«Xural»a qarşı bir ay dözə bilmədilər!

Rauf Arifoğlu: «Niyyətlərini açıq şəkildə bəyan etsinlər, biz də bu ölkədən çıxıb gedək»

Əvəz Zeynallı: «Bu hakimiyyət «Xural» qəzetinin bir ay gündəlik çıxmasına belə dözmədi»

Dünən «Xural» qəzetinə qarşı hakimiyyətin siyasi sifarişi yerinə yetirildi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı qaldırdığı və məhkəmənin hökm çıxardığı 10 min manatlıq cərimə icraya yönəldildi. Baxmayaraq ki, dünən axşam saatlarında Nərimanov rayon məhkəməsində çıxarılan hökmün icrası ilə bağlı sənəd təqdim olunmamışdı və qəzetə 10 gün müddətində şikayət etmək hüququ verilirdi, məhkəmə icraçıları qərarı dərhal icra etməkdə israr etdilər.
Bu qanunsuzluqlarla bağlı «Xural» qəzeti dünən mətbuat konfransı keçirdi.
Konfransı giriş sözü ilə açan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı yaranmış vəziyyətlə bağlı izah verdi və sualları cavablandırdı:

«Ştatlı» hal şahidləri

– Təxminən səhər saat 09:30 radələrində mənə zəng gəldi ki, Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinin əməkdaşları qəzetin redaksiyasının həyətinə toplaşıblar. Əvvəlcə istədim ki, mətbuata xəbər verməyim, ancaq düşündüm ki, əgər səhər tezdən redaksiyanın qapısının ağzını kəsiblərsə, deməli, məsələ düşündüyümüzdən də ciddidir. O baxımdan, KİV-ə, jurnalist təşkilatlarına, Media Hüquqları İnstitutuna müraciət etdim və baş verən hadisə ilə bağlı onları məlumatlandırdım. Biz artıq redaksiyanın həyətinə çatar-çatmaz yolda bir maşınla qarşılaşdıq və o, bizi xəbərdar etdi ki, redaksiyaya getməyim, çünki redaksiyanın həyətini mühasirəyə alıblar. Mən redaksiyanın həyətinə çatanda təxminən 15 nəfərə yaxın icraçı və 8-9 nəfər mülki geyimli şəxs bizi gözləyirdi. Mülki geyimli şəxsləri bizə «hal şahidləri» kimi təqdim etdilər. «Hal şahidləri»ni icraçılar özləri ilə gətirməməlidirlər. Bunun özü qanunsuzluqdur. «Hal şahidləri» küçədən keçən adamlardan olur. Bu şəxslər isə sistemli və nizamlı şəxslər idilər. Mənə sənəd təqdim etdilər ki, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə qaldırılan məhkəmənin qərarına əsasən, 10 min manat pul vəsaitinin ödənməsi məsələsinə görə gəliblər. Mən onlara sənədləri təqdim etdim və nəzərlərinə çatdırdım ki, bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişik. Həmin məhkəmənin qərarı olmadan onlar bu işə başlaya bilməzlər. Yəni qanunla, əgər məhkəmənin növbəti instansiyasında işə baxılacaqsa, icraçılar yenidən baxış keçirə bilməzlər. Media Hüquqları İnstitutunun hüquqşünası Elçin Sadıqov da bizə bildirdi ki, sənədləri icraçılara təqdim etdikdən sonra onlar redaksiyanı tərk etməlidirlər. Mən bildirişləri təqdim etdim, lakin icraçılar onu qəbul etmədilər. Ondan sonra da maraqlı bir təklif etdilər ki, ötən dəfə siyahıya aldıqları əmlakdan savayı, daha bir neçə şeyi siyahıya almaq istəyirlər. Halbuki qanun bu addımı tanımır. Bura qəzet redaksiyasıdır və buranın əməkdaşlarına məxsus çox şeylər var ki, icraçıların onu redaksiyanın əmlakı olaraq siyahıya almalarına ixtiyarları çatmır. Belə edərlərsə, onlar qanuna qarşı çıxmış olurlar.
– Yəni bu gün keçirilən baxış sırf Ramiz Mehdiyevin işi ilə bağlıdır?
– Bəli. Əvvəlcə elə dedilər, amma bir qədər keçəndən sonra Vüqar Səfərlinin işi ilə bağlı sənədləri də ortaya tökdülər.
– Neçənci ildə birinci instansiya məhkəməsinin qərarı olub?

Avropa Məhkəməsi Ramiz Mehdiyevin iddiası üzrə olan işi artıq icraata götürüb

– Ramiz Mehdiyevin işi 2010-cu ilin iyun ayından davam edir. Hazırda Ali Məhkəmə qərar verib və onu da qüvvəyə mindiriblər. Biz də icranın dayandırılması ilə bağlı müraciət etmişik, məhkəmə hələ bir qərar verməyib. Bundan başqa, Avropa Məhkəməsinə də müraciət etmişik və məktub gəlib ki, bu işi artıq icraata götürüblər. Noyabrın 14-nə qədər bizdən dəqiqləşmələr aparmaq üçün müddət istəyiblər. Bundan başqa, Vüqar Səfərlinin də işini qaldırdılar və tələb etdilər ki, məhkəmənin qərarına əsasən mütləq Vüqar Səfərliyə 5 min manat cərimə ödənməlidir və təkzib verilməlidir.
Rauf Arifoğlu:
– Əvəz bəy, cərimənin ödənilməsilə bağlı məhkəməyə öz şərtləriniz haqda məlumat vermisinizmi ki, qəzet hansı müddətə nə qədər cərimə ödəmək iqtidarındadır?
– Xeyr. Sadəcə biz vəkillə məsləhətləşib, gözləməyə qərar verdik. Çünki bütün məhkəmə instansiyalarından bu iş keçəndən sonra bir qərar hüquqi qüvvəyə minməlidir ki, biz də bu məsələni aydınlaşdıraq. Ödənmə mərhələsi ən son mərhələdir. İndi hələ iş başa çatmayıb, apellyasiya mərhələsindədir.
– İkinci dəfə siyahıya almalarını nə ilə izah etdilər?
– Biz vəkillə əlaqə saxladıq və o, bizə bildirdi ki, bu dəfəki siyahıyaalma tam əsassızdır. Mən də icraçılara bunu xatırladanda onlar bildirdilər ki, bəli, elədir, amma siz artıq gündəliyə keçmisiniz, sizin yeni texniki avadanlıqlarınız olmadan gündəlik qəzet çıxara bilməzsiniz. Hətta onu da irad tutdular ki, ötən dəfə tutduqları siyahıdakı texniki avadanlıqlar 10 min manatı ödəmədiyinə görə, biz onlara yeni şeylər göstərməliyik. Təsəvvür edin ki, bizim dostumuz Əfqan Muxtarlı da icarə haqqını güzəştli ödəmək üçün burada özünün «liberal.az» saytı üçün ayrı bir otaq götürdü və ona məxsus 2 kompüteri gətirdi. Bu gün yeni siyahı tərtib olunarkən ona məxsus bu kompüterlər də həmin siyahıya salındı və bunu da onunla əlaqələndirdilər ki, eyni binada yerləşdiyimizdən və eyni profil üzrə fəaliyyət göstərdiyimizdən, o avadanlıqların «Xural»a məxsus olmadığına inanmırlar. Əgər etirazımız varsa, məhkəməyə müraciət edə bilərik. Təsəvvür edin, adam məhkəməyə müraciət edib, müvafiq qərarı alana qədər müəyyən vaxt keçəcək və həmin müddətdə o evinə çörəkpulu aparmamalıdır, çünki icraçılar heç bir əsas olmadan bu adamın saytına da müdaxilə ediblər. Burada bununla bağlı bir gərginlik də yaşandı. Nə qədər izah etməyə çalışsaq da, alınmadı. Onun hər üç kompüterini aktlaşdırdılar. «Xural»ın problemlərinin Əfqan Muxtarlıya nə aidiyyatı var, bilmək olmur. Amma aktda da qeyd etdik ki, o texniki avadanlıqlar Əfqan Muxtarlının «liberal.az» saytına məxsusdur.
Emin Hüseynov:
– Yeni texniki avadanlıqlar qismində hər hansı bir əmlakınız müsadirə olundumu?
– Dünən müvəqqəti olaraq bizə «Samsunq» markalı 2000-ci il istehsalı olan televizor vermişdilər ki, redaksiyada lazım olanda işlədək. Antennasını taxmamış onu da müsadirə etdilər. İndi həmin adam etiraz edir ki, onun 18 ay kreditini ödəyib və ona məxsus olan televizoru Ramiz Mehdiyev müsadirə etdirə bilməz. Bu, xalqın malına göz dikməkdir. Bir də Əfqan Muxtarlının kompüterləri müsadirə olundu.

Bu, oğurluq, quldurluqdur!

Əfqan Muxtarlı:
– Tam qanunsuz olaraq icraçılar mənim kompüterlərimi müsadirə etdilər. Çünki keçən dəfə tərtib olunan aktda – onu da özləri tərtib ediblər – «Xural»a məxsus fəaliyyət sahəsinin 50 m2 olduğunu qeyd etsələr də, bu dəfə mətbəx kimi istifadə etdiyimiz sahə, nədənsə, nəzərə alınmadı, onun yerinə mənim icarəyə götürdüyüm otaq qeyd olundu. Mən qəti olaraq buna öz etirazımı bildirirəm. Bu, bir növ oğurluq, quldurluqdur. Çünki mən nə qədər icraçılara izah etməyə çalışdım ki, hansı sənəd lazımdırsa, onlara təqdim etməyə hazıram, onlar fikir vermədilər. Mənim bütün etirazlarıma baxmayaraq, çox sərt şəkildə otağıma daxil olub, mənə və saytıma məxsus texniki avadanlıqları müsadirə etdilər.
Əvəz Zeynallı:
– Əvvəlcə adama elə gəlir ki, hər şey normal gedir, amma birdən zəng gəlir və bunlara kimlərsə nəsə tapşırıq verirlər, ab-hava yenidən gərginləşir. Üstümüzə gəlirlər. Bayaq çox ciddi bir bağırtını müşahidə etdik. İcraçıların rəis müavini telefonda danışarkən, digər xəttdə olan, bizim üçün naməlum adam elə bağırırdı ki, səsi dəhlizə qədər gedib çıxırdı.
Razi Abasbəyli:
– Redaksiyanın həyətindən bir qədər kənarda 90 PQ 069 dövlət nömrə nişanlı «CİP» markalı bir maşın dayanmışdı, burada baş verən hadisələrin bütün hesabatını hər 10-15 dəqiqədən bir ona verirdilər.
Əvəz Zeynallı:
– Görünən odur ki, bu, birbaşa Ədliyyə nazirinin tapşırığı ilə aparılır, çünki bu miqyasda heç bir zaman icra həyata keçirilmir. Nərimanov rayon məhkəməsinin icraçılarının demək olar ki, hamısı bura toplaşmışdılar. Böyük ehtimalla icraçılara da birbaşa tapşırıq Xanlar Zeynalov tərəfindən gəlib. Mən dünən təxminən belə bir hadisənin baş verəcəyilə bağlı müəyyən şeylər eşitmişdim və uşaqlara da demişdim ki, hazır olsunlar, heç bir təxribata getməsinlər. Mənə elə gəlir ki, prezient İlham Əliyevin «Əl-Cəzirə» telekanalına verdiyi müsahibənin üzərinə bizim çox getməyimiz və konkret olaraq İlham Əliyevin haqqında çox sərt tənqidi yazılar verməyimiz, onu istefaya çağırmağımız bununla da nəticələnməli idi. Yəni mən bunu gözləyirdim. Amma dostlar təxmin etmirdilər ki, bir şərhə, tənqidi yazıya görə bu hakimiyyət bu qədər irəli gedə bilər və müstəqil, tirajlı bir qəzetin fəaliyyətini dayandırmaq üçün cılız üsullara əl atar. Amma göründüyü budur. Çünki Ramiz Mehdiyevlə Vüqar Səfərlinin məhkəmə prosesləri bu gün də davam edir və bu proseslər başa çatmadan hansısa məhkəmə instansiyasının qərarı əsas gətirilib, bizim əmlakımızı müsadirə edə bilməzlər.

Ramil Usubovla bu barədə söhbətimiz olmuşdu

Mətbuata məlumdur ki, mənim Daxili İşlər naziri Ramil Usubovla bu barədə söhbətim olub və o da Ramiz Mehdiyev məsələsinin qəzet tərəfindən dayandırılmasında maraqlı olduğunu bildirib. Biz də bunu rəsmi müraciət kimi qəbul etmişik. Hətta bizə onu da eşitdirdilər ki, ölkənin birinci şəxsinin və birinci xanımının fəaliyyətilə bağlı tənqidi məqalələr dərc etməyək. Amma mən çox üzr istədim və bildirdim ki, dövlət məsələlərilə bağlı bir yanlışlıq gördüyüm təqdirdə bu təklifi qəbul edə bilməyəcəyəm. Ondan sonra bu proseslər yeniləndi və bu son «Əl-Cəzirə» məsələsindən sonra bir gün əvvəl müəyyən məlumatlar aldıq. Bu gün də gördüyünüz hadisə baş verdi. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. İcraçılar səhər tezdən redaksiyaya daxil olanda siyahıya aldıqları əmlakı sadəcə yerindən olub-olmadığını yoxlamaq məqsədilə bura gəldiklərini bildirdilər. Hətta yeni avadanlıqlar tələb edəndə də sadəcə bunun bir formal xarakter daşıdığına bizi inandırmağa çalışdılar, lakin proses başlayandan və müvəqqəti olaraq dayandırıldıqdan sonra mən gördüm ki, icraçıların müəyyən qismi xəbərsiz redaksiyanı tərk etsələr də, onlardan üçü yenə də redaksiyann həyətində oturub, kənardan bizi izləyirlər. O zaman bildim ki, artıq məsələ ciddidir və onlar aranı bir qədər sakitləşdirib, qaranlıq düşəndən sonra əmlakın müsadirə olunmasına başlayacaqlar. Ehtimallarımız bizi yanıltmadı. Elə də oldu.
– Qəzetin gündliyə keçməsinin və yeni texniki avadanlıqlarla təmin edilməsinin köhnə siyahıya qanuni olaraq aidiyyatı varmı?
– Xeyr. Heç bir qanundan söhbət belə gedə bilməz. İcraçılar bütün bəhanələrini qanuna deyil, ehtimallara əsaslanaraq həyata keçirdilər.

Məqsəd qəzeti bağlamaqdır!

Rauf Arifoğlu:
– Daha ağır «cəza» gözləyirinizmi?
– Bundan ağır daha nə cəza ola bilər ki? Onlar qəzetin bütün texniki əmlakını müsadirə etdilər, faktiki olaraq səsimizi kəsməyə çalışdılar. Mən elə başa düşürəm ki, «Xural» qəzetinin gündəliyə keçməsi bunlarda bir isterika yaradıb və onlar bizim hansı mənbələrdən maliyyələşdiyimizi bilməyə çalışırlar. Halbuki heç bir mənbəmiz yoxdur. Burada çalışan uşaqlar da könüllü əsaslarla işləyirlər. Görünür, bu da onlarda təlaş yaradır. Hətta tələb edirlər ki, avadanlığınızın dəyri 10 min manat eləmir, siz bizə bir şeylər göstərin ki, onu müsadirə edək və yaxud da pul verin. Yəni maliyyə məsələlərimizin üzrinə gedirlər. Onlara elə gəlir ki, bu qədər böyük işlər görmək üçün külli miqdarda maliyyə vəsaiti olmalıdır. Yeri gəlmişkən, bu gün bir ay tamam olur ki, «Xural» qəzeti gündəliyə keçib. Bir ay tab gətirə bilmədilər. Sentyabrın 19-da gündəliyə başlayacağımız haqda cəmiyyətə məlumat verəndən sonra Mətbuat Şurası «Xural»ı əzizlərinin, doğmalarının düşdüyü siyahıya saldıqlarını elan etdi, cəmi bir aydan sonra da hakim qüvvələr hərəkətə keçdilər. Bütün məsələlərin də başında bir məsələ durur ki, «Xural» gündəliyə necə oldu ki, keçdi? Pulunuz yoxdursa, gündəliyə niyə keçdiniz? Haradan qazanırsınız? Cəmi üç kompüterlə gündəlik qəzet çıxarmaq olarmı? Yəni bu kimi suallar verirlər ki, bunun da heç bir hüquqi əsası yoxdur. Özü də bu sualları verməzdən əvvəl ciddi şəkildə telefonla danışırlar və sanki biriləri telefonla onları təlimatlandırırlar.

İcraçıların video-operatoru

İcraçılar ölkə rəhbərliyinə məlumat hazırlayırdılar

Mehman Əliyev:
– Onlar başqa cür öyrəşiblər. Dövlətdən maliyyələşdirdikləri qəzetlər var ki, ildə milyonlarla vəsait xərcləyirlər, amma «Xural» qəzeti səviyyəsində qəzet çıxara bilmirlər. Ona görə bu qədər təəccüblənirlər. Dövlət qəzetləri 20-30 kompüterlə çıxırlar.

Razi Abbasbəyli:
– Biz bayaq burada müşahidə etdik ki, icraçıların yanında gələn videooperator dayanmadan bütün redaksiyanı, onun əməkdaşlarını lentə çəkir. Elə bil, məxsusi tapşırıqla bunu həyata keçirirdi. Ona məxsus mobil telefon icraçıların rəisində idi və ora gələn zəngləri rəisin özü qəbul edir və lazım olan məqamların lentə alındığını qeyd edirdi. O baxımdan çox rahatlıqla söyləmək olar ki, burada aparılan bütün çəkilişlər ölkənin ən önəmli rəhbərlərinin qarşısına qoyulacaq və onlara məruzə ediləcək. Bütün hallarda, bu bir yoxlama xarakterli tapşırıq olub.
– Siz qəzetdə tək hakimiyyəti deyil, həm də yəhudilərin Azərbaycandakı fəaliyyətlərinə dair tənqidi məqalələr dərc etmisiniz.
– Köşə yazarımız Bakir Həsənbəyliyə də belə sərt yazılarla çıxış etməmək haqda xəbərdarlıq edilib. Son vaxtlar onun da, digər yazarlarımızın da çox sərt yazıları dərc olunub. Qəzetə elə adamlar toplaşıblar ki, hər biri od püskürür. O baxımdan yəhudi məsələsi də ola bilər, digər məsələ də…
Hesab edirəm ki, bu, birbaşa qəzetin ölkə rəhbərliyinə qarşı tutduğu sərt mövqedən irəli gəlir. Çünki ona ünvanlanmış son yazıda onun ya millətdən üzr istəməsi, ya da istefa verməsi tövsiyə olunurdu. O da sağ olsun, cavabını çox gözlətmədi. Yəni bu, birbaşa siyasi məsələdir. Çünki hüquqi yol yoxdur. Hüquqi yolların hamısı məhkəmədədir. Sadəcə, onların verəcəyi qərarı gözləmədən öz istəklərini həyata keçirdilər.

Bu, azad mətbuata sərt təpkidir

Rauf Arifoğlu:
– Aydın məsələdir ki, bu hüquqi məsələ deyil və azad mətbuata sərt təpki və söz azadlığını susdurmaq vasitəsidir. Onlar dəfələrlə bu üsullardan istifadə ediblər. Mərhum Elmar Hüseynovun anasının evində olan, hətta işləməyən paltaryuyan maşını müsadirə etməyə qalxmışdılar. Belə bir hadisə olmuşdu. Yəni zamana və dövrə müvafiq olaraq hansısa müstəqil qəzet hakim dairələrin hədəfində olur. Bu dəfə də növbə «Xural» qəzetinindir. Qəzeti susdurmaq istəyirlər. Mümkün olarsa, onun geri çəkilməsinə çalışmaq istəyirlər. Biz də bunu azad söz və azad mətbuata qarşı təzyiq faktı kimi qəbul edirik, belə bir faktı pisləyirik. Eləcə də «Xural» qəzetinə dəstək verdiyimizi bildiririk. Hesab edirik ki, Azərbaycanda əgər hakimiyyət təmsilçiləri, prezident başda olmaqla bütün iqtidar nümayəndələri, söz və mətbuat azadlığının olması ilə bağlı iddialar irəli sürürlərsə, belə bir hadisə olmamalı idi. Yox, əgər belə bir hadisə oldusa, demək, etiraf etməlidirlər ki, bu ölkədə birsifətli, onların özlərinin mövqelərini ifadə edən media qurumları istəyirlər. Bu niyyətlərini bəyan etsinlər. Biz də bu ölkəni tərk edib, xaricdə bir yerdə sığınacaq tapıb yaşayaq. Bəlkə hamımız da bir yerdə bir «Mühacirət» adında qəzet buraxdıq. Xaricdə də artıq xeyli sayda Azərbaycandan olan jurnalistlər yığışıblar. Artıq demək olar ki, bir neçə qəzetlik heyət var xaricdə. Tək redaktorları çatmır, biz də fəaliyyətimizi onlarla davam etdirə bilərik. Amma biz bu ölkədə qalmaq istəyirik, heç bir yerə də mühacirət etmək niyyətimiz yoxdur. Bu ölkə bizimdir, bu bayraq bizimdir. Biz əziyyət çəkib bu dövləti qurmuşuq. Bizim də haqqımızdır ki, hərəmizin iş yeri kimi açdığımız qəzetimizi qoruyaq və işləyək. Bütün yeraltı və yerüstü sərvətlər əllərində… Meşələr, dağlar, hətta dənizin kənarı belə hasarlanıb, hər şey bunlarındır. Bizim də hərəmizin əlində balaca bir qəzetimiz var, onu da çıxarmağa imkan vermirlər, əlimizdən almaq istəyirlər. Biz də könüllü bunu əldən verməyəcəyik və müqavimət də göstərəcəyik. Mən hesab edirəm ki, sözü boğmaq, azad, müstəqil fikrin qarşısını almaq mümkün deyil. Bu gün hansısa qəzeti bağlayacaqlarsa, sabah başqa bir qəzet açılacaq. Kimisə susdurmağa nail olsalar, sabah ondan artıq sayda adam danışmağa başlayacaq. Yəni onlar tam olaraq hər kəsi susdurmağa nail ola bilməyəcəklər.

Mehman Əliyev:
– Növbəti həftə mənim xaricə səfərim gözlənilir və hesab edirəm ki, orada ATƏT-in ofisinə bu hadisə ilə bağlı məlumat verilməlidir. Ancaq hesab edirəm ki, Redaktorlar Birliyi də bu məsələ ilə bağlı birgə bəyanat hazırlayıb, yaymalıdır.
Rauf Arifoğlu:
– Biz «Xural»a qarşı bu faktı pisləyirik və onun dərhal dayandırılmasına çağırırıq. Əks halda, biz – müstəqil mətbuatın nümayəndələri küçə aksiyalarına başlayacağıq və dövlət rəhbərliyini də görəvə dəvət edəcəyik ki, azad mətbuata qarşı edilən bu təzyiqləri durdursun.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button