Əflatun Amaşovun ayısı

günel mövludŞəxsi və qərəzli giriş

Əflatun Amaşovdan cəmi bir dəfə müsahibə almışam. Daha sonra şəxsinə maraq göstərməməyimin səbəbi bir olub. Məmurları sevmirəm. Həmin yeganə müsahibəmizin sonunda Əflatun bəy mənə balaca bir oyuncaq ayı hədiyyə elədi.  Və qəribə bir söz dedi: istəyirəm, bu müsahibəni heç vaxt unutmayasınız.  Nə demək istədiyini anlamadım, amma balaca oyuncaq ayını folklorumuzdakı Simurq quşunun tükü kimi qəbul elədim – başım dərdə düşəndə, yandırsam, gələcəkdi. (Bəzən  cümlənin sonunda “smaylik” qoyulmasına başlamalıyıq artıq. Hərdən sözlər emosiyaları ifadə  etməkdə çətinlik çəkir). Amma zarafat bir yana. Normal halda, normal şərtlər altında, normal münasibətlərdə doğrudan da, belə olmalı idi, bir jurnalistin başı dərdə düşəndə, haqları tapdananda, təqiblərə məruz qalanda, onun Simurq quşu ola biləcək, olmalı bir qurumdu əslində Əflatun müəllimin sədrlik elədiyi Mətbuat Şurası.

O qurum ki, nizamnaməsində əsas məqsədlərindən birinin söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarət olduğunu qeyd edir. Sağ olsun, bu gün bizə hansı söz, fikir və məlumat azadlığını yaratmaq istədiyini açıq şəkildə bildirdi…

Qərəzsiz amma əsəbi    

Əgər bu gün Mətbuat Şurasının hörmətli sədrinin “Facebook qadağan olunmalıdır” bəyanatını eşidəndə təsadüfən o ayıcıq gözümün qarşısındaydı. O ayı olmasaydı, Mətbuat Şurasının sədrinin bu günkü bəyanatına reaksiya vermək heç yadıma da düşməyəcəkdi. Farslar demişkən, vəli, sədrin o vəd kimi qəbul elədiyim jesti də…
Məqsədi söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarət olan hörmətli Əflatun müəllim, söz, fikir və məlumat azadlığına yaratmaq istədiyiniz imkanlar budurmu? Bu necə imkandı, nə bomba imkandı, Əflatun müəllim!? Hörtmətli MŞ sədri, facebooku bağlatmaq təklifiniz dövlət məmurlarının, media kapitanlarının təhqir olunması ilə əlaqələndirirsiniz. Əflatun bəy, bəs Xədicə İsmayıl təhqir olunanda, onunla bağlı müxtəlif təhqiramiz capslar, karikaturalar, hədyanlar həmin profillərdə yer alanda, niyə belə bir təşəbbüsdə bulunmadınız? Niyə heç səsinizi də çıxarmadınız? İllərdi facebookda müxtəlif səhifələrdə müxtəlif jurnalistlər təhqir olunur. Nə vaxt, hansına qarşı etiraz eləmisiniz?
Ölkədə aləm bir-birinə dəyir, səsiniz çıxmır. Jurnalistlər döyülür, səsiniz çıxmır. Həbs olunurlar, səsiniz çıxmır. Qəzetlərin, radioların ofisləri möhürlənir, səsiniz çıxmır. Bir gecənin içində 30 nəfər jurnalisti polis bölməsinə aparırlar, səsiniz çıxmır. İndi sizə nə olub? Nəyin qorxusudur bu sosial şəbəkələrdən qorxmaq, çəkinmək?
Media kapitanları imiş. Kimdir o media kapitanları? Kim verib onlara kapitan rütbələrin? Kimdədir o səlahiyyət? Siz Mətbuat Şurasını sədrisiniz, yoxsa adını media kapitanları qoyduğunuz adamların sosial şəbəkələrdə PR menceri? Siz kimin Mətbuat Şurasısınız? Ümumiyyətlə, mənə maraqlıdır, siz nə işlə məşğulsunuz?
Qərəzsiz və romantik…

Əflatun müəllim, sizdən heç kim incimir. Daha özünüzü yorub, mərhələr-mərhələ niyə rüsvay edirsiniz özünüzü? Elə birdəfəlik bəyanat verin ki, bütün qəzetlər, saytlar bağlanmalıdır, ölkədə jurnalist olmamalıdır, deyin ki, ümumiyyətlə nəyə lazımdı mətbuat? Mətbuat elə bir şeydir ki, Şurası, sədri və kapitanları oldu, bəsdir. Qalanı olmasa da, olar. İnanın ki, daha səmimi, daha gerçəkçi görünəcəksiz və hamı da belə konkret bir bəyanata görə sizə hörmət edəcək…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button