Əfqan Muxtarlı beynəlxalq qurumlara müraciət etdi: “Gürcüctandakı fəallar təhlükədədir!”

Gözəl Bayramlının işi üzrə dindirilən  jurnalistə Gürcüstanda yaşayan siyasi mühacir Daşqın Ağalarlı və “Lancet” klinikasının həbsdə olan təsisçisi Fərman Ceyranlı haqqında da suallar verilib  

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı açılan cinayət işi üzrə şahid qismində ifadə verib. Bu haqda Ə.Muxtarlının 1 saylı Bakı İstintaq Təcridxanasından “Basta”ya göndərdiyi məktubda deyilir.

Müstəntiq əsasən Gözəl Bayramlı ilə Əfqan Muxtarlının münasibəti, Gözəl Bayramlının Gürcüstanda görüşləri haqqında suallar verib.

“Suallara cavab olaraq bildirmişəm ki, Gözəl xanım şərlənərək həbs olunub. Onun çantasına pul hakimiyyət nümayəndələri tərəfindən yerləşdirilib. Gözəl Bayramlının Gürcüstanda hər hansı tədbirdə iştirakından xəbərsiz olduğumu bildirmişəm”,- deyə Muxtarlı bildirib.

Prokurorluq jurnalistə siyasi mühacir, Müsavat Partiyasının üzvü Daşqın Ağalarlı və professor Fərman Ceyranlı haqqında da suallar verib.

“Sualların məğzindən bir daha aydın olur ki, Daşqın Ağalarlı, Gürcüstanda yaşayan azərbaycanlı fəallar və jurnalistlər Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Azərbaycan tərəf qondarma ittihamlarla azərbaycanlı fəalların və jurnalistlərin nəyin bahasına olursa-olsun həbs edərək, yaxud oğurlayaraq Azərbaycana gətirməkdə israrlıdır”, – deyə Ə.Muxtarlı vurğulayıb.

Ə.Muxtarlı məktubunda onu da qeyd edib ki, Azərbaycan prokurorluğunun Fərman Ceyranlı ilə bağlı verdiyi suallar onu deməyə əsas verir ki, professor Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunub:

“Fərman Ceyranlı siyasi məhbusdur. Beynəlxalq təşkilatlar – Avropa Birliyi və Avropa şurasından xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı fəal və jurnalistlərin təhlükəsizlik məsələsini gündəlikdə saxlasın. Eyni zamanda Fərman Ceyranlının qısa müddət ərzində qeyd-şərtsiz azadlığa buraxılması üçün Gürcüstan hakimiyyətinə təzyiqləri artırsınlar”, – deyə Ə.Muxtarlı beynəlxalq qurumlara müraciət edib.

2017-ci il mayın 4-də Azərbaycan Prezident Administrasiyasının ruporu sayılan “haqqın.az” saytında  dərc olunan “Gürcüstanda antiazərbaycan yuvaları: görüşlər, pullar, təlimatlar” yazısında  adları çəkilən şəxslərdən “Lancet”  klinikasının təsisçisi Fərman Ceyranlı, AXCP sədrinin müavini Gözəl Bayramlı, daha sonra jurnalist Əfqan Muxtarlı  həbs olunub.

G.Bayramlı qaçaqmalçılıq, Ə.Muxtarlı sərhəddi qanunsuz keçmə, qaçaqmalçılıq, sərhəd xidmətinin əməkdaşına müqavimət, Fərman Ceyranlı isə həyat və sağlamlıq üçün təhlükəli olan informasiyanın gizlədilməsi, kütləvi dələduzluğa cəhd maddəsi ilə ittiham olunub.

Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tiflisdə yaşadığı evin yaxınlığında cinayət polisi geyimində olan şəxslər tərəfindən oğurlandığını və Laqodexi sərhəd keçid məntəqəsi yaxınlığında Azərbaycanın xüsusi xidmət orqanalarının əməkdaşlarına təhvil verildiyini iddia edir. Jurnalistin dediyinə görə, o, Azərbaycan və Gürcüstan xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində oğurlanaraq Azərbaycan hökumətinə təhvil verilib.

Ə.Muxtarlı prezident İlham Əliyevin ailə üzvlərinin Gürcüstandakı biznesi haqqında sisilə araşdırmaların müəllifidir. Araşdırmalarda prezidentin ailə üzvlərinə məxsus şirkətlərin Gürcüstanda otel, turizm, yük daşımalarında, eləcə də Gürcüstanın bank sektorundakı payından bəhs olunub. 

Bastainfo.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button