«Xural»la bağlı məhkəmələr göz-görəsi bir mərkəz tərəfindən planlaşdırılıb…

Baş verən hadisələr ən yuxarı səviyyədə – ölkə rəhbərliyi tərəfindən «Xural»a qəsd planının qurulduğunu göstərir. Ard-arda ölmüş məhkəmə işlərinin və cərimələrinin «xortladılması», yeni təyinat alan əldəqayırma deputat qırıqlarının «Xural»ı məhkəməyə verməsi və bütün bunların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizə 10.000 manat cərimə kəsdirmə qərarından sonra baş verməsi onu göstərir ki, «Xural»ı susdurmağın dövlət başçısı səviyyəsində planını qururlar. Amma «sən saydığını say, gör fələk nə sayır» misalına sədaqət nümayiş etdirərək və «mıxı mismar edən Tanrıya» güvənərək biz də müqavimətimizi qurmaqdan başqa yol görmürük və bu istiqamətdə addımlar atmağa çalışacağıq. Müğənnicik Nüşabə Ələsgərlinin 200 manatlıq iddiasının qarşılığında inkvizisiya hakimi Sevinc Quliyevanın qəzetimizi fevralın 3-də 3.000 manat cərimələməsini yazmışdıq. Tapşırıq o qədər yuxarıdan verilib ki, həftənin birinci günü də KİVDF-nin mətbuat qəniminə çevrilən icraçı direktoru Vüqar Səfərli 500 manatlıq məhkəmə qərarını 5.000 manata çıxardı. Beləliklə, cızılan plan tam açıqlığı ilə gün işığına çıxdı.
Bu məqsədlə mətbuat konfransı keçirməyi planlaşdırdıq və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat ofisində mətbuat konfransı keçirdik. Fevralın 8-də baş tutan konfransın daşıdığı əhəmiyyəti nəzərə alaraq onu Oxucularımızın diqqətinə çatdırırıq.
Sözə qəzetimizin baş redaktoru Əvəz Zeynallı başlayır…

Ramiz Mehdiyev «Xural»ı hədəf götürüb!

Əvəz Zeynallı:
– Son 10 gündə baş verən məhkəmə hadisələri bizi bir növ məcbur etdi ki, bu məsələni geniş şəkildə müzakirə edək. Dostlarla qərara gəldik ki, bu günkü tədbirimiz mətbuat konfransı olmaqla yanaşı, həm də mətbuatla bağlı son günlər yaşanan xoşagəlməz halları müzakirə etmək üçün dəyirmi masa olsun. Müstəqil jurnalistlərə, mətbu qurumlara qarşı təzyiqlər, onların fikir azadlıqlarına müdaxilələr – elə bir neçə gün əvvəl RATİ-nin təsisçisi Emin Hüseynovun saxlanılaraq ona qarşı təzyiqlərin göstərilməsi Azərbaycan mətbuatının bugünkü durumunun nə qədər ağır olmasından xəbər verir. Bu ətrafda fikirlərimizi bölüşdürmək məncə hər birimizin xeyrinə olar. Biz sizə təqdim etdiyimiz press-relizdə hər şey haqda ətraflı məlumat vermişik (Press Relizi bu sayımızda ««Xural»ın Qara Fevralı» başlığı altında yayınlayırıq…). Bu il «Xural» qəzeti üçün xüsusilə ağır keçir. Keçən ilin iyun ayında Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin «Xural» qəzetini məhkəməyə verməsindən sonra bizə qarşı bütün fəaliyyətimizi əhatə edən xüsusi bir proses başlayıb. Hər birimiz yaxşı bilirik ki, Ramiz Mehdiyevin adı olan yerdə heç kəsin səsi dinlənilmir. Bizdə də elə oldu. Ramiz Mehdiyevin adı olan bütün məhkəmə qətnamələri sözsüz yerinə yetirilir. Heç bir məhkəmə araşdırması aparılmadan onun bir müstəqil qəzetə qarşı qaldırdığı 10 min manatlıq cərimə hakimlər tərəfindən sorğu-sualsız təmin olundu. Apellyasiya Məhkəməsinə şikayət etmişik, orada da cəriməni tam olaraq qüvvədə saxlayıblar. Biz məhkəmədə Ramiz Mehdiyevin vəkili ilə söhbət etdik və ilkin olaraq elə qənaətə gəldik ki, Ramiz Mehdiyev çapında bir dövlət məmurunun müstəqil qəzeti xüsusi ittiham qaydasında məhkəməyə verməməsi müsbət haldır. Yəni dövlət qurumları ilə mətbuat arasında yaxşı bir ənənə yaranacaq, əgər yanlışlıq varsa, təkzib də verilə bilər, təbii ki, üzr də istənilə bilər. Amma sonra üzə çıxan o oldu ki, məxsusən də son günlər, Ramiz Mehdiyevin bizi məhkəməyə verməsində məqsəd sadəcə hər hansısa bir faktı inkar etmək və ya ona təkzib istəmək olmayıb. Məqsəd heç bir yerdən maliyyə dəstəyi almayan bir müstəqil qəzetə qarşı maliyyə sanksiyaları tətbiq edərək onu bu yolla çökdürmək olub. Son 2-3 həftədə həm qəzetimizdə dərc olunan məqalələrə görə xəbərdarlıq almışıq, bununla paralel olaraq həm də ard-arda artıq unudulub getməkdə olan məhkəmə qərarlarının arxivlərdən çıxarılaraq tələm-tələsik icra edilməsinin şahidi olmuşuq. Bizim Nüşabə Ələsgərliyə 2007-ci ildə «Valentin Günü»ndə efirdən söylədiyi, «İlhamla Fərizə ər-arvad olublar, sevgili yox!» təfəkkürünə etiraz əlaməti olaraq yazdığımız məqaləyə görə onun məhkəmə qarşısında qaldırdığı 50 min manatlıq «şərəf və ləyaqət» iddiası, məhkəmə tərəfindən 200 manat dəyərləndirilmişdi. Bir neçə gün əvvəl Nərimanov rayon məhkəməsinin yeni təyin olunmuş hakimi Sevinc Quliyeva bir kəlmə də olsun bizi dinləmədən həmin 100 manatı ödəmədiyimiz üçün 6 dəqiqə ərzində «Xural» qəzetini 3 min manat dəyərində cərimələndirdi. Həmin məhkəmədə RATİ-nin əməkdaşları və digər mətbu orqanların nümayəndələri də iştirak edirdilər. Onların nə foto, nə də video aparatdan istifadə etməsinə imkan verməyən bu xanım təxminən 15 min işarəlik qərarla, qışqıra-qışqıra, bağıra-bağıra, «bir kəlmə danışsanız, sizi həbs edəcəyik!» təhdidlərini edə-edə haqqımızda 3 min manatlıq qərar çıxardı. Ondan 3 gün sonra da Prezident yanında KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin Apellyasiya məhkəməsində Nərimanov rayon məhkəməsinin kəsdiy 500 manat 5.000 manata qaldırıldı. Apellyasiya məhkəməsinin hakimləri yarım saat içərisində heç bir sorğu-sual aparmadan, qarşı tərəfin nə özünün, nə vəkilinin məhkəmədə iştirak etməməsinə baxmayaraq, – dəfələrlə buna görə məhkəmə iclasını təxirə salmışdılar – bu qərarı verdilər. Qarşıdan bizi Milli Məclisə yeni təyin olunmuş Etibar Hüseynli ilə məhkəmə prosesi gözləyir. O da Nüşabə Ələsgərli kimi parlament səviyyəsində «İlhamla Fərizə ər-arvad olublar, sevgili yox!» sözlərini dediyinə görə, yazdığım «Dənsiz» məqaləsinə görə məni məhkəməyə verib. Çox böyük ehtimalla artıq Nərimanov rayon məhkəməsində bizi azı 5, çoxu 10 min manat cərimə edəcəklər. Fevralın 18-də Ramiz Mehdiyevin iddiası Ali Məhkəmədə çox böyük ehtimalla qüvvəyə mindiriləcək. «Müsəlmanın sonrakı ağlı» deyəndə düz deyirmişlər. Mən icra vərəqələrinə hələ bu günlər baxmışam və görmüşəm ki, icra vərəqəsi tərtib olunarkən bizim də imzamızın olmalı olduğu yerdə imzamız yoxdur. Hətta indinin özündə belə nə Nüşabə Ələsgərlinin, nə də Ağabəy Əsgərovun bank hesabları icra vərəqələrində göstərilməyib. Ağabəy Əsgərovun da 2007-ci ildən qalmış və məhkəmə qərarı ilə qüvvəyə minmiş 1000 manatlıq cəriməsi var. Yanvarın 17-də keçirilən məhkəmə prossində məhkəmə bizi inzibati tənbehlə xəbərdarlıq elədi ki, bu pulu ödəyin. Əgər Ağabəy Əsgərovun da işi fevral ayına düşsəydi, çox böyük ehtimalla 4-5 min manat da ona cərimə kəsiləcəkdi.

KİV-ə Dəstək yox, Köstək Fondu…

Yəni fevral ayının iki günü ərzində məhkəmə Nüşabə Ələsgərli üçün 3.000 manat, Vüqar Səfərli üçün də 5.000 manat əlavə pul ödəmək qərarını verib. Biz də, Vüqar Səfəri də Nərimanov rayon məhkəməsində çıxarılan qərarla bağlı apelyasya şikayəti vermişdik. Bu bizim təcrübəmizdə ilkdir və yəqin ki, Azərbaycan məhkəmələrinin tarixində də çox nadir hadisələrdən biridir ki, dövlət səlahiyyətlisi, vəzifəli şəxsin iddliası ilə Apellyasiya məhkəməsi cəzanı ağırlaşdırır. Düzdür, Nərimanov rayon məhkəməsinin hakimlərindən fərqli olaraq Apellyasiya Məhkəməsinin hakimləri düz gözümüzə baxıb qərarı oxumadılar, bunlar heç olmasa başlarını aşağı saldılar. Yəni Vüqar Səfərlinin özünün və vəkilinin iştirak etmədiyi məhkəmədə hakimlər onun iddiasını təmin etdilər və cəriməni 5.000 manata qaldırdılar. Bu adamların hamısı Ramiz Mehdiyevin kurasiyasında, komandasında olan adamlardır. Mən bunu həqiqətən də ciddi hadisə hesab edirəm. Azərbaycan mətbuatında bilənlər bilir ki, dövlət məmurları tərəfindən başımıza çox işlər gəlib, çox haqsızlıqlarla üzləşmişik, amma bu dərəcədə bariz hiss etməmişdim. Yəni həm Nərimanov rayon məhkəməsində, həm də Apellyasiya məhkəməsində məhkəmə qərarlarının əvvəlcədən hazırlanaraq zala gətirilməsi, bir yerlərdən bir-birinə yaxın məbləğdə cərimələrin kəsilməsi tapşırığın olduğunu göstərir. Çox böyük ehtimalla Etibar Hüseynovun da məhkəmə işində bizi böyük məbləğlə cərimələdəcəklər. Təbii ki, Ramiz Mehdiyevin məhkəməsi bütün bu proseslərdən sonra başlayır və onun da qərarı qüvvəyə minəcək. Bütün bunlar çox yuxarılardan, mərkəzdən bizə qarşı ciddi bir sifarişin olmasından xəbər verir.
– Bundan sonrakı mərhələlərdə nə etməyi düşünürsünüz?
– Beynəlxalq qurumlara, səfirliklərə müraciət etmək, Ramiz Mehdiyevin məhkəmə qərarının ağırlığından asılı olaraq, aclıq aksiyası keçirmək haqda düşünürük.

«500 Böyük Oxucu» kampaniyasına başladıq!!!

– Kəsilən cərimələri ödəmək imkanınız varmı?
– Biz əgər bunu etsək, yəqin ki, etibarlı Oxucularımızın sayəsində edə biləcəyik. O baxımdan da cərimənin məbləğini hesablayıb, – cərimələr o qədər sürətlə artır ki – «500 Böyük Oxucu» kampaniyasına başlamaq niyyətindəyik. Əvvəlcə 120 Oxucu nəzərdə tutmuşduq, amma son üç gündə üzərimizə yığılan məhkəmə cərimələri Oxucuların saynın artırılması məcburiyyətini yaratdı. Yəni bizim hal-hazırda 5 min manata qədər ödənilməsi məcbur olan cərimələrimiz var, gələcəkdə dalbadal cərimələrlə yüklənəcəyimiz ehtimalı da byükdür. Adolf Hitlerin «Mənim savaşım» kitabının tərcüməsi ilə bağlı mənə qarşı cinayət işi açılmışdı və uzun illər gedən məhkəmə prosesində sonra hökmdə yazıldı ki, «dövlətin keçirdiyi ekspertizaya görə 150 manat ödənilməlidir», iki gün əvvəl onun da icra vərəqi gəldi və mən dərhal, bir az daha ayılmış formada icraçını xəbərdar etdim ki, biz bu məbləği ödəyəcəyik. Artq bu işi də icraçının vicdanına buraxmışıq (Qeyd olunan ödənişin 20 manatı artıq ödənilib…). Çünki Nüşabə Ələsgərlinin məsələsi qaldırılanda icraçıdan xahiş etdim ki, bir gün bizə vaxt tanısınlar və biz o pulu ödəməyə başlayaq. Nəinki bizi dinlədilər, əllərinə fürsət düşmüş kimi bağıra-bağıra bu cəriməni üzərimizə yüklədilər. Hətta polislər səs-küyə içəri girdilər və mən elə başa düşdüm ki, məhkəmə zalından çıxarıb mənə 15 sutka iş verəcəklər, amma yenə sağ olsunlar, görünür, hələlik belə bir tapşırıq almadıqları üçün bunu eləmədilər. Ona görə də hesab edirəm ki, əvvəlcədən planlaşdırılmış və aşağılara verilən sifarişlər həyata keçirilir və bizi maliyyə sanksiyaları ilə çökdürmək planı var. Bunu artıq hakimiyyətin ikinci şəxsi həyata keçirir. Digər tərəfdən, elə düşünürəm ki, bu sanksiyalar tək bizə qarşı deyil.

Üzdə xalqla yaxşı davranmaq, arxada baş qaldıranın başını üzmək…

Son günlər dünyada və ölkəmizdə baş verən hadisələrin təbii məntiqi nəticəsidir. Üzdə xalqla ehtiyatlı davranmaq, şikayətçiləri qəbul etmək, camaatı incitməmək haqqında dalbadal göstərişlər versələr də, arxada çox ciddi və sərt qərarlar veriblər ki, bu millətin önündə olan, bu millətin düşünən, hansısa narazılıqların ictimailəşdiriləcəyi yer olan azad mətbuat nümayəndələri susdurulsunlar. Mən bütün bu prosesləri belə dəyərlndirirəm. Yoxsa, 4 il əvvəl kəsilmiş 100 manatlıq cəriməyə görə 3.000 manat cərimə kəsmək kimin nəyinə lazımdır? Bu yalnız və yalnız Azərbaycan məhkəmələrinə xas olan bir şeydir. Cərimələr və məhkəmələrin hamısı – Ağabəy Əsgərovdan tutmuş Etibar Hüseynova, Vüqar Səfərliyə qədər – hakimiyyətdaxili böyük bir qruplaşmanın üzvləridir.
– İndiyə kimi nə qədər cərimə ödəmisiniz?

KİVDF-nin vicdansız müsabiqələrindən imtina edirik!

– Bizim bu qədər böyük məbləğdə cərim ödəməyə imkanımız yoxdur. Həftəlik qəzetik və heç bir yerdən də maliyyə dəstəyimiz yoxdur. Heç KİVDF-dən də indiyədək 1 qəpik pul almamışıq. Vüqar Səfərlinin bir həftəlik qəzet üçün illik dövlət yardımı 5 min manat civarındadır. Yəni həftəlik qəzetlər üçün meyarları budur. Bu adam bir həftəlik qəzetə dövlətin verə biləcəyi illik yardım məbləğində bir yardımı bizdən bir məhkəmə qərarı ilə almaq istəyir. Bu adam verdiyi yardım meyarının iki qatını bizdən tələb edir. Ayağını dirəyib ki, «Xural» şərəf ləyaqətimə 10 min manat ödəməlidir. Və bu adam dövlətin KİVDF-nin rəhbəri, Allah qoymasa mətbuatı bilən adamdır. Biz bu cərimələrin hansı birini ödəyə bilərik ki? Biz məsələnin bu qədər böyüdüləcəyini bilmirdik. Amma əgər məsələ bu həddə çatdırılıbsa, biz də öz bildiyimiz üsullara əl atacaq, kampaniyalara başlayacağıq. Hər Oxucudan da bu məmurlara ödəmək üçün 10 manat istəyəcəyik. Hər Oxucunun məmurlarımıza verəcəyi 10 manatlıq yardımı ilə biz bu mərhələni keçməyi düşünürük. İrəlidə bizi nə gözləyir, irəlidə nə olacaq, hansı təxribatlar olacaq, onu indidən deyə bilmərik.

Etibar Hüseynov məhkəməyə veriləcək!

Daha sonra Etibar Hüseynovu qarşılıqlı iddia ilə məhkəməyə vermək niyyətindəyik. Milli-mənəvi dəyərlərimizi təhqir etdiyinə, mili-mənəvi dəyərlərimizə hücum etdiyinə görə deputat toxunulmazlığının qaldırılması üçün Milli Məclisə və Baş Prokurorluğa müraciət edəcəyik. Təbii ki, redakksiya olaraq bir çox ciddi qərarlarımız da var. Bütün bu oyunların başlıca səbəblərindən biri də odur ki, biz KİVDF-dən müstəqil mətbu orqan üçün ayrılan o maliyyə dəstəyindən imtina edək. Ona görə də hərtərəfli fikirləşərək qərara gəldik ki, ümumiyyətlə, KİVDF-nin yardımlarından imtina edək. Ümumiyyətlə, biz bundan sonra KİVDF-nin hər hansı bir şərtdə, hər hansı bir şəkildə təşkil olunan müsabiqələrinə qatılmaqdan imtina edirik. Çünki bu adamlar nəzarətdən kənara bir qəpik artıq pul verməməkdən ötrü bir kollektivi söndürməyə hazır olan adamlardır. Yaxşısı budur ki, biz o yardımlardan imtina edək…
– Nə vaxtsa KİVDF-nin müsabiqələrinə qatılmısınızmı?
– İlk dəfə qatıldıq. Biz hər dəfə ilk olan şeyləri sınaqdan keçirmək üçün cəmi bir addım atırıq. Görəndə ki, bu bizim düşündüyümüz deyil, bir daha addım atmırıq. KİVDF yaradılanda biz həqiqətən də elə başa düşdük ki, dövlət həqiqətən də müstəqil mətbuatın inkişafına yardım etmək niyyətindədir və ilk dəfədən gördük ki, bu fondun yaradılmasında məqsəd müstəqil mətbuata yardım etmək deyil. Məqsəd bir şəbəkənin, bir dəstənin qəzetlərinə, öz qəzetlərinə maliyyə dəstəyi verməkdir. Bir-iki müxalifət qəzetləri var ki, o yardımdan bəhrələnirlər, bu da bir pərdədir. Əslində, onlar bu iki qəzetin kölgəsində ümumilikdə müstəqil mətbuatı vururlar. Hörmətli «Azadlıq» qəzeti ilə hörmətli «Yeni Müsavat» qəzeti də o yardımdan alırlarsa, artıq bizim də söyləməyə sözümüz qalmır. Amma onlar bu müsabiqələrə qatılmasalar KİVDF tam ifşa olunar. İfşa olunmamaq üçün də onlar bu iki qəzeti maliyyələşdirirlər. Məsələn, KİVDF-nin son müsabiqəsində Vüqar Səfərlinin qəzetlərinə – «Mövqe», «Futbol+qol» və «Oxu məni» – 70 min manat pul vəsaiti ayrılıb. Yəni hamı da çox gözəl bilir ki, nə «Mövqe» qəzetini oxuyan var, nə «Futdol+qol»un ciddi mətbuatla heç bir əlaqəsi yoxdur, nə də «Oxu məni» kütləvi ictimai-siyasi qəzet deyil. 70 min manatı bu üç qəzetə – özünə ayırıb Vüqar Səfərli. Müqayisə açıq şəkildə ortadadır, hələ başqa qəzetlərin adını çəkmirəm.

Etibar Hüseynov və Nüşabə Ələsgərli – siam ekizləri…

– Etibar Hüseynovun sizi məhkəməyə verməsinin səbəbi nədir?
– Əslində, bizim böyük mənada başımıza nə gəlirsə «30 İyun – Sevgililər Günü» ilə bağlı gəlir və bundan sonra daha nə gəlsə ona bağlı olacaq. Çünki biz mili məsələdə çox ciddi addımlar atmışıq. Etibar Hüseynovla Nüşabə Ələsgərlinin məsələsi eynidir, onlar siam ekizləridir. Nüşabə demişdi ki, «İlhamla Fərizə ər-arvaddırlar, sevgili yox!», biz də yazmışdıq ki, «Nüşabə Ələsgərli əxlaqsızlığı təbliğ edir», ona görə bizi məhkəməyə vermişdi. Etibar Hüseynov da millət vəkili təyin olunan kimi bəyanat verdi ki, «İlhamla Fərizə sevgili deyil, ər-arvaddır. Ona görə də onların xatirəsinə «Sevgililər Günü» keçirmək olmaz. Çünki sevgililər sözünün rusca çox pis mənası var». Biz də araşdırma apardıq, dilçilərlə hər variantı müzakirə etdik. Qənaətimiz də bu oldu ki, «Sevgililər günü»nün rusca tərcüməsi «vlyublyonnıy» – aşiq olmaq, vurulmaq, sevmək deməkdir. Etibar Hüseynov isə bu sözü «lyubovnik» – aşna, məşuqə kimi tərcümə edir.
– Rusca o qədər bilir…(Gülüş qopur…)
– Mən də o məsələ ilə bağlı bir məqalə yazdım – «Dənsiz». «Dənsiz» sözü də Türkiyədə çox tez-tez işələnən sözdür. Həmin məqalənin işıq üzü gördüyü gün Rəcəb Tayyib Ərdoğan Kılıcdaroğluna «dənsiz» demişdi, o sözün müzakirəsi gedirdi. Bizimlə üst-üstə düşdüyü üçün mənə də maraqlı gəldi. Dənsiz – bölgələrdə də tez-tez işlədilir – dənliksiz, çinədanı, dəncəyi, hülqumu olmayan deməkdir. Türkiyədə bu sözü yerini-yatağını bilməyən, birdən mənasız və yersiz söz işlədən adamlara deyirlər. «Ay dənsiz!», yəni «ay yersiz»… Mən də Etibara «Dənsiz» yazdım. Çünki adam deputat kürsüsünə ilk oturduğu gün mili-mənəvi dəyərlərimizi hədəf götürdü. Biz 14 Fevral məsələsinin nə qədər böyük beynəlxalq siyasət çərçivəsində olan bir məsələ olduğunu bilirik. Bu məsələ ayrı bir məsələdir və biz də 9 ildir ki, bu məsələnin davasını aparırıq. Heç bir mənəviyyata və ən əsası mili-mənəvi dəyrələrimizə söykənməyən «14 fevral»ın yox, «30 İyun»un qəbul olunmaının tərəfdarıyıq. Millətin əziz dəyərlərinə Əvəz Zeynallını və «Xural»ı hədəf alaraq, demək ki, «qəzet bu məsələ ilə alver edir» və «İlhamla Fərizə də sevgili yox, ər-arvaddır», bunun özü çox maraqlı bir şeydir. Bəyəm ərlə arvad bir-birilərini sevə bilməzlər? Bunlar hansı əxlaqın, tərbiyənin məhsullarıdır? Yəni hər iki adamla davamız ideolojidir. Eyni iddiadır.

«Xural»la bağlı başlayan məhkəmələr göz-görəsi bir mərkəz tərəfindən planlaşdırılıb…

Şahvələd Çobanoğlu:
«Azadlıq» qəzetinin köşə yazarı:
– Mən son günlər mətbuatdan sizin məhkəmə qərarları ilə bağlı məlumatları izlədim və özlüyümdə çıxardığım nəticə bu oldu ki, sizə qarşı xüsusi bir sifariş var. Çünki adi halda da məmurlar qəzetləri məhkəməyə verirlər və bu məhkəmələr bu və ya digər şəkildə, hətta cüzi cərimələr ödənilməklə həll olunur. Sonradan orta razılığa gəlib, narazılığı aradan qaldırmaq da olur. Amma «Xural»la bağlı başlayan məhkəmələr göz-görəsi bir mərkəz tərəfindən planlaşdırılıb. Yəni bu məsələlərlə bağlı Azərbaycanda özfəaliyyət yoxdur. Xüsusən də, ilkin instansiyada kəsilən cərimənin Apellyasia məhkəməsi tərəfindən artırılması, xüsusilə də Apellyasiya şikayətini siz təqdim edəndə artıq bunun özü hüquqa zidd bir şeydir. Əgər bir işə eyni məhkəmədə baxılıbsa, əvvəlcə bir qərar, sonra isə həmin qərarın dəyişdirilərək artıqlaması ilə başqa bir qərar çıxarılırsa, bunun özü də hüquqa zidd bir şeydir. Mülki Prosessual Məcəlləyə görə də, Cinayət Məcəlləsinə görə də qadağan olunmuş, qəbul edilməyən bir şeydir. Aydındır ki, artıq sizə qarşı xüsusi sifariş var və sizə qarşı basqılar bu üsulla həyata keçirilir. Maliyyə baxımından əl-qolunuzu bağlamaq istəyirlər. Hesab edirlər ki, «Xural» həftəlik qəzetdir, kiçik bir satışla özünü maliyyələşdirən bir qəzetdirsə, ona maliyyə sanksiyaları tətbiq etməklə, cərimələrlə boğmaqla susdurmaq olar. Yəni bu mənada sifariş göz qabaındadır. Mən demirəm ki, «Xural» ardıcıl olaraq müxalifət qəzeti olub, amma öz müstəqilliyini saxlamış qəzet kimi, fikrimcə bu sizə qarşı olan siyasi basqıdır. Bu cür siyasi basqılar sifariş olmadan bu şəkildə ardıcıl addımlar atıla bilməz. Bu cür özfəaliyyətə Azərbaycanda yer yoxdur. Yadınızdadır, «Təzadlar» qəzetinin baş redaktorunun həbsi zamanı hakimiyyət tərəfindən nə cür reaksiya oldu. Çünki o zaman hakimlər özfəaliyyətə yol vermişdilər. Müəyyən qırmızı xətti özbaşına keçmişdilər. Azərbaycanda isə heç bir məmur bu qırmızı xətti özbaşına keçə bilməz.

Ən böyük təpkini Vüqar Səfərli görməlidir…

O ki qaldı bu məhkəmə işlərinə, onların içərisində ən absurd olanı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin sizi məhkəməyə verməsidir. Mən yazılarımdan birində də bunu qeyd etmişdim. Bu adam sizi bir mətbu orqan kimi məhkəməyə verir və inadkarcasına hakimlərin çıxardığı cərimə məbləğinin artırılmasını tələb edir. Vüqar Səfərli – dövlətin KİV-ə dəstək üçün ayırdığı maliyyə fondunun rəhbərliyində əyləşən bu adam həm də dövlət məmurudur.O, ictimai əsaslarda çalışsa belə əslində dövlət məmurudur. O, prezidentin sərəncamı ilə o vəzifəyə təyin olunubsa, deməli, dövlətin məmurudur. Onun işi məhz KİV-ə dəstək verməkdirsə, atdığı addım qədər absurd bir addım ola bilməz. Bu məsələdə ən böyük təpkini də o görməlidir. Hesab edirəm ki, bu və ya digər şəkildə sizi məhkəməyə verən adamlarla ümumi dil tapmaq da, lap barışmaq da olar, cərimənin bir hzissəsini ödəmək də olar, bu bir qəzet üçün mümkün ola bilər. Ola bilsin hansısa yazıda sərhəddi də keçmək olar və keçilmiş sərhəddə görə təkzib də vermək olar, amma ən absurd olanı Vüqar Səfərli ilə bağlıdır.

Hiyləgər və imitasiya dolu KİVDF…

Budur, bunun özü Azərbaycanda dövlətin mətbuata olan münasibətini tamamilə açır və həmin fondun hansı imitasiya xarakteri daşıdığını, hansı hiyləyə söykəndiyini tamamilə üzə çıxarır. Son vaxtlarda bu məsələni biz çox ciddi şəkildə müzakirə etmişik. Mən heç vaxt çalışmamışam ki, KİVDF-nun işini araşdıram. Məsələn, araşdıram ki, hansı qəzetə nə qədər vəsait ayırdılar, hansınasa ümumiyyətlə, heç nə vermədilər və s… Özlüyündə bütün qəzetlərin bu yardıma ehtiyacı var. Mən sualı başqa cür qoymağa çalışıram. Niyə bizim, ölkənin ən çox oxunaqlı bir qəzetinin o yardıma ehtiyacı var? Bu şəraiti kim yaradıb? Həqiqətən də o iki qəzetin o yardımlara ehtiyacı var. Özlüyünüzdə deyə bilərsiniz ki niyə «Azadlıq» və «Yeni Müsavat» qəzetləri o yardımları alır? Bununa belə fikirləşin ki, o qəzetlər görün hansı günə salınıb ki, o yardımlara ehtiyacları var. Bu şərait nəyin nəticəsində yaradılıb? Dövlət əslində, Azərbaycan mətbuatına elədiyi iqtisadi basqıları, iqtisadi repressiyanı gizlətmək üçün həmin imitasiyanı yaradıb. Neçə illərdir ən böyük Oxucu sayına malik olmasına, ən böyük tirajla real satışı olmasına baxmayaraq, ən oxunaqlı, maraqlı qəzet olmasına baxmayaraq, bu qəzetlər reklam ala bilmirlər. Bütün bölgələrdə, Azərbaycan ərazisi boyu yayım, bilirsiniz ki, inhisardadır. Biz özümüz illərdir ki, monopoliyaya qarşı, inhisarçılığa qarşı yazılar yazırıq, amma bizim bözümüzün istehsal etdiyimiz, azad mətbuatın özünün istehsal etdiyi məhsul inhisardadır. Bakıda əsas köşklər bir firmanın əlindədir, bölgələrdə yayım digər bir firmanın əlindədir. Hər kisi siyasi nəzarətdə olan firmalardır. İndi onların mülki olaraq kimə məxsusluğundan asılı olmayaraq inhisardadır. Bölgələrdə bizim demək olar ki, yayımımız yoxdur. Siz təsəvvür edin ki, istənilən qəzetin yayımını bu firmalar özbaşına dayandıra bilərlər. Biz o vaxt hesablamışdıq və dəqiq olaraq araşdırma aparıb belə qənaətə gəlmişdik ki, normal şəkildə bizim qəzetlərin yayımı təşkil olunarsa, hətta Oxucuların sosial vəziyyətinin bu qədər ağır olduğu bir şəraitdə belə bu gün «Azadlığ»ın, «Yeni Müsavat»ın, «Xural»ın, «Zerkalo»nun tirajı ən azı üç dəfə artmış olar. Bir faktı da söyləmək istəyirəm. Niyə bir səyyar satıcı onlarla köşkdən yaxşı qəzet satır? Çünki o, Oxucuya yaxın gedir. Bütün dünyada yayım şəbəkəsinin keyfiyyətli olması əhalinin sıxlığı ilə ölçülür. Adambaşına düşən və məsafəyə bölünən mexanizm üzrə qəzet yayımı satılır. Qəzet elə bir məhsuldu ki, əlüstü olmalıdr ki, insanlar onu alsınlar. Qəzet almaq üçün insanlar çox uzaq məsafəyə getmək istəmirlər. Bir sıra ölkələrdə bu, o qədər vərdiş halına keçib ki, binanın altındakı marketlər belə hər mənzilə gətirdiyi qatıq, süd, çörəklə bir yerdə qəzeti də gətirir. Siz bunu ayrı-ayrı ölkələrin təcrübəsindən bilirsiniz. Bizə ən böyük basqı bundan olub, ən böyük repressiya bu məsələdən başlayıb. Bu basqını, bu repressiyanı gizlətməkdən ötrü KİV-ə yardım pərdəsi altında bu fondu yaratdılar və ondan imitasiya etmyə başladılar. Artıq o da ayrı bir məsələdəir ki, biz o yardımlardan imtina edək, yoxsa eləməyək? Özlüyündə onlar da fakt qarşısında qalırlar. Lap tutalım, biz o yardımları alırıq. Nə üçün bizim qəzetlərə ayrılacaq reklamın qarşısını alırlar? İllərdir yayımımızın, reklamımızın qabağını kəsirlər. Bunu ifşa etmək üçün bizim çox ciddi araşdırmalarımız olub. Mən hələ indi o haqda danışmaq istəmirəm. Çox ciddi, əsaslı, rəqəmlərlə… Burada elə adamlar əyləşiblər ki, həmin araşdırmalardan xəbərdardırlar. Mən ayrı-ayrı ölkələrin təcrübəsinə aid olan bir çox məqamları mətbuatda işıqlandırdım. Yəni istəmədim desinlər ki, bu, qeybət səviyyəsində olan bir şeydir, «niyə filankəs aldı, filankəs almadı»? Məsələni bu prizmadan çıxarmaq istəmişəm və demişəm ki, nədən Fransa hökuməti böyük miqdarda pullar ayırır, amma onları qəzetlərə yox, Oxuculara verir. Dolayısı ilə həmin pul Oxucuya gəlir. Oxucu hansı mətbu orqanı istəyirsə, seçir və ona abunə yazılır. Dövlətin təklif etdiyi qəzetlərə yox. Öz istədiyi qəzetlərə abunə yazılır. Və bu sadə bir üsuldur. Dünya dövlətlərində, beynəlxalq aləmdə mətbuatla işləyən qurumlar müxtəlif təkliflər veriblər. Hökumətlər də yalnız o təklifləri qəbul edirlər ki, KİV-in fəaliyyətinə birbaşa müdaxilə olmasın. Bu sahə həm də azad sahibkarlıq sahəsidir, ona pul vermək Konstitusiyaya da, azad söz prinsiplərinə də ziddir.

Yardım vermək və jurnalistlərə ev tikmək hiylədir – azadlığımıza əl atırlar…

Nə qədər ki, bu belə qalır, bunu qəzetlərarası mübarizəyə çevirmək lazım deyil, əksinə, başqa tələblərimizi deyərək, onların həyata keçirilməsinə nail olaraq o yardımların qarşısını kəsmək lazımdır. Bu hiylədir. O yardımı verməklə, jurnalistlər üçün o evləri paylamaqla hiyləyə əl atırlar. Bu hiylə ilə onlar bizim azadlığımıza əl atırlar. Bu hiylə tək qəzetlərə yox, həm də Oxuculara yönəlmiş hiylədir. Siz bilirsiniz ki, qəzet sosial məhsuldur. Sosial məhsul təkcə onu istehsal edənlərin tək kommersiya maraqlarına xidmət etmir. Onu alan insan üçün onun sosial əhəmiyyəti var. Oxucu kənddə və ya rayonda qəzetin yolunu gözləyir. Dövlət bunun qarşısını alarkən, həm də vətəndaşının məlumat almaq azadlığını, hüququnu pozur. Dövlət bununla söz azadlığına basqı edir, informasiya almaq hüququna, vətəndaşın, Oxucunun hüququna basqı edir. Reklamı verməməklə qəzeti taqətdən salır və həmin qəzet ucuzlaşdırılıb Oxucuya çatmaq gücünü itirir. Bununla dolayısı vətəndaşın sosial əhəmiyyətli ehtiyaclarına qarşı çıxmış olur. Məsələ çox ciddi, dövlət əhəmiyyətli məsələdir. KİVDF ilə bağlı məsələ geniş müzakirə olunmalıdır, ona qarşı geniş təpki yaradılmalıdır. Əsaslı, ciddi, işlənmiş şəkildə bu həyata keçirilməllidir ki, bəlkə onun istiqamətini normal məcraya yönləndirmək olsun. O ki qaldı «Xural» qəzetinə qarşı olan basqıya, bir daha xüsusi qeyd etmək istəyirəm ki, Vüqar Səfərlinin iddiasını ən gülməli, ən absurd iddia hesab edirəm.

Vüqar Səfərlinin iddiasını gülüşə, yumora, baş qaxıncına çevirmək lazımdır…

Davamı gələn saylarımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button