«Xural»ın Qara Fevralı

İl başlayandan, məxsusən fevral ayının ilk günlərindən «Xural»a yeni səlib yürüşü başlayıb. Bu səlib yürüşü ötən ilin iyun ayında Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qəzeti məhkəməyə verməsindən sonra növbəti mərhələni təşkil edir. Ramiz Mehdiyevin «Xural»ı məhkəməyə verməsindən sonra onun vəkili ilə qarşılıqlı razılaşdırılmış təkzib mətnini çap etməyimizə və yazı müəllifinin hörmətli akademikdən üzr istəməsinə baxmayaraq, ölkəyə faktiki rəhbərlik edən bir şəxsin 10.000 manat cəriməni almaqda israr göstərməsi, «Xural» qəzetini susdurmaq təşəbbüsündən başqa bir şey deyil.

Fevral ayının xronoloji ardıcıllığı üzərimizə gələn dalğanın və təhlükənin nə qədər ciddi olduğunu gözlər önünə sərir. Beləliklə,


1. Nüşabə Ələsgərli, mahnı oxuduğunu iddia edən müğənni

200 manat+3.000 manat məhkəmə cəriməsi…

Nüşabə Ələsgərli qəzetimizi 04-10 mart 2007-ci il tarixli 07(223) sayımızda dərc olunan «İTV «Xural»a tələ qurdu!!!» başlıqlı yazıda şərəf və ləyaqətinin təhqir olunduğu iddiası ilə məhkəməyə vermişdi. İddia ərizəsində qəzetin təkzib verməsini və mənəvi zərərə görə 50.000 manat ödəməsini tələb edən müğənninin iddiası Nərimanov Rayon Məhkəməsi tərəfindən qismən təmin olunmuş, məhkəmə hakim Babayev Elxan Cəmaləddin oğlunun sədrliyi ilə 18 may 2007-ci ildə «Xural» qəzetinin redaksiyasını 100, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını 100 manat cərimələmişdi. Aradan 4 il ötəndən sonra heç bir xəbərdarlıqsız redaksiyaya Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra Şöbəsindən Əvəz Zeynallının iştirakı olmadan tərtib olunan Protokol daxil olub və fevralın 3-də məhkəmə keçirilib. Məhkəmədə hakim Sevinc Quliyeva bütün etik normaları pozaraq Əvəz Zeynallıya özünü müdafiə etmək üçün heç bir imkan verməyib və cəmi 6 dəqiqə çəkən müşavirəyə getməklə qəzeti əlində hazır qətnamə gələrək 3.000 manat cərimələyib.

Xüsusi qeyd etməkdə yarar var ki, məhkəmə icraçıları hələ də pulun hansı hesaba ödənməli olduğuna dair məlumat verməyiblər. Yəni olmayan bir şey üçün Nərimanov Rayon Məhkəməsi 15 dəfə artıq – 3.000 manat cərimə kəsib ki, bu, «Xural»ın məhkəmə praktikasında qarşılanmayan hadisədir. Görünən odur ki, Nərimanov Rayon Məhkəməsi sifariş alıb və bizə qarşı sifarişli qərar verib.

«Xural» qəzeti ona kəsilən cəriməni ödəməyə hazır olduğunu bildirib və ödəmədən imtina etməyib.

Nüşabə Ələsgərliyə ödənilməli borc – 200 manat.

Borcun üzərinə əlavə edilən məhkəmə cəriməsi – 3.000 manat.

2. Ağabəy Əsgərov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi «Azərbaycan» Nəşriyyatının direktorudur. Ramiz Mehdiyevin komanda-şəbəkəsinin üzvüdür.

1.000 manat…

Ağabəy Əsgərov «Xural»ı və Əvəz Zeynallını həm xüsusi ittiham qaydasında, həm də mülki qaydada məhkəməyə vermişdi. Nəşriyat direktoru qəzetin 24-30 iyun 2007-ci il tarixli 22(238)-ci sayında dərc olunan «Nəşriyyat «Qızıl» kəsir?!» və yaxud ««Kağız Allahverdi», «Ləzgi mafiyası» və Ağabəy Əsgərov…» başlıqlı, eyni zamanda 29 iyul-04 avqust 2007-ci il tarixli 27(243)-cü sayında dərc olunan «Azərbaycan mətbuatının ölüm yeri» və yaxud «Bu, mətbuat evinə yox, bazara daha çox oxşayır…, «Kağız» Allahverdi-Ağabəy Əsgərov ikilisinin özbaşınalıqları» başlıqlı, bundan başqa, 19-25 avqust 2007-ci il tarixli 30(246)-cı sayında dərc olunan ««Azərbaycan» Nəşriyyatı yox, «Azərbaycan» fabriki və yaxud «Ağabəy Əsgərov Ramiz Mehdiyevə, Əli Həsənova ev verib?!» başlıqlı yazılardan narazı qalmışdı. Hər iki iddia Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Alıyevanın icraatında qismən təmin olunub. Xüsusi ittiham qaydasında şikayət Əvəz Zeynallının aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası ilə yekunlaşıb. Mülki qaydada iddia isə 03.12.2007-ci ildə verilən qərarla «Xural» qəzetinin redaksiyasından, baş redaktor Əvəz Zeynallıdan və məqalənin müəllifi Kamal Hüseyndən müştərək qaydada 1.000 manat cərimə kəsilərək qarşı tərəfə ödənməsi ilə nəticələnib. Yuxarı instansiya məhkəmələri ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıblar.

Aradan yenə 4 il keçib. Prezident Administrasiyasından gələn sifarişlə və prezident İlham Əliyevin «mətbuatın dostu» təyin olunması ilə qabaran dalğada artıq unudulan bu 1.000 manat icraya yönəldilib. Yanvarın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Sadıqov Məzahir Qafar oğlu Nərimanov Rayon İcra Şöbəsinin tərtib etdiyi – yenə Əvəz Zeynallının iştirakı və imzası olmadan – protokol əsasında Əvəz Zeynallı İnzibati Xətalar Məcəlləsinin 313.1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh növü olan xəbərdarlıq edilib. Əminliklə söyləyə bilərik ki, «Xural» qəzetinə qarşı Prezident Administrasiyasından başlanan səlib yürüşü fevralın əvvəlində bir daha təsdiqlənib. Bu qərar fevral ayına təsadüf etsəydi, hər halda bir neçə min manat daha cərimə artırılacaqdı.

Bu məsələdə də «Xural» qəzeti ona kəsilən cəriməni ödəməyə hazır olduğunu bildirib və ödəmədən imtina etməyib. Ağabəy Əsgərov və icraçılar pulun ödəniləcəyi hesab nömrəsini qəzetə təqdim etməyiblər. Əsgərov əvvəlcə pulun uşaq evlərindən birinə veriləcəyini bildirsə də, cərimə kəsiləndən sonra bu sözündən imtina edib. Bu da onun pul məsələsinə nə qədər həssas olduğunu göstərir.

Ağabəy Əsgərova müştərək qaydada ödənilməli borc – 1.000 manat.

3. Vüqar Səfərli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktorudur

5.000 manat…

İndi onun haqqında heç kim tənqidi yazı dərc etməyə ürək etmir. Ramiz Mehdiyevin hakimyyətdaxili komanda-şəbəkəsinin üzvüdür.

Vüqar Səfərli «Xural»ı 25-31 iyul 2010-cu il tarixli, 027(387) saylı buraxılışda dərc olunan «İlham Əliyev «Xural»ın prezidenti deyil?!» başlıqlı müəllif yazısına görə məhkəməyə verib. Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu yazıya görə məhkəmədən təkzib və üzr tələb edib, eyni zamanda şərəf və ləyaqətinin bərpası üçün 10.000 manat pul vəsaitinin şəxsən özünə ödənməsini tələb edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Arif İsmayılov Allahqulu oğlunun sədrliyi ilə 12 oktyabr 2010-cu ildə keçirilən iclasda məhkəmə sifarişli olaraq Vüqar Səfərlinin iddiasını qismən təmin edib və «Xural»ı 500 manat cərimələyib. Baş redaktor Əvəz Zeynallı qərardan apellyasiya şikayəti verəndən sonra Vüqar Səfərli də 03.12.2010-cu ildə müddəti ötürməsinə baxmayaraq, apellyasiya şikayəti verib. Qarşılıqlı apellyasiya şikayətlərinə 07 fevral 2011-ci ildə baxılıb. Ən azı üç dəfə təxirə salınmasına, Vüqar Səfərlinin məhkəməyə açıq hörmətsizlik etməsinə və «Xural»ın bütün mənalarda haqlı olduğunu sübt etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsinin Məmməd Məmmədov, Mədinə Bağırova və Raqif Qurbanovdan ibarət heyəti təxminən yarım saatlıq məhkəmə və 1 saatlıq müşakirədən sonra Əvəz Zeynallının tələbini rədd edib və Vüqar Səfərlinin iddiasını 10 dəfə (!!!) artıraraq 5.000 manat həcminə çıxarıb. Biz məhkəmə praktikamızda belə nümunə ilə rastlaşmamışıq. Deyəsən, heç Azərbaycan mətbuatının tarixinində də belə şey olmayıb. Amma Nərimanov Rayon Məhkəməsinin inkvizator hakimi Sevinc Quliyevadan fərqli olaraq Apellyasiya Məhkəməsinin hakimləri qərarı oxuyanda utandıqlarından başlarını aşağı salıblar və Əvəz Zeynallının bütün israrlarına baxmayaraq, qaldırmayıblar.

«Xural» Ali Məhkəməyə müraciət edəcək, amma sifarişli qərar nəticəsində daha bir cərimə qərarı ortadadır:

Vüqar Səfərliyə indiki mərhələdə ödənilmə ehtimalı olan borc – 5.000 manat.

4. Etibar Hüseynov, «Lider» televiziyasının qarayaxma proqramı kimi qəbul olunan «Sitatın sonu» verilişinin aparıcısı, son seçkilərdə Ramiz Mehdiyevin siyasıhından parlamentə təyinat alan deputat

10.000 manat…

Etibar Hüseynov «Xural»ı 23-29 yanvar 2011-ci il tarixli 003(411) saylı buraxılışında dərc olunan Əvəz Zeynallının «Dənsiz» məqaləsinə görə məhkəməyə verib. Etibar Hüseynov şərəf və ləyaqətinin 10.000 manatlıq qiymətləndirilməsini tələb edib və məhkəmədən təkzib və üzr istəmək haqqında qətnamə qəbul etməsini istəyib.

Fevralın 11-də, cümə günü, saat 17.30-da Etibar Hüseynovla Nərimanov Rayon Məhkəməsinin binasında, hakim Abbas Əliyevin icraatında məhkəmə iclası başlayacaq və əsən havadan görünür ki, bu məhəmədən də «Xural»ın əleyhinə ciddi məbləğdə bir cərimə qərarı çıxacaq. Təbii ki, bütün hüquqi yollardan istifadə edəcəyik, amma indilik görünən odur ki,

Etibar Hüseynova ödənilmə ehtimalı olan borc – 10.000 manat.

5. Əvəz Zeynallının tərcümə etdiyi Adolf Hitlerin «Mənim Savaşım» kitabının illərlə çəkən məhkəmə iclası hələ də davam edir

150 manat

Artıq qətiləşən hökmə görə «cəzalandırılmamaqla təqsirli bilinən» Əvəz Zeynallı dövlətin keçirdiyi ekspertizalar üçün dövlət büdcəsinə 150 manat ödəməlidir. Nərimanov Rayon İcraçılar Şöbəsinə bu haqda məlumat verən Əvəz Zeynallı ödəmədən imtina etmədiyini, dövlətin borcunu ödəməyə başlamağa hazır olduğunu bildirib. Prezident Administrasiyasından sehrli çubuq işə düşməsə, məhkəmə icraçıları özbaşına saxta protokollar tərtib edib məhkəmələrə saxta qərarlar aldırmasalar və məhkəmələr də bir neçə min manatı belimizə yükləməsələr, 150 manat da ödəməliyik.

Adolf Hitlerin kitabına görə ödənməli borc – 150 manat.

6. Ramiz Mehdiyev, Prezident Administrasiyasının rəhbəri, akademik, Azərbaycanın defakto birinci, deyure dördüncü Adam

10.000 manat

Bütün başımıza gələnlər hörmətli Ramiz Mehdiyevin başının altından çıxır. Yoxsa kimin həddinədir ki, fevralın 3-də Nərimanov Rayon Məhkəməsinin hakimi 3.000 manat, cəmi 4 gün sonra, Apellyasiya Məhkəməsinin hakimlər heyəti də 5.000 manat bir qəzeti cərimə etsinlər. Mümkün deyil. Bunu Azərbaycanda yalnız Ramiz Mehdiyevo da ölkə prezidenti İlham Əliyevdən xeyirdua alarsaedə bilər.

Ramiz Mehdiyev «Xural» qəzetinin 23 may 2010-cu il tarixli, 019(379) saylı buraxılışında Elçin Uğurtac adlı müəllifin yazdığı «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?» başlıqlı məqaləni məhkəməyə verib. Cənab Mehdiyevin bir qəzetlə mülki iddia dilində danışması əvvəlcə təqdirimizi qazansa da, az sonra bunun mətbuata daha ağır və sarsıdıcı zərbələr endirmək üçün sadəcə bir vasitə olduğunu anladıq. Mehdiyev məhkəmədən qəzetin və məqalə müəllifinin çap edilməklə üzr istəməsini, məqalədə yer alan bəzi faktların təkzib edilməsini və şərəf və ləyaqətinin təhqir olunduğu üçün 10.000 manat cərimə kəsilməsini tələb edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu digər hakimlərdən fərqli olaraq çox operativ şəkildə və nəfəs almadan 02 iyul 2010-cu ildə, cəmi 20 gün keçməmiş heç bir məhkəmə araşdırması aparmadan iddianı tam təmin və hətta iddia tələbinin kənarına çıxaraq Mehdiyevin iddia ərizəsində tələb olunmayan detalları da əlavə edib. «Xural» qəzeti ona hüquqi yardım göstərən Media Hüquqları İnstitutunun da dəstəyi  ilə Nərimanov Rayon Məhkəməsinin ədalətsiz qərarından Apellyasiya Məhkəməsinə şikayət verib və Apellyasiya Məhkəməsi də cəmi 20 dəqiqə çəkən iclasında hakimlər Xəlilov Hilal İsmayıl oğlu, Qasımov Əflatun İbrahim oğlu və Nəbiyev Etibar Qəzənfər oğlundan ibarət tərkib ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləliklə, «Xural» qəzetinin Ramiz Mehdiyevə ədalətsiz məhkəmə qərarları nəticəsində 10.000 manatlıq borcu yaranıb.

Bu qərardan da Əvəz Zeynallı Ali Məhkəmənin Mülki Kollegiyasına Kassasiya şikayəti verib. Fevralın 18-də, saat 10.00-da Ali Məhkəmənin binasında şikayətə baxılacaq və böyük ehtimalla Ramiz Mehdiyevin 10.000 manatlıq cərimə tələbi qüvvəyə minəcək.

Ramiz Mehdiyevə ödənilmə ehtimalı olan borc – 10.000 manat.

«Xural» «500 Böyük Oxucu» kampanyasına başlayır!!!

Qəzetimizin varlığına və kollektivimizin təhlükəsizliyinə ciddi təhlükə yaranıb. Cəmi 3 gün ərzində 8.000 manatlıq cərimə və qarşıda bizi gözləyən məhkəmə prosesləri deməyə əsas verir ki, hakimiyyət hazırda azad sözün əsas tribunalarından birinə çevrilən «Xural» qəzetini maliyyə sanksiyaları idə sıradan çıxarmaq istəyir. Bunun üçün qərar lap yuxarıdan gəlir – Ramiz Mehdiyevdən. Ramiz Mehdiyev isə bu tip qərarları özbaşına almır. Ona görə də «Xural» qəzeti tərəqqipərvər Azərbaycan cəmiyyətinin də köməyi və yardımları ilə sonuna qədər mübarizə aparmaq və bütün hüquqi vasitələrdən istifadə edərək müqavimət göstərmək qərarına gəlib. Son günlər baş verənlərdən yola çıxaraq və gələcəkdə bizi gözləyən hadisələri nəzərə alaraq «Xural» qəzeti olaraq «Durmaq, dayanmaq olmaz!» deyirik və irticaya təslim olmayacağımızı bəyan edirik.

* «500 Böyük Oxucu»nun hər birinin ilkin mərhələdə 10 manat redaksiyaya yardım etməsini və qüvvəyə minmiş cərimələri bu yolla ödəməyi düşünürükbizi bu şər dəstəsinin əlindən yalnız Böyük Oxucu ala bilər!

* Beynəlxalq təşkilatlara müraciət edəcək və baş verənləri dünya miqyasına çıxarmağa çalışacağıq;

* Millimənəvidəyərlərimizi təhqir etdiyi üçün təyinatlı deputat Etibar Hüseynovu qarşılıqlı məhkəməyə verəcək və onun deputatlıq toxunulmazlığının qaldırılması üçün Baş Prokurora və Milli Məclis rəhbərliyinə müraciət edəcəyik;

* Ramiz Mehdiyevin və Azərbaycan hakimiyyətinin təzyiqlərinin qarşısı alınmasa, fasilələrlə aclıq aksiyası keçirəcək, problemlərimizi ölkənin və dünyanın gündəminə çıxarmağa çalışacağıq.

Ölkə ictimaiyyətinə və mətbuata səsləniş!..

Bizi boğurlar. Hər tərəfdən mühasirəyə alıblar. Tunisdə və Misirdə baş verənlərin Azərbaycanda təkrarlanmaması üçün başımıza od ələyirlər. Bütün arsenalları ilə hücuma keçiblər. Sanki inqilabı biz edəsiyik…Bu bəla təkcə «Xural»ın başında deyil. Özünü müstəqil hesab edən hər kəs indən sonra təhlükədədir. Hakimiyyət üzdə xalqa hörmət etdiyini göstərib arxada xalqın sözünü deyə biləcək hər kəsi sıradan çıxarmaq xətti götürüb. Pambıqla baş kəsmək istəyirlər və bundan da kimsənin xəbərinin olmamasını təmin etməyə çalışırlar. Bunlar başlanacaq dalğaların sorumlusu kimi bizi görürlər və ona görə əllərində olan hər kəsi köməyə çağırırlar. Nüşabə Ələsgərli və Ağabəy Əsgərov kimiləri bunlara 2007-2008-ci illərdən lazım oldusa, Vüqar Səfərli, Etibar Hüseynov indi bazara çıxarılır. Əsas bizim susdurulmağımızdır.

Biz yolumuzdan dönməycəyik. Sonuna qədər dirənəcəyik. Mətbuatın azadlıqda qalan hissəsini, xalqımızın hələ də nələr olub-bitdiyini fərq edən kəsimini bizə dəstək verməyə çağırırıq. Susduqca, «məndən ötdü» dedikcə, sıra hamıya gələcək.

Yaşasın Azad və Müstəqil Azərbaycan mətbuatı!

Yaşasın Özgür İnsanların Azadlıq Yolunda Birliyi!

«Xural» qəzeti

08 fevral 2011-ci il, çərşənbə axşamı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button