Əbülfəz Elçibəyin oğlu Zərdüşt Əlizadəyə meydan oxudu: “…Kim öz atasından daha çox razıdır?”

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev son günlər politoloq Zərdüşt Əlizadənin verdiyi müsahibə ilə bağlı öz fikirlərini qeyd edib.

Xural.com lent.az-a istinadən yazını təqdim edir:

“Son günlər Zərdüşt Əlizadənin müsahibəsində atam haqqında dedikləri ilə bağlı söz-söhbətlər gedir. Dünən bu barədə mənim də fikrim soruşuldu, lakin müsahibə barədə tam məlumatlı olmadığımdan qısa cavab verdim. Sonradan həm müsahibə ilə, həm də digər yazılarla tanış oldum və fikrimi yazılı şəkildə sizlərə çatdırmağı düşündüm.

Siyasətlə məşğul olmasam da, gündəlik mətbuatı, internet və sosial medianı izləyən adamam. Lakin son günlər, bəzi şəxsi işlərimlə əlaqədar başım qarışıq olduğundan, açığı, baş verənlərdən xəbərim yox idi. Həm də, mənim atam sıradan bir insan olmadığından, zaman-zaman onun bir dövlət adamı və siyasətçi kimi tənqid olunmasına da, hakimiyyətdə olduğu dövrün araşdırılmasına da normal yanaşıram. Bunu elə məhz atamdan öyrənmişəm. Hətta düşmənləri belə onun böyük demokrat olduğunu danmırlar. Lakin bu gün müzakirə olunan məsələ, daha doğrusu, Zərdüştün dediklərinin bir xeylisinin nə siyasətə, nə də tarixə dəxli var.

Mən bir övlad və bir vətəndaş kimi yanaşıram məsələyə. Zərdüşt mənim atamın kürd olduğunu deyir. Bizim nəsil şəcərəmiz, ulu babalarımızın kimlər olması çox aydın və açıq şəkildə ortadadır. Necə ki, atam Türk olduğunu hər fürsətdə dilə gətirib, mən də Türk oğlu Türk olduğumla fəxr etmişəm. Milli kimlik, bu kimliyin fərqində olan insançün yalnız fəxarət ola bilər. Məgər dünyaya kürd, talış və ya ləzgi kimi gəlmək qəbahətdirmi? Mənim digər xalqlardan, etniklərdən tanıdığım kifayət qədər yaxşı insanlar, öz milli kimlikləri ilə fəxr edən adamlar var və bu, belə də olmalıdır.

Mən bir övlad kimi, bütün ömrüm boyu atama minnətdar və duaçı olacağam. Şərəfli və layiqli bir ömür yaşadığı, tər- təmiz ad qoyub getdiyi üçün. Alnım hər zaman və hər kəsin qarşısında açıq olduğu üçün. Qoy Zərdüşt də bu barədə düşünsün. Öz vicdanı qarşısında təkbətək hesab versin, görək kim öz atasından daha çox razıdır? Atanın hansı millətdən olması övlada başıaşağılıq gətirməz, amma atanın satqın olması çox pis şeydir. Allah hər bir övladı belə utancdan qorusun!

Müsahibədə atama, Elçibəyə acıqlandığını deyir. Niyəsi maraqlıdır. Deyir ki, 30-40 adam yığışıb onu gözləyirdik. Maraqlıdır, adam niyə siyasi savadı olmadığı, xalqa düşmən olduğunu iddia elədiyin birisini oturub 40 dəqiqə gözləsin ki? Başlayardız da. Özü də söhbət 1999-2000-ci ildən gedir. Adama deyərlər, elə etiraz edən kişiydinsə, çıxıb gedərdin də…

Amma əgər atam hansısa tədbirə yubanarsa, yubandığına görə üzr istəyərdi. Hətta Zərdüştdən də. Bax, buna hamı inanar.

Müsahibənin bir yerində uzun-uzadı babalarından danışan adam, dərhal sonra deyir ki, “ümumiyyətlə, mənim nəyimə lazımdır sənin atan baban kim olub”. Nə deyim, vallah, Allah özü kömək olsun. Türk dilini başa düşmədiyini iddia edir, özününsə azərbaycan dilində danışdığından heç nə anlamaq olmur.

Ümumiyyətlə, arada bir belə söz-söhbətlər olur. Təbii ki, mediamız istənilən fikri yayınlamaqda sərbəstdir, buna etiraz edə bilmərik.

Mən kənddə doğulmuşam, kənd uşağıyam. Ona görə də fikrimi sadə bir kənd bənzətməsi ilə bitirmək istəyirəm. Kəndin bağ-bağatını hər zaman öz xoş iyi ilə bəzəyən güllər-çiçəklər olur. Amma bundan başqa, nə olduğu məlum olan bəzi pisliklər də olur bağda. Formasını dəyişsə, qurusa da, bəzən bilərəkdən və ya bilməyərəkdən o pisliklərə kimsə toxunanda istənməyən, pis bir qoxu ətrafı bürüyür. Bu, bir an çəkir, sadəcə bir an. Daha sonra yenə də bağ gül-çiçəyin iyinə bürünür. Hamımız gül-çiçək iyli bağı daha çox sevirik, elə deyilmi?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button