Ə.Zeynallı haqqında həbs-qətimkan tədbirinin müddəti aprelin 20-dək uzadıldı

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Ə.Zeynallı haqqında Nəsimi rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti bu gün daha 2 ay 20 gün, yəni aprelin 20-dək uzadıldı.

ABŞ-nın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin də məhkəməni kənardan müşahidə edən media nümayəndələrinin arasında olub.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Qabil Qasımov tərəfindən Nəsimi rayon məhkəməsinə təqdimat verilib ki, Ə.Zeynallı haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılsın. Hakim Şəlalə Həsənovanın sədrliyilə keçirilən məhkəmə baxışı zamanı Ə.Zeynallının vəkili Elçin Sadıqov vəsatət qaldırıb və Ə.Zeynallı haqqında seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasını xahış edib. Qanunun tələblərinə uyğun olaraq hər iki vəsatətə eyni vaxtda baxmalı olsa da müdafiə tərəfinin vəsatətinə baxılması bir gün sonraya saxlanılıb. E.Sadıqovun məlumatına görə, onun qaldırdığı vəsatətə yanvarın 18-də, saat 14.30-da Nəsimi rayon Məhkəməsində baxılacaq. Vəkilin sözlərinə görə, istintaq orqanının təqdimatındakı vəsatət üzrə məhkəmə qərarını bu gün (yanvarın 17-də) elan etdi və həbs-qətimkan tədbirinin müddətini 20 aprel 2012-ci ilədək uzatdı. Ə.Zeynallının müdafiəsinə yeni qoşulan vəkil Mənum Bayramov tərəflərindən məhkəmədə qaldırılan vəsatətin tam əsaslı olduğunu bildirdi: “Hər halda ümidimizi üzmürük ki, Azərbaycan məhkəmələrində bir presedent yaranar və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətimiz qəbul olunar. Digər tərəfdən biz tələb etdik ki, həbs-qətimkan tədbirinin uzadılması hansı zərurətdən yaranıb, o açıqlansın.” E.Sadıqov Ə.Zeynallının həbsdə olduğu ötən 3 ay müddətində şahidlərin nə üçün dindirilmədiyi və üzəşmələrin hansı səbəbdən aparılmadığının səbəblərini aydınlaşdırmağa çalışsa da, onun suallarına cavab verilməyib. M.Bayramov bu günə qədər Ə.Zeynallının həbsinə səbəb olan G.Əhmədovanın “dəlil” kimi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi səs yazısının bu günədək. heç bir səbəb olmadan ekspertizadan keçirilməməsinin səbəbini də aydınlaşdırmaq istədiklərini qeyd etdi. Onun sözlərinə görə, ekspertiza vaxtında səs yazısını təyinetmədən keçirsəydi, bu gün Ə.Zeynallı haqqında həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac olmazdı: “Hesab edirəm ki, bu süni gecikdirilmədən başqa bir şey olmayıb. İstintaq ona verilən vaxt müddətində etməli olduğu hərəkətlərin heç birini etməyib. Bu da onu göstərir ki, istintaq üzrinə düşən öhdəlikləri yerinə yetirməyə tələsmir.” Ə.Zeynallı da öz növbəsində məhkəmədən istintaq müddətinin uzadılması haqqında verilən təqdimat və vəsatətin qəbul edilməməsini xahiş edib. Xüsusilə də haqqında qaldırılan cinayət işinə vergi ilə bağlı qoşulmuş yeni maddəyə etiraz edib və bunun üçün heç bir hüquqi əsasın olmadığını göstərib. Xatırladaq ki, bu günə qədər audioyazı vəkillərə də təqdim olunmayıb. Həmin audioyazının istintaq materiallarına qoşulduğunu deyən M.Bayramov onun vəkillərə də təqdim olunmasının müsbət hal ola biləcəyini vurğuladı: “Qanunda göstərilməyibdir ki, həmin audioyazı müdafiə tərəfinə verilməlidir, yoxsa, yox, amma biz hesab edirik ki, obyektiv araşdırma aparılması üçün o müdafiə tərəfinə ilk gündən təqdim olunmalı idi.”

Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən 3 ay müddətində G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Hazırda CD disk ekspertizaya təqdim olunsa da, bununla bağlı heç bir ekspert rəyi verilməyib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub. Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib.

ABŞ-nın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin də məhkəməni kənardan müşahidə edən media nümayəndələrinin arasında olub.

Elan: Nəsimi rayon Məhkəməsi Ə.Zeynallı haqqında seçilən həbs-qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında müdafiə tərəfinin vəsatətinə 18.01.2012 tarixində, saat 14.30-da baxacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button