«XURAL»I XİLAS ETMƏLİYİK!!!

3 ay müddətində hamı «Xural»ın bütün saylarını alsın və kampaniyaya dəstək olsun!!!

Susduqca susduracaqlar, danışmaq, yazmaq lazımdır!

Kütləvi aksiyalara başlamalıyıq!

Dövlət məmurunun Avropa standartlarına görə şərəf və ləyaqəti yoxdur!!!

Baş verən hadisələr ən yuxarı səviyyədə – ölkə rəhbərliyi tərəfindən «Xural»a qəsd planının qurulduğunu göstərir. Ard-arda ölmüş məhkəmə işlərinin və cərimələrinin «xortladılması», yeni təyinat alan əldəqayırma deputat qırıqlarının «Xural»ı məhkəməyə verməsi və bütün bunların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizə 10.000 manat cərimə kəsdirmə qərarından sonra baş verməsi onu göstərir ki, «Xural»ı susdurmağın dövlət başçısı səviyyəsində planını qururlar. Amma «sən saydığını say, gör fələk nə sayır» misalına sədaqət nümayiş etdirərək və «mıxı mismar edən Tanrıya» güvənərək biz də müqavimətimizi qurmaqdan başqa yol görmürük və bu istiqamətdə addımlar atmağa çalışacağıq. Müğənnicik Nüşabə Ələsgərlinin 200 manatlıq iddiasının qarşılığında inkvizisiya hakimi Sevinc Quliyevanın qəzetimizi fevralın 3-də 3.000 manat cərimələməsini yazmışdıq. Tapşırıq o qədər yuxarıdan verilib ki, cəmi dörd gün sonra da KİVDF-nin mətbuat qəniminə çevrilən icraçı direktoru Vüqar Səfərli 500 manatlıq məhkəmə qərarını 5.000 manata çıxardı. Beləliklə, cızılan plan tam açıqlığı ilə gün işığına çıxdı.

Bu məqsədlə mətbuat konfransı keçirməyi planlaşdırdıq və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat ofisində mətbuat konfransı keçirdik. Fevralın 8-də baş tutan konfransın daşıdığı əhəmiyyəti nəzərə alaraq onu Oxucularımızın diqqətinə çatdırırıq.

Əvvəli ötən saylarımızda

Ramiz Mehdiyevə, Vüqar Səfərliyə demək lazımdır ki…

Emin Hüseynov
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru:

– Dövlət məmurunun işində nöqsan varsa, mətbuat da bunu olduğu kimi işıqlandırırsa, artıq «şərəf və ləyaqət» iddiasından söhbət gedə bilməz. Bu adam 10.000 manat tələb edir. İndi bu adamdan soruşmaq lazımdır ki, o, öz şərəf və ləyaqətini hansı kriteriyalara görə qiymətləndirib? Hansı üsul və vasitələri, hansı dəlil və sübutları gətirərək şərəf və ləyaqətinin dəyərinin 10.000 manat olduğunu iddia edir? Ümumiyyətlə, Ramiz Mehdiyevin şərəf və ləyaqəti varmı? Çünki dövlət məmurunun Avropa standartlarına görə şərəf və ləyaqəti yoxdur. Yenə də deyirəm ki, o, ictimai fiqurdur. Eynilə digərləri də ictimai fiqurdur və onların şərəf və ləyaqəti Avropa standartlarına görə yoxdur. Yoxdursa, deməli, olmayan bir şeyin alçaldılmasından da söhbət gedə bilməz. Etibar Hüseynov «Xural»ı deputat olandan sonra məhkəməyə verib (Etibar Hüseynov ötən həftə artıq iddiasını geri götürüb – Red.). Deputat statusunda olan kimisə hər hansı mətbu orqanı məhkəməyə vermək hüququna malik deyil. O, vəzifə səlahiyyətlərini aşaraq bunu edib. Mənə elə gəlir ki, ən yaxşısı, bir bəyanat hazırlamaq lazımdır və bütün azad media qurumları, təşkilatları da onu imzalamalıdır (belə bir bəyanat artıq qəbul olunub və «Xural»da dərc olunub – Red.). Həmin bəyanatı da prezident İlham Əlyievə, Ramiz Mehdiyevə, Vüqar Səfərliyə və digərlərinə göndərmək və demək lazımdır ki, «bəsdir, yetər, buna son qoyun!»

«Müqəddəs üçlük»
İlham Əliyev-Ramiz Mehdiyev-Vüqar Səfərli…

İlk üç nəfər də «svyatoe troyka»dır. Onlar nə qərar versələr, digərləri də həmin qərara uyacaqlar. Biz ən ali səviyyədə müraciətlərimizi yaya bilərik və mən hesab edirəm ki, bunu çox rahatlıqla həyata keçirə biləcəyik, yoxsa bunların özümüzə qarşı olan təzyiqlərinin qarşısını almaq üçün başqa yol yoxdur. Eynulla Fətullayevin burada pulunu yeyirlər, vermirlər, amma özləri olmayan yerdən cərimə çıxarırlar. Eynullaya çatası 25.000 manat ortadan yoxa çıxıb, vermək isitəmirlər. Guya o qədər yoxsuldurlar ki, imkanları çatmır. Amma Əvəz bəyin məsələsindən sonra artıq tam əminliklə demək olar ki, bunların həqiqətən də pula ehtiyacları var, millətin puluna ehtiyacları var. Yəqin həmin pulu azad mətbuatın özündən alıb, o birinə vermək istəyirlər ki, özlərininkinə toxunmasın. Artıq deyiləsi sözlərimizi qurtarıb əməli işə keçməyin vaxtıdır. Çünki bu ölkədə söz deyirsən, səhəri gün məhkəmə işi başının üstünü alır. Etdikləri qanunsuzluqların ictimailəşdirilməsinə qarşı yönələn təzyiqlərdir bütün bu təzyiqlər. İstəmirlər ki, onların etdiklərini sadə adamlar bilsinlər. Odur, Sumqayıtda birinin cibinə nəşə atdılar və dedilər ki, sən narkomansan. Tutulan şəxsin anası 22 yaşlı oğlunun belə bir işlə məşğul olmadığını, polisin ona «atdığını» deyir, qayıdıb ona «get eee… sənin uşağın narkomandır, ona görə tutmuşuq» deyirlər. Təsəvvür edin ki, ortada heç bir məhkəmə qərarı olmadan, istintaq aparılmadan istədikləri qanunsuzluqları edirlər. İnsanlar da hirslidir, hiddətlənirlər. Artıq belə bir situasiyada nədən danışırıq ki?

Şükür edin ki, redaksiyanıza nəşə atmayıblar…

«Xural»ın məsələsi belə məsələlərin yanında şükürlüdür. Siz hələ şükür etməlisiniz ki, «Xural» qəzetinn redaksiyasına Ramiz Mehdiyevin sifarişi ilə 1 kq nəşə atmayıblar. Siz nəzir verin, yığın verin… Başqalarına baxanda yenə də sizə şükür. Mən yenə o fikirdə qalıram ki, biz bir bəyanat hazırlayaq və bütün azad mətbu orqan, mətbu təşkilat rəhbərləri onu imzalasınlar. Bütün medianın dəstəyi bu ola bilər.

Şahvələd Çobanoğlu
Müstəqil yazar:

– Mən Mehman müəllimlə tam razılaşıram. Bir o qalır ki, həmin məqalələri yenidən müstəqil ekspertlərə təqdim edək və Avropa standartlarına uyğun şəkildə onları analiz etdirək. Bütün hallarda bizi şərləyə biləcəkləri bütün yolları bağlamaq lazımdır…

Mehman Əliyev
«Turan» İA-nın rəhbəri:

– Ekspertlər var…

Əvəz Zeynallı:
– Bütün yazılar hazırdır, etiraz etmirəm, verək.

Qənimət Zahid
«Azadlıq» qəzetinin baş redaktoru:
– Şahvələd bəyin qəzetlərlə, jurnalistlərlə əlaqələri daha yaxşıdır. Bəlkə altkernativ yol kimi Novruz bayramı öncəsi kütləvi aksiyalara başlayaq? Koordinatorluğu da o öhdəsinə götürsün…

Ə.Zeynallı:
– Ağllı təklifdir ki, azad media nümayəndələri kütləvi aksiyalara başlasın.

Q.Zahid:
– Bəli, artıq özümüzü yoxlamalıyıq. Səsimizi çıxarmadıqca, bunlar son nəfəsimizə qədər batırmağa çalışacaqlar. Yaz qabağı özümüzü sınayaq və sözümüzü deyək…

Kütləvi aksiyalara başlamalıyıq!

Ş.Çobanoğlu:
– Mən o fikirlə tam razılaşıram. Biz əvvəlcə kütləvi aksiya keçirmək istədiyimizlə bağlı dövlətin özünə müraciət edək və onların reaksiyasına baxaq. Etiraz edərlərsə – tam əminliklə deyə bilərəm ki, edəcəklər – onda artıq başqa yollar axtaraq. Bunu çoxdan etməliydik. Bilirsiniz ki, o vaxtlar da – biz aksiyalar keçirdiyimiz zaman, onların qanunsuz keçirildiyini iddia edirdilər, halbuki hər aksiyadan əvvəl müraciət göndərirdik. Aktların hamısı da Avropa Məhkəməsinə qədər gedib çıxıb. Birinin artıq baxılma mərhələsi başlayıb. Hesab edirəm ki, onu məmnuniyyətlə və həvəslə etmək lazımdır. Hər şeyi sənədləşdirərək. Lazım gələrsə o aksiyalar haqda bütün səfirlikləri, diplomatik nümayəndəlikləri xəbərdar etməliyik. Ortaya fakt qoymalıyıq.

Hər birimizi bir-bir dənləyəcəklər…

Q.Zahid:
– Əvvəlcə özümüzü hazırlayaq, sonra da sənədləri. Hər şey hazır olandan sonra aksiyaları həyata keçirək. Onsuz da bu son damladır. Bu gün də olmasa sabah hər birimizi bir-bir dənləyəcəklər. Bunun qarşısını almaq lazımdır. Hər hansı məmur özünə arxayın ola bilməz ki, əgər vəzifə səlahiyyətləri varsa, o, bir mətbu orqanı süsdura bilər. Onda ölkədəki bütün məmurlar adama bir mətbu orqanın üstünə-üstünə gedib bağlatdırar və diktaturanın başlanmasına start verilər.

Replikalar:
– Çoxdandır birlik nümayiş etdirmirik. Bəlkə bütün jurnalistlər, narazı təbəqə də bizə qoşulacaq?
– İnqilabı bəlkə biz başlayacağıq?
– Siz başlayın, insanlara belə bir şey lazımdır ki, ayağa qalxsınlar.
– Mediada çoxlu sayda narazı adamlar var. Jurnalistlərin arasında cavan, yaşlı həmkarlarımız çoxdur. Onlar etiraz yüklərini boşaltmaq üçün yer axtarırlar. Artıq vaxtdır, adamlarımızı küçəyə çıxarmalıyıq.

Ə.Zeynallı:
– Mən də razıyam bu fikirlərlə. Ekspertiza məsələsində də Mehman bəylə tam razılaşıram. Maraqlı bir məsələ var. Ramiz Mehdiyev haqqında «Xural»da yazılan məqalədə belə bir cümlə var: «Ramiz Mehdiyevin siyahısı əsasında seçdirilən deputatlar…» Hörmətli akademikin iddialarından biri də o oldu ki, bunu biz səhv yazmışıq və ictimaiyyətə yalan məlumat verməklə onun «şərəf və ləyaqətini» ləkələmişik. Məhkəmə prosesi zamanı bu məsələnin üzərinə gələndə və onu müzakirə edəndə vəkil dedi ki, «bunlar yazırlar ki, ölkədə hər şeyi Ramiz Mehdiyev idarə edir, hətta parlamentə seçiləcək deputatların siyahısı da Ramiz Mehdiyevin göstərişi əsasında tərtib edilir». Vəkil bunu deyəndə hakim güldü. Bizim mühakimə olunmağımız bu cür oldu. Mən də dedim ki, «möhtərəm hakim, bu sözün özü sizdə gülüş yaradır, daha mən əlavə nə deyim?» Yəni qəzet yeni heç bir şey yazmayıb. Parlament seçkilərindən sonra bəlli olur ki, parlamentdə əyləşənlərin əksəriyyəti Ramiz Mehdiyevin siyahısında olan adamlardır. Bunu yazmayan, bilməyən var?!

3 ay müddətində hamı «Xural»ın bütün saylarını alsın və kampaniyaya dəstək olsun!!!

Aynur İmranova:
– «Xural» qəzetinin başına gətirilən oyunlar Azərbaycanda baş verən hadisələrin kiçik bir modelidir. Əvvəlcə hökumət və qeyri-hökumət təşkilatlarına, sonra isə KİV-ə, siyasi partiyalara pul ayrıldı və onlar susduruldu. Çox təəssüf edirəm ki, bu gün ölkədə baş verən hadisələri düzgün qiymətləndirən, situasiyaları düzgün dəyərləndirən müstəqil mətbuat orqanları Azərbaycanda çox az sayda qalıb. Mən də Qənimət bəylə razılaşıram ki, aksiyalara başlayaq, onları gözləmədən biz də qarşılıqlı məhkəmə iddialar ilə çıxış edək. Biz də onları məhkəmələrə boğaq. Onların üzərinə getmək lazımdır. Onlar necə haqsızlığa yol verib mətbuatın üzərinə gəlirlər ki, onu susdursunlar, biz də onların üzərinə gedib vəzifə səlahiyyətlərini aşdıqlarını sübut etməliyik. Təklif edirəm ki, bütün vətəndaşlarımıza müraciət olunsun ki, 3 ay müddətində hamı «Xural»ın bütün saylarını alsın və kampaniyaya dəstək olsun. Bu aksiyanı başlamaq lazımdır. O ki qaldı birləşib bəyanatlar qəbul etməyə, digər aksiyalara qoşulmağa, biz tərəfdən heç bir problem yoxdur, dəstəkləməyə hazırıq.

Bunların qabağında heç kim danışmasın – onu istəyirlər…

Razi Abasbəyli:
– Məhkəmə prosesində ekspertiza ilə bağlı əlavə xərclər tətbiq olunur. Bu məsələ ilə bağlı seçki prosesində də rastlaşdıq. Biz MSK-dan şikayət edirik, hakim qərar çıxarır ki, imzalar ekspertizaya göndərilsin. Bu, hər iki məhkəmədə olur. Mənim Sabirabad rayonunda qeydiyyatda olduğum ünvana bir neçə məktub gəlib ki, siz ekspertizaya görə 150 manat, üst-üstə 500 manat pul ödəməlisiniz. Hansı qanunla? Qanunvericiliyə görə mən işin ekpertizaya getməsini istəməmişəm, vəsatət qaldırmamışam, hakim özü qərar çıxarıb və bu qərarı icraya yönəldib ki, imzalar yenidən yoxlanılması üçün ekspertizaya göndərilsin. Mənə cərimə kəsilib – ekspertiza adı ilə… Əgər mən bir vətəndaş kimi əvvəldən bilsəydim ki, ekspertiza pulludur və mənim bu məbləği ödəmək imkanım yoxdur, işsizəm, onda mən heç bu işə qarışmazdım. Analoji vəziyyət qəzetlərin də başına gətirilir. Məsələn, Əvəz Zeynallının işini ekspertizaya hakim məhkəmə qərarı ilə göndərib. Bunu hakim, məhkəmə – özü də dövlətin adından eləyir. Əgər dövlət adına hakim edirsə, niyə sonradan 100 manat – bir təqaüdçünün aylıq təqaüdü qədər olan bir məbləği ödəmək üçün bizim üzərimizə yükləyir? Nə sərf edir o cür edirlər ki, insanlar ekspertiza sözünü dillərinə almasınlar, hakim də nə hökm istəyirsə, onu da oxusun. Bunların qabağında heç kim danışmasın, onu istəyirlər. Avropaya bir neçə belə şikayət ünvanlamışıq və orada ekspertiza haqqının ödənməsi üçün cərimə kəsildiyini bildirmişəm. Onlara da bu məsələ çox maraqlı gəlib. O ki qaldı aksiyalarla bağlı təkliflərə, mən onu tam dəstəkləyirəm və hesab edirəm ki, bunu artıq həyata keçirmək lazımdır. Çünki artıq üzərimizə gəlirlər və olan-qalan 5-3 nəfər müstəqil adamın qələmini sındırırlar. Buna imkan vermək olmaz. Digər tərəfdən, bu aksiyaların tək media üzərində fokuslaşdırılmasını da istəmirəm. Çünki Azərbaycanda kifayət qədər hakimiyyətdən narazı sosial təbəqə var və inanın ki, sosial internet şəbəkələrində kifayət qədər gənclər var ki, informasiya daşıyıcılarına çevriliblər. Onlar da özlərini bizlərdən biri hesab edirlər. Tək qəzetlər üzərində yox, media, azad söz üzərində dayanaq. Yəni aksiyalara başlamazdan əvvəl onu inkişaf etdirmək lazımdır. Ümumilikdə, mən «Xural»la bağlı olan təzyiqləri tək bir qəzet üçün deyil, azad mətbuat və azad söz üzərinə edilən basqı kimi dəyərləndirirəm.

Hədəf İlham Əliyevin özü olmalıdır!

Sərdar Əlibəyli
«Nota» qəzetinin baş redaktoru:

– Məncə, «Xural» qəzetinin artıq çökdürülməsinə qərar verilib və bizim işimiz onun tamamilə yox edilməsinin qarşısını almaq, onu xilas etməkdir. Azərbaycanda qəzetlərin məhkəmələrdən qurtarmasının bir yolu var. Çünki «kimdən yazırsan yaz, bircə bu məmurlara toxunma» prinsipi əsas götürüldüyündən, istənilən məmur istədiyi an bir qəzeti məhkəməyə verib ona qarşı maliyyə sanksiyası irəli sürə bilər. Başına döndüyüm İlham Əlyiev 15-20 ildir ki, hakimiyyəti əlində saxlayır. Dədəsinin vaxtında da hakimiyyət bunun əlində idi. Ona görə də bütün yazılan yazılar mütləq İlham Əliyevlə bağlanmalıdır. Özü də elə bağlanmalıdır ki, əgər məhkəmə prosesi olacaqsa, ora mütləq İlham Əliyevin özü gəlsin. Ayrı cür bu məhkəmələrdən xilas yolu yoxdur. Mən bunu sınaqdan keçirdim və çox uğurlu nəticələr aldım. Çünki İlham Əliyev heç bir halda mətbuatla maraqlanmır. Əgər maraqlanıb Sərdar Əlibəylini məhkəməyə verəcəksə, başımız üstündə yeri var, bu, bir an içində bizi Azərbaycandan böyük edəcək – o da bunlara sərf eləmir. Məsələ ondadır ki, Azərbaycan məhkəmələrindən ədalət ummağın özü gülüncdür. Hakimlərin hamısı sifarişlə iş görürlər. Son 15 ildə Azərbaycan məhkəmələrində bir dənə də olsun ədalətli qərar çıxarılmayıb. Haqqı ya pulla satırlar, ya da sifarişlə öz xeyirlərinə həll edirlər. Adama gözlüklü ilan kimi baxırlar ki, ümumiyyətlə, sən kimsən, niyə danışırsan, sus, danışma, yoxsa səni tutduraram. Bunlar nə qanırlar media nədir, bunlar nə qanırlar azad mətbuat nədir? Nə zəng gələcəksə, nə tapışırıq veriləcəksə, hakimlər onu da edəcəklər. Hesab edirəm ki, ilk növbədə məhkəmələri boykot edib getməmək lazımdır. Necə? Bunun da yolları var. Məktub göndərib, Azərbaycan məhkəmələrinə inamın olmadığını, nə qərar çıxaracaqlarsa, onsuz çıxarmalarını tələb etmək olar. Bütün hallarda hesab edirəm ki, məsələ Azərbaycanı idarə edən siyasətin zehniyyəti və fəlsəfəsi ilə bağlıdır. Azərbaycanı İlham Əliyev məhz belə görmək istəyir. İlham Əliyevin hər şeydən xəbəri var. Özü məmləkətdə olanda sakitlik olur, çıxan kimi tapşırıqlarını yerinə yetirirlər. Öndə gedən qəzetlər bu məsələdə həmrəylik göstərməlidirlər. Mətbuatın flaqmanı, öncülləri olan mətbu orqanlar bir az özlərində cəsarət tapıb «ya mətbuata baxış ədalətli olsun, ya da biz yoxuq» desinlər. Yəni doğrudan da dövlətin məqsədləri səmimidirsə, o, bunu sübut etməlidir. Allah hamını qorusun, içində də bizi. Qənimət Zahid həbsdə olanda «Azadlıq» qəzeti bu hökmətin əlindən – KİVDF-dən yardım aldı. Bunu mən anlaya bilmədim. Heç olmasa, «Azadlıq» qəzetinin cəsarəti çatıb deməli idi ki, mənə yardım etmək istəyirsənsə, baş redaktorumu həbsdən azad delə, imkan ver, o pulu özümüz qazanaq. Bu pulu ona niyə verir? Qan pulu olur axı bu.

Bu ölkədə qarışqa da ölsə, İlham Əliyevlikdir…

Mən bir şeyi çox gözəl bilirəm ki, bu ölkədə qarışqa da ölsə, ondan İlham Əliyevin xəbəri var. O istəyir bu cür idarəçiliyi, o məmləkəti bu cür görmək istəyir. İlham Əlyievin dediyi sözlərin tək biri ilə razılaşıram ki, həqiqətən də Azərbaycan analoqu olmayan bir ölkədir. Nə başı var, nə ayağı… Hələ indiyədək bu məmləkət nə ilə yeriyir, bilmirəm. Təsəvvür edin ki, qəzetə yerləşdirmək istədiyim iki şeir üstündə polemika yarandı ki, bəlkə qoymayasan, Nemət Pənahlı da həbsdədir. Ay qardaşlar, Nemət Pənahlı həbsdədir mənə nə? Bu şeirlər İlham Əliyevin, Ramiz Mehdiyevin xoşuna gələcək və ya gəlməyəcək, mənə nə? Mən qəzet çıxarıram. Yəni ölkəni o situasiyaya gətiriblər ki, sıradan bir şeiri qəzetdə yerləşdirmək üçün gərək fikirləşəsən. Onu demək istəyirəm ki, susduqca susduracaqlar. Danışmaq. Yazmaq lazımdır. Yoxsa tanımadığımız, bilmədiyimiz, haqqında eşitmədiyimiz bir adamın ad gününü təbrik etdiyimizə görə də məhkəməyə verilə bilərik. Dərc etmək üçün gətirəcəklər, reklam şərtləri ilə dərc edəcəyik, adam da dərhal bizi məhkəməyə verəcək ki, mənim adımın o qəzetdə hallandırılması mənim üçün təhqirdir. Hər yerdən qolumuzu bağlayıblar. Bugünkü situasiyadan çıxmağın yolları üzərində hazırlaşaq. Bu gün «Xural»ı xilas etməliyik. Bunun nəticəsi nə olacaqsa, bütün müstəqil qəzetləri də «Xural»ın aqibəti gözləyəcək.

Kiçik adamlar bu məsələdə oyuncaqdırlar…

Nurəddin Xoca
Müstəqil yazar:

– Bütün bu bəlaların başında rejim dayanır. İstər Ramiz Mehdiyev olsun, istərsə də o biri dövət məmurları. Bu rejimə arxayın olub, belə əl-qol atırlar. Xırda bir detalı dəyişməklə, bütövlükdə bu rejimi dəyişmək olmaz. Nə edirsinizsə, nədən başlayırsınızsa, başlayın. Amma bunu rejimi yaradanlarla başlayın. Kiçik adamlar bu məsələdə oyuncaqdırlar. Onların hamısı yuxarıdan idarə olunurlar. Bu maşının hər hansı vintini dəyişməklə heç nə dəyişməyəcək. Bu vinti çıxarıb, o birini salacaqlar, motor eynidir. Ramiz Mehdiyevin yerinə əgər başqası olsa, guya nəsə fərqli olacaq? Olmayacaq!
Ə.Zeynallı:
– Təşəkkür edirəm. Medianın gələcyi istiqamətində həm birgə toplantılar, həm müəyyən aksiyalar keçirmək lazımdır. Tez-tez toplaşmaq ümidi ilə…

Son

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button