Əhməd Əhmədov həbsdə olan Vəli Ələskərovun yolunu gedir

Məhəmmədəli Qəribli

Azinforum.az

 

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov deyəsən Vəli Ələskərovun yolunu getmək istəyir. Bilməyənlərin nəzərinə çatdırım ki, Vəli Ələskərov MR-in sabiq milli təhlükəsizlik naziri olub. Etdiyi cinayətlər səbəbindən hazırda ağır cəzaya məhkum olunub, Naxçıvandakı cəzaçəkmə müəsissəsində saxlanılır. Vəli əvvəl işdən çıxarıldı və azadlıqa qalmaqla onun barəsində araşdırmalar aparılırdı. Bir də məlum oldu ki, Vəli qoşulub Vüqar Xasıyev adlı Bakıda yaşayan bir vəkilə qəzetlərə, saytlara müsahibələr verir. Yəni etdiyi cinayətlərə rəğmən sakit oturmaq əvəzinə, sağa-sola vurnuxurmuş.

Mətbuatda aparılan müzakirələrdən belə nəticəyə gəlmək olar ki, Əhməd Əhmədov da nazir postundan buraxdığı kobud səhvlər, bəlkə də etdiyi cinayət əməllərinə görə uzaqlaşdırılıb. Görünür, bir müddət azadlıqda qalmağı bacarması ona Vəli Ələskərovun yolunu getmək üçün stimul verib. Hamı bilir ki, Əhmədov qardaşlarının ağsaqqalı sabiq nazirdir. Çünki onlar hazırda qazandıqları bütün varidatı məhz onun nazir olması hesabına əldə ediblər. Həmin ailənin Bakıdakı biznesinə onların Əvəz adlı qardaşları nəzarət edir. Yəni Əhmədin icazəsi olmadan, Əvəz ciddi addımlar ata bilməz.

Əhməd işdən çıxarılan kimi onun qardaşlarının etdiyi əməllərdən rəsmi dövlət qurumları və mətbuata çoxsaylı şikayətlər axmağa başladı. Səbəb aydın idi. Çünki Əhmədin nazir olduğu dönəmdə haqqları tapdalanan vətəndaşlar Əhmədovlar tərəfindən tapdalanmış hüquqlarını belə tələb etməyə qorxurdular. Ancaq Əhmədovlar erasının bitdiyini görən zərərçəkənlər onların əməllərindən mətbuata da şikayət etməyə başladı. Belələrindən biri də tanınmış türk biznesmeni Osman bəy idi. O, ovqat.com saytına verdiyi geniş müsahibədə Əhmədin Əvəz adlı qardaşının etdiyi fırıldaqdan danışıb. Həmin müsahibəni ovqat.com saytına istinadən biz də vermişik.

Bu hadisə bir neçə ay əvvəl baş verib. Maraqlıdır ki, həmin zamanlarda Əhmədovlar müxtəlif kanallarla bizdən yazının çıxarılmasını xahiş edirdilər. Təbiidir ki, biz bu təkliflərlə razılaşmadıq və həmin yazı saytımızda qaldı. Üstündən bir neçə ay keçməsinə rəğmən, dünən bizə məlum oldu ki, sən demə, Əhmədin Əvəz adlı qardaşı bizi və ovqat.com saytını məhkəməyə verib. Belə bir hadisənin yaranması təbii olaraq bir neçə sualın ortaya çıxmasına rəvac verir. Niyə həmin yazı 20-dən artıq saytda tirajlandığı halda Əvəz yalnız bizdən və ovqat.com-dan təzminat istəyir? Niyə Əvəzin adından imzalanan iddia ərizsində yazının müəllifi olan saytdan 5, bizdən isə 10 min tələb olunur? Niyə Əvəz öz şərəf və ləyaqətinin müdafiəsinə yazı dərc edilən vaxtda deyil, məhz indi qalxıb? Əslində, bu sualların cavabını biz dəqiqliyi ilə bildiyimiz üçün deyirik ki, Əhməd Vəlinin yolunu gedir…

Qeyd edək ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsində Əvəz Əhmədov öz qardaşı barədə xeyli məlumatlar verib, onun 17 illik nazir fəaliyyətindən, Muxtar Respublika və Azərbaycan qarşısında göstərdiyi əvəzedilməz xidmətlərdən danışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button