Əli Həsənov, “Azərbaycanda tam azad mətbuat formalaşıb” – dedi

msk-kurslar-muhaziralar30.07.2013

Əli Həsənov: “Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Azad media da Azərbaycanın demokratik inkişafını şərtləndirən əsas amillərdəndir”.

İyulun 30-da Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar  davam edib.

AR Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov kurslarda “Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-lərin rolu” mövzusunda mühazirə edib. Onun sözlərinə görə, 2013-cü il Azərbaycan tarixində bir sıra ümumxalq əhəmiyyətli hadisələrlə müşayiət olunur. Bunlardan ən başlıcası cari ildə keçiriləcək prezident seçkiləridir. Ümumiyyətlə, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildikdən sonra seçki prosesi dövlət idarəçilik sisteminin, Azərbaycan cəmiyyətinin və xalqının həyatında mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə Konstitusiya islahatları həyata keçirilmişdir. Xalqın hakimiyyətin mənbəyi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub.

Şəffaf və ədalətli seçkilərin hər bir ölkədə demokratik cəmiyyətin formalaşması prosesini təşkil etdiyini deyən Əli Həsənov Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin mənbəyinin xalqolduğunu xatırladıb: “Seçicinin ifadə etdiyi mövqe, onun iradəsinin nəticəsi olaraq verdiyi səs sonda hakimiyyəti formalaşdırır və dövləti idarə etmək üçün ona mandat verir. Bu, xalqın iradəsinin həyata keçirilməsi, reallaşması deməkdir.”

Ə.Həsənov ötən əsrin sonlarında, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın öz siyasi sistemini müəyyənləşdirdiyini qeyd edib: ” Siyasi sistemləri xarakterizə edən elementlərdən biri də dövlətdir. Dövlət cəmiyyətdə ictimai münasibətləri qanunlar vasitəsilə tənzimləyən sistemdir. Dövlətlər iki cür olur: demokratik və qeyri-demokratik, açıq və qapalı. Hər ölkənin özünəməxsus dövlət idarəçilik sistemi vardır. Hər hansı bir dövlətdə olan sistemin başqa bir dövlətə transfer edilməsi heç də məqbul deyildir. Məsələn, ABŞ-da mövcud olan dövlət idarəçilik sistemini Misirə tətbiq etmək heç vaxt gözlənilən nəticəni verməz. Yaxud da ki, Yaponiyadakı demokratik dövlət idarəçilik sistemini Tunisə transfer etmək məqbul sayıla bilməz.”

Bir sıra dövlətlərin, beynəlxalq təşkilatların dövlət idarəçilik sistemlərini dəyərləndirən şöbə müdiri onu da deyib ki, burada əksər hallarda subyektiv məqamlar üzə çıxır: “Konkret olaraq Azərbaycan ilə bağlı dəyərləndirmələrdə də belə subyektiv məqamlar ortaya çıxır. Bilirik ki, bu dəyərləndirmələr hansısa şəxsi maraqlardan qaynaqlanır. Bununla bağlı biz daim öz mövqeyimizi, etirazımızı bildiririk”.

Sonuncu parlament seçkilərinin nəticələrinə toxunan Əli Həsənov xatırladıb ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını 72, Vətəndaş Həmrəyliyi Partiyasını 3, Ana Vətən Partiyasını 2, Ədalət, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının hərəsini bir deputat təmsil edir. Parlamentdəki bitərəflərin sayı isə 42 nəfərdir: “Demokratik cəmiyyətlərdə siyasi partiyalar dövlət həyatının, idarəçiliyinin əsasını təşkil edir. Biz Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmərik. Qeyri-dövlət təşkilatlarının idarəçilik sisteminə cəlb olunması bu günün məsələsi deyildir. Hələ sovet dövründə ictimai qurumlar – Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və sair ictimai təşkilatlar var idi. Onlar bu gün də vardır və fəaliyyət göstərirlər. Amma bu gün həmin ictimai qurumların, qeyri-hökumət təşkilatlarının funksiyası dəyişib. Bu qurumlar hazırda sərbəst şəkildə vətəndaş təşəbbüslərini ortaya qoyurlar”.

Azərbaycan hökumətinin QHT-lərə yaratdığı imkanlardan danışan Əli Həsənovun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılan vəsait hesabına qeyri-hökumət təşkilatlarının layihə və proqramlarını maliyyələşdirir.

Ə.Həsənov Azərbaycanda digər xalqların – talışların, ləzgilərin, kürdlərin, avarların və sair etnik qrupların ictimai təşkilatlarının fəaliyyət göstərdiyini açıqlayıb: “Azərbaycanda müxtəlif dini dünyagörüşlərini əks etdirən ictimai təşkilatlar sərbəst şəkildə fəaliyyət göstərirlər. Bir sözlə, dövlət qurumları və siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları da dövlət həyatında iştirak edirlər. Onlar da demokratik cəmiyyətin əsasını təşkil edirlər”.

Ölkədə mətbuatın fəaliyyətinə toxunan Ə.Həsənov bildirib ki, media tərəfsiz olmalıdır: “Heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyil. Lakin mətbuat tərəfsiz mövqeyini təkcə seçkilərdə deyil, həmişə ortaya qoymalıdır. Mətbuat insanların seçiminin və ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir, hakimiyyətin, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır”.

Şöbə müdirinin sözlərinə görə, artıq Azərbaycanda tam azad mətbuat formalaşıb: “Bu günədək medianın inkişafı üçün dövlət tərəfindən davamlı olaraq bir sıra tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar imzalanıb, medianın maddi-texniki bazasının güclənməsinə, jurnalistlərin sosial problemlərinin həllinə dəstək göstərilib. Görülmüş işlər həddən artıq çoxdur və dünyanın heç bir yerində belə hala rast gəlmək mümkün deyil. Milli Mətbuat Günündə 156 jurnalistə evlərin verilməsi bunun bariz nümunəsidir”.

“Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Azad media da Azərbaycanın demokratik inkişafını şərtləndirən əsas amillərdəndir. Vaxtilə jurnalistlərə təzyiqlər göstərilirdi, onlar döyülür, maşının yük yerinə basılaraq aparılırdılar. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Lakin bu günədək Azərbaycan Prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb” – deyə Ə.Həsəbnov məruzəsini yekunlaşdırıb.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button