qərarı verdiniz, onu da polisə tapşırdınız. Axı bura RATİ-nin əməkdaşları gəlməyə də bilərdilər?..

Sevinc Quliyeva artıq bağırırdı:
– Siz mənimlə belə danışa bilməzsiniz. Mənim səlahiyyətlərim var və sizə hesabat (!!!) verəsi deyiləm. Məhkəmənin işinə qarışmayın. Mənə xitabən «hörmətli məhkəmə» deməlisiniz…

Vəziyyətin çox qəliz və ağır olduğunu hiss etdim. Ona görə də sözlərimi tamamlamaq istədim:
– Təbii ki, hakim kimi səlahiyyətiniz var. Amma niyə mənə qarşı belə qərəzli və qəzəblisiniz, onu başa düşmədim. Siz hakim oldunuzu unudubsunuz, özünüzü müstəntiq kimi aparırsınız…
Artıq ortada Azərbaycan hakimi yox idi. Məni təxribata çəkən, şantaj edən, ağzımdan çıxan əlavə bir sözlə məni həbs edəcək bir inkvizasiya hakimi durmuşdu:

– Siz kimsiniz mənə ağıl verirsiniz? Heç bir şey danışa bilməzsiniz. Əlavə bir cümlə işlətsəniz, sizə qarşı sərt tədbirlər görəcəyəm. Tək bir sözlə ağır qərar verəcəyəm. Siz məhkəməyə hörmətsizlik edirsiniz. Siz məhkəməyə mane olursunuz. Siz məhkəmənin işinə qarışırsınız. Mən hakiməm. Sizə qarşı sərt tədbirlər görməyə ixtiyarım var…

Allah, Allah, adam məni təxribata çəkir. O qədər ki, oturanların hamısı mənə sakitcə hakimin təxribatına uymamağı məsləhət gördü. Dünyanın ən ağır 2-3 dəqiqəsini keçirdim və çalışdım ki, hakimin təxribatına getməyim. Və…

6 dəqiqəyə ən azı 3 səhifəlik, 13 min işarəlik qərar..

Və… Cəmi 6 dəqiqədən sonra yenidən zala qayıdan Sevinc Quliyeva nə az, nə də çox düz 3.000 manat cərimə etdi «Xural»ı… Nüşabə Ələsgərli yox, heç kim heç nə tələb eləmir, nə güc düşüb bunlara?! Heç bir zaman tanımadan, bağıra-bağıra, qışqıra-qışqıra qərar vermək, cavabdehin söz demək imkanlarını əlindən alaraq onu şantaj etmək, hədə-qorxu gəlmək, açıqca təxribata çəkmək bunların artıq iş rejiminəmi çevrilir?! Deməli, qərar əvvəlcədən hazırlanıbmış. Yoxsa 6 dəqiqəyə bu adam bu boyda qərarı necə hazırlayıb? Deməli, məhkəmənin sədri Nazim Tağıyevlə ən azı bir gün əvvəldən işi bitiriblərmiş…

Sevinc Quliyeva təzə təyin olunub. Əldə etdiyim ilkin məlmatlara görə, indi yuxarı vəzifədə çalışan iri çaplı bir məmurun katibəsi, ya da köməkçisi olub. Məmur o çapdadır ki, Sevinc Quliyeva onun yanında insanlarla mənimlə danışdığı kimi danışa bilərdi. Amma Azərbaycan dövlətinin hakimi bu dövlətdə qəzetçilik edib qanını bir qaşığa qoymuş bir redaktorla bu cür heç danışa bilməz. Mən bunu Ədliyyə naziri Fikrət Məmmədovdan, Məhkəmə Hüquq Şurasından və ölkənin ali rəhbərliyindən soruşacağam və cavab almağa çalışacağam:

Sizin hakimləriniz artıq inkvizasiya hakiminəmi çevrildi!?

Tapşırığı Sizmi veribsiniz?!

Məhkəmənin bu oyunundan sonra özəl araşdırmalar nəticəsində tükürpədici şeylər duydum. Nazim Tağıyev özünə yaxşı sifariş verəcəyi hakim tapıb. Nərimanov rayon məhkəməsinin hakimləri bu adamın əlindən zara gəliblər. Onun burada dişinin batdığı və batmadığı hakimlər var. Dişinin batdığı hakimlər nisbətən də olsa qanunun tələblərini yerinə yetirir, yalnız yuxarı səviyyəli sifarişlərə əməl edirlər. Amma Nazim Tağıyevin hakimləri onun səviyyəsində sifarişləri yerinə yetirməklə məşğuldur. Bu qərarın Nazim Tağıyev səviyyəsində verildiyinə inanıram. Nazim Tağıyev uzun müddətdir Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevin və Ağabəy Əsgərovun qisasını almaq istəyir məndən. Qismən nail oldu…

Nazim Tağıyevin və çiçəyi burnunda hakim Sevinc Quliyevanın cəzalandırılmasını Məhkəmə Hüquq Şurasından tələb edəcəyəm…

Təbii, əgər məhkəmə sədrlərini əlikramhümbətovların əlinə su tökənlərdən və katibələrdən təşkil edərsəniz, baş redaktorlarla belə danışarlar… Milçək kimi…

«Xural» kampaniya başlayır – «120 Böyük Oxucu»…

İndiki halda bizə «120 Böyük Oxucu» yetir. 120 Oxucunun hərəsi 10 manatdan hesabımıza pul keçirsə, edər 1200 manat – 200 manat Nüşabənin, 1000 manat da Ağabəyin hesabına keçirər, məsələnin bu mərhələsini həll edərik.

Qarşıdan isə Vüqar Səfərlinin Apellyasiya Məhkəməsi gəlir – bazar ertəsi, fevralın 7-də, saat 11.00-da Apellyasiya Məhkəməsinin binasında qarşılıqlı şəkildə verdiyimiz apelliyasiya şikayətlərinə baxış olacaq. Vüqar Səfərlinin xeyrinə Nərimanov rayon məhkəməsi ədalətsiz olaraq 500 manat cərimə kəsib. Mən bu məbləğin həddindən artıq çox olduğunu, Vüqar Səfərli isə həddindən artıq az olduğunu iddia edir. Yuxarıdan sifariş olsa o məbləğ də qaldırılacaq.

11 fevralda isə Valentin sevdalısı Etibar Hüseynovun şəfər və ləyaqət davası başlayır. O da «xaç ataları» olan «adına qurban olduqlarının» dəstəsindəndir deyirlər. Bir zamanlar «Xural»da göz yaşları içində Qənirə Paşayevanı tərifləyən yazılar dərc etdirmək üçün redaksiyada yatırdı. Təəssüf ki, o zamanlar Qənirə ona təşəkkür zəngi etmədi. Etibar şiddətlə Qənirə ilə görüşmək, onun vasitəsi ilə Heydər Əliyev Fonduna ayaq açmaq istəyirdi. Amma indi parlamentə təyinat aldığı komanda deyəsən, başqa «adına qurban olduğumuz»dur. İlhamla Fərizənin sevgisinə xor baxan, «qəhrəmanlar bir-birini sevə bilməz» deyə sevgiyə yeni tezis gətirən bu dindar deputat 10.000 manat istəyir (onun bir dini sektanın üzvü olduğu haqqında məlumatlarımız var…). Nüşabə Ələsgərli ilə bunun məhkəmə predmeti eynidir. Nüşabə Ələsgərli də «İlhamla Fərizə sevgili deyillər, evlidirlər» demiş, məndən «əxlaqsızlığı təbliğ edən müğənnicik» adını almışdı. Adı «dost», özü düşmən olan namərdlərin də qızışdırması ilə məni məhkəməyə vermiş və hakim 100 manatlıq (100 manat da redaksiya) şərəf-ləyaqət qiyməti müəyyən etmişdi. Budur, o məhkəmənin 3.000 manatlıq cəriməsi 14 fevral öncəsi qüvvəyə minir. Tanrının yazısıdır – mən hər il bir dənsizlə beləcə savaşacaq, bunlar da məni beləcə bezdirib yolumu dəyişdirməyə cəhd edəcəklər.

Hökumətimizin «xaç atası»…

Nəhayət, fevralın 18-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik, «adına qurban olduqları» Ramiz Mehdiyevlə Ali Məhkəmədə 10.000 manatın çəkişməsi olacaq. Ramiz Mehdiyevin təkzibini vermiş, üzrünü istəmişik, amma hörmətli akademik 10.000 manatı bizdən almaqda israrlıdır. Ali Məhkəmənin qərarı qüvvəyə minən kimi Etiblanın (əzizləmə mənasındadır…) da cəriməsi ilə birlikdə xeyli olacaq. O zaman artıq bizə «120» yox, böyük ehtamalla «1200-1400» «Böyük Oxucu» lazım olacaq.

Olsun. Bunların bilərəkdən, bilməyərəkdən bir ucu 14 fevralla bağlıdır. Bunlar antimilli bir hakimyyətdir ya… Xaricilərin əllərində oyuncaq olublar ya… Beynəlxalq əxlaqsızlıq gününü bu millətə yedirtmək istəyirlər ya… Hamısının həm də o məsələ ilə əlaqəsi var. Bunları narahat edir insanların, yazarların, müstəqil adamların təşəbbüskarlığı. Bunlar əxlaqsızlıq üstündə meydanın ortasında yandırılan bir nadürüst keşişin qisasını alırlar məndən. İlhamla Fərizənin o müqəddəs sevgisinin, bu əziz sevgililərin bizə və millətimizə bəxş etdiyi günün heyfini çıxırlar məndən. Bunlar ona görə məni hədəf götürüblər. Bilərəkdən, bilməyərəkdən belədir. Ona görə məhkəmə məhkəmə dalınca gəlir. Bunların əlacı olsa, məni keşiş Valentinin xatirəsinə «Azadlıq» meydanında asar, başımı bədənimdən ayırar, onu bütün Azərbaycan boyu gəzdirərlər. Mən bunların mədəniyyətlər savaşında Azərbaycanın başını uca edib göylərə qaldıran Şəhidlərin əziz xatirəsini göylərə qaldırmışam, ona görə. Başqa yolunu hələ ki, tapa bilmirlər. Hələ ki, çıxış yolunu cərimələrdə görürlər. Məni imkansızlığımla qorxudurlar. Yanıma modelyer göndərdilər, alınmadı. Otağıma dinləmə qurğusu «hədiyyə etdilər», alınmadı. Siqareti təhlükə bildim, onu tərk etdim – «Siqaretsiz Gələcək» kampaniyası başladım. İçkini bəhanə edə bilərdilər, «Alkoqolsuz Gələcək» kampaniyası ilə puça çıxardım. Əsəblərimlə oynamamaq üçün naməlum telefon zənglərinə cavab vermədim. Evimlə çıxdım evimdən, evimlə girdim evimə. Dost-tanışla çay evlərində belə görüşməyə ehtiyat edər hala gəldim. Bunlar yorulmadılar. Qoca qurumlar, qoca məmurlar düşdü peşimə, aldırmadım – yorulmurlar, bezmirlər… Üstümə mənimlə tanış olan, yardım etdiyim, yardımını gözlədiyim adamları salırlar. Tonlarla çörək yediyim, evində olduğum insanları üzümə qoyurlar – yorulmurlar, bezmirlər…

Hər adamın içində bir vulkan var…

Yazını hazırladığım gün – cümə günü yaxın bir Oxucu gəldi redaksiyaya. Bilənlər bilir, mənim içim-çölüm dilimdədir. Kin saxlamaram, nifrət etmərəm. Dərdlərimlə bütün Oxucularım tanışdır. Dərdləşdik və Oxucum maraqlı bir fikir dedi: «Tək sən deyilsən ki?! Hər adamın içində bir vulkan var!» Bu yaxınlarda, seçkilərdən həmən sonra bir analiz yazısı yazmış və «Azərbaycan vulkana hamilə!!!» başlığı ilə manşetdən dərc etmişdim. Ola bilər, Oxucum onu da oxuyub, amma çıxanda mənə ağıllı bir məsləhət verdi: «9 milyonun hamısı bir himə bənddir. Sənin imkanın var, yazırsan, döyüşürsən, hamı da axtarır ki, görəsən: arxasında kim var. Bu məmləkətdə ancaq Mixaylo olmaqla yaşamaq mümkün və lazımdır. Çünki bu məmləkətdə hamı Karantidir. Gözləyirlər ki, arxanı çevirəsən, xəncər saplayalar, yıxılasan, başına balta endirələr… Sən sən ol, heç kimə inanma.»

Çıxış üçün haşiyə:

İmam Əli namaz qıldığı vəziyyətdə qılıncla onu vuran insana doğru çevrilir və onu tanımır. Tanımaya-tanımaya onu vuran namərdə «Allahın qılıncı» belə deyir: «Niyə?! Axı mən sənə yaxşılıq etməmişdim»…

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Hörmətli Xural qəzeti, insanları təhqir etməyə, ağzınıza gələni danışmağa sizin haqqınız yoxdur. Siyasət xural qəzetinin bacardığı iş deyil. Çünki xalq müxalifəti dəstəkləmir.Ona görə ki müxalifət bir dəfə hakimiyyətdə oldu və ölkəni pis günə saldı. Əgər xural qəzeti obyektiv qəzetdirsə, Dubaya gedən azəri qadınlarını ifşa eləsin, irana gedən pozğun qadınları ifşa eləsin (irana dəstə ilə gedirlər), işsizlik problemini araşdırsın (konkret faktlar yazsın ki, sonradan məhkəmədə problemlər çıxmasın) və s. problemləri yazsın

  2. Hörmətli Samir bəy, sizdən xahiş və tələb edirəm, xalqın adından danışmaq kimi məsuliyyətsizliyə yol verməyin! Kim kimin arxasındadı buna xalqın adından siz qərar verməyin. Uğurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button