“Əkinçi” adına üsyan etmişdim…

nuridə allahyarovaNuridə Allahyarova-Məmmədova

Ta uşaqlığımdan əlimdə nəyisə mikrofon kimi tutub sual verməyə çalışardım. O vaxt pultlu televizorlar olmadığından mənim mikrofonum anamın cehizlik taxta qaşıqları olurdu. Bircə qələmim hamının qələminə bənzəyirdi. O ağ vərəqlərə nə görsəm köçürərdim. Heç xatırlamıram hamı kimi xatirə dəftəri tutduğumu – gülərdim tutanlara. Mən hamının xatirələrini özüm yazardım. Rəhmətlik Sayad xanım bir dəfə milli mətbuatın ilk nəşrinin adını çəkəndə üsyankar təbiətimlə o adı da bəyənməmişdim. Axı necə ola bilərdi ki, mənim dünyama görə ən sivil hesab etdiyim 19-cu əsrin son onillikləri qəzet çıxsın, adı da “Əkinçi”. Üzümdəki narazı ifadəni görən Sayad müəllimənin sözlərini də unutmuram. Deyirdi ki, Zərdabi xüsusi ərəb şriftləri gətirtmişdi İstanbuldan ki, qəzeti çıxara bilsin. 56 dəfə əkilib 56 dəfə məhsul verə bilmişdi “Əkinçi”. Əsgər ağa Gorani məqalələrinin birində “”quldarlığı və feodalizmi kapitalizm əvəz edəcək və onu mütləqdir ki, SİZ görəcəksiniz” yazanda nə biləydi ki, 140 il ötəcək və milli mətbuatın fərdləri olaraq bir-birini təbrik edənlərin sırasında əqidəsi məzhəbi bəlli olmayan kapitalist jurnalistlər yetişəcək. 140 illik sərhəd ayırır bizi görmədiyimiz Zərdabi əziyyətindən, Mirzə Həsən Əlqədarinin keyfiyyətli pafosundan, Hacı Məhəmməd Sadıqın idrak fəlsəfəsindən.. 140 il ayırır. Mənim uşaqlıqda əlimdə anamın cehizlik taxta qaşığı ilə çıxardığım oyunları bu gün çıxaranlar indi bir-birlərinə JURNALİST deyirlər. Səhər sübh açılmamış vəzifəm icabı ilk işim qəzetləri səhifələmək olur. Oxuduğum yazılara görə, yazılan qərəzli hər cümləyə görə, bütün işlərin üstündən xətt çəkməyə izn verilən kapitalizm jurnalistikasına görə, səhər saat 8-dən ərazisini qarış-qarış gəzən xidmətçini təxəyyülləri ilə ictimaiyyətə real təhlükə və cinayətkar kimi təqdim edən nəşrlərə görə, taksi xidmətinə zəng vurduğum zaman Zərdabi küçəsi dediyim anda “hansı Zərdabi, əvvəlində adını da deyin, proqramda çıxmır” deyən operatora görə, qəzetlərin və saytların manşetini ana-bacı öldürərərək sərlövhələrə imza atıb bəzəyən canilərə görə, hə bir də… ən önəmlisi sözün azad olduğu cəmiyyətdə yazı yazıb onu heç kəsin məsləhətinə rəva bilməyən sayt müəlliflərinə görə, bağışla bizi, HƏSƏN BƏY! Amma həm də bil ki, sənin cəmi 56 dəfə məhsul götürən Əkinçinin bu gün vicdanla çalışan, min bir əziyyətlə informasiyanı əldə edərək onu vicdan süzgəcindən keçirərək, ürəyində ələyərək gözünün nurunu içirib bizə təqdim edən dəyərli davamçıları da yetişdi bu 140 ildə. Dünyada pul qazanmağın ən əlçatılan və rahat mexanizmləri işləyən dövründə onu peşəsinə-jurnalistikaya dəyişməyən qələm sahiblərin yetişdi bu 140 ildə. Körpəsinə həsrət qalaraq cəmiyyəti informasiya ilə təmin etmək üçün saatlarla, günlərlə mənbənin başında keşik çəkən jurnalistikan da yetişdi 140 ildə. Sən nə yaxşı ki, uşaqlıqda adını anlamadığım Əkinçini ərsəyə gətirdin. 56 növdə sağlam ruha sirayət edən məhsulu yedizdirin 140 il əvvəl yaşayan babalarımıza. Bu gün sənin o məhsulunu dadanların genindən gələn jurnalistikamızla öyün istərəm! Üzürümüzü keç kapitalizmin azadlığı anarxiya bilən cahilliyinə.

Əziz jurnalistlər, bayramınız mübarək.

P.S. Son cümləni hamı özünə götürməsin…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button