Əjdər Tağızadədən Sabir Rüstəmxanlıya yeni ittihamlar

əjdər tağızadə5

Əjdər Tağızadə: “Sabir Rüstəmxanlının yarıtmaz fəaliyyəti nəticəsində DAK-ın adından başqa heç nəyi qalmayıb”

Əgər yalan deyirəmsə…

Artıq neçə müddətdir ki, Sabir Rüstəmxanlı-Əjdər Tağızadə mübahisələrinə şahidlik edirik. Gah bu, gah da digər tərəf bir-birilərini ağır özlərlə ittiham edirlər. Bu dəfə isə Əjdər Tağızadə deyəsən baltanı kökündən vuracaq. Necə? Bu sual cavabını Əjdər bəyin “Xural” qəzetinə verdiyi müsahibəni oxuyunca tapa biləcəksiniz:

– Əjdər bəy, mətbuatda səsləndirdiyiniz bəzi ittihamlardan sonra millət vəkili Sabir Rüstəmxanlı sizə cavab verdi. Onun xüsusilə Strateq.az saytına verdiyi müsahibəsi barədə nə deyərdiniz?

– Əvvəla, onu deyim ki, indiyə qədər Sabir Rüstəmxanlı özü mənim önümə çıxmırdı. Son müsahibəsində isə, axır ki, o, önə çıxmaq cəsarəti göstərdi. Bu mənada həmin müsahibəni irəliyə doğru bir addım hesab etmək olar. Mən bu zamana qədər bilirəm ki, haqqımda yazılan bütün cızmaqaralar Sabir Rüstəmxanlı beyninin məhsuludur. Bütün yazıları o yazdırtdırır, nəzarətdə saxlayır, ideyalarını verirdi. Son müsahibəsilə o, bunu bir daha özü sübut etdi. O, bundan əvvəl öz adamlarından birinə göstəriş vermişdi ki, guya müasir dövrün “Füzuli”sinin, yəni özünün hüquqlarının pozulması haqqında müraciət hazırlasın. Bir nəfər hakimiyyətdən, bir nəfər müxalifətdən, bir nəfər isə bitərəf ziyalı tapıb bu sənədi imzalatsın. Millət vəkili, görün, nüfuzunu necə itirib ki, heç bir nüfuzlu ziyalı həmin müraciətin altına öz imzasını qoymadı. Niyə? Çünki hər kəs bu həngamənin arxasında hansı maraqların dayandığını gözəl anlayır. Sabir Rüstəmxanlı DAK-a bir missiya üçün gətirilmişdi. İndi o missiya bitib. Sabir bəy də bunu anlamalıdır. O isə vəziyyətlə razılaşmaq istəmir. Bütün məsələlər də onun yapşdığını buraxmayan kor inadından qaynaqlanır. Hər kəs bilir ki, nə zamandan ki, DAK deyilən bir qurum var, onun bütün müzakirələrinin mərkəzində mən də varam. DAK-ın Azərbaycan bayrağı altında fəaliyyət göstərməsi ideyası mənə aiddir. Və mən I qurultaydan etibarən bu fikri ortaya atmışam.

– Sabir bəy isə ayrı şey deyir. Dediyinə görə, bayraq məsələsini o gündəmə gətirib və buna nail olub…

– Xeyr, düz demir. Onun cibindən bayraq çıxartması II qurultayda olub. Bayraq davası isə I qurultaydan bəri gedirdi. II qurultayda Azərbaycan nümayəndə heyətinin oraya göndərilməsi Heydər Əliyevin təşəbbüsü idi. Mən bunu əvvəllər deyəndə Sabir Rüstəmxanlı mənə etiraz edirdi. Niyə Heydər Əliyevin adını hallandırmaqda məni ittiham edirdi? İndi özü sıxışan kimi mərhum Heydər Əliyevin bu müqəddəs missiyanı ona tapşırdığını etiraf edir. Halbuki həmin qurultayda tək Sabir Rüstəmxanlı yox idi. Hidayət Orucov da, Əli Həsənov da, hətta Əli Kərimli və s. kimi siyasilər də orada idi. II qurultayda da bu təklifi mən irəli sürmüşdüm. Gənclərlə iş aparmışdım. Güneydən gələnlər bu fikri yaxına buraxmaq istəmirdilər. Quzeydən gələnlər isə hələ çox israr etməməyi məsləhət görürdülər. Ona qalsa, Fəzail Ağamalı da bayraq gətirmişdi. O da bayrağı xitabət kürsüsündən asıb çıxış etmişdi. Çıxışdan sonra bayrağı da götüzdürtdürürdülər. Mənim israrım nəticəsində bayrağı milli simvol kimi qəbul ediblər. Sabir Rüstəmxanlı indi bayrağı öz adına çıxır. Halbuki Sabir Rüstəmxanlının DAK-da fəallığı 7-ci qurultaydan sonra başlayıb. O da yenə mənim təşəbbüsümlə. Mən o vaxt təklif etmişdim ki, bizim təşkilatda Quzeydən də adam olsun. Və o adamın millət vəkili olmasını təklif etmişdim. Bu kriteriyalara da cavab verənlərdən biri Sabir Rüstəmxanlı idi. Və mənim israrımla onu təşkilatın rəhbər orqanlarına gətirdilər. Əslində isə onu nə güneylilər, nə də quzeylilər qəbul edirdi.

– Mənim üçün çox maraqlıdır, əvvəl Sabir Rüstəmxanlı ilə çox yaxın olmusunuz. İndi sizin aranıza kim girdi? Sabir bəy bu suala belə cavab verir ki, Əjdər Tağızadə İstanbul konfransında seçilmədiyi üçün bunun qisasını alır: “Halbuki onun rəhbər orqanlara seçilməsində mən maraqlı idim. Onu güneylilər istəmirdi”…

– Bax, indi gəldiniz mətləbin üstünə. İstanbul qurultayına 6-7 ay qalana qədər Sabir Rüstəmxanlı DAK-da görünməyib. Görülən iş nə olub? Bakıda keçirilən mətbuat konfransından başqa heç nə. O da mənim israrımla keçirilib. Mən Tehran rejiminin mahiyyətini açmaq, dünya ictimaiyyətinə çatdırmaq üçün bu işdə maraqlı olmuşam. Qurultaydan bir neçə ay qabaq isə Sabir bəy məni çağırdı və qurultay keçirəcəyini dedi. Mən onda Sabir bəyə dedim ki, nə istəyirsən, keçir. Mən orada yoxam. Bunu ikimizin də ortaq dostumuz olan Abuzər Bağırov da təsdiqləyər. Söhbətdə o da iştirak edib. Abuzər Bağırov DAK-ın birinci müavinidir. Mənim qurultayda iştirak etmək istəməməyimin səbəbi təşkilatın fəaliyyəti ilə bağlı idi. Dedim ki, Sabir, sən DAK-ın axırına çıxıbsan. Qurultayı nə cür keçirəcəksən? O cavab verdi ki, başqan olmaq istəyirəm. Əgər yalan deyirəmsə, Sabir mənə nə desə, haqqı var. Abuzər Allah şahididir. Çağıraram, gələr, o da öz fikirlərini deyər. Mən də dedim ki, Sabir, sən başqan ola bilməzsən. Səbəbi DAK-ın birinci qurultayında qəbul olunmuş razılaşmadır. Razılaşmaya görə, DAK-ın sədri ancaq güneyli ola bilər. Mən həmin əsasnaməni pozub təşkilatda həmsədrlik təsisatı yaratdım. Bir nəfər Quzeydən, bir nəfər Güneydən təşkilata rəhbərlik etmək üçün. Sabir bəy isə indi bu ümumi razılaşmanı pozub, təşkilatı tam ələ keçirmək istəyirdi. Mən də buna qarşı çıxırdım. İstanbul qurultayını legitim saymadığıma görə, orada iştirak etməmişəm. Təşkilatın ali orqanlarına seçilmək iddiasını necə irəli sürə bilərdim?

– Siz Sabir bəyin fikrinə qarşı çıxanda onun reaksiyası nə oldu?

– Gözləmədiyim reaksiya ilə üzləşdim. Sabir bəy bərk qəzəbləndi. Mənə illərlə kəsdiyimiz çörəyi xatırlatdı. “Necə yəni, mən başqan ola bilmərəm?”- dedi. Sonra məni şirin dillə yanına çəkməyə çalışdı. Dedi ki, güclü Daimi Şura yaradacaq. Məni də oraya sədr qoyacaq. Mən baxdım gördüm ki, Sabirin qafası hələ də sovet anlayışı ilə işləyir. O, hələ də elə zənn edir ki, iki şəxsin arasında kəsilən duz-çörək böyük imtiyazdır. Biri nə etsə, hansı qanunsuzluğa əl atsa, çörək kəsdiyi adam da onunla bərabər həmin cinayətə, günaha bulaşmalıdır. Sabir Rüstəmxanlı kimi bir adam hələ də dərk etmir ki, dünya onun prinsipləriylə fırlanmır. Nə olsun, mənimlə çörək yemisən? Bu sənə haqq verir ki, canımı qoyduğum təşkilatın başına istədiyin oyunu gətirəsən? O, neçə illərin millət vəkilidir. Özü qanunvericilik orqanında yer alır. Amma başa düşmür ki, ərsəyə gəlməsində rol oynadığı qanunun tələbləri var. Təşkilatlar, cəmiyyətlərdəki münasibətlər qanunun tələbləri ilə tənzimlənir. DAK-ın da öz daxili münasibətlərini tənzimləyən qanun mahiyyətində nizamnaməsi var. Təşkilatın strukturundakı bütün fəaliyyətlər də bu nizamnamə çərçivəsində olmalıdır. Hansı ki, DAK-ın nizamnaməsi İsveç dövləti tərəfindən qeydiyyata alınıb. Hər il biz təşkilat olaraq nizamnaməyə əməl etdiyimizə dair İsveç dövlətinin vergilər və qeydiyyat idarələrinə hesabat verməliyik. Hesabatda göstəririk ki, bəs, bizim bu qədər üzvümüz var. Halbuki Sabir Rüstəmxanlının yarıtmaz fəaliyyəti nəticəsində artıq DAK-ın adından başqa heç nəyi qalmayıb. Mən bu vaxta qədər bu qanunsuzluqlara göz yummuşam. Amma nə vaxta qədər özümüzü aldatmalıyıq? Artıq reallığa əsaslanmayan heç bir hesabat vermək fikrində deyiləm. İndiyə qədər düşünürdüm ki, Sabir Rüstəmxanlı mənim iradlarımı nəzərə alacaq, təşkilata və öz fəaliyyətinə çəki-düzən verəcək. Amma indi görürəm ki, Sabir Rüstəmxanlı kimlərsə kəsdiyi çörəyin hesabına özünə gün ağlayır. Onun ümummilli məsələlərlə bağlı heç bir qayğısı yoxdur. Mən də bu gedişata sonsuza qədər dözən deyiləm.

– Belə başa düşdüm ki, siz Sabir bəyi İsveç hökumətinə şikayət edəcəksiniz. Qurumla heç bir əlaqəsi olmayan şəxsin şikayəti nə qədər əsaslı qəbul edilə bilər?

– Bəli, mən şikayət edəcəm. DAK-ın nizamnaməyə əməl etmədiyini əsaslandırılmış şəkildə İsveç hökuməti qarşısında qaldıracağam…

– Niyə hesab edirsiniz ki, DAK öz nizamnaməsinə əməl etmir?

– Bunun üçün çox əsaslarım var. Nizamnaməyə əsasən təşkilatın ilk öncə gərək üzvü ola, onlar hər ay üzvlük haqqı verə, hər ay İdarə Heyətinin iclası  keçirilə. Bu iclaslar heç olmasa internet üzərindən keçirilməlidir. DAK-da isə illərlə bəzən heç bir iclas keçirilmir. Nizamnaməyə görə, Sabir Rüstəmxanlı 4 ildən artıq onun həmsədri ola bilməz. O isə 9 ildir ki, eyni postda əyləşib. İstanbul qurultayından sonra isə özünü təşkilatın əvəzolunmaz lideri elan edib. Özü də DAK-la heç bir əlaqəsi olmayan nümayəndələr sayəsində. Partiyasındakı adamları yığıb İstanbula aparıb orda iclas keçirib və özünü dünya azərbaycanlılarının padşahı elan edib. Bütün bunlar ciddi nizamnamə pozuntularıdır. Hələ “dövrümüzün Füzulisinin” abrıma qısılıb ictimaiyyətlə paylaşa bilmədiyim çox fəaliyyətləri var. Onun bu təşkilata rəhbərlik etməyə mənəvi haqqı çatmır. Mən hələ hüquqi çatışmazlıqdan danışmıram.

– Yaxşı, bəs, sizin İsveç hökuməti qarşısında qaldıracağınız bu məsələyə müsbət cavab veriləcəyinə əminliyiniz hardandır?

– Mənim DAK-ın fəaliyyətinə xitam vermək səlahiyyətim çatır. Təşkilatın ombudsmanı mənəm. İsveç dövləti DAK-ın fəaliyyətinə nəzarət etməyi mənim səlahiyyətimə verib. Mən də dəfələrlə Sabir Rüstəmxanlını özünün imza atdığı sənədə əməl etməyə çağırmışam. Dəfələrlə ona iradlarımı bildirmişəm. O isə bu iradlara əhəmiyyət verməyib. İndi səlahiyyətim çatır ki, təşkilatın ləğv olunması və ya onu qəsb edənlərin təşkilatdan uzaqlaşdırılması üçün İsveç hökuməti qarşısında məsələ qaldıram. Bu hətta mənim bir nömrəli vəzifəmdir. Mən bu vəzifəmi yerinə yetirməsəm, hüquqi və mənəvi məsuliyyət daşıyıram.

– Bəs, bundan Azərbaycan nə qazanacaq? Ölkə bu qədər əziyyət çəkib, pul xərcləyib, hətta özünüz deyirsiniz ki, təşkilatın qurultaylarına rəsmi səviyyədə nümayəndələr göndərilib. İndisə siz Sabir Rüstəmxanlı ilə münasibətlərinizə görə onu bağlatdırmaq istəyirsiniz…

– Məsələ Sabir-Əjdər münasibətlərinin arzuolunmazlığı deyil. Məsələ Sabir Rüstəmxanlının özünü bütün azərbaycanlıların lideri elan etmək naminə böyük bir təşkilatı iflic vəziyyətə gətirməsidir. Bunun qarşısını almasaq, ideallarımız da kimlərinsə varlanma, pul, vəzifə, deputatlıq, ictimai nüfuz qazanma predmetinə çevriləcək. Daha doğrusu, artıq çevrilib. Sabir Rüstəmxanlı deyir ki, mən şairəm. Azərbaycan xalqının 95%-i şairdir. Həm də Sabir Rüstəmxanlıdan daha keyfiyyətli onlarla, bəlkə yüzlərlə şair var. Bu, bəyəm, hansısa ideal daşıyıcısı olan təşkilatı iflic etmək üçün kimlərəsə əsas verir?

Xural.com

İntiqam Adiloğlu

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button